Tariximizdən soraq verən abidə-fotolar

 

Zəngin və maraqlı tariximiz təkcə arxiv sənədlərində deyil, həm də fotoşəkillərdə və rəsm əsərlərində də yaşayır. Tarixi abidələr kimi fotoşəkillər də keçmiş tariximizdən danışır.

Naxçıvan şəhərinin mərkəzində özünəməxsus memarlığı ilə seçilən bir binada xalqımızın görkəmli sərkərdəsi Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanskinin ev-muzeyi yerləşir. Bu mülk Cəmşid Naxçıvanskinin ata ocağıdır. Generalın uşaqlıq illəri burada keçib. Onun ev-muzeyində qorunan hər bir eksponat hərbi istedadı ilə seçilən generalın həyatından, ömür yolundan söhbət açır. Muzeydə Kəngərli Naxçıvanskilərə və onların doğmalarına aid xeyli sayda fotoşəkillər vardır.

Cəmşid Naxçıvanskinin qızı Aliyə xanımın 1987-ci ildə muzeyə hədiyyə verdiyi albomda az da olsa, tarixi fotoşəkillərə rast gəlinir. Deyilənlərə görə vaxtı ilə bu albomu Cəmşid xan Naxçıvanski özü hazırlayıb. Ancaq sonralar albomdakı fotoşəkilləri onun ailə üzvləri təqiblərdən qorxaraq məhv ediblər. Cəmşid Naxçıvanskinin ata və anasına, həmçinin onların yaxınlarına aid fotoşəkillər qalmayıb. Onun bu albomuna dəfələrlə baxmışam. Hər dəfə də bu albomda zərif bir qadının fotoşəkli məni çox maraqlandırıb. Muzeydə olan sənədlərdən aydın olur ki, bu foto 1990-cı ildə Bakıda yaşayan Aliyə xanımdan muzeyə göndərilib. Bu fotoşəkil sənədləşmədə Cəmşidin xalası (yaxud bibisi) Xurşid xanım kimi adlandırılıb. Fotoşəkil fonda qəbul edilərkən sənəddə rus dilində "tyotya Djamşida" sözləri yazılıb. Elə buna görə də bu fotoşəkillə bağlı axtarışları Cəmşid Naxçıvanskinin həm ana, həm də ata tərəfləri daxil olmaqla, aparmaq qərarına gəldim, fotoşəklə aid alınma sənədində "Xurşid xanım" yazıldığından general-mayor Kalbalı xan Naxçıvanskinin kameral siyahıda və Naxçıvan xanlarının şəcərə cədvəlində övladlarının adlarını bir daha diqqətlə yoxladım.

Tbilisidəki Gürcüstan Milli Tarix Arxivində və Moskvadakı Rusiya Dövlət Hərbi-Tarix Arxivindəki sənədlərdə, həmçinin generalın xidmət kitabçalarında general-mayorun həyat yoldaşının adı Xurşid xanım yazılıb. Axtarışlar zamanı məlum oldu ki, Xurşid xanımın atası irəvanlı Əhməd xan (1794-?) dövrünün açıq fikirli, mükəmməl təhsilli, bacarıqlı hərbçisi olub. Qədim Bayat tayfasından olan Əhməd xan Makinski rus ordusunun çar imperiyasında sayılıb-seçilən hərbçilərindən olub. Mayor rütbəsində istefaya çıxan Əhməd xanın Şükür xan, Xurşid xanım və Süleyman xan (1819-1862) və digər övladları sənədlərdə qeyd olunub.

Qeyd edək ki, Şükür xan I Ehsan xanın qızı Lalabəyimlə də ailə qurub.

Mayor Əhməd xanın qızı Xurşid xanım general-mayor II Kalbalı xanın həyat yoldaşı olmuşdur. Rusiya Dövlət Hərbi-Tarix Arxivində (Moskva) general-mayor II Kalbalı xan Ehsan xan oğlu Naxçıvanskiyə aid xidmət kitabçası saxlanılır. Bu xidmət kitabçası 10 may 1877-ci ildə tərtib olunub.

Xidmət kitabçasından məlum olur ki, II Kalbalı xan təxminən 1846-cı ildə Xurşid xanımla evlənib. Bu kitabçada onların nikahından doğulan uşaqların adları və yaşları da qeyd edilib. General-mayor II Kalbalı xan hərbi işi ilə bağlı müvəqqəti olaraq İrəvanda və Tiflisdə də yaşayıb. O, əsasən ata evi olan indiki Xan Sarayında yaşamış və ömrünü də burada başa vurmuşdur. Ona görə də muzeydəki fotoşəklin surətini Tiflisdə, Bakıda və İranda yaşayan Kəngərli xanlarının varislərinə göstərirdik. Demək olar ki, axtarışlar uzun çəkdi. Böyükxan (Məmmədqulu xan) İrəvanskinin qızı Nazxanım Maku Sərdarının varislərindən birinin həyat yoldaşı olub. Onun oğlu İsmayıl xana da göstərdik. Bu, bizim qohumumuz Şahbəyimin anasıdır. İrəvanlıdır. Mayor Əhməd xan Makinskinin qızıdır, - dedi. Qeyd edək ki, İsmayıl xan irəvanlı Abbasqulu xanın nəvəsi Nazxanımın oğludur. 1920-ci ildən sonra İrana mühacirətə gedən Naxçıvanskilərin və İrəvanskilərin çoxunu şəxsən görmüşdü. Onun yaşı çox olduğundan yaddaşından çox xatirələr silinib getmişdi. Ona görə fotoşəkli Tehranda yaşayan qohumlarına göndərməyi də məsləhət gördü. Maku sərdarının Tehranda yaşayan qohumları da bu fotonun Xurşid xanıma aid olduğunu təsdiqlədilər. Amma biz bu deyilənləri mətbuatda çap etməyib, axtarışlarımızı davam etdirdik. Buna əsas səbəb çap edilən bəzi kitablarda bu fotonun general-mayor II Kalbalı xanın sonbeşik qızı Zərrintac bəyimin olduğunu yazmışdılar. Və demək olar ki, biz də bunu qəbul etmişdik. Axtarışlar zamanı Moskvada olarkən bir kolleksiyaçıda naxçıvanlı (adsız) xanımın fotoşəklinə rast gəldik. Bu fotoşəkli Rudolf İvanov məşhur general Maqsud Əlixanov-Avarskiyə həsr etdiyi kitabda da vermişdi. Adının altında yazmışdı: Zərrintac bəyim.

Belə bir düyünü açmaq üçün hər iki fotoşəkillə bağlı axtarışlarımızı davam etdirdik.

Zərrintac bəyim general-mayor II Kalbalı xanın qızıdır. O, 1866-cı ildə Naxçıvan şəhərində doğulub. (Bu məlumat Moskvadakı Rusiya Dövlət Hərbi-Tarix Arxivindəki sənədə görədir). Ancaq yenə həmin arxivdə 1877-ci ildə tərtib edilmiş digər bir sənəddə onun 16 yaşı olduğu yazılıb. Onda doğum tarixi 1861-ci il olmalıdır. Yəqin ki, gələcəkdə tapılan sənədlər bu anlaşılmazlığı da aradan qaldıracaq. Bizcə, 1866-cı il doğrudur.

Zərrintac bəyimin atası II Kalbalı xan hərbçi olduğundan onun uşaqlıq və gənclik illəri İrəvanda və Tiflisdə keçib. Bu səbəbdən o, rus dilində mükəmməl təhsil alıb. Mütərəqqi fikirli ziyalı kimi ictimai işlərdə, xeyriyyəçilik, maarifçilik tədbirlərində fəal olub. Əsl vətənpərvərlik nümunəsi göstərib.

Yeri gəlmişkən, bu naxçıvanlı qadının Qafqazda, xüsusilə Tiflisdə və Qoridə ictimai-siyasi həyatda çox fəal iştirakından bəzi məqamlardan söhbət açmaq istəyirəm.

Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir "Mirzə Cəlil haqqında xatirələrim"də yazır: "... O biri gün Gövhər xanımla bir daha evlərə getdik. Axşam oturub, Qoridə yaşayan Firudin bəy Köçərlinin arvadına, həmçinin Əlixan Avarskinin arvadına məktub yazıb, onları da yığıncağa dəvət etdik".

Tiflisdə savadlı müsəlman xanımlarının əl-ələ verib yaratdığı xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri də məşhur general Maqsud Əlixanov-Avarskinin ömür-gün yoldaşı naxçıvanlı Zərrintac xanım idi.

Bir məsələni də demək çox yerinə düşər. XIX əsrin əvvəllərindən başlayaraq, Naxçıvan xanımları və qızları İrəvandakı üç kilsədən biri olan Müqəddəs Ripsime məbədinin nəzdində yaradılmış maarifçilik cəmiyyətinin hesabına üzvlük haqqı veriblər. Və bunun hesabına İrəvandakı müsəlman uşaqlarının rus dilində təhsil aldıqları gimnaziya fəaliyyət göstərib.

Belə bir missiyada Xurşid xanım da iştirak edib. Yuxarıda dediyimiz kimi onun qızı Zərrintac bəyim də bu ənənəni davam etdirib.

Görkəmli rus rəssamı Dmitri Yermakov 1890-cı ildə Naxçıvanda olarkən indiki Xan Sarayının salonunda Zərrintac bəyimin fotoşəklini çəkib. Həmin vaxt onun ayaq üstdə çəkdirdiyi fotoşəkil də maraqlıdır. Çox təəssüf ki, uzun illər muzeylərdə, o cümlədən, Milli Azərbaycan Tarix Muzeyinin arxiv fondunda qorunan bu fotonun kimə məxsus olduğu bilinməmişdir. Fotoqraf Yermakovun sərgilərində "Naxçıvanlı bəy qızı kimi" təqdim edilib. Qeyd edək ki, D.Yermakov Zərrintac bəyimin Tiflisdə, general Maqsud Əlixanov- Avariskinin sarayında da fotoşəklini çəkib. Tiflisdə çəkilən fotonu Avarskinin qohumları qoruyub saxlayıblar. Elə o fotonun vasitəsi ilə Bakıda saxlanılan fotoların Zərrintac bəyimə məxsus olduğunu tapa bildik. İndi biz Xurşid xanımın və onun sevimli qızı Zərrintac bəyimin fotoşəkillərini oxuculara təqdim edirik. Bu fotoşəkillər XIX əsrdə Naxçıvan milli geyimlərinin öyrənilməsi baxımından da çox vacibdir.

Xurşid xanım həyat yoldaşı general-mayor II Kalbalı xanın sədaqətli məsləkdaşı olmuşdur. Onların birlikdə böyüdüb tərbiyə etdikləri övladları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın şöhrətini nəinki Rusiya imperiyasına, hətta Şərqi Avropa ölkələrinə də yaya bilmişlər.

Xurşid xanımın həyatının son dövrləri haqda hələki məlumatımız yoxdur.

Sankt-Peterburq şəhərində yerləşən Rusiya Dövlət Tarix Arxivində əlahəzrətin kameral şöbəsinin işləri saxlanılır. Həmin sənədlərin birində diqqəti çəkən bir tarixi hadisə marağımıza səbəb oldu. Qafqaza səyahət edən Rusiya çarı Zərrintac xanımın dünyagörüşünə və gözəlliyinə heyran qalır. Onun general Hüseyn xanın kiçik bacısı olduğunu bilincə Naxçıvanın Kəngərli süvarilərinin hünərlərindən danışıb. Sonra isə mahir zərgər Faberjenin düzəltdiyi göy və qırmızı yaqutlarla, həmçinin brilyantlarla bəzədilmiş bir qolbağı Zərrintac bəyimə hədiyyə etmişdir. Sənəddə yazılıb ki, bu qolbaq 500 rubl dəyərində imiş.

Moskvadakı Rusiya Dövlət Hərbi-Tarix Arxivindəki sənədlərdə Zərrintac xanımın əvvəlcə Abbasqulu xan İrəvanski ilə nikahda olması qeyd edilib. Onların övladlarının olub-olmaması haqqında məlumat yoxdur. Zərrintac bəyim təxminən 1888-1889-cu illərdə məşhur hərbçi, Naxçıvanskilərin yaxın dostu, milliyyətcə avar olan Maqsud Əlixanov-Avarski ilə ailə qurub. Onların iki oğlu-Adilxan və Hafiz xan dünyaya gəlib. Adil xan balaca ikən vəfat edib. İkinci oğlu Hafiz xan isə Rusiyanın mahir hərbçilərindən olub. Sankt-Peterburqdakı paj korpusunda təhsil aldığı illərdə ata-anasının Aleksandropol (Gümrü) hərbi hissələrdən birinə görüşə getməsi haqqında məlumat vardır. Zərrintac bəyim hansı səbəbdənsə görüşə getməyib. Atası ilə birlikdə görüşə gedən zaman daşnaklar arabanı partlatmışlar. Maqsud xan həlak olmuş, oğlu Hafiz xan yaralansa da sağ qalıb.

Tiflisin o zamanlar çox populyar olan dövlət qəzeti "Kavkaz" özünün 146 nömrəsində (13 iyul 1907-ci il) məşhur general-leytenant Maqsud Əlixanov-Avarskinin həlak olması və Aleksandropolda dəfn olunması haqqında ətraflı məlumat verir.

Qeyd edək ki, Rusiya tarixçisi və etnoqrafı R.İvanov Maqsud Əlixanov-Avarski haqqında maraqlı bir kitab yazmışdır.

Zərrintac bəyim ərinin müsəlman adəti ilə erməni qəbristanlığının yanındakı təpədə dəfn olunmasına ciddi etiraz edir və 17 iyulda cənazəni çıxartdıraraq təntənəli surətdə Tiflisə gətirdir. Oradan Bakıya, Bakıdan isə Avarıstanın paytaxtı Xunzaxa aparıb generalın doğulduğu torpaqda dəfn edir. Bu haqda "Kavkaz" qəzeti əvvəldən axıra kimi xəbər verib. Generalın matəm günlərini təsvir etməklə yanaşı, onun xanımının çox sədaqətli olduğunu dönə-dönə yazıb.

"Kavkaz" qəzetinin bütün nömrələri Tbilisidəki Mərkəzi Kitabxanada qorunub saxlanılır. Yazıçı və hərbçi, tarixçi, etnoqraf olan, adı Kremlin Georgi salonunda mərmər lövhəyə qızıl hərflərlə həkk edilən Maqsud Əlixanov və onun sədaqətli ömür-gün yoldaşı, naxçıvanlı Zərrintac bəyim haqqında yazıları oxuyanda, 1980-ci ildə Xunzax səfərini xatırladım. Belə ki, bələdçi gizlincə məni Maqsud xan dəfn olunduğu yerə apardı. Çünki Sovet hakimiyyəti illərində məşhur generalı "mürtəce" adlandırırdılar. Bolşeviklər generalın məzarını dağıtmışdılar. İndi onun məzarı üzərində məqbərə ucaldılıb. Zərrintac bəyimin hünəri, sədaqəti və qorxmazlığı məni Tbilisidən Kutaisiyə və Qoriyə aparıb çıxardı. Qoridə olarkən onun hətta yaxşı at sürməyindən də söhbət açdılar. Bolşevik hökuməti zamanı onu oğlu ilə birlikdə həbs edilərək Tiflisə aparıldığını bildirdilər.

Xunzaxlı qohumlarının dediyinə görə Zərrintac bəyimi uzaq Arxangelskdəki Solovetski monastrına sürgün etmişlər. Hafiz xanın taleyindən isə soraq verən olmadı. Ərinin öldürülməsindən sonra oğlu Hafiz xanla yad ellərdə tək-tənha qalan Zərrintac bəyimin istintaq sənədləri Gürcüstan və Rusiyanın güc nazirliklərinin arxivlərində durur. Bu sənədləri araşdırmadan onun son taleyi ilə bağlı nəsə demək istəmirik. Onunla bağlı yazımıza nöqtə qoymuruq. Bu istiqamətdə axtarışlarımız davam edir.

 

Musa Rəhimoğlu (QULİYEV)

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.-2016.- 23 dekabr.- S.4.