Özü də, sözü
də dəyərli şairimiz
Onunla xoş bir təsadüf
nəticəsində tanış olduq.
Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcidin yanına gəlmişdim, o da orada idi. Salamlaşıb, bir-birimizə tanışlıq
verdik, bir qədər söhbət etdik. Gördüm ki, səmimi,
istiqanlı bir insandır. Həm də Azərbaycan xanımına xas olan bir səbat,
mətanət və cürət hiss etdim həmsöhbətimdə! Söhbət istedadlı qələm dostum Gülnar Səmadan gedir.
Bugünlərdə Gülnarı axtardım, xahiş etdim ki, şeirlərini göndərsin, onun haqqında nəsə yazım. Sağ olsun, sözümü yerə salmadı, şeirlərini
göndərdi. Oxudum və... əsla təəccüblənmədim!...
Elə bunu da gözləyirdim!
Şair gərək özü də təmiz olsun, sözü də. Şairin şəxsiyyəti ilə yaradıcılığı
bir-birini tamamlamalıdır.
Şəxsiyyət olmayanda yaradıcılıq
da kölgədə qalır. Gülnar Səma o xoşbəxt
şairlərdəndir ki,
şəxsiyyəti ilə
yaradıcılığı yüzdəyüz bir-birini
tamamlayır. Onun
şeirləri kristal kimi təmizdir, safdır. Bu şeirlərdə nə qondarmalıq var, nə qeyri-təbiilik.
Odur ki, bu şeirlər
doğma gəlir insana, duyğuları oxşayır. Mən
tam cəsarətlə deyə
bilərəm ki, Gülnar Səma əsl şairdir! Sözün başına ip salıb oynadan
hoqqabazların bolluğunda
əsl şairlərə
o qədər çox
ehtiyac var ki!..
Gülnar Səma məhəbbət
şairidir, ülvi duyğular şairidir. İnam şairidir.
Elə istəyirəm ki,
Sadəlövh uşaq kimi
İnanım hər sözünə.
Elə istəyirəm ki,
Sənə ümid bağlayıb,
Düşüm sənin izinə.
Onun şeiriyyəti boyda da ürəyi var. Daim narahat və
təlatümlü ürəyi!
Gülnar Səma ürək şairidir...
Nə dərdin var sənin məndən xəbərsiz,
Ağrısı canımı yaxan
ürəyim!
Qanıma qəltansan, daha nə lazım?
Rahat döyünməyə qorxan
ürəyim!
Gülnar
Səma qəm şairidir... həsrət
şairidir...
Yenə
də şeirimə tumar çəkir qəm,
Sevincin ayağı
büdrəyir yolda.
lll
Mən sənin üzünə elə həsrətəm,
Sən mənim
üzümə həsrət
qalantək.
Qoru bu həsrəti, qoru inadla
Qoru, ən alınmaz bürcün, qalantək.
Gülnarın şeirləri süni pafosdan uzaqdır, həyatın özü qədər sadə, təbii və axıcıdır. Bu şeirləri oxuyarkən, adama elə gəlir ki, müəllif səninlə mənzum şəkildə söhbət edir, aydın və aram bir səslə. Elə bil, Gülnar öz oxucusuna taleyinin müəyyən fraqmentlərini danışır. Həsrətini, dərdini, qəmini... Amma inləmədən, sızlamadan danışır. Əksinə, Gülnar kədərin üzünə incə bir kinayə ilə gülümsəməyi bacarır. Gülnar sözlə insanın psixoloji portretini yaradır. İnsanın daxili qatlarına enməyi, ən əsası o qatları kəşf etməyi, açmağı bacarır. Və bu xüsusda, orijinal fikirlər yazmağa nail olur.
Bərk yapışar kor ağacdan,
Səma umar nur ağacdan,
İçimdəki dar ağacdan,
Özünü asan arzular.
Arzular və ümidlər insan üçün böyük bir stimuldur. Arzuları puç olanda insan özünü
necə hiss edir? Bəzi insanlar elə düşünür ki, arzular ya həyata
keçir, ya da puç olur,
sabun köpüyü
kimi partlayıb, qeyb olur. Gülnarın fikrinə görəsə,
arzular qeyb olmur, onlar küsüb
gedirlər, hətta bəzən intihar edirlər. Arzuların intiharı nə
qədər kədərli
bir hadisədir, deyilmi? Nə qədər arzuları
intihar etsə də, müəllif yenə də həyata nikbin baxmağı bacarır, bədbinliyə qapılmır,
ruhdan düşmür.
Yeni arzularının
- bələkdəki arzularının
xatirinə!
Deyirlər, şairlər Allahın seçilmiş bəndələridir. Nə yaxşı ki, bu seçilmişlər içində mənim dəyərli qələm
dostum Gülnar Səma da var!
Mən ona daha böyük
yaradıcılıq uğurları
arzulayıram. İnanıram ki, o, ədəbiyyatda iz qoyan irihəcmli,
fundamental əsərlər yaradacaq. Poeziyamızda
öz üslubu və orijinallığı
ilə yeni üfüqlər açacaq!
Yaz-yarat, özü də, sözü də dəyərli olan şairimiz!
Haldun
CAMAL (Orxan Əfəndiyev)
AYB-nin üzvü, Prezident təqaüdçüsü
525-ci qəzet.- 2016.- 4 fevral.- S.8