Vaqif Səmədoğlu ünvanlı xatirə və poeziya gecəsi

 

 

İsrailli mütəxəssis Arye Gut şair Vaqif Səmədoğluyla bağlı xatirəsini danışarkən bunları söyləyir:

 

"İsraildə biz onunla telefon almağa gedirdik. Dedi ki, ən axırıncı model ən gözəl telefon hansıdırsa, onu alacam. Dedim ki, axı sizdə telefon var, nəyinizə lazımdır? O isə dedi ki, yox, ən yaxşısını almalıyam". Bunun ardınca Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova sözə qoşulur, sanki bir az da mərhum şairimizi müdafiə etməyə çalışır: "Bilirsiniz, necədir, o bununla özünü həyata bağlamağa çalışırdı. Elə bilirdi, yeni nəsə almaqla özünü həyata bağlayır"...

 

Dünən Vaqif Səmədoğlunun xatirə gecəsinə yığışmışdıq. Səməd Vurğunun Ev Muzeyində gənc yazarlarımızla birgə muzeyin direktoru ötən il elə bu vaxtlarda həyatını dəyişmiş Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovanın yanında olduq. Vaqif Səmədoğlunun vəfatından sonra Nüşabə xanımdan müsahibə alanlar, xatirələrini dinləyib şairin ruhunun səsini eşidənlər çox olub. Ancaq bu gün Nüşabə xanım əsasən dinləməli oldu. Danışanlar isə şairin gənc dostları idi.

 

Ancaq görüşü Nüşabə xanım açdı: "Bu gün Vaqif Səmədoğlunun vəfatının ildönümü ilə əlaqədar yığışmışıq bu gün həm Gənclər günüdür. Vaqifin bir sözü vardı, həmişə deyirdi ki, şair gənc olmalıdır. Yaşından asılı olmayaraq. Onun özü bax belə cavanıydı. Gənclərə olan sevgisi, onlara dayaq olması, göstərdiyi qayğı da hamıya məlumdur. Bu səbəbdən elə bu gün burada əsasən gənclərin toplanmasını istədik".

 

Tədbirin aparıcısı yazıçı Pərvin xatirə gecəsinə hazırlıqdan, gənclərin şairə olan münasibətindən danışdı: "Əvvəlcə onu qeyd edim ki, bu tədbirin  gerçəkləşməsi, bu poeziya gecəsinin gənclərlə birgə keçirilməsi fikri Nüşabə xanıma məxsusdur. Biz əslində poeziya gecəsini fərqli keçirməyi düşünürdük. Buraya bədii qiraətçilərin dəvət olunması, Vaqif müəllimin şeirlərinin səsləndirilməsi, böyüklərin onunla bağlı xatirələrini bölüşməsi sair. Ancaq Nüşabə xanımın gənc ruhlu onlardan yana olmasının nəticəsidir ki, buna etiraz etdi gənclərin bir araya yığılması təklifini irəli sürdü. Bunun üçün ona xüsusi təşəkkürümüzü bildiririk. Bu gün məhz Səməd Vurğunun evində, onun ömrünün son günlərini keçirdiyi bu ocaqda yığışmağımızın özünün bir fəlsəfi anlamı var. Mən əşyaların, məkanların onların sahiblərinə aid energetikanı saxlaması, qoruması, ötürməsi düşüncəsinə inanıram. Yəni, inanıram ki, bu gün Səməd Vurğunun evində həm onun, həm dəyərli övladlarının aurası, enerjisi bizim ovqatımıza sirayət edəcək. Vaqif Səmədoğlu itkisi bizim hamımızın həyatında böyük bir boşluq yaratdı. Mən Vaqif Səmədoğlunun dünyasını dəyişdiyini ilk eşidəndə reaksiyam bu oldu ki, həyatımızda bir işıq söndü, bir işıq azaldı. Bu cür sənətkarların varlığı bir gənc kimi mənliyimizdə qalıcı izlər buraxır, ona köklü təsir edir. Vaqif Səmədoğlu həmin sənətkarlardandır. O, artıq bir ildir ki, aramızda yoxdur, ancaq hələ yaşayır... Bu yaxınlarda "Kaspi" qəzetinin Vaqif Səmədoğluya həsr olunmuş xüsusi nömrəsi çap olundu. Buraya əsasən gənclərin yazısı daxil edilib bunun özü gənclərin şairə olan sevgisinin, münasibətinin  ifadəsidir".

 

Görüşdə təkcə Vaqif Səmədoğlunun şeirləri yox, başqa poetik nümunələr səsləndirildi. Gənc yazarlar öz şeirlərini ifa etdilər hətta başqa müəlliflərdən şeirlər oxundu. Şəhriyar del Gerani Vaqif Səmədoğlunun da sevdiyi şairlərdən birinin - Atilla İlhanın uzun bir şeirini söylədi.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aynur Bəşirli şairlə bağlı duyğularını bölüşdü: "Bu yaxınlarda "525-ci qəzet"də Vaqif Səmədoğluya həsr olunmuş yazım çap olunmuşdu. Bu yazını yazarkən Vaqif Səmədoğluyla həmsöhbət oldum sevindim ki, onunla bölüşdüklərimi başqalarıyla paylaşa bildim. Vaqif Səmədoğlu mənimçün həmişə çox doğma insan olub. Bu həm genetik anlamda doğmalıqdır, həm bəşəri anlamda. Bu bəşəriliyi onun hətta simasında, cizgilərində hiss etmək olur".

 

Şair Səlim Babullaoğlu V.Səmədoğlu şeirinin özəlliklərindən bəhs etdi: "Bizim bir çox şairlərimiz var ki, onların şifahi nitqini dinləyəndən sonra şeirlərini oxuyanda şairlə aranda qəribə bir məsafə yaranır. Yaxud onların şeirlərini oxuyub düşünürsən ki, ilahi, doğrudanmı mənim nitqim belə olar? Bu mənim dilimdirmi? Adamı qüssə bürüyür. Orada ya hədsiz pafos görürsən, ya hədsiz bayağılıq görürsən və özün üçün nəticəyə gəlirsən ki, yox, bu əsl Azərbaycan dili deyil. Mənə görə, Vaqif Səmədoğlu XX əsr Azərbaycan poeziyasında o şairlərdən idi ki, həm danışıq dilimizin, həm də ədəbi dilimizin tezliyində yazırdı. Vaqif müəllim böyük problemləri, azadlıq, şəxsiyyət, tənhalıq kimi böyük məsələləri şifahi nitqin imkanları ilə çatdıra bilirdi. Necə deyərlər, özüylə danışıb həll edirdi".

 

Gənc yazar Fərid Hüseyn şairin şəxsiyyəti və poeziyası haqda fikirlərini bölüşdü: "Yaşlı adamlar həmişə mənə darıxdırıcı olub. Çünki çox vaxt bildiyimiz şeyləri yeni bir şeymiş kimi hər dəfə təkrar-təkrar danışırlar. Vaqif Səmədoğlu isə hər dəfə yeni danışmağı bacarırdı. Çünki o müstəsna və qeyri-adi insan idi. Onun Azərbaycan poeziyasındakı yeri sərbəst şeirlə bağlıdır. Düzdür, ondan öncə Əli Kərim də sərbəst şeir yazırdı. Ancaq Vaqif Səmədoğlu sərbəst şeiri həm janr kimi, həm də düşüncə olaraq yaratdı. O cümlədən, sərbəst şeirə münasibəti dəyişdi. Onun şeirlərində lakoniklik, şifahi dilə yaxınlıq, sadəlik varıydı. Azərbaycan poeziyasında həmişə sözə söz verilib. Vaqif Səmədoğlu yaradıcılığı ilə Azərbaycan poeziyasında sükuta söz verilir... O, son məqamına qədər gülüşünü itirmədi və hamımıza bundan bir pay düşdü".

 

Tədbirdə şairlər Elxan ZalAkif Əhmədgil də çıxış edərək V. Səmədoğlu haqqında düşüncələrini paylaşdılar. Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Ülviyyə Heydərova, Kəramət Böyükçöl, Könül Həsənqulu, Sevinc Çılğın, Aqşin EvrenUlucay Akif da şeirlər səsləndirib, fikirlərini bölüşdülər. Fortepianoda, V.Səmədoğlunun sevdiyi musiqilər səsləndirildi.

 

Sonda Nüşabə xanım çıxış edərək qonaqlara minnətdarlığını bildirdi.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 4 fevral.- S.7