Səhnə sehrinin cazibəsi

 

Birinci məqalə

 

YAXUD ELÇİN VƏ TEATR MÖVZUSUNDA DÜŞÜNCƏLƏRİMİN BƏYANI

 

 

 

Son əlli-əlli beş ildə meydana çıxmış ədəbiyyatşünas alimlər arasında elmi təfəkkürü, dərin analitik gücü, araşdırdığı obyektə fəlsəfi yanaşma tərzi, formalaşmış estetik təhlil konsepsiyası olan filologiya elmləri doktoru, professor Elçin həmkarları arasında xüsusi seçilir.

 

1960-cı illər ədəbiyyatının güclü, istedadlı, parlaq yaradıcılarının birincilərindən biri də ilk hekayəsini 1959-cu ildə çap etdirmiş Elçindir. Mən onun irudisiyası, zəkası, geniş mütaliəsi, dünya ədəbiyyatına dərindən bələdliyi, görkəmli nasir olması barədə danışmaq istəmirəm. Bu həqiqətlərlə həmfikirliyimi ehtiram və rəğbətlə bildirməklə, öz peşəmə uyğun olaraq, Elçin və teatr mövzusu barədə müəyyən mülahizələrimi oxucularla bölüşmək istəyirəm.

 

Bəri başdan deyim ki, Elçinin dram əsərləri başqa-başqa sənət ocaqlarında, hətta müxtəlif xarici ölkə teatrlarında da oynanılıb. “Mən sənin dayınam” əsəri 2001-ci ildə Azərbaycan televiziyasında tamaşaya hazırlanıb (rejissor Məhərrəm Bədirzadə, operator İzzət Əzizov, rəssam Rafael Əlizadə, bəstəkar Elza Seyidcahan). Elçinin ssenariləri əsasında “Arxadan vurulan zərbə (rejissor Arif Babayev. 1977-ci il), “Gözlə məni” (İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesi əsasında. Rejissor Kamil Rüstəmbəyov. 1980-ci il), “Gümüşü furqon” (rejissor Oqtay Mirqasımov. 1982-ci il), “Bağ mövsümü” (rejissor Tofiq Tağızadə. 1985-ci il), “Hökmdarın taleyi (İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında. Rejissorlar Ramiz Fətəliyev və Dilşat Fatxulin. 2008-ci il) filmləri lentə alınıb.

 

Mən bu yazımda yalnız gördüyüm tamaşalar barədə söhbət açacam. Elçinin kino və televiziya yaradıcılığı isə tamam başqa tədqiqat mövzusudur.

 

lll

 

Azərbaycan dramaturgiyasında postmodernizm estetikasında yazılmış ilk dram əsəri “Poçt şöbəsində xəyal” dramıdır və Elçin onu 26 yaşında yazıb. Ancaq nədənsə yazılandan təxminən 11 il sonra ilk dəfə tamaşaya qoyulub. Mənim üçün burası da maraqlıdır ki, nə üçün Elçin bu pyesi əvvəlcə Akademik Milli Dram Teatrına təqdim etməyib. Burası öz yerində və indiki yazını yazmaqda mənim məqsədim o deyil ki, bu suallara cavab axtarım. Mətləbim Elçin və teatr mövzusunun müəyyən məqamlarına işıq salmaqdır. Bununla belə, aşağıda bu məsələyə bir də qayıdacam.

 

Şəki teatrı dövlət təsisatına 1933-cü ildə keçib, qısa fasilələrlə fəaliyyət göstərib. 1936-cı ildə qısa fasilələrə son qoyub və yaradıcılığa daha qətiyyətlə girişərək 1949-cu ilin yazına qədər şərəfli bir sənət yolu keçib. 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə özünümaliyyə iş sisteminə məcburən keçirildiyi üçün Azərbaycanda ondan çox, o cümlədən, Şəki teatrı bağlandı. 1975-ci ildə Şəki teatrının fəaliyyəti bərpa edildi və 23 yanvar 1976-cı ildə ilk tamaşası “Hacı Qara” (Mirzə Fətəli Axundzadə) göstərdi.

 

Sabit Rəhmanın adını daşıyan teatr qısa müddətdə özünün müasir üslubunu cəsarətlə təqdim etdi. Elçinin “Poçt şöbəsində xəyal” əsərini tamaşaçılara təqdim edəndə artıq teatrın repertuarında “Komsomol poeması” (İsgəndər Coşqun), “Nişanlı qız”, “Yalan” (Sabit Rəhman), “Şəhərin yay günləri”, “Adamın adamı” (Anar), “Kral Lir” (Uilyam Şekspir), “Aydın” (Cəfər Cabbarlı), “Köhnə Arbatın nağılı” (Aleksey Arbuzov), “Ustalar” (Raço Stoyanov), “Bir saat xəlifəlik” (Abdulla Şaiq), “Pələng və kaftar” (Şandor Petefi), “Bahalı oğlan” (Sergey Mixalkov), “Ezop” Gilerma Fiqeyredo) tamaşaları vardı. Yeniliyə can atan teatrın “Poçt şöbəsində xəyal” kimi orijinal əsərə maraq göstərməsi təbii idi. Ancaq bu hadisə Elçin üçün daha çox əhəmiyyət kəsb edirdi, çünki onun səhnədə göstərilən ilk əsəri idi.

 

Düzdür, Elçinin uşaqlığı və yeniyetməliyi Akademik Teatrda keçib. Çünki onun əsəri Şəkidə tamaşaya hazırlanana qədər atası İlyas Əfəndiyevin Akademik Teatrda “Atayevlər ailəsi, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”,  “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Bağlardan gələn səs” pyesləri tamaşaya qoyulmuşdu və Elçin bu səhnə əsərlərinə dəfələrlə baxmışdı, qəlbində teatra, dramaturgiyaya həvəs, maraq oyanmışdı. Üstəlik də hələ universitetdə oxuyanda Amerika dramaturqu Albert Maltsın “Sıravi əsgər Xiks” pyesini tərcümə etmişdi. Deməli, Elçinin teatra sevindirici gəlişi ilk olsa da, təsadüfü deyildi.

 

“Poçt şöbəsində xəyal” dramını tamaşaya rejissor Ədalət Ziyadxanov hazırladı. İlk tamaşası 17 yanvar 1980-ci ildə göstərilən tamaşanın rəssamı Söhrab Ərəbov, bəstəkarı Cavanşir Quliyev idi. Teatr cəsarət göstərib bu əsəri repertuara daxil etmişdi və tamaşa kollektivin yaradıcılıq axtarışlarında müəyyən forma və məzmun əlvanlığı yaratdı. Rollarda Mahirə Əliyeva (Ədilə), Hüseynağa Atakişiyev və Muxtar İbadov (Kişi), Cahangir Novruzov (Yoldaş tək), Rövşən Almuradlı və Ruzigar Cəbiyev (Baba), İradə Əmirova (Gülzar), Qənirə Mirzəyeva (Züleyxa), Rafiq Yunusov və Novruz Cəfərov (Xəlil), Akif Mirzəyev (Professor), Sovqat Əhmədova (Qarı), Xanlar Həşimzadə və Akif Yusifov (Skripkaçı) kimi istedadlı gənclər çıxış edirdilər. “Poçt şöbəsində xəyal” Azərbaycanda postmodernizm janrında hazırlanmış ilk tamaşa idi, rejissorun səhnə təfsirində maraqlı tapıntılar vardı. Bütün bunlara baxmayaraq, Akademik Teatrın tamaşası daha uğurlu alınmışdı. Bununla belə, sevindirici olan o idi ki, dramaturgiyaya, deməli həm də teatra istedadlı dramaturq qədəm qoymuşdu.

 

lll

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Elçinin tamaşaya qoyulan ilk əsəri “Mahmud və Məryəm”dir. Quruluşçu rejissoru Oruc Qurbanov və rəssamı Asif Məmmədov olan tamaşanın premyerası 25 mart 1988-ci ildə olub. Roman əsasında səhnələşdirilmiş bu əsər epik möhtəşəmliyi, poetik-romantik vüsəti, zəncirvari süjeti, kompozisiya bitkinliyi ilə səhnəmizə yeni psixoloji ovqat və estetik üslub gətirdi. Çünki mənəvi-əxlaqi dəyərlər baxımından əsrləri əsrlərə calayan və bu peyvəndin mürəkkəb hadisələr burulğanında zəngin obrazlar qalereyası yaranmış “Mahmud və Məryəm”i ənənəvi poetik prinsiplərlə tamaşaya qoymaq, məncə, səmərə verməzdi. Nə yaxşı ki, Oruc Qurbanov bunu həssaslıqla duymuşdu və epik-faciəvi janrda maraqlı, çoxşaxəli, ancaq bütöv, kamil kompozisiyalı bir tamaşa yaratmışdı.

 

Elçinin bütün əsərlərində, xüsusən tarixi roman və povestlərində, eləcə də “Mahmud və Məryəm”də koloritli, xarakterik, tipik obrazlar var. Elçin həm nəsrdə, həm də dramaturgiyada obrazların bədii təsvirində, xüsusən  tip-xarakter yaratmaqda ustaddır (Baladadaşdan üzü bəri). Teatr tamaşasında bu ustadlığı yüksək səviyyədə saxlayıb təbiiliklə təqdim etmək isə aktyorların hünərindən, istedadından və obraz üzərində yaradıcı axtarışla işləyə bilmək bacarığından çox asılıdır. Nə yaxşı ki, tamaşada Təvəkkül Əliyev (Mahmud), Elşad Zeynalov (Ziyad xan), Böyükxanım Əliyeva (Qəmər banu), Qabil Quliyev (Keşiş), Adil Zeynalov (Dərviş), Qızılgül Quliyeva (Məryəm), Məhərrəm Musayev (Lal və Qırmızıtuman kişi), Zakir Əsədov (Cavanşir xan), Əsgər Əsgərov (Bayandur), Əli Salayev (Sofi), Həsən Hacağayev (Mirzə), Eynəli Nurullayev (Süleyman paşa) Elçin dramaturgiyasının ruhuna həssaslıqla yanaşıb cazibəli ifalar göstərə bilmişdilər.

 

Elçinin “Mənim sevimli dəlim” pyesinin xoş səsi-sorağı Azərbaycanın hüdudlarını çoxdan aşıb. İlk ramaşası 1998-ci ildə Akademik Milli Dram Teatrında oynanılan qəmli satirik komediyanın dramatik, bir qədər də fəci dərinliyində Elçinin eramızdan əvvəlki antik yunan dramaturgiyasından üzü bəri bəşəri mahiyyət daşıyan insan və cəmiyyət probleminə tamamilə yeni baxış fəlsəfəsi var. Quruluşçu rejissor İslam Həsənovun və rəssam Məmmədyar Cəfərovun Lənkəran teatrında hazırladıqları “Mənim sevimli dəlim” (28 sentyabr 2008-ci il) tamaşasının uğuru, mənim fikrimcə, teatrın Elçin dramaturgiyasına məfkurə aydınlığı ilə, həssaslıqla yanaşmasındadır. Təbii ki, Eynəli Nurullayev (Baş redaktor), Niftulla Əsgərov (Şöbə müdiri), Sücəddin Mirzəyev (Ədəbi işçi), Təvəkkül Həsənov (Panteleymon Polikarpoviç), Emin Fərzullayev (Siyasi icmalçı), Elnur Əkbərov (Məsul katib), Miraslan Ağayev (Professor), Aynur Əhmədova (Katibə), Təranə Fərəcova (Şəfqət bacısı) səylə çalışırdılar ki, Elçin obrazlarını, Elçin tip-personajlarını reallıqla, bütün şirəsi-şəhdi ilə canlandırsınlar.

 

Elçinin əsərlərinin mövzusunun fəlsəfi-psixoloji qatları çoxlaylıdır və əksər hallarda bunu ilk baxışda, ilk oxumada dəqiqliklə tutmaq olmur. Fikrində, ideyasında çoxplanlığa meyl göstərən Elçinin daha dərin, daha sanballı yazıçı amalı ikinci, üçüncü, hətta dördüncü planlarda daha əzəmətli görünür. Həmçinin dramaturqun daha “qapalı” planının kod-açarını dəqiq tapanda görürük ki, mövzusundan, hadisələrin dövründən, konfliktin üst qatda görünən mahiyyətindən asılı olmayaraq, ədibin bir şah mövzusu var: İnsan. Elçin insan dediyim anlamı mütləq fəlsəfi dərinliklə və bir-birindən fərqlənən ailə-məişət, sosial, ictimai, ictimai-sosial və yeri gəldikcə ictimai-siyasi kontekstlərdə verir. Onun səhnə əsərlərinin canlılığının, təravətinin bir gözəlliyi də məhz bundadır.

 

Lənkəran teatrı janr estetikası və “dramaturqu müasir təfəkkürlə oxumaq” prinsipinə ciddi cəhd göstərdiyi üçün Elçinin “Cəhənnəm sakinləri” (quruluşçu rejissor Gümrah Ömər, rəssam Tərlan Sadıqov. 26 may 2015-ci il) əsərinin tamaşasında uğur təmin olunmuşdu. Qabil Quliyev (Kişi), Qızılgül Quliyeva (Qadın), Aynur Əhmədova (Gənc qadın), Əbülfəz Axundov (Qonaq), Adil Zeynalov (Zabit) məhz “Elçin teatrı” üçün səciyyəvi olan ifadə  vasitələrinə əsaslanmaqla maraqlı obrazlar canlandırırdılar. Yeri gəlmişkən qeyd edim ki, işlətdiyim “Elçin teatrı” ifadəsi ötəri deyim deyil, Azərbaycan səhnə sənətində öz estetikasını müəyyənləşdirmiş, cilalayıb formalaşdırmış reallıqdır. Ona görə əminəm ki, elmi axtarışlarla məşğul olan gənc teatrşünaslarımızdan kimsə bu mövzunun elmi-nəzəri modelini geniş şəkildə araşdıracaq.

 

lll

 

Yuxarıda yazdım ki, Elçin teatrla sıx bağlı ailədə böyüyüb, amma bununla belə Akademik Teatrla yaradıcılıq əlaqəsini gec qurub. Dəqiq bilmirəm, amma güman edirəm ki, o, İlyas Əfəndiyevin teatrın əsas ağırlığını çəkdiyi bir dövrdə onun qabağına çıxmaq istəməyib. Bəlkə də belə deyil... nədənsə bu barədə onun özündən soruşmamışam, amma məqam düşən kimi səbəbini öyrənməyə çalışacam.

 

İndi qayıdıram mənim gümanıma ki, nə üçün belə düşünürəm. İlyas Əfəndiyevin son pyesi “Hökmdar və qızı” hazırlananda teatr təmirdəydi. Nə dramaturq özü, nə də teatrın direktoru və bədii rəhbəri Həsən Turabov razı deyildilər ki, bu tamaşanın premyerası başqa binada olsun. Təmirdən sonra açılışı onunla etmək istəyirdilər. Ömür dramaturqa vəfa etmədi. Tamaşanın ictimai baxışına Elçin gəldi və o, Həsən Turabov, rejissor Mərahim Fərzəlibəyov, mən “Hökmdar və qızı”na birlikdə baxdıq. Razılığa gəlindi ki, teatrın təmiri sona çatanda pərdələr bu əsərlə açılsın. Tamaşanın premyerası 15 dekabr 1996-cı ildə oldu.

 

İctimai baxışdan sonra Həsənin otağında çay içə-içə etdiyimiz söhbətdən mənə məlum oldu ki, Elçin “Ah, Paris... Paris...” komediyasını yazıb və indi hansı rejissorla işləmək barədə fikir mübadiləsi aparırlar. Mətləbi uzatmıram, bundan sonra Elçin atası İlyas Əfəndiyevin yolunu ləyaqətlə davam etdirməyə başladı, bir-birinin ardınca onun aşağıdakı əsərlərinin tamaşaları repertuarda yer tutdu.

 

1 fevral 1997-ci il. “Ah, Paris... Paris!..”.

 

Quruluşçu rejissor Azər Paşa Nemət, rəssam Elçin Məmmədov, musiqi tərtibatçısı Valeri (Vladimir) Neverov.

 

23 may 1998-ci il. “Mənim sevimli dəlim” (“Dəlixanadan dəli qaçıb”).

 

Quruluşçu rejissor Azər Paşa Nemət, rəssam Elçin Məmmədov, musiqi tərtibatçısı Valeri Neverov, rejissor assistenti Pünhan Həsənli.

 

16 oktyabr 1999-cu. “Mənim ərim dəlidir” (“Diaqnoz “D”).

 

Quruluşçu rejissor Azər Paşa Nemət, rəssam Elçin Məmmədov, musiqi tərtibatçısı Valeri Neverov.

 

23 fevral 2001-ci il. “Poçt şöbəsində xəyal”.

 

Quruluşçu rejissor Mehriban Ələkbərzadə, rəssamlar Tahir Tahirov və Ağarəhim Əliyev, bəstəkar Səyavuş Kərimi.

 

26 sentyabr 2003-cü il. “Qatil”.

 

Quruluşçu rejissor Mehriban Ələkbərzadə, rəssam Nazim Bəykişiyev, bəstəkar Aygün Səmədzadə.

 

11 aprel 2008-ci il. “Arılar arasında”.

 

Quruluşçu rejissor Bəhram Osmanov, rəssam Altay Sadıqzadə, bəstəkar Fərəc Qarayev.

 

11 may 2011-ci il. “Teleskop”.

 

Quruluşçu rejissor Kamran Şahmərdan, tərtibatçı rəssam Eduard Koçergin (Rusiyanın Xalq rəssamı), geyim rəssamı Anna Koçergina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçuları Zakir Ağayev və Yelena Ağayeva.

 

29 fevral 2012-ci il. “Şekspir”.

 

Quruluşçu rejissor Petru Vutkereu*, rəssam Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə. Bədii tərtibatın rəhbəri Nazim Bəykişiyev.

 

* Qeyd. Quruluşçu rejissor Petru Vutkereu Moldovadan dəvət edilmişdi.

 

5 oktyabr 2012-ci il. “Qatil”, Elçin.

 

Quruluşçu rejissor Mehriban Ələkbərzadə, tərtibat rəssamı İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, bəstəkar Aygün Səmədzadə.

 

15 mart 2013-cü il. “Sənətkarın taleyi”, Elçin.

 

Quruluşçu rejissor İrana Tağızadə, tərtibat rəssamı Tatyana Melnikova (Rusiya), geyim rəssamları İrana Tağızadə və Tatyana Melnikova, musiqi tərtibatçısı Valeri Neverov, işıq üzrə rəssam Rafael Həsənov.

 

Təbii ki, eşidib-bildiyimə görə də, bu siyahı bitməyib, inşallah davam edəcək.

 

Bəri başdan onu deyim ki, Elçinin pyeslərindəki “dəlilər” səlist məntiqlə, müstəqim mənada qəbul edilməməlidir. Qeyri-səlist məntiqdə bu “dəlilər” dəli düşüncəli adamların qavrama güzgüsündə “dəlidirlər”. Güzgü simmetriyasında məhz cəmiyyətin əsl naqis düşüncəli, çürük mənəviyyatlı adamları özlərini başqa qiyafədə görürlər.

 

Elçinin “dəliləri” ilə Mirzə Cəlilin “dəli yığıncağı” arasında illər fərqi olsa da, mənəvi yaxınlıq var. Elə burdaca deyim ki, cəmiyyətimizin formasiya dəyişməsi prosesində insanların mənəviyyatında, sosial durumunda baş verən kəskin, təzadlı dəyişmələri cəsarətlə dramaturgiyaya ilk dəfə gətirən Elçin olub. Və bu vacib mövzu müxtəlif formalarda Elçinin səhnə əsərlərinin enerji nüvəsini təşkil edir.

 

Uzun müddət texniki səbəblərə görə premyerası gecikdirilən Elçinin “Ah, Paris... Paris!..” satirik komediyasının tamaşası 1997-ci il fevralın 1-də və 2-də böyük uğur və təntənə ilə tamaşaçılara göstərildi. Tamaşadakı hadisələr 1992-ci ilin payızında cərəyan edirdi. Elçin adi məişət hadisələri zəminində son dərəcə aktual, ictimai-sosial zəmindən rişələnən mənəvi-əxlaqi problemlərə toxunmuşdu. Yüksək estetik zövqə malik, həssas çağdaş siyasi-sosial durumu olan, rejissurasının poetika göstəriciləri orijinallığı ilə seçilən Azər Paşa Nemət məsxərə zəminli satirik komediya janrında şən, şux ovqatlı, tamaşaçını düşündürən və kövrəldən, səliqəsi diqqət çəkən tamaşa yaratmışdı.

 

“Ah, Paris... Paris!..” tamaşası kompozisiya bütövlüyü, meydan teatr prinsiplərinin çağdaş estetik həlli, mizanların eyni epizodda üç-dörd müxtəlif planda (avansenadan tutmuş səhnənin ən arxa divarına qədər) paralel və əlaqəli şəkildə qurulması ilə seçilirdi. Həm pyesin işlənməsi, həm də tamaşanın təqdimi bədii xüsusiyyətlərinə, məzmun-forma həllinə görə teatr üçün yeni və yeni olduğu qədər də təravətli, ürəkaçan, zövqlü idi.

 

Azər Paşanın janr təyininin özəlliyi və seçdiyi təfsir-üslub axtarışlarının hüsnü, ilk növbədə, aktyor ansamblına təzə-tərlik gətirmişdi. Ansamblda bütün ifaçılar vahid üslubun həmrəy daşıyıcıları olmaqla yanaşı, ayrılıqda hər bir aktyor fərdi ifadə vasitələrinin zərifliyi, bənzərsizliyi ilə seçilirdilər. Səyavuş Aslanın (Əsədulla) oyunu karnaval estetikasının zərif təcəssümü, Telman Adıgözəlovun (Əhməd) ifası ekssentrik hərəkətlərin estrada gülüşü ilə vəhdəti, Kübrabəyim Əliyevanın (Firəngiz) rol təfsiri məişət yumoru ilə ictimai satiranın eyni ladda ahəngdar səslənməsi, Yaşar Nuriyevin (İsgəndərzadə) qroteskə cəsarətlə üstünlük verməsi son nəticədə tamaşanın məna dərinliyinə və cazibədarlığına xidmət edirdi. Tamaşaçı vahid janrla, al-əlvan, parlaq rənglərlə cilalanmış oyun-üslublarla rastlaşırdı.

 

Azər Paşa Nemət səhnə məkanını elə qurmuşdu ki, aktyorlar istənilən məqamda improvizə etsələr də, ümumi üsluba xələl gəlmirdi. Hətta Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Şəlalə Şahvələdqızı-Quliyeva və Məsmə Aslanqızı da Gülbəniz və Nurbəniz rollarındakı debütləri ilə yadda qalır, maraqla baxılırdılar. Teatrın kollektivinə yenicə qəbul olunmuş Cəfər Namiq Kamal (Əhmədov) isə Eynşteyn rolunda məlahətli təsir bağışlayırdı.

 

Rus Dram Teatrından çağırılmış Xalq artisti Lüdmila Duxovnaya (Vera) və Elxan Ağahüseynoğlu (Palyaniçka) dueti, bütün tamaşa boyu sözü barmaqla sayılacaq qədər az olan Süpürgəçinin ifaçısı Kamal Xudaverdiyevin hərəkət “oyunları” canlı görünürdü, tamaşanın ümumi sürət-ritminə uyuşurdu.

 

“Ah, Paris... Paris!..”in ilk tamaşalarından az sonra Elçin “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim” satirik komediyasını teatrın bədii şurasına təqdim etdi.

 

Elçinin “Mənim sevimli dəlim” (“Mənim sevimli dəlim, yaxud dəlixanadan dəli qaçıb”) satirik komediyasının premyerası (23, 24, 30 və 31 may) teatrın təntənəsinə çevrildi. “Mənim sevimli dəlim”in səhnə təfsiri dramaturqun öz arzusu ilə “Ah, Paris... Paris!..in quruluşunu vermiş məşhur rejissor Azər Paşa Nemətə həvalə olunmuşdu. O, ilk məşqə 1997-ci il oktyabrın 10-da başladı, ancaq teatrın Türkiyəyə qastrol səfərlərinə hazırlığı məşq prosesində müəyyən fasilələr yaratdı.

 

Psixoloji dəqiqliyi, məzmunun poetik forma təfsirini (rəssam Elçin Məmmədov), tamaşanın obrazlı həllinin bütövlüyünü, rejissor konsepsiyasının zərif təcəssümünü böyük səylə, yüksək bədii-estetik dəyərlərlə, cilalanmış şəkildə qurmaqda usta olan Azər Paşa Nemət teatrın janr-üslub axtarışlarında təzə söz olan tamaşa yarada bilmişdi.

 

Elçinin kəskin ictimai-siyasi hadisələrdən bəhs edən, dövrümüzün mənəvi-əxlaqi, sosial-məişət problemlərinə ciddi şəkildə toxunan “Mənim sevimli dəlim” komediyası bütün bədii dəyər göstəriciləri ilə səhnə həllini tapa bilmişdi. Tamaşada rejissor heyranedici dərəcədə aktyor ansamblı qurmuş və onların öz potensial aktyorluq imkanlarını açmaq üçün məkan genişliyi, ifa sərbəstliyi (vahid üslub-janr dairəsində), geniş üfüqlü, zəngin yaradıcılıq iqlimi yaratmışdı.

 

Telman Adıgözəlov (Professor), Şəlalə Şahvələdqızı (Şəfqət bacısı), Səyavuş Aslan (Baş redaktor), Hacı İsmayılov (Məsul katib), Əsgər Məmmədoğlu (Siyasi icmalçı), Yaşar Nuriyev və Aqşin Vəlixanov (Şöbə müdiri), Elxan Ağahüseynoğlu (Panteleymon Polikarpoviç), Cəfər Namiq Kamal (Ədəbi işçi), Məsməxanım Aslanqızı (Katibə) təravətli, şux, gülməli səhnə obrazları oynayırdılar.

 

Tamaşanın əsas ağırlığını isə mübahisəsiz və şəriksiz Səyavuş Aslan çəkirdi. Baş redaktor rolu aktyorun yaradıcılığında təzə sənət qələbəsi, növbəti uğur zirvəsi idi. Səyavuş Aslan bu rolda məsxərənin, satirik komediyanın, karnaval estetikasının, qrotesk-hiperbolanın elementlərini vahid ifa poetikasında yüksək sənətkarlıqla birləşdirirdi. Azər Paşa Nemətin dörd-beş planda paralel, həm üfüqi, həm şaquli “mərtəbələrlə” mizan qurmaq hünəri, onun estetik cazibəsi Səyavuş Aslana, eləcə də digər ifaçılara sonsuz yaradıcılıq imkanları açmışdı.

 

Tamaşanın iki aparıcı dueti vardı: Professor - Şəfqət bacısı və Baş redaktor - Katibə. Telman Adıgözəlov aktyor plastikası, Şəlalə musiqi ritminin ahəngdarlığı, Səyavuş ləzzətli yumor ölçüsü, Məsmə isə gülüş doğuran emosional lirizmi ilə tamaşaçıları heyran qoyurdular.

 

Azər Paşa Nemət aktyorların oyun sərbəstliyini irəli buraxaraq Elçinin dramaturq ideyasının təntənəsi kimi səslənən qeyri-adi final qurmuşdu. Aktyorların fərdi və “xor” oyunu, Pavorottinin italyan dilində oxuduğu fonoqram mahnı, bütün səhnəyə enən sellofanın düşməsi və onun üstünə yağan yağışın texniki həllinin, işıq qurumunun doğurduğu psixoloji ovqat tamaşa müəlliflərinin qayə-məqsəd təntənəsi kimi səslənib-görünürdü.

 

Şəfqət bacısı obrazını ilkin mərhələdə Kübrabəyim Əliyeva da məşq edirdi. Aktrisanın oyun üslubu Azər Paşanın janr-üslub təyininə tam uyğun gəlirdi. Heyif ki, aktrisanın qəflətən xəstələnməsi onu bu gözəl roldan uzaqlaşdırdı.

 

Elçinin yeni əsəri “Mənim ərim dəlidir” (“Diaqnoz “D”) də onun ilk iki pyesinin mövzusunda idi. Daha doğrusu, özünün yazılış üslubu və mövzu-problematikaya baxışı bir konsepsiya ətrafında birləşmişdi. 1999-cu il  16 oktyabrda göstərilən tamaşanın da quruluşçu rejissoru Azər Paşa Nemət, rəssamı Elçin Məmmədov idi. Tamaşada daha parlaq aktyor ifasını Səyavuş Aslan (Kişi), Firəngiz Mütəllimova (Arvad), Aslan Şirinov (Oğul), Telman Adıgözəlov (Professor), Məsmə Aslanqızı (Falçı Ağabacı) nümayiş etdirirdilər.

 

Min illərin ənənəsi göstərir ki, hər hansı əsər təxminən iyirmi ilin civarında çağdaş görünür. Sonra o, keçir tarixin sərt yaddaşına. Ola bilsin ki, bununla hansısa əsər əbədilik unudulsun. Yaxud da, hansısa zaman kəsiyində bu əsərin çağdaşlıq mahiyyəti yeni ictimai-sosial münasibətlərdə, yeni siyasi kontekstdə üzə çıxsın.

 

Akademik Milli Dram Teatrı 2001-ci il fevralın 23-də “Poçt şöbəsində xəyal” pyesinin ilk tamaşasını oynayıb. Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, rəssamları Ağarəhim Əliyev və Tahir Tahirovdur. Musiqisini Səyavuş Kərimi bəstələyib. Tamaşadan doğan ilk estetik təəssüratlar çoxdur, bununla belə, onları tarixilik və bədiilik kontekstində müəyyən sistemə düzmək mümkündür.

 

Öz dövrü üçün daha çox ədəbi material kimi dəyərli olan “Poçt şöbəsində xəyal” bu gün tarixi sənəddir. Dəqiq sənəddir! Gənc yazıçının səmimi, idealist, insani arzusudur, insaniləşməyə çağırışdır. Əvvəla, əsərin yazılışından iyirmi deyil, əlli ilə yaxın vaxt keçib. İkincisi, bəşəriyyət nəinki yeni əsrə, hətta təzə eraya qədəm qoyub. Üçüncüsü, artıq yer üzündə SSRİ deyilən dövlət yoxdur. Üstəlik bu dövrdə Elçinin təsvir etdiyi məkanın adamlarının düşüncələri, arzuları, xəyalları çox-çox dəyişib. Sosioloji, ictimai, mənəvi, siyasi şərtlər bambaşqadır.

 

Elçinin əsəri mənəvi tarixdir. Həmin dövrdə barmaqla sayılan Elçinlər, Anarlar, Rüstəmlər, Əkrəmlər... nəyi tərənnüm edirdilər və geniş mənada, bəşəriyyətdən nə istəyirdilər? “Poçt şöbəsində xəyal” ilk növbədə bu qlobal sualların özünü yeni estetik-fəlsəfi aspektdə, daha böyük zərrəbin işığında suala çevirir. Biz böyük bir tarixi dönəmin mənəvi-əxlaqi problemlərini, onun estetik parametrlərini, psixoloji əsaslarını apaydın görürük.

 

Tarixə kiçik bir ekskurs. Heç uzağa getməyək, elə iyirminci əsrin özündə müxtəlif  ölkələrdə gəncliyin mənəviyyatlara, ictimai-sosial qurumlara etiraz inqilabları olub. “Xippilər”, “Maoçular”, “Qırmızı briqadalar”, “Cekavarlar”... Qərb burjua cəmiyyətinə, istehlakçı cəmiyyətə qarşı çıxırdılar. SSRİ-də bolşevizmə qarşı gizli liberallar və açıq sərt disidentlər vardı. Düzdür, Azərbaycanda ədəbiyyat disidenti olmadı. Ancaq liberallar oldu ki, onların öncüllərindən biri də Elçin idi. Məşhur ədəbiyyatşünas Lev Aninski onları “altmışıncılar” adlandırırdı. Həmin “altmışıncıları” isə Azərbaycan ədəbiyyatının yeni dalğası kimi qiymətləndirirdi və bu istiqamətdə Elçinin yaradıcılığına ayrıca məqalə də həsr etmişdi.

 

İlham RƏHİMLİ

 

 

525-ci qəzet.- 2016.- 30 dekabr.- S.14-15.