Vicdan susmayanda...
GÖRKƏMLİ AZƏRBAYCAN YAZIÇISI VİDADİ BABANLININ 90 İLLİYİNƏ
Bu adam artıq sağlığında Azərbaycan
və rus ədəbiyyatının klassiki olmuşdur. Bəli, bəli, mən səhv etmədim - məhz
rus ədəbiyyatının.
Vidadi
Babanlını, hətta, bəlkə Rusiyada respublikamızdan
daha çox tanıyır və oxuyurlar. Hər
halda, İnterneti açıb bu adı yazmaq kifayət edir ki,
əvvəlki tək Rusiya oxuyucuları arasında populyar olan
kitabları barədə onlarla şərh gəlsin.
Xüsusilə, Rusiyanın kitab saytlarında “rus Sovet
klassikası” kimi
qeyd edilmiş məşhur “Vicdan susanda” romanı
haqda. Bu romanın nəşrinin qısa tarixçəsi belədir:
1972-ci ildə Moskvada “Sovetskiy pisatel” nəşriyyatında
birinci, 1977-ci ildə isə ikinci kitab
çıxmışdır, hər ikisi o dövr
üçün standart olan 30 min nüsxə tirajla! 1979-cu ildə hər iki kitab “Sovetskiy pisatel” tərəfindən
təkrar nəşr edilmişdir, lakin artıq, hətta, o
zaman üçün də nəhəng sayılan 100 minlik
tirajla. Və bu böyük tiraj geniş
SSRİ məkanında çox qısa müddətdə
satılmışdır. Belə olduqda, düz bir il keçmiş, - 1980-ci ildə “Vicdan susanda”
romanı təzədən və yenə 100 min tirajla nəşr
edilmişdir. Bu, əlbəttə, Sovet kitab nəşri
tarixində çox nadir hadisədir. Azərbaycanda roman
9 dəfə təkrar-təkrar nəşr edilmişdir - bu da
özünəməxsus rekorddur!
İndi təsəvvür edirsinizmi Vidadi
Babanlının populyarlığı keçən əsrin
80-ci illərində necə yüksək idi. Mənə məhz o zaman
onunla şəxsən tanış olmaq və
təkcə tanış olmaq yox, həm də onun povestlərindən
birinin tərcüməçisi olmaq müyəssər
olmuşdur. O zaman Azərbaycan dilindən ruscaya tərcüməçilik
yolunda fəaliyyətə təzəcə qədəm
qoymuş, cəmi bir neçə çox da böyük
olmayan tərcümələr çap etdirmişdim. Və
birdən, sanballı Azərbaycan yazıçısı mənə
bütöv bir povesti tərcümə etməyi təklif edir
və bu elə-belə yerdə yox, aparıcı ittifaq
jurnalı “Zvezda”da çap olunacaq! Bu, əlbəttə,
Vidadi müəllim tərəfindən böyük etimad və
səxavətli jest idi. Belə ki, onun xidmətində Lev Tolstoyun məşhur
nəslindən olan şair, mütərcim Lidiya Lebedinskaya
daxil, SSRİ-nin ən yaxşı tərcüməçiləri
var idi. Lidiya Borisovna rus dilinin stilistikasını
Vidadı Babanlıya məxsus şərq koloriti və bədiiliklə
uyğunlaşdıraraq “Vicdan susanda” romanını çox
gözəl tərcümə etmişdi və rus mütərcimiylə
azərbaycanlı nasirin bu tandemi son dərəcə uğurlu
alınmışdı.
Bütün
gənclərə bu romanı oxumağı məsləhət
görürəm, xüsusən ona görə ki, az qala qırx il keçməsinə baxmayaraq,
roman bu gün də öz aktuallığını itirməyib.
Elm aləmində qarşılıqlı
münasibət və münaqişələr, cəmiyyətdəki
kəskin etik problemlər, ailədəki ziddiyyətlər,
canlı, yaddaqalan surətlər - bütün bunlar dərhal
romanı müasir Azərbaycan ədəbiyyatında
mühüm hadisəyə çevirdi. Qadın baş qəhrəmanlardan
biri - Mərhəmət
xanım surəti isə emosional təsir dərəcəsinə
və miqyasına görə Şekspir qəhrəmanlarını
xatırladır. Romanı təkrar birnəfəsə oxuyub
(ondan sadəcə əl çəkmək mümkün
deyil), son səhifəni çevirərkən mən artıq
neçənci dəfə, dünyanın yaranışdan bu yana necə də az dəyişdiyi barədə
düşündüm. Yəqin yüz, iki yüz il keçsə
belə, varislərimiz arasında professor Zöhrab Günəşli
və onun gənc aspirantı Vüqara bənzər qəlbi,
düşüncəsi təmiz alimlərə və eyni
zamanda, zəngin və nüfuzlu adamın qızıyla sərfəli
evlilik arzulayan, karyerist, cilddən-cildə girən, hər
işdə mənfəət güdən İsmət kimi kəslərə
rast gəlmək olacaq. Bəs Söhrab Günəşlinin
həyat yoldaşı Mərhəmət xanım surəti?
Bu ki, duran yerdə ailə səadətini
dağıdan və yaxınlarını dəhşətli
faciəyə sürükləyən bəzi insanların
bariz nümunəsidir. Təəssüf
ki, dünya belə insanlardan heç vaxt xali olmayacaqdır.
Olduqca koloritli surətdir və şübhəsiz,
yazıçı Vidadi Babanlının ən böyük
uğurlarından biridir. Əgər Vidadi
müəllim daha heç nə yazmasaydı, o, təkcə
bu romanla XX əsr Azərbaycan ədəbiyyatı tarixinə
onun mötəbər klassiki kimi düşməyə layiq
olardı.
Bizim əməkdaşlığımız da uğurlu
alındı.
Hər halda, “Müqəddəs ocaq” povesti mənim
tərcüməmdə tezliklə Leninqrad jurnalı “Zvezda”da
çıxdı, bundan sonra isə “Sovetskiy pisatel” tərəfindən
təkrar nəşr olundu. Və mən
sanballı müəllif qonorarı aldım. Faktik olaraq mənə ədəbiyyata vəsiqə
verdiyi üçün bu günəcən Vidadi müəllimə
minnətdaram. Ondan sonra digər
tanınmış Azərbaycan yazıçıları da, eləcə
öz əsərlərinin tərcüməsini mənə həvalə
etməyə başladılar.
lll
Vidadi
müəllim 1927-ci il yanvarın 5-də
Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində
doğulmuşdur. Yeri gəlmişkən, digər
görkəmli Azərbaycan yazıçısı
İsmayıl Şıxlinskiy (Şıxlı) də əslən
bu yerlərdəndir. Vidadi müəllim
ilk əsərlərini Şıxlı təxəllüsü
ilə yazırdı. Lakin sonra bu qərara
gəldi ki, iki Şıxlı Azərbaycan ədəbiyyatına
çox olar və öz doğma soyadına qayıtdı.
Xoşbəxtlikdən
bu, kifayət qədər uğurlu alındı.
Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsini bitirən
gənc, ümid verən yazıçı öz məşhur
həmyerlisi, Azərbaycan Yazıçılar
İttifaqının sədri Səməd Vurğunun qəbuluna
gəlib deyir ki, İttifaqın mətbuat orqanlarında
işləmək istəyir. Lakin Səməd
Vurğun bunun əvəzinə gənc filoloqa həyatı dərindən
öyrənmək üçün ucqarda müəllim
işləməyi məsləhət görür və nə
üçünsə Sabirabad rayonunun adını çəkir.
Vidadi Babanlı ürəyində, hətta,
böyük şairdən inciyir, yəni, bu da yerlim. Lakin təyinat zamanı universitetin aspiranturasında
saxlamaq istədikləri məzun onun məhz Sabirabada göndərilməsini
israr edir.
Düzdür,
o, orada yalnız bir il işləyir,
çünki ədəbiyyata meyli müəllimlik istəyinə
güc gəlir. Və 50-ci illərin əvvəllərində
Vidadi Babanlı Maksim Qorki adına Ədəbiyyat
İnstitutunun dinləyicisi olur. Bakıya
qayıtdıqdan sonra isə Vidadi müəllim həyatını
həmişəlik olaraq ədəbi yaradıcılıqla
bağlayır. Onun yalnız həyatı
deyil, bütün xidməti karyerası da Sözlə
bağlı olub. Vidadi Babanlı əvvəlcə
“Ədəbiyyat və incəsənət” qəzetində
işləyib, sonra respublikanın əsas ədəbi
jurnalı “Azərbaycan”da nəsr şöbəsinin müdiri
olub, ardından “Azərbaycanfilm” kinostudiyasında dublyaj
şöbəsinin baş redaktoru və nəhayət
“Yazıçı” nəşriyyatında baş redaktor
müavini kimi fəaliyyət göstərib.
1954-cü ildən etibarən o, hekayə və povestlər,
oçerk və publisistik məqalələr, nəhayət
kinossenarilər qələmə almağa başlayıb. 1972-ci ildə
“Azərbaycanfilm” kinostudiyasında rejissor Şamil Mahmudbəyov
tərəfindən ekranlaşdırılmış “Həyat
bizi sınayır” Babanlının ssenarisi və eyniadlı
povesti əsasında çəkilmiş ən məşhur
filmlərdən oldu. Filmdə Azərbaycan artistlərinin
gözəl pleyadası - Fikrət Quliyev, Ömür
Nağıyev, Şahmar Ələkbərov, Mayak Kərimov, Həsən
Qara, Larisa Luqova, Xuraman Qasımova, Eldəniz Zeynalov, Amaliya Pənahova
çəkilmişlər. Vidadi
Babanlının roman və povestləri Azərbaycan
hüdudlarından uzaqlarda tanınırdı. O zamanlar
SSRİ-də yaxşı tərcüməçi məktəbi
var idi, odur ki, Babanlının əsərləri “yaxın” və
“uzaq” xaricin ən müxtəlif dillərində işıq
üzü görmüşdür.
1986-cı ildə Vidadi Babanlıya Azərbaycanın
Əməkdar incəsənət xadimi adı verilmiş,
2001-ci ildə isə prezident Heydər Əliyevin sərəncamı
ilə ömürlük prezident təqaüdü təyin
edilmişdir.
Azərbaycan
ədəbiyyatının bir neçə gündən sonra
90 yaşına qədəm qoyacaq ağsaqqalı bu
yaxınlarda “Zəmanə adamı” adlı yeni romanını dərc
etdirmişdir. Roman onun sevimli qəhrəmanlarını
əvvəlki illərdə narahat edən elə həmin
mürəkkəb etik, mənəvi-əxlaqi məsələlərə
həsr olunmuşdur.
Vidadi Babanlının özü də, həmçinin sözün yaxşı mənasında, öz dövrünün adamıdır. O, bəzi qələm dostları kimi ləngiyib keçən əsrdə qalmayıb, məhz dövrümüz üçün aktual olan yeni, müasir mövzu, süjet və obrazların axtarışındadır. Əlbəttə, bu yaşdakı hər insan kimi yazıçının da öz ağrı-acısı var. Keçən il qıçının sınmasından sonra o, demək olar ki, yeriyə bilmir, üstəlik gözlərinin nuru da zəifləyib. Həmçinin bir il əvvəl qocaman yazıçı ağır itki ilə üzləşib - bütün bu onilliklər boyu məişət qayğıları ilə yanaşı, ona ədəbi katiblik edən, bəzən ərinin eyni əsərini təkrar-təkrar makinada çap edən, dünyadan artıq sevdiyi həyat yoldaşını əbədiyyətə tapşırıb. Sözsüz ki, yanında uşaqları, gözəl nəvələri var, bununla belə, heç kəs Vidadi müəllimə onun Hafizə xanımını əvəz etdirə bilməz... Əlbəttə, bu gün onun üçün asan deyil, lakin yazıçı qüssə və ruh düşkünlüyündən uzaqdır. Vidadi müəllim ümumiyyətlə məğrur insandır, təbiətcə mübarizdir. O, yeni kitablar və yeni yaradıcılıq planları barədə düşünür. O, illər ötdükcə əldə edilən və istənilən şəraitdə yaşayıb-yaratmağa yardımçı olan müdrikliyə çatmış, aydın düşüncə və daxildən görmə bacarığını hifz etmişdir. Bu, vicdanı heç vaxt susmayan insandır!
Çox yaşayın, hörmətli
ağsaqqal və həqiqi xalq yazıçısı!
Yubileyiniz mübarək, əziz Vidadi müəllim!
Elmira
AXUNDOVA
yazıçı-publisist, Dövlət mükafatı
laureatı
525-ci qəzet.- 2016.- 30 dekabr.- S.10.