Böyük vətənsevər, dönməz istiqlalçı, fədakar ziyalı

 

Ceyhun Hacıbəyli - 125

 

 

Xalqımızın ən dəyərli oğullarından biri, həqiqi millətpərvər, parlaq şəxsiyyət Ceyhun Hacıbəylinin 125 ili tamam olur.

 

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan bu görkəmli şəxsiyyətin yubileyi, təəssüflər olsun ki, geniş ictimaiyyət tərəfindən yada salınmır. Halbuki C. Hacıbəylinin vətən və millət qarşısında gördüyü çox böyük işlər var.

 

Görkəmli mətbuat xadimi olan Ceyhun Hacıbəyli 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada N. Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb.

 

1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin "Leyli və Məcnun" operasının H. Z. Tağıyev teatrında tamaşaya qoyulmasında onun da  xidmətləri olub.

 

C. Hacıbəyli bir müddət Əlibəy Hüseynzadənin müdir olduğu "Səadət"  məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin Hüquq fakultəsinə daxil olub. Sonradan Fransaya gedərək Sorbon universitetində oxuyub.

 

Azərbaycana qayıtdıqdan sonra o, müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.

 

C. Hacıbəyli eyni zamanda "Müsəlmanlıq", "İzvestiya", "İttihad", "Azərbaycan" qəzetlərinin redaktoru olub.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) o, bir müddət "Azərbaycan" qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada ciddi fəaliyyət göstərib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb.

 

Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirib, Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə qərb oxucularını tanış edib. C. Hacıbəyli  Parisdə  nəşr olunan  müxtəlif  jurnallarda çıxış edərək, çoxlu sayda yazılarını nəşr etdirib.

 

Bu yazılarında o, Sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid edib və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləyib.

 

Eyni zamanda o, filoloji və tarixi mövzularda - xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid və qədim Azərbaycan şəhərləri ilə də bağlı yazıları çıxıb.

 

Mühacirət illərində C. Hacıbəyli aşağıdakı əsərlərini yazaraq nəşr etdirib: 1) "İlk müsəlman respublikası Azərbaycan". 2) "Azərbaycan mətbuat tarixi". 3) "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları". 4) "Qarabağın dialekti və folkloru" .

 

Eyni zamanda o, Üzeyir Hacıbəylinin  "Arşın mal alan" operasını fransızcaya tərcümə etmiş və Parisdə "Femina" teatrında  tamaşaya qoyub. C. Hacıbəylinin Parisdə fransız dilində nəşr edilən mətbuat orqanlarında da müxtəlif məqalələri çap olunub.

 

C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat edib, Parisin Sen-Klu məzarlığında dəfn olunub.

 

Qeyd edək ki, 1920-ci ilin 27 aprel işğalından sonra Türkiyədə və Avropada məskunlaşan azərbaycanlı mühacirlər həmin ölkələrdə ciddi fəaliyyət göstərdilər. Onlar bu ölkələrdə həm siyasi təbliğatla məşğul olur - təşkilatlar yaradır, qəzetlər, jurnallar çap edirdilər, həm də müvafiq dövlət strukturlarına Azərbaycan probleminin həlli baxımından təsir etməyə çalışırdılar. Digər tərəfdən isə azərbaycanlı mühacirlər beynəlxalq qurumlara müraciətlər edir, SSRİ dövlətinin işğalçılıq siyasətini tənqid edirdilər. Belə şəxsiyyətlərdən biri də məhz Ceyhun Hacıbəyli idi. Onun digər xidmətlərindən biri də Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına verdiyi dəstək idi.

 

Bu mənada Ə. Fətəlibəylinin C. Hacıbəyliyə yazdığı 17 may 1952-ci il tarixli məktubda "Azərbaycan" jurnalının  olan nəşri ilə bağlı problemlərə də toxunulur: "Əzizim Ceyhun bəy! Sizin məktubu aldım. Sizin yazdığınız hər şeyi yerinə yetirəcəm. "Azərbaycan"ın birinci nömrəsinin rus hissəsinin redaktəsinə öz adımı və məqaləmi daxil edəcəyəm. "Ərizə"ni redaksiyanın imzası ilə, yəni mənim B. Karayusuf və Əhməd Xəzər adı altında buraxırıq. İsmayılın imzası da silinməlidir, çünki o, Rəsulzadənin məktubuna cavab verərək yazırdı ki, bəyannamə imzalanmayıb, sadəcə qəbul olunub.

 

Tezliklə türk dilində "Türkeli" çıxmalıdır. (Rus dilində artıq çıxıb, həmçinin "Azad Qafqaz" da çıxmışdı). Mən artıq Kanatbayla danışmışdım və o, ərizəni həm rus dilində, həm də türk dilində çap etdirdi. Əgər Siz lazım bilsəniz, biz bunların hamısını "Azərbaycan"ın 2-ci nömrəsində də təkrar edə bilərik. Siz burada olanda biz beş dəqiqə ərzində jurnal məsələsini həll etdik və mən bizim qərarımızda qalıram.

 

Sözsüz, bizim jurnal türk, fransız və ingilis dillərində çıxmalı idi. Sizin təqdim etdiyiniz və mənim tezliklə təsdiq etdiyim layihə D. L. tərəfindən dağıdılmışdı. Onun bütün oyunları haqqında mən Sizə sonrakı məktubumda yazmışam. Onun hesabatı sadədir: ermənilər 3000 marka alırlar və bunun hesabına onlar hər həftə xəbərçi çıxardırlar və 6 nəfər yaşayır. Kanatbay - 4000 marka; iki dildə jurnal çıxardırlar və bütün komitə bunun hesabına yaşayır; Avtorxanov - 5000 marka, jurnal və bütün qəbilə bunun hesabına yaşayır.

 

Jurnal ilə bizim işimizi Əkbərağa korladı, D. L.-nin sözlərinə görə o deyib ki, hər ay jurnalı çap etməyə bizim gücümüz çatmır və ona görə dövrü olaraq çıxardacağıq. Buna əsasən, D. L. təklif etdi ki, onun "aylıq orqan" olduğunu xatırlatmayım və nəşr olunduğu ayı göstərməyim və mən belə də etdim. Sonra o, xahiş etdi ki, jurnalın yarısını rus dilində çıxardaq və mütləq "qafqazlılara" cavab verək, çünki onların yazılarını hər yerdə oxuyurlar" .

 

Qeyd edək ki, "Azərbaycan" jurnalın Baş redaktorları Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginski idi. Jurnal iki dildə nəşr edirdi: Azərbaycan və rus dillərində. Qeyd edək ki, jurnalın hər iki redaktoru həm də rus təhsilli idilər. Ceyhun bəy Sankt-Peterburqda, Əbdürrəhman bəy isə Moskvada rus dilində təhsil almışdılar.

 

"Azərbaycan" jurnalının başlıca fəaliyyət proqramı - mövcud Sovet rejiminə qarşı təbliğat işləri aparmaq, kommunist ideologiyasının "çürüklüyünü" və bəşəriyyətə ziyanlı olduğunu göstərmək idi.

 

Jurnalı ABŞ dövləti maliyyələşdirdiyindən həmin ölkənin yürütdüyü siyasət əsas xətt olaraq götürülürdü.

 

Jurnal öz fəaliyyətinə görə daha çox siyasi xarakterli idi.

 

Jurnalın rus və Azərbaycan variantlarında nəşr edilən yazıların çoxu eynilik təşkil edirdi. Bəzi saylardakı yazılarda az olaraq müxtəliflik vardı. Təbii ki, jurnalda nəşr edilən yazılarda Azərbaycan problemlərini ictimaiyyətə çatdırmağa daha çox üstünlük verilirdi.

 

Jurnalda aşağıdakı müəlliflərin yazılarına daha tez-tez rast gəlmək mümkündür: C. Hacıbəyli, Ə. F. Düdənginski, Əziz Alpaut, Şamil Atabəy, Məcid Musazadə. Jurnalda nəşr edilmiş bəzi yazıların başlıqlarına diqqət edək: 1) "Visbadendən - Ştarnberqə" (C. Hacıbəyli);  2) "Azərbaycan ekonomisinə bir baxış" (Haydar Novruz); 3) "Azərbaycan partizanlarının bolşeviklərə qarşı savaşı" (M. A. Qarabağlı); 4) "Hürr  müsəlmanlar Sovet imperializmi əleyhinə mübarizəyə çıxırlar" (Qulam Azəri); 5) "Stalin nədən öldü" (Şamil Atabəy); 6) "Stalinin məzarı üstündə tikanlı kollar" (Osman Cəfəroğlu); 7) "Sovet-Fin hərbi" (Ə, Fətəlibəyli); 8) Qızıl Ahtapot) (Ə, Alpaut); 9) "Ədəbiyyat səhifəsi" (toplayanı: Məcid Musazadə); 10) "Şamaxı məhkəməsi" (C. Hacıbəyli); 11) Koordinasyon Mərkəz" (C. Hacıbəyli); 12) "Azərbaycan xalqının böyük oğlu" (Ə. Fətəlibəyli); 13) "Hacı İlyas" (Riza Tağı); 14) Belələrini Allah islah eyliyə" (Şami);  15) "Üzeyir Hacıbəylinin  "Leyli və Məcnun" operasının 45-ci ildönümünə ithaf edirəm" (Məcid Musazadə); 16) "Tariximizi biləlim" (Ə. A. Şeyxülislam); 17) "Sovet antisemitizmi" (K. Azəri); 18) "Kreml, hürr dünyanın gözü önündə, hürriyyət əleyhinə "xalqlar" konqresi çağırdı" (Ə. Fətəlibəyli); 19) "İran nefti və sovetlər" (Rüstəm Məmmədzadə); 20) "Vətəndən xəbərlər" (Qürbət Cəfər); 21) "SSRİ-yə qarşı psixoloji müharibə" (Ə. Fətəlibəyli); 22) "Kommunizm xalqlara həyat təmin edə bilərmi? (Ə. Fətəlibəyli); 23) "Qafqaz imperializm qarşısında" (C. Kazımbəy); 24) "İkinci mərhələ" (Ceyhun Hacıbəyli); 25) "Sovet təcavüzünün  Koreyada dağıdılması" (Ə. Fətəlibəyli); 26) "Müqəddəs vəzifə" (İsmayıl Əkbər); 27) Çekada gördüklərim" (Riza); 28) "Sovet məktəblərində" (Qadir); 29) "Azərbaycan davam edir" (C. Hacıbəyli); 30) Hürr Dünya türk xalqlarını sovetlərin zülmündən qurtarmalı" (C. Hacıbəyli); 31) "Yaşasın Atatürk" (Ə. Fətəlibəyli); 32) "Avraam Linkolnun bayrağı altında Vahid Azad Dünya uğrunda" (Ə. Fətəlibəyli); 33) "Azərbaycan xalqına hesabat" (Vətənin azadlığı uğrunda onun oğullarının mübarizəsi haqqında Ə. Fətəlibəylinin 1943-cü ilin 6 noyabrında Azərbaycan Konqresindəki məruzəsi); 34) Sovet yaltaqlığının yüksək dərəcəsi" (M. Musazadə).

 

"Azərbaycan" jurnalında Azərbaycanın azadlığı, müstəqilliyi ilə bağlı çoxlu sayda yazılar, məqalələr nəşr edilirdi.

 

"Azərbaycan" jurnalının 1-ci sayında (1951-ci il, N1)  Ceyhun Hacıbəylinin  Baş məqaləsi verilmişdi. Məqalə belə adlanır: "Azərbaycan davam edir". Əslində proqram xarakteri daşıyan bu məqalədə C. Hacıbəyli yazırdı: "Bundan 32 il əvvəl idarə etdiyim milli "Azərbaycan" qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəldik. Yeni təşkil etdiyimiz Azərbaycan dövlətini, başqa mədəni millətlər və Sülh Konfransına toplanmış dövlətlər rəsmi surətdə tanımaqla misyonumuzun üç ay sonunda bitəcəyini zənn edirdik.

 

Parisə gələr-gəlməz yenə "Azərbaycan" adında fransızca olaraq aylıq bir bülleten nəşr edərək, Avropa ictimaiyyətini məmləkət və millətimizə dair türlü məlumat verərək aydınlaşdırdıq. Bu bülleteni 11 nüsxə çıxara bildik.

 

Gərək biz və gərəkcə vətəndə qalanlarımız üç ay müddətin uzanması sonucunda günləri çox uzun görürdük. Bilmirdik ki, bir çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik.

 

Şimaldan gələn qara dalğa torpağımızı silib süpürdü. Nəcib Azərbaycan - türk milləti yabançı bir düşmən əlinə keçdi. 27 nisan faciəsinin təfərrüatı gələcək Azərbaycan tarixində qara bir səhifə tutacaq. O faciənin təhlilinə vətəndə başlamaq üzrə indilik açıq yaramızı qurdalamağı özümüzə rəva görmədiyimizdən sükut edirik.

 

Məqsədimiz milli birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları istisnasız olaraq bu bu birliyə dəvət edirik.

 

Zatən Azərbaycan başlanğıcda həmin birliyin simvolu idi. "Azərbaycan" bir firqənin, bir sinfin və ya bir təşkilatın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və felən rəsmi hökumət mövqeyini rəy və mülahazatını izhar edəcəyinə, öz yolunu sərbəsrtcəsinə cızıb öz qənaətini bəyan edirdi.

 

Bu xüsusda, vaxtında nəşriyyat işləri ilə məşğul olan nazirlərimizdən rəhmətlik Nəsib bəyin geniş nəzəriliyini, təbiətinin nazikliyini və ona məxsus xüsusiyyətini hörmətlə analım. Özü partiya üzvü olduğu halda hökumətin rəsmi orqanını partiyaçı olmayan bir şəxsə həvalə etməsi həddi-zatında bir simvolik jest idi. Onun üçün millət firqənin önündə gedirdi. Halbuki indiki firqəçilər bəzən firqə təəssübünü o qədər  irəli götürdülər ki, milləti adəta unutdular.

 

Biz heç bir firqə əleyhinə deyiliz. Həddi-buluğa yetmiş bir millət içərisində türlü cərəyanlar  ola bilir. Biz bu cərəyanların gəlişməsini və vətənimizə faydalı olmasını yurdumuzun quruluşundan sonra ancaq düşünə bilirik. Mühacirətdə bizi düşündürməsi lazım gələn və bizi düşündürən ancaq və ancaq gözəl yurdumuzun qurtuluşu olmalıdır.

 

Bu qurtuluşu kolaylaşdırmaq və bu məqsədlə uğraşmaq hər bir azəri çocuğu  ya fərdi üçün müqəddəs bir vəzifədir. Bu yolda hər bir vəsilədən istifadə etməliyik, çünki millətimiz böyük bir təhlükə içində yaşayır.

 

Sonuncu müharibə zamanında "Azərbaycan"ı namuslu gənclərimiz: Məcid Qarsalan və dostları əhya etmək istədilər. Cəbhə ilə idarə arasında, tüfənglə qələmi eyni zamanda daşıyan övladımız bu yolda yaxşılığa çalışdı və müəyyən müvəffəqiyyətlərə nail oldu. Böyük babasının prinsiplərini istimal edərək heç vaxt itirmədi. Yurdumuzdan gələn bu gəncləri və verdikləri qurbanları, tökdükləri qanları hörmətlə analım.

 

Hər halda Milli Birlik Məclisi heç bir firqə üçün çalışmır. Onun yalnız bir hədəfi və və bir məfkurəsi var: Yurdumuzun qurtuluşu! Azəri Türklərini bu gün bir-birindən ayıran proqram məsələsi deyil, onları ayıran psixoloji bir amildir ki, təəssüf ki, əlaqəli zəvat o nöqtəni  anlamırlar və anlamamazlıqla da azəri-türklərini müxtəlif zümrələrə bölürlər.

 

27 nisan fəlakətinin amillərini unutmayaq. Gözəl vətənimizi firqəçiliyin hızlanması yıxdı, uçuruma sürüklədi. Firqə təəssübü bir millətin birliyini daima pozar.

 

Təbii bir firqə daxilində namuslu, istedadlı ünsürlərin də mövcud olduğu inkar edilə bilməz. Biz bütün vətəndaşlarımıza hörmət və sevgi bağlarıyla bağlıyız.

 

Onun üçün bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz azəri-türklərinin hamısını üç rəngli bayrağımız altında toplanıb hamımız  bərabər bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik.

 

Azərbaycan davam edir".

 

Ceyhun Hacıbəylinin bu məqaləsinin son cümləsini də belə redaktə ilə oxuculara təqdim etmək istərdim - xalqımızın qəlbində C. Hacıbəyli adlı şəxsiyyət yaşamaqda davam edir!

 

 

Nəsiman Yaqublu

525-ci qəzet.- 2015 - 3 fevral.- S.4.