Yazıçı Pərvin məktəblilərlə görüşdü

 

 

Yanvarın 30-da Suraxanı rayonu 87 nömrəli Tam Orta Məktəbdə yazıçı Pərvinlə şagird müəllim kollektivinin görüşü keçirildi.

 

Gənclərin mütaliə vərdişlərinin artırılması məqsədilə təşkil olunan görüş kifayət qədər maraqlı alındı iki saat davam etdi.

 

Şagirdlərin bir-birindən fərqli sualları, mətndən çıxarışlar, yazıçının hekayəsinin səsləndirilməsi, bədii əsərə münasibət rəyləri bir növ onların mütaliə oxu vərdişlərinin təqdimatı idi. Necə deyərlər, şagirdlər Pərvinin yaradıcılığı ədəbi işığının kölgəsinə yığışmışdılar. Xüsusilə, müəllifin "Qar yağacaq" hekayəsindən, "Balerina", "Şərq şirniyyatı" haqqında uzun-uzun söhbətlər getdi. Suallar, rəylər, bildirilən fikirlər Pərvinin yaradıcılığının bir az da təhlili təəssüratı bağışladı. Yazıçının şəxsi təcrübəsindən yararlanmaq istəyən, oxu yazı prosesi ilə ciddi maraqlanan məktəblilər müasir gənclərin əhval-ruhiyyəsindən tutmuş, kitab təbliğatına qədər müxtəlif mövzularda suallar verirdilər.

 

Tədbiri məktəbin direktoru Elmira Ələkbərova açaraq yazıçını məktəblilərə təqdim etdi. Ardınca Pərvin haqda video-çarx göstərildi, məktəbin gənc müəllimi Zəminə Şərifovanın təqdimatında yazıçı haqda slayd-məlumat verildi. Bu, yazarın əsərləri, kitabları, ictimaijurnalist fəaliyyəti, mükafatları, yaradıcılığı barədə qısa bioqrafiya idi. Pərvin gəncləri salamladıqdan sonra məktəblilərin çıxışları başladı. Onlara əsasən yazıçının hekayələri maraqlı idi. Suallardan da hiss olunurdu ki, Pərvinin hekayələrinə xas gözlənilməz sonluqlar onları daha çox  düşündürür.

 

Bunu da qeyd edək ki, 87 nömrəli Tam Orta Məktəbin Gənc Tamaşaçılar Teatrı ilə əlaqələri, sosial fəaliyyəti də məktəb haqda müsbət fikir yaradır. Məktəbdə müxtəlif tamaşalara quruluş verilir, şagirdlər bu Teatrın daimi tamaşaçılarıdır. Məktəblilərin bədii duyum və fərqli yanaşmaları çıxışlarında aydın nəzərə çarpırdı. Bu anlamda tədbir nümunəvi məktəblə yazıçının görüşü kimi yadda qaldı.

 

Tədbirin sonunda Pərvin çıxış edərək görüşlə bağlı təəssüratlarını bölüşdü: "Bu gün burda olmağım sizdən çox, mənə xeyirli oldu. Məktəblilərin suallarına cavab vermək, hansısa fikirlərə aydınlıq gətirmək bir qələm adamı olaraq mənə maraqlıdır. Həm də bu cür istedadlı, savadlı uşaqları görüb xeyli sevindim. Bəzən söyləyirlər ki, gənclərin kitaba, ədəbiyyata maraqları azalıb. Amma indi sizərlə də söhbət edərkən başa düşdüm ki, heç də elə deyil. Sadəcə bu cür gənclərə təkan vermək, onlarda olan həvəsi artırmaq lazımdı. Bu baxımdan 87 saylı məktəbin şagirdlərinin bəxti gətirib. Çünki direktor Elmira xanım, ədəbiyyat müəllimləri, digər müəllimlər siz gənclərin inkişafı üçün köməklərini əsirgəmirlər. Mən bir daha direktor Elmira xanım başda olmaqla kollektivə, tədbirin təşkilatçısı Zəminə xanıma təşəkkürlərimi bildirirəm və bu cür görüşlərin davamlı olmasını diləyirəm".

 

Çıxışından sonra yazıçı şagirdlərlə xatirə şəkli çəkdirdi, kitablarını həm onlara, həm də məktəbin kitabxanasına hədiyyə etdi.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 2 fevral.- S.7.