Ceyhun Hacıbəylinin 125 illiyi Musiqi Mədəniyyəti Muzeyində qeyd edilib

 

 

Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yazıçı-publisist, tərcüməçi, ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru Alla Bayramova açaraq C.Hacıbəylinin həyat və yaradıcılığından danışıb. Onun xalqımızın milli ədəbi-ictimai fikir tarixində mühüm rol oynamasından, bu istiqamətdə gördüyü işlərin beynəlxalq arenada tanıdılması və təbliğinə tükənməz əmək sərf etməsindən söz açıb.

 

Filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli bildirib ki, Ceyhun Hacıbəylinin ədəbiyyatşünas, folklorşünas, politoloq, musiqi nəzəriyyəçisi, istedadlı fəlsəfəçi kimi Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri əvəzedilməzdir. C.Hacıbəyli dövrünün təəssübkeş vətənpərvər ziyalılarından olub. Ədib, həm də məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında silsilə məqalələr yazaraq onları çap etdirib. Mühacirətdən əvvəl “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C.Hacıbəyli həmin dövrdə “İzvestiya”, “İttihad” və “Azərbaycan” (rus dilində) qəzetlərinin redaktoru olub.

 

Adı azadlıq tariximizə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməyərək Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb.

 

Sonra muzeyin arxiv materialları əsasında hazırlanmış Ceyhun Hacıbəyliyə həsr olunmuş slayd-şou təqdim olunub.

 

Tədbirdə, həmçinin Hacıbəyovlar nəslinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət musiqi nömrələri təqdim olunub.

525-ci qəzet.- 2016.- 4 fevral.- S.7