Milli müəllimliyin odisseyası

 

 

Bu günlərdə Namiq Atabəylinin "Müəllim" pedaqoji poeması çapdan çıxıb (Bakı, "Elm və təhsil" nəş., 2016).

 

Beş hissədən ibarət bu poemada mürəkkəb poetik arxitektura, postmodern metod və qarışıq metrika (şeir vəzni) nəzərə çarpır. Yeni məktəbin (üsuli-cədidin) yaradıcısı dahi çex maarifçisi Yan Amos Komenskinin (1592-1670) "Hamıya hər şeyi öyrətmək" pansofik ideyalarından ilhamlanan şair bu humanist hərəkatın Azərbaycandakı üç əsrlik tarixi yürüşünü bədii əks etdirməyə çalışıb.

 

Əsərin baş qəhrəmanı dağlar qoynunda kiçik bir kənddə öz mənalı ömrünü yetişməkdə olan nəslin maariflənməsinə sərf etmiş İsmayıl İsmayılovdur. Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə Çiyni kənd orta məktəbində dərs vermiş İsmayıl müəllim Milli maarifçilik ideologiyasının əsas ruporu kimi çıxış edir. İsmayıl müəllimin həyat hekayətini nəzmə çevirən şair Oxucunu aramla dünya pedaqoji nəhrinin dərinliyinə çəkib aparır, onu tarixin aramsız mənəvi fırtınaları ilə üz-üzə qoyur. Gözlər önündə xəfifcə səhifələnən uşaqlıq çağları, yeniyetməlik və ilk gənclik illəri qəhrəmanın ömür izinin nostalgiyasını yaradır... Sonrakı fikir, məfkurə savaşları nastolji bədii başlanğıcın aldadıcı illizorluğunu üzə çıxarır. Gənc İsmayılın ali pedaqoji təhsil dövründəki yuxusuz tələbəlik gecələri, ideya-məfkurə cihadı ilə Oxucu bəşəriyyətin ilk rəsmi Müəllimi sayılan dahi yunan filosofu Sokratın (e.ə.470-399) öz zəmanəsinə qarşı dəhşət doğuran İttihamnaməsinə qədər gəlib çıxır:

 

Söyləyin Ləyaqət nə olan şeydir?

Sokrat sual verib cavab istəyir...

Nadan şah da olsa, lovğa səfehdir,

Ləyaqət- müdriklik, bilikdir!-deyir.

 

Cəllad ola bilməz savadlı insan,

Nadandır birər tüm qatı tiranlar.

Bizi Yunanıstan etmədi "yunan",

Bizi elm etdi müdrik insanlar.

 

Nəticə-səbəbi sual-cavab bil:

Qürub zilli doğar, tülu sabahı.

Vəzifə, libas, pul bir kimlik deyil,

"Danış, görüm səni": sən kimsən, axı?!

 

Poemadakı didaktik hekayətlər bədii-pedaqoji fikrin əyaniləşdirilməsi üçün çox gözəl düşünülmüş ədəbi priyom kimi nəzəri cəlb edir. Buradakı süjetlərə Övliya Çələbidən tutmuş, ta baş qəhrəmanın hekayətlərinəcən xeyli müstəqil məntiqi parçalar daxil edilmişdir. Ö.Çələbinin "söhbəti" İnsan və İblis barədə İlahi hekayətdən sonra yerləşdirilmiş ən maraqlı epizodlardan biridir. Övliyanın fikrincə, insan üçün ən qorxunc kasadlıq mənəvi yoxsulluqdur. Bu fikir özünün tam həllini poemanın sonunda İsmayıl müəllimin "Estafet" adlandırdığı gündəliyində tapır. Bu sonuncu didaktik hekayətdə təhsilini yarımçıq qoyub, "Rokfeller olmaq" istəyən iki gəncin faciəsi qələmə alınıb. Maraqlı cəhət budur ki, bu yanlış həyat fəlsəfəsini həmin dostların özü də, gec də olsa, yalnız öz Əbədiyyət yolçuluğunda başa düşürlər:

 

Ya Rəbbim! Əbədi hökm-fərmansız:

Dünənsiz, bu günsüz, bütün fərdasız.

Cəhənnəm, ya Cənnət dostlarçın birdir,

Dostluğu olmayan dünya qəbirdir.

 

Madam ki, ölümdən sonra Həyat var:

Bir yerdə olmalı orda da Dostlar!..

Səhvimiz ağırdır, bağışla bizi,

Eyni yerə göndər hər ikimizi.

 

Gənc idik, aldandıq bir gün Şeytana,

Biliyi dəyişdik cəhlə, nadana.

Öz cəzamızı da çəkdik necə var:

Bizdən ibrət alsın bütün insanlar.

 

Tanrının insan ağlına olan etibarını İblislərin ayaqları altına atanların cəzası Cəhənnəm əzabıdır. Şairin Sokratın mühakiməsindən çıxardığı məntiqi hökmdə mənəviyyatın bu ilahi qüdrəti öz ifadəsini tapıb.

 

 ...Mən zəhər içərək ölürəm, fəqət,

Dəyişin, dünyanı dəyişdirin siz.

Candan əziz olsun sizə Həqiqət,

Qoruyun haqqını həqiqətin siz!

 

 Tarixə yazdığım şan-şöhrət üçün,

 Mənim edamıma qərar verib Şah.

 Tarix qarşısında ədalət üçün,

 Sokratla sırada dayanın Sabah!..

 

Qaldırın məşəlin Zəkanın göyə,

Dünyanı işıqlı bir Məktəb edin.

Nadanı taxtından endirin yerə,

Haqqın dərgahına Alimlə gedin!

 

Elm və təhsilin qarşısını kəsməyə çalışan müxtəlif bürokratiya və inzibati qaragüruhçuluğa,vəzifə ardında pərdələnmiş hər cür Şeytani güclərə qarşı mənəvi silaha çevrilmiş bu tarixi Nitqdə Tanrının bəşəriyyətin mənəvi dəyanətinə olan İlahi inamı və etibarı hifz edilib.

 

Sokratın bu haqq savaşının ön cərgəsində ilk dəfə dahi şairimiz, ilk Milli pedaqoqumuz Seyid Əzim Şirvanini görürük. Seyidin 1869-cu ildə öz kiçik komasında yaratdığı xüsusi tipli ilk anadilli məktəb Azərbaycan Milli Məktəbinin əsası hesab olunur.

 

Burada müəllifə haqq vermək üçün bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bəzi elmi araşdırmaçılar süni yerli təəssübkeşliyə uyaraq, Azərbaycan Milli Məktəbinin tarixini bir qədər uzatmağa və banisinin ismini dəyişdirməyə cəhd göstərmişlər. Əlbəttə, bu elmi nöqteyi-nəzərdən yolverilməz haldır. Belə ki, ilk Anadilli məktəbin tarixini Talış mahalının Qaradonlu sərhəd zastavasında (əslən Qarabağlı olan) Mirzə Sadiq bəy Mehmandarovun (Səməd bəy Mehmandarovun atasıdır. Səməd bəyin özü də bu məktəbin 50 şagirdindən biri olmuşdur.) təşəbbüsü və maliyyə yardımı ilə (əslən Şirvanlı , Ləki kəndindən olan) İsmayıl Qasirin müəllimlik etdiyi məktəbdən başlamaq istəyirlər. 1848-ci ildən fəaliyyət göstərmiş bu məktəb "Anadilli məktəb" statusunda və təyinatında olmamışdır. Çarizmin Qafqazı işğalından sonra yerlərdə rejimin inzibati tələbatları ilə bağlı xeyli belə məktəblər intişar tapmışdır. Onlar, əsasən, mütərcimlər və digər sahələr üçün kiçik çar məmurları yetişdirirdilər. Əski mollaxana, mədrəsə təhsili də ayrıca fəaliyyətini davam etdirirdi.

 

Belə ki, Şamaxının özündə XIX əsrin 30-cu illərində 17 azərbaycanlı molla 395 şagirdin təhsili ilə məşğul olurdu. 1858-ci ildə Şamaxı quberniyasında artıq 299 məktəb və mədrəsə çalışırdı ki, bunlarda 4700 nəfər təhsil alırdı. Bu məktəblərdə, əsasən, Quranın təfsiri, ərəbcə Oxu-yazı, Fars dili və İran tarixi öyrədilirdi. Sonralar buraya rus dili də daxil edildi. Bu fəaliyyətlərin nizamlanması üçün hətta Qafqaz Çar Canişinliyinin rəhbərliyi ilə 1829-cu ildə I Nizamnamə, 1835-ci ildə II Nizamnamə hazırlanıb təsdiq edilmişdi.

 

Zaqafqaziyada Qəza məktəblərinin yaradılması ideyası da məhz ilk olaraq, canişin general Yermolovun 1825-ci ilin aprelində Rusiya maarif naziri Şişkova rəsmi Məktubunda açıqlanmışdır. Qaradonlu sərhəd zonasında açılmış məktəb də belə məktəblərdən biri olmuşdur. Həmin məktəbin "banisi" hesab edilmiş Mirzə İsmayıl Qasirin özü sonralar Mirzə Sadıq bəyə ithaf etdiyi farsca şeirlərindən birində yazmışdı:

 

Ariflərin arifidir Mirzə Sadıq bəy--

Duz-çörəkli, düz çərəkli, könül əhli bir insan.

Elmin bütün nöqtəsinə dəymiş onun qələmi.

Saf idrakı bir dəryadır, kamalısa asiman.

Onun ürfan ocağında oxuyurdu uşaqlar,

Yüz beytlik lüğət yazdım şeir ilə o zaman.

Fars dilindən, şəriətdən, bir də şeir-sənətdən

Dərs deyirdim...

 

Pedaqoq-şairimizin öz etirafı onu zorla "Azərbaycan Milli Məktəbi"nin banisi etmək istəyənlərə tutarlı cavabdır. Qasirin ədəbiyyat və pedaqogika tariximizdə yerini əsla kiçiltmədən deyə bilərəm ki, məhz o, 1860-cı ildə ilk dəfə "Talış dilinin qrammatikası" adlı dərs vəsaitini yazmışdır. Onun Seyid Əzimin təsirilə qələmə aldığı anadilli məktəbimiz üçün ilk Dərs vəsaiti isə 1894-cü ildə yazdığı "Qanuni-Mirzə İsmayıl Qasir" əsəridir. Bu da Qasirin 1883-1900-cü illərdə Lənkəran iki sinifli ibtidai məktəbində 18 illik Ana dili və şəriət müəllimi kimi pedaqoji fəaliyyətinin nəzəri-təcrübi yekunu idi.

 

Tarixi faktlar sübut edir ki, Azərbaycan Milli Məktəbinin banisi dahi şair-pedaqoqumuz Seyid Əzim Şirvani olmuşdur. Onun 1869-cu ildə Şamaxıda yaratdığı Anadilli xüsusi məktəb xalqımızın ilk Milli Məktəbidir.

 

Təsadüfi deyil ki, bundan bir il sonra, yəni 1870-ci ildə dahi pedaqoq-şairimiz S.Əzim də Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin açılışına xüsusi dəvətlilər arasında olmuşdur. Seyid Əzimin Anadilli məktəbi əsası Y.A. Komenski tərəfindən qoyulmuş Sinif-dərs sistemli Yeni məktəbin (üsuli-cədidin) bütün tələblərinə və prinsiplərinə cavab verirdi. Belə ki, burada keçilən Dərs kitabları da müasirliyi ilə xüsusi seçilirdi. Bu ilk Anadilli milli məktəbimizdə rus dili K.D.Uşinskinin "Vətən", hesab isə Yevtuşenkonun "Hesab məsələləri" dərsliklərindən tədris edilirdi.

 

Azərbaycan Pedaqoji Universitetinin 2014-cü ildə"Elm və Təhsil" nəşriyyatında çap etdirdiyi "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı Dərsliyin "Seyid Əzim Şirvaninin anadilli məktəbi" bölməsində oxuyuruq: "Məktəbin tədris planında Ana dili əsas yer tuturdu. Məhz bu xüsusiyyətlərinə görə həmin məktəb Azərbaycan Məktəb Tarixində ilk nümunəvi anadilli məktəb hesab edilir" (Göst. əsər.H.Əhmədov, səh.:185.). N.Atabəylinin bu xüsusda yazdığı aşağıdakı misralar çox yerinə düşüb:

 

Bilik- nəzəriyyə, bacarıq - əməl,

Vərdişlər, sadəcə, həyat tərzidir.

"Böyük didaktika" deyir müfəssəl:

Məktəb universal həyat dərsidir!

 

İlk yazı lövhəsi, ilk parta, silgi,

Bir də ilk təbaşir: Seyidin dərsi!

İlk məktəb, müəllim, ilk elm, bilgi,

Milli məktəbimdə Seyidin irsi...

 

Bir qara tablodur Yazı taxtası,

Bir də təbaşir Məktəbin gücü...

Bütün ömrümüzün nurlu mənası,

Bu qara tabloya cəmləyir bizi!

 

Müəllif haqlı bir nəticəyə gələrək, hər ilk Dərs gününü Seyid Əzimin adı ilə başlamağı tövsiyə edir. Milli pedaqoji məfkurəsinə görə 53 yaşında şəhid edilmiş ilk Milli pedaqoqumuzun ruhunu bundan gözəl yad etmək olmaz... Zəka məşəlinin əbədi sönməzliyinə dərin inam pedaqoji poemanın hər misrasında açıq duyulur:

 

Elm İlahinin odudur! Sanma

Biriylə başlayıb, biriylə bitdi.

Bəşər yaranandan bəri daima,

Məktəb sona çatmaz bir Estafetdir.

 

Pedaqoji poemanın daha bir maraqlı cəhəti ondakı Sələflər-Xələflər məsələsidir. Şair bunu ənənəvi "atalar-oğullar" antoqonizmi kimi deyil, Vahid milli maarifçilik hərəkatının ümumi estafet yürüşü olaraq əks etdirməyə çalışıb. Daha çox nəsillərarası mənəvi bağlantıları, körpüləri işıqlandırmağa çalışıb. Məktəb-Müəllim estafet yürüşündə biz yalnız ümumbəşəri həmrəylik ruhunun bədii ifadəsini görürük. Sokrat-Əflatun, Mir Cəlal-B.Vahabzadə, Əkrəm Cəfər-N.Atabəyli... diadasında bu həmrəylik daha bariz nəzərə çapmışdır. Bu sırada Mir Cəlal, Bəxtiyar Vahabzadə və Əkrəm Cəfər mənim də Universitet müəllimlərim olduğundan poemadakı bu bədii təsvirlərin tarixi xarakterinə şəxsən şahidlik də gətirə bilərəm. Xüsusilə, sevimli müəllimim, görkəmli yazıçımız Mir Cəlal Paşayevin öz tələbəsinə, B.Vahabzadəyə "Gülüstan" poeması ilə əlaqədar həbsə düşdüyü dövrdə göstərdiyi himayə və qayğı ədəbiyyat tariximizin ən parlaq səhifələrindən biri olaraq heç vaxt unudulmamalıdır. Odur ki, müəllifin poemadakı bu tarixi iradına hər cür haqq qazandırmaq lazım gəlir:

 

Mir Cəlal müəllim öz dəstəyini

Sonacan elədi Bəxtiyar üçün.

Tarix gizlətməsin öz bildiyini,

Açıq yazmalıyıq bunları bu gün.

 

KQB zindanı içindən alıb,

BDU-ya gətirdi, edib kamiyab.

Baxaq bu gerçəyə nəzərlər salıb,

Qoy bağlı qalmasın bu "Açıq kitab"!

 

"Açıq kitab" Mir Cəlalın Sovet təhsil bürokratiyasına qarşı tələbə-gəncləri müdafiə məqsədilə yazdığı ən gözəl romanlarından biridir. Müəllif həmin romana işarə edərək, görkəmli yazıçı-pedaqoqun həyat idealı ilə yaradıcılıq qayəsinin tamamilə üst-üstə düşdüyünü, şəxsiyyət kamilliyini, mənəvi bütövlüyünü bədii ifadə etməyə çalışmışdır.

 

Poemada ilk Milli pedaqoq-şairimiz Seyid Əzimin maarifçilik yayan poeziyasına xas olan publisistik şeir təhkiyəsi nəzərə çarpır. Bu, pedaqoji əsərin postmodern tələbatından, habelə pansofik ideyaların, pedaqoji nailiyyətlərin ifadəsində elmiliyin traktat xarakteri ilə bədiiliyin obrazlılığını ustalıqla birləşdirmək zərurətindən irəli gəlmişdir.

 

Müəllim obrazı ədəbiyyatımızda az deyil. Lakin tarixi yanaşmanı unutmadan deyə bilərik ki, "Müəllim" pedaqoji poemasının qəhrəmanı tamamilə fərqli mənəvi koordinatlara, kriteriyalara uyğun qələmə alınmışdır. Məsələn, Almazdan (C.Cabbarlı) fərqli olaraq, İsmayıl müəllim xalqın dini inancına qarşı nəinki sayğılıdır, hətta onun təbliğ və təşviqində də fəaldır.

 

Ömrünün ahıl çağlarında məhz İsmayıl müəllimin təşəbbüsü ilə kənddə məktəb və yol çəkilişi ilə bərabər, məscid və mədrəsə inşasına da start verilir.

 

İsmayıl müəllim belə əxlaqi-dini keyfiyyətlərinə görə cəmiyyət tərəfindən kəndin ilk bələdiyyə sədrliyinə layiq görülür. Onun Allaha və Kitabına (Qurani-şərifə) münasibəti nəsillərə bədii xitabında çox mənalı ifadə olunmuşdur:

 

Ey bəşər! Könlünü daim açıq tut,

Gözəl rəhmi var gözəl Allahın.

Şeytanın, iblisin adını unut,

Gözəl ismi var gözəl Allahın.

 

Tanrı məhəbbətdir, iman bir barış,

Tale bir oyundur, həyat bir yarış.

Nə işə əl atsan "Allah!" de, çalış,

Gözəl əzmi var gözəl Allahın.

 

Qəlblərin şahı ol, Allahın qulu.

Səadət yoludur Quranın yolu.

124 min nəfər rəsulu -

Gözəl məsumu var gözəl Allahın.

 

Poemanın hər səhifəsində qoca yunanın edam öncəsi söylədiyi Tarixi nitqi qulaqlarda cingildəyir:

 

Tarixə qılınclar, qalxanlar deyil,

Elm, mədəniyyət yol açacaqdır.

Bizi istilalar, tiranlar deyil,

Məktəblər, qələmlər yaşadacaqdır.

 

Müəllifin əsərin baş qəhrəmanı İsmayıl müəllimin dilindən səsləndirdiyi yekun müraciəti də bu mənada dahi yunanla tam həmahəng səslənir.

 

Taleyin Dan yeri Məktəb çağıdır.

Sönməz əsrlərcə ağlın şəfəqi.

Dünyanın zirvəsi Elm dağıdır,

İnsanlığın tacı Kitab vərəqi!

 

Sanıram ki, 252 səhifəlik bu ilk bədii-pedaqoji salnamədə cəmiyyətimizin hər bir milli mərifət əhli özü üçün ideya əhəmiyyətli xeyli yeni fikirlər, düşüncələr əldə edə biləcəkdir. Poema barədə hər bir Oxucunun öz rəyi olacağına inanıram. Fikir plüralizminə sayğımı bildirməklə bərabər, düşünürəm ki, Azərbaycan Milli Məktəbinin qarşıdan gələn 150 illiyi (2019) münasibətilə qələmə alınmış bu ilk Pedaqoji poemaya əsl diqqəti və qiyməti də Müəllim və Məktəb verəcəkdir.

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 4 fevral.- S.8.