Elçin Hüseynbəyli - necə varsa...
Dekabrın bu soyuq qış günlərində lap təsadüfən
yadıma düşdü
ki, oxucuları üçün tanınmış
yazıçı-dramaturq, publisist, şəxsən tanış olub yaxından tanıyan, oturub duran dostların
isə istəkli, sədaqətli-etibarlı həmdəmi,
süfrələri açılanda
həmişə yeri başda gözlənilən
Elçin Hüseynbəylinin
55 yaşı tamam olur.
Bu əziz, yadda qalan günlərində
Elçin Hüseynbəylidən
söz açmaq üçün ürəyim
dolu olsa da, sözümü uzatmayıb bu kiçik yazımın sonunda deyəcəyim ürək arzumu elə bəri başdan dilə gətirirəm: Ömür
Tanrı qismətidir,
gün o gün olsun ki, Elçin
qardaşımızın yaşının
üstünə bir
55 il də
gəlsin!
Elçin Hüseynbəylinin
zəngin yaradıcılığından
- bir-birindən maraqlı
hekayələrindən, povestlərindən,
romanlarından, dram əsərlərindən,
publisist yazılarından
qabaq şəxsən
özü ilə tanış olmuşam.
O ilk tanışlığımızı
Elçin Hüseynbəyli
yazılarından birində
belə qələmə
alıb: "...Qələm
qardaşımızı ilk dəfə Ələkbər
Salahzadənin küçücük
bağında görmüşəm.
Bizə qonşuydular. Mən Orxan
Hüseynbəyli ilə
futboldan qayıdırdım.
Gördüm ki, bağdan
tüstü qalxır,
qapısı da açıqdır. "Bir
bura dönək"
- dedim. Bağın alçaq və
dar qapısından sivişib içəri keçdik. Ələkbər
müəllim çölçülük
həyatına uyğun
süfrə açmışdı,
süfrənin başında
qarayanız, çəlimsiz
bir adam
oturmuşdu.
Tanış olduq: Aydın Tağıyev. Onun adını öncələr
də eşitmişdim,
yazılarına rast gəlmişdim, amma ilk dəfə üz-üzə
oturduq.
Bu hadisəni
təsadüfən danışmadım. Aydın
müəllim bu faktı xatırlayır və dərhal Orxanı soruşur: "Orxan balamız necədir?". Aradan on
ilə qədər
vaxt keçib. Amma onun yadındadır".
Bəli, mənimsə o da yadımdadır ki, gərək ki, onda 2002-ci ilin isti bir yay
günü idi. Süfrəmiz kasıbın olanından bol idi. Hətta qıraqda manqalımız
da tüstülənirdi.
Ancaq... Ancaq stolun üstündəki
şüşə yarımçıq
idi. Və gələn qonağın,
düşmən gözünə
bıçaq, hündür
boy-buxununa, cüssəli
vücuduna baxa-baxa ilk
əvvəl burasını
fikirləşdim ki, yayın bu istisində
isti yerimdən olub uzaqda olmasa
da "şüşə"
ardınca getməli olacağam.
Gələn qonaq ev sahibi ilə
- əziz dostum, böyük qardaş bildiyim gözəl sənətkarımız Ələkbər
Salahzadə ilə ixtilatda idi və
mən də süfrə üstünə
gəlib çıxan,
ancaq süfrənin üstündəkilərə gözünün
ucu ilə də baxmayan 5-6 yaşlı oğlanın
qabağına ən yaxşı tikələri
çəkir, "iy
uşağı tutar"
deyə qayğılanıb
bu gözü tox oğlanı sidq-ürəklə süfrənin
üstündəki təamlardan
dadmağa çalışırdı.
Demə, oğlanın
atasının başı
söhbətə nə
qədər qarışsa
da, uşaqlara qarşı elə hər birimizin bu təbii davranışım
gözündən qaçmırmış...
Bir ata kimi Elçin
Hüseynbəylinin mənə
qarşı rəğbəti
bəlkə də elə o vaxt yarandı.
Və... gələn qonağın
badəsini dolduranda o içkidən qəti imtina etdi ki,
badə ilə yoldaşlıqdan qurtarmışam.
İndi açıq etiraf edim ki,
elə o məqamda gələn qonağa da mənim rəğbətim
oyandı - gələn
qonaq məni isti yerimdən eləmək əziyyətindən
qurtarmışdı...
Elçin sonralar sözünün üstündə durmayıb
badə ilə yoldaşlığını davam
etdirdi və elə o illərdən Elçin Hüseynbəyli
ilə ilk əvvəl
yoldaşlığımız, sonralar da səmimi
dostluğumuz başladı.
Elçin Hüseynbəyli Azərbaycanımızın
hər bir bölgəsində sevilən,
tanınan yazıçıdır. Elə təbii
ki, təkcə doğulub böyüdüyü
Qarabağ torpağı
deyil, Muğan da, Mil də, Şirvan da, Talıstan da Elçin Hüseynbəyliyə
əzizdir, doğmadır.
Ancaq mən qətiyyətlə
deyirəm ki, Elçin Hüseynbəylini
qədim Şirvanın
qədim Şabran torpağında bəlkə
də daha çox tanıyırlar.
Təkcə ona görə yox ki, Elçin Hüseynbəylinin bir-birindən
maraqlı layihələrindən
olan ilk "İmza günü" hələ
on il bundan
qabaq bizim Şabran torpağında keçirildi. Elçin Hüseynbəyli indi də şabranlı qələm dostları ilə sıx şəxsi ünsiyyətdədir
və onun şabranlı yazarların
qayğıkeş dostu
olmaqla yanaşı həm də gücü-imkanı daxilində
hamisi olan tanınmış yazıçı-publisist
Novruz Nəcəfoğlu
ilə də şəxsi münasibətləri,
təmənnasız dostluğu
onu bizim bölgəyə daha da doğmalaşdırıb.
Elə buna görə də Elçin Hüseynbəylini yerliçilikdən
uzaq olsa da, şabranlılar onu özlərinə fəxr etdikləri, qürur duyduqları bir həmyerliləri bilirlər.
Elçin Hüseynbəyli də öz "həmyerliləri"nə
- şabranlılara borclu
qalmayıb. Neçə illərdir ki, hər il
Şabranda keçirilən
bütün ədəbi-ictimai
tədbirlərdə iştirak
etməklə kifayətlənməyib,
o tədbirlərin yüksək
səviyyədə keçirilməsində
qol götürüb ortaya girib. Elə buna
görə də artıq on ilə yaxın bizim Şabranda keçirilən
Xaqani Poeziya günləri gələn
ildən respublika səviyyəsində keçiriləcək
və AYB-nin qərarı ilə Elçin Hüseynbəyli
də bu Poeziya günlərini keçirəcək komissiyanın
sədridir.
Bunlar öz yerində, Elçin Hüseynbəyli hər dəfə Şabrana gələndə, onun yurd yeri baş
qalmış kəndlərini
ziyarət edəndə
yol yoldaşı Novruz Nəcəfoğlu kimi qəmə-kədərə
bürünür, öz
təəssüratlarını sonralar sözə çevirib mətbuatda çap etdirir.
400 il bundan qabaq məşhur türk səyyahı Övliya Çələbinin Azərbaycana səfəri ilə bağlı onun izi ilə Azərbycana gəlmiş tanınmış türk yazıçısı, tanışlıqdan sonra dostumuza çevrilən İmdad Afşarın Şabrana səfərində Elçin Hüseynbəyli müşaiyət edirdi. Və İmdad bəy də Azərbaycana səfərindən sonra Türkiyədə çap etdirdiyi kitabda bizim Şabranın tarixindən, həm də burada tanış olduğu qələm dostları - Novruz Nəcəfoğlu və bu sətirlərin müəllifi haqqında öz xoş sözlərini dilə gətirmişdi.
Mən bu ürək sözlərimdə E.Hüseynbəylinin yaradıcılığı haqqında söz açmadım. Bu, ayrıca, səhifələrə sığmayan bir yazı olardı. Ancaq mən irili-xırdalı bütün əsərlərində, hekayələrində, povestlərində, romanlarında, eləcə də səhnə əsərlərində, publisist yazılarında elə Elçin Hüseynbəylinin özünü görürəm: səmimi, ürəyi açıq, yarı hənək-yarı gerçək sözü üzə düz deyən, söz-söhbətdə heç bir təfərrüatı unutmayan, bəzən şux zarafatı ilə aranı qızışdırmağa çalışan etibarlı bir dost və yazıçı! Bir ara tutduğu vəzifə də onun dostlarına sədaqətini sübut etmək üçün, demə, bir vasitə imiş və Elçin Hüseynbəyli həmişə bütün sınaqlardan sədaqətlə çıxdığı kimi vəzifə sınağından da üzü ağ çıxdı. Baş redaktor tələbkarlığı ilə "Ulduz" jurnalında, "Ədəbiyyat" qəzetində şabranlı yazarlara diqqət və qayğı ilə yanaşdı.
Sonda əziz qələm dostumu hələ ki, oxuduğum sonuncu əsəri - "İki od arasında" romanına görə təbrik edirəm. Görkəmli alimimiz Nizami Cəfərovun bu roman haqqında ürək genişliyi ilə yazdığı o səmimi sözlərdən sonra nə deyə bilərəm?
E.Hüseynbəyli yazır: "Qələm dostum Novruz Nəcəfoğlunu bir neçə ildir ki, tanıyıram. Bizi yazıçı dostum Aydın Tağıyev tanış edib. Və xatirələrimizin böyük bir hissəsi də Aydınlı günlərlə bağlıdır. Heç nə onsuz ötüşməz. Xatirələr yaxşı insanlar, dostlarla zəngindir. O xatirələrin usta yazarlarından biri də Novruz Nəcəfoğludur".
Açığı Elçinlə bizim ikilikdə də məxsusi xatirələrimiz var və hörmətli qələm dostumuz N.Nəcəfoğlu "Nağıl adam" romanında bu xatirələrdən bəzilərini incə, zərif yumorla qələmə alıb.
Yaşca ondan nə az, nə çox - təxminən 10 yaş böyül olsam da həmyaşıdım, həmtayım kimi oturub dura bilərəm. Müştərək xatirələrin həmmüəllifi ola bilərəm. Elçini hər halda mən belə tanıyıram.
Aydın TAĞIYEV
Şabran
525-ci qəzet.- 2016.- 23 dekabr.- S.4.