"Azərbaycan
xalçaları"nın daha bir sayı
"Azərbaycan xalçaları"
elmi-publisistik jurnalının
yeni - XVI nömrəsi
işıq üzü
görüb. Jurnal bu dəfə
də ənənəsinə
sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini
bu sənətə bağlamış insanlar haqqında məqalələr,
tədqiqat materialları,
maraqlı reportajlar, yeni elmi araşdırmalarla
oxucuların görüşünə
gəlib.
AZƏRTAC
xəbər verir ki, jurnalda Kannda
keçirilən "Azərbaycan
xalçaları incəsənətdə"
adlı sərgiyə,
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu və "Azər-İlmə" Xalçaçılıq
Mərkəzinin birgə
keçirdiyi "Azərbaycan
xalçaçılığı: keçmişdən gələcəyə"
mövzusunda müsabiqəyə
həsr olunmuş materiallar dərc olunub.
Tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun "Karabakh region" (historical and ethnographical essay) ("Qarabağ bölgəsi: tarixi-etnoqrafik oçerk") məqaləsində müxtəlif tarixi-etnoqrafik mənbələr, elmi ədəbiyyatlar əsasında Qarabağ bölgəsinin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixinin bəzi mühüm məsələləri təhlil edilib. "Yurdlar və xalçalar" rubrikasında Oğuz rayonuna və qədim xalçaçılıq məntəqələrindən biri olan Baş Daşağıl kəndinə ekspedisiya səfəri zamanı toplanmış materiallar yer alıb. "Boyaqotunun xalçaçılıqda istifadəsi" məqaləsi Azərbaycanda bu qiymətli bitkinin becərilmə tarixi, məhsuldarlığı, həmçinin boyaq sənayesində istifadə imkanları haqqındadır.
Jurnal ənənələrinə sadiq qalaraq, öz səhifələrində dünya muzeylərində saxlanılan Azərbaycan xalçaları haqqında məlumatlar dərc etdirir. Bu dəfə oxuculara Boston İncəsənət Muzeyində saxlanılan Azərbaycan xalçaları haqqında ətraflı məlumatlar və fotoşəkillər təqdim olunur. Dərbəndin Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyinin direktoru Diana Həsənova ilə müsahibə, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Azərbaycan xalçalarında əks olunan qədim motivlər", sənətşünaslıq doktoru Kübra Əliyevanın "Tarixi yaşayış məskəni - Boyəhmədli", tarix elmlər doktorları Mədinə Hümbətovanın "XIX-XX əsrin əvvəllərində Dağıstan azərbaycanlılarının ailə və nikah ənənələri" və Şirin Bünyadovanın "Azərbaycan atalar sözlərində toxuculuq məsələləri", tarix üzrə fəlsəfə doktoru Ərşad Həsənovun "XVII əsrdə Azərbaycanda toxuculuq sənəti" və s. kimi elmi məqalələr, təhlillər tarix və sənətşünaslıq baxımından maraq doğurur.
Nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
525-ci qəzet.- 2015 - 3 fevral.- S.4.