Milli musiqimizin əvəzolunmaz
ifaçısı
BÖYÜK XANƏNDƏ SARA QƏDİMOVANIN ƏZİZ XATİRƏSİNƏ
Şərqdə
muğam dəstgahlarını tamam-kamal ifa edən ilk
qadın sənətkar, səhnəmizin lirik Leylisi, ustad xanəndə,
muğam və mahnılarımızın ilkinliyini
ustalıqla qoruyaraq nəsildən-nəsilə
ötürən, Xalq artisti Sara xanım Qədimovanın
yaradıcılıq yolu yeni nəsillər üçün əsl
vətənpərvərlik, fədakarlıq və sənətə
sədaqət nümunəsi olub.
O,
xalqımızın qəlbində əbədi məskən
salmış sənətkar olaraq mahnı və
muğamlarımızın ifaçısı kimi Cabbar
Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinski, Xan
Şuşinski, Rəşid Behbudov, Həqiqət Rzayeva kimi
qüdrətli sənətkarların sırasında layiqli yer
tutub. Ecazkar səsi ilə yeni həyat verdiyi
mahnı və muğamlar Azərbaycan musiqi sənətinin
Qızıl Fonduna həmişəlik daxil olub.
Sara xanımın böyük sənətinin sirlərini
öyrənərkən şübhə yeri qalmır ki, onun səsi
Allah vergisidir.
Eyni zamanda istedadın qanla, genlə nəsildən-nəsilə
keçdiyini nəzərə alsaq, demək olar ki, onda
ifaçılıq istedadının yaranmasında
atasının böyük təsiri olub. Eyni
zamanda bu xanımda böyük fədakarlıq, daim öz
üzərində işləmək, sənətini cilalamaq, təkmilləşdirmək,
sələflərindən öyrənmək, zəhmətkeşlik,
çalışqanlıq vardı.
Onun
atası Bəbiş kişi əslən
Ağdam rayonunun Gülablı kəndindən idi. Bir qarabağlı kimi musiqiyə, xüsusilə
muğamlarımıza böyük maraq göstərib. Muğamları yaxşı bilib, hərdən pəsdən
oxumağı da olub. İslam Abdullayev, Zülfü
Adıgözəlov, Qurban Pirimov, Xan Şuşinski tez-tez Bəbiş
kişinin evinə toplaşar, muğamlardan və xalq
mahnılarından söhbət açarmışlar. Bu mühit balaca Saranın sənət seçimində
mühüm rol oynayır. Uşaq
yaşlarından mahnı ifa etməyə başlayan Sara Qədimovanın
gələcəkdə müğənni olacağına
şübhə yeri qalmırdı. Sara
orta məktəbdə və Tibbi Texnikumunda bayram konsertlərində
mahnılar oxuyardı.
Onun bu qabiliyyəti görkəmli xanəndə
Zülfü Adıgözəlovun diqqətindən
yayınmadı. Zülfü bəy 16 yaşlı Saranı Əlilov adına Mədəniyyət evində rəhbərlik
etdiyi musiqi dərnəyinə cəlb etdi. O, yeniyetmə
qıza xalq mahnılarını öyrətdi. Zülfü
bəy Saranın ifasını çox bəyənirdi.
O, deyirdi ki, sən gələcəkdə hökmən
böyük səhnəyə çıxmalısan,
Filarmoniyaya getməlisən.
1938-ci ildə bədii özfəaliyyət kollektivlərinə
respublika baxışı keçirildi. Əbilov adına
Mədəniyyət evinin solisti Sara Qədimovanın bu
baxışda oxuduğu "Qatar" muğamı münsiflər
heyətinin üzvləri Üzeyir Hacıbəyovu,
Hüseynqulu Sarabskini, Əhmədxan Bakıxanovu məftun
etdi. Elə oradaca Üzeyir bəy Saranı A.Zeynallı adına musiqi məktəbində dərs deyən
H. Sarabskiyə tapşırdı və dedi ki, bundan sonra sənin
nəzərlərin bu gənc qızın üzərində
olsun.
1938-1941-ci
illərdə Sara xanım H. Sarabskinin sinfində muğamdan dərs alır,
muğam ifaçılığını xeyli zənginləşdirir
və oxumaq təcrübəsini get-gedə artırır.
1941-ci ilin sentyabr ayında indiki Musiqili Komediya
Teatrının binasında, maraqlı bir konsert olur. H. Sarabski şagirdləri ilə
burada "Rast" muğamını ifa edirlər. Muğamın bəm və orta hissələrini
Şövkət Ələkbərova, Gülağa Məmmədov,
Hüseynqulu Sarabski, ən zil yerlərini isə Sara ifa edir.
Yazıçı Qılman İlkinin bu konsertlə
bağlı xatirələrindən:
-
Müharibə yenicə başlamışdı. Hamı dərd-sər içində idi. Həmin
konsertdə Üzeyir Hacıbəyov ön sırada əyləşmişdi...
Mən də çox çətinliklə
konsertə bilet tapa bildim. "Rast" muğamı
böyük alqışlarla oxunub qurtardıqdan sonra
Hüseynqulu Sarabski səhnədə bir qədər irəli keçib
gənc ifaçıları təqdim etdi və dedi:
"Şövkətlə Gülağanın üslubu estrada ifaçılığına daha
yaxındır. Sara isə sırf xanəndədir.
Üzünü onlara tutdu və dedi ki, hər biriniz öz
yolunuzu müəyyən etməlisiniz".
Üzeyir bəy və Hüseynqulu Sarabski istedadlı
şagirdinin gözəl səsini və muğam
ifaçılığını qoruyub saxlamasına
çalışırdılar. Məhz H. Sarabskinin son
dərəcə həssas, qayğıkeş münasibəti,
rəhbərliyi sayəsində Sara peşəkarlığa
yiyələnir.
Həmin vaxtdan etibarən və sonralar da gənc Sara
muğamların və mahnıların mahir
ifaçısı kimi Ü. Hacıbəyovun gözlərində
bir nömrəli sənətkarlardan birinə çevrilir.
Sara xanım mahnı ifaçılığı ilə
yanaşı bütün əsas muğamlarımızı
ifa etmiş yeganə qadın xanəndə idi. Ona qədər
qadın müğənnilər yalnız "Şahnaz",
"Qatar" və "Segah" muğamlarını
oxuyardılar. 1943-cü ildə 21 yaşındaykən
Hüseynqulu Sarabski və Zülfü Adıgözəlovdan
"Rast", "Mahur-hindi", "Bayatı şiraz" və
digər çətin muğamları öyrənib oxumağa
başladı. Hətta bir dəfə Cabbar Qaryağdı
oğlu və Seyid Şuşinskinin yanında Qurban Pirimov və
Qılman Salahovun müşayiəti ilə "Mahur-hindi"
muğamını ifa edib, onların xeyir-duasını
aldı. Əvvəllər bu muğamları
qadın müğənnilər ifa etməzdilər. Belə bir fikir kök salmışdır ki, guya
qadın səsi bu muğamları ifa etməyə qadir deyil.
Bütün bu stereotipləri ilk dəfə
sındıran Sara xanım Qədimova olmuşdur.
Yüksək virtuoz ifa imkanlarına baxmayaraq, Sara
xanımın əsas qüdrəti muğamlarda idi və
yaradıcılığında muğam əsas yerdə
dururdu. Bu qədim milli musiqi sahəsində o, çox uca
bir zirvəyə yüksəlmişdir. Sara
Qədimova muğamın əsas kökünü,
saflığını və klasik ifa tərzini saxlamağa
olduqca diqqət edirdi. O, sözün həqiqi mənasında
monumental muğam ifaçısıydı.
1965-ci ildə
xanəndələrin çox ehtiyatla müraciət etdikləri
son dərəcə mürəkkəb "Şur" dəstgahı
və "Cahargah" muğamlarını oxumağa
başladı. "Cahargah"
muğamını Seyid Şuşinskidən, "Şur"
dəstgahını isə Hacıbaba Hüseynovdan və Bəhram
Mansurovdan öyrənmişdi. "Şur"
dəstgahı xanəndənin muğamda əsas
möhürüdür. Sara xanım həm
də "Şur" dəstgahını öz kökündə
oxuyan ilk qadın ifaçı olub. Belə
oxumaq müğənnilərə çox çətindir.
Buna baxmayaraq, Sara xanım dəstgahı məharətlə
oxuyub və ona qəzəl seçməkdə də sənətkar
olduğunu göstərib. Muğam aləmində qadın
müğənnilər arasında bu, görünməmiş
iş idi. "Görünməmiş
iş" adlandırılan bu uğurun əsas səbəbi
xanəndənin görünməmiş səsidir. Seyid Şuşinski qeyd edirdi ki, Sara xanımın səs
diapazonu çox geniş olduğu üçün, onun səsi
muğam ifaçılığına çox
yatımlıdır. Ona görə də o, musiqimizin
incisi olan mürəkkəb muğamlarımızın ən
məşhur ifaçılarından biri kimi şöhrət
qazanmışdır, Qadın xanəndələr arasında
"Mahur-hindi", "Xaric-segah" və "Şur"
muğamlarının ilk ifaçısı Sara xanım Qədimova
olmuşdur. Bu ağır və çətin
muğamları oxumaq xanəndədən böyük məharət
tələb edirdi.
Xanəndələrdən
Rübabə Muradova, Qəndab Quliyeva və başqaları
"Xaric segah" muğamını öyrənərkən,
Sara xanımın "Xaric segah" muğamına müraciət
etmişlər. Uzun illər onu tarda müşayiət
etmiş Bəhram Mansurovun dediyinə görə, Sara
xanımın səsi və nəfəsi tarın bütün
pərdələrinə çatır, hətta ötüb
keçirdi, belə bir səs diapazonu ilə muğam
oxuması heç bir azərbaycanlı qadın xanəndələrdə görünməmişdi və belə
bir səs registrinin nəticəsiydi ki, o əsasən kişi
xanəndələrin oxuduğu "Rast",
"Bayatı-Şiraz", "Mahur-hindi" və
"Cahargah" dəstgahlarında da onlardan geri
qalmırdı. Bir sözlə Sara Qədimova
muğamda nə oxuyubsa, hamısını məktəb səviyyəsində
oxuyub və xoşbəxtlikdən, əksər ifaları səs
xəzinəmizdə qorunub saxlanır.
Yüksək musiqi duyumu və klassik şeir savadı
olduğundan muğamın estetik-fəlsəfi mahiyyətini
ustalıqla çatdırırdı. Muğamda istifadə
olunan bütün qəzəlləri əzbərdən bilirdi
və heç bir qadın xanəndə onun qədər qəzəl
bilmirdi.
Xanəndələr və müğənnilər öz
aralarında Sara xanımı "qəzəlxan" da
adlandırırdılar. Çünki o, savadlı xanəndə
idi. Əvvəllər oxuduğu Tibbi
Texnikumunu əla qiymətlərlə bitirdiyinə görə,
imtahan vermədən Tibb Universitetinə qəbul olunmuş,
akademik Zərifə Əliyeva ilə bir qrupda oxumuşdu.
Musiqi dünyası onu daha çox cəlb
etdiyinə görə dördüncü kursda institutu buraxıb,
öz taleyini həmişəlik incəsənətə
bağladı. O, yüzdən çox qəzəl
bilirdi. Bir dəfə ifa etdiyi qəzəli,
ikinci dəfə oxumazdı. Füzulinin, Nizaminin, Nəsiminin,
Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Seyid Əzim
Şirvaninin, Əliağa Vahidin, Racinin, Məşədi
Əyyub Bakinin və Natəvanın çoxlu qəzəllərini
bilirdi. Hətta kişi xanəndələrə
qəzəl lazım olanda Sara xanımdan alırdılar.
Sara xanımı zəmanəsinin xanəndələrindən
fərqləndirən daha bir üstün cəhəti var idi. İti hafizəsi
olan Sara xanım ən mürəkkəb qəzəli 4-5 dəfə
oxuyandan sonra əzbər öyrənirdi. Az-az
adamların yaddaşı bu qədər güclü ola bilərdi. Qəzəllərin
sözlərini hərifbəhərif tələffüz edərdi.
İkinci bir belə xanım xanəndə tapmaq
çətindir ki, qəzəlləri bu dərəcədə
səlis bilsin və ifa etsin. Əruz vəznini
və əruz qafiyəsini yaxşı bildiyindən, qəzəlləri
də gözəl və düzgün oxuyardı.
Gənc Sara Üzeyir Hacıbəyovun ümid bəslədiyi
müğənnilərdən biri idi. Ondan daim muğayət
olur və qayğı ilə yanaşardı. Gənc qızın tərbiyəsi və
inkişafı məsələsini nəzərə alardı.
Hüseynqulu Sarabskinin muğam sinfini bitirdikdən
sonra o, 1941-ci ildə yanvar ayının 17-də 19
yaşında Azərbaycan Dövlət Filarmonoyasına solist
qəbul olundu. Filarminiya o illərdə mədəni-maarif
müəssisələri arasında xüsusi çəkisi
olan bir sənət ocağı idi. Ora
müqəddəs bir məbədgah kimi sayılırdı.
Çalıb, oxumağı bacaranlar Filarmoniyaya
solist olmaq üçün sinov gedirdilər.
Hələ bu yaşda heç kəs böyük səhnədə
oxumağa cürət etməzdi. Onunla bir sinifdə muğamları
öyrənən Şövkət Ələkbərova və
Gülağa Məmmədov, həmçinin Fatma Mehrəliyeva
və Əbülfət Əliyev Sara xanımdan 5 il sonra 1945-ci ildə Filarmoniyaya solist qəbul
ediləcəkdilər. Əlbəttə, onda Üzeyir bəyin
razılığı olmadan Filarmoniyaya heç kəs solist qəbul
oluna bilməzdi. Tarzən Qurban Pirimov deyərdi
ki, Sara Filarmoniyaya gələndə, burada 7 nəfər xanəndə
və tarzən var idi. Onların
hamısının yaşı 40-dan çox idi. 19 yaşlı qızın Filarmoniyaya gəlişi
böyük maraq doğurdu. Bu bəstəboy,
deyib gülən, şən çöhrəli qız
Filarmoniyaya bir canlılıq, bir hərarət gətirmişdir.
Az sonra Sara Filarmoniyanın
sayılıb-seçilən "ulduzlarından" biri oldu.
Uzun illər Üzeyir bəyin katibi olmuş Ramazan Xəlilovun
xatirələrindən: "Sara çox geniş səs
imkanlarına malik olduğuna görə Üzeyir Hacıbəyov
ona daim istiqamət verir və düzgün yol göstərirdi.
Onun ailə tədbirlərində Bülbüllə
yanaşı gənc Sara da iştirak edirdi. Üzeyir Hacıbəyov "Qaragöz" və
"Şəfqət bacısı" mahnılarını
qadın müğənnilər arasında ilk dəfə Sara
xanıma etibar etmişdir. O, respublikanın bütün
bayram tədbirlərində Sara Qədimovanı konsert
proqramlarına daxil edirdi. Hələ uşaqikən
ata-anasını itirib tənha qaldığına görə,
Üzeyir bəyin ömür-gün yoldaşı Məleykə
xanım da onu öz qızı kimi sevərdi".
Sara xanım Filarmoniyada yenicə işləyirdi ki,
Böyük Vətən müharibəsi başladı. Gənc
qız hələ müharibənin nə olduğunu bilmirdi.
Hər gün məhəllələrdə
oğlunu, ərini, qardaşını davaya yola salan
anaların, bacıların və gənc qadınların
ağlamağı eşidilərdi.
Filarmoniyanın solisti kimi tez-tez cəbhə bölgələrində
olmalı idi.
Qışda qarın, yağışın və
palçığın içində əsgərlər
qarşısında çıxış etmək hər
müğənninin işi deyildi. Çox gənc olan,
19 yaşlı yeniyetmə qızın kişi
kimi qorxmadan, cəbhə bölgələrinə getməsi,
sonralar onun xasiyyətində bu keyfiyyəti qabartdı. O,
çətin günlərdə əsgərlərin
qarşısına cəsarətlə çıxması, səhnədə
mərdi-mərdanə dayanması, muğam və
mahnıları böyük şövqlə ifa etməsi
böyük maraq doğururdu.
Bir dəfə
Səməd Vurğun, Qurban Pirimov, rəqqasə Leyla Bədirbəyli
, akademik Heydər Hüseynov, Vera Şirye, Zülfü
Adıgözəlovla birlikdə Sara Qədimova cəbhə
bölgələrinə gedir. O dövrdə Mahnı və Rəqs
ansamnbılının rəqqasəsi olan Leyla Bədirbəylinin
xatirələrindən:
- Qatarla
yol gedirdik. Səməd Vurğun gənc Saraya
yaxınlaşıb soruşdu: - Qızım, gözəl səsin
var. Bir neçə konsertində olmuşam. Oxumağın
xoşuma gəlir. Cəbhədə əsgərlər
üçün nə oxuyacaqsan?
Sara
ayağa qalxıb imtahan verən şagird kimi əllərini
yanına saldı:
-"Segah"
muğamını, Üzeyir bəyin "Şəfqət
bacısı", "Kürdün gözəli",
"Qubanın ağlaması" mahnılarını - deyə
cavab verdi.
Səməd
Vurğun nə fikirləşdisə, elə bizim
yanımızda cibindən "Avrora" siqaretini
çıxarıb, onun üstünə bir şeir
yazıb, Saraya uzatdı. "Bu şeiri sənə
həsr edirəm. Onu əzbərlə və
"Segah" üstündə oxu", - dedi.
Yenə
qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad
olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.
Gərdəni
minadır, boyu tamaşa,
Ay da həsrət
çəkir o qələm qaşa.
Bir
cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə saçır camala gözlər.
Sara Qədimova cəbhədə verilən konstertlərin
hamısında "Segah" muğamını S. Vurğunun
yuxarıdakı şeiri ilə başlayırdı. Kim nə deyir desin, bizim
hamımızda belə bir fikir yarandı ki, Səməd
Vurğun o şeiri Sara xanıma həsr etmişdir".
Sara xanımın ifasında "Segah"
muğamına şair məftun olurdu. O, deyirdi ki, bu muğamı
Saranın ifasında dinləyəndə ruhum dincəlir.
1956-cı ildə Səməd Vurğun ağır xəstə
idi. May ayının 12-də Opera və Balet Teatrında
şairin 50 illik yubileyi qeyd olunurdu. Özü
xəstə olduğu üçün tədbirdə
iştirak edə bilmirdi. Yubileyə radiodan
qulaq asırdı. Yubileyin bədii hissəsi
S. Vurğunun sevdiyi muğam və mahnılardan təşkil
olunmuşdu. Sara xanım yubiley konsertində
"Segah" muğamında şairin yuxarıdakı
şerini ağlaya-ağlaya oxudu. O, ömrünün son
günlərinə qədər hər dəfə Xavər
xanımla, ya Aybəniz xanım onunla görüşərkən
qucaqlaşır və hönkür-hönkür ağlayardılar.
1946-cı
ildə Üzeyir Hacıbəyovun təklifi ilə Sara Qədimova
Moskva şəhərində keçirilən estrada
müğənnilərinin ümumittifaq müsabiqəsinə
göndərildi. O, burada Nizaminin qəzəli ilə
"Şahnaz" muğamını yüksək səviyyədə
ifa edib, müsabiqənin laureatı diplomunu aldı. Bundan bir
il sonra isə o, yenidən Moskvaya dəvət olunaraq, Nizaminin yubileyinə həsr
olunmuş dövlət konsertində yenə də
"Şahnaz" muğamı ilə çıxış
etdi.
Sara xanımın repertuarında mahnı
yaradıcılığı əsas yer tutur. Əvvəllər
yalnız xalq mahnılarını oxuyardı. 1950-ci ildən sonra o, bəstəkarlarla tez-tez
görüşür, onlarla yaradıcılıq əlaqəsi
saxlayırdı. O, şeirə, sözə qarşı
həssas, son dərəcə məsuliyyətli idi. Qadın müğənnilər içində o, ən
zəngin repertuarı olan sənətçilərdən biri
idi. Onda unikal musiqi duyumu və möhkəm
hafizə vardı. İstənilən
musiqini, mətni bircə dəfə dinləməklə
yaddaşına həkk edir, mahnının mahiyyətini, bəstəkarın
istək və məramını dərhal qavrayır, ən
başlıcası mahnıya bağlanaraq oxuyurdu. Bu
keyfiyyətlərinə görə, başda Üzeyir Hacıbəyov
olmaqla bütün tanınmış bəstəkarlar - S.
Rüstəmov, T. Quliyev, A. Babayev, Q.Hüseynli, Ş.Axundova,
A. Əlizadə, A. Gəray, A. Məlikov, R. Mirişli, V.
Adıgözəlov, həvəskar bəstəkarlardan B.Nəsibov,
Ə.Tağıyev, Q.Əsgərov, H.Əliyev, T.Məmmədzadə onunla birgə işləməkdən
və mahnılarının belə bir sənətkarın
ifasında səslənməsindən böyük qürur və
məmnunluq duyurdular. Sara xanım istəyirdi ki, hər
mahnısında nəsə təzə bir söz desin, məlum
deyilişlərə qayıtmasın, qayıtsa da, ona təzə
can versin. O, ilk növbədə şeirin, mahnının
musiqisinə uyğun gəlib-gəlməməsi ilə
maraqlanırdı. Mahnını öyrənməmişdən
əvvəl şeiri dönə-dönə oxuyardı. Şeir xoşuna gəlməyəndə
mahnını ifa etməzdi.
Sara xanım populyarlıq qazanmaq, dinləyicini necə
olur-olsun cəlb etmək istəyən, başqa sözlə
asan şöhrət dalınca gedən müğənni
deyildi. Onun
ifa etdiyi "Göygöl", "Nə deyim" ,"Nədən
oldu", "Tar çalan oğlan",
"Pıçıldasın ləpələr", "Ay
işığında", "Könül təranələri",
"Bulaq üstə gedən gözəl",
"Küsüb getdi", "Qonşu qız" və bir
çox mahnılarında həm
dərin xəliqlik, həm də son dərəcə fərdilik
vardı. Bu da müğənninin sənətinə
həmişə özünəməxsusluq gətirirdi.
Sara xanım ifa etdiyi mahnıların daxilinə
"səfər" etməyə, bu mahnıların
mühitdə, cəmiyyətdə yaratdığı
rezonanslara diqqət yetirirdi. O, mahnı və muğam
ifaçılığında bayağılığa,
qışqırığa, yersiz zəngulələrə yol
verməzdi. O, deyərdi ki, hər bir müğənninin
öz yolu olmalıdır, öz fərdi üslubunu təsdiq
etməli, heç kəsi yamsılamamalıdır.
Sara Qədimovanın yaradıcılığında
xüsusi ifaçılıq üslubu, Azərbaycan xalq
musiqisi, nəğmə incəsənətin dərin ruhunu və
xarakterini əks etdirən cəhətlərin qüvvətli
olması xüsusilə qeyd edilməlidir. Böyük sənətkar
deyərdi: "Sənətkar daim öz üzərində
işləməlidir. O, tamaşaçıları sənəti
ilə məftun etməlidir".
Onun oxuması təkcə səsi ilə deyil, eyni zamanda
özünəməxsus ifa tərzi ilə fərqlənirdi. Elə
mahnılar var ki, aktrisa təkrar-təkrar oxuyurdu. Hər dəfə bu mahnılar yeni formada səslənirdi.
Hər dəfə müğənni bizim
qarşımızda melodiyanın yeni xüsusiyyətlərini,
detallarını açır, onu cilalayır, zənginləşdirir
və bir növ bəzəyirdi. O, təzə
müğənni deyildi, əsl sənət adamı idi.
Bəstəkarlardan Qənbər Hüseynli və Şəfiqə
Axundova əksər mahnılarını Sara xanımın
ifası üçün bəstələyirdilər. Cahangir Cahangirov "Gəl,
gözəlim", "Qarabağ" və "Bahar
olsun" mahnılarını, səs imkanlarını nəzərə
alaraq, Sara xanım üçün yazmışdı.
Sara xanım ən çətin və ən mürəkkəb
mahnıları ustalıqla ifa edirdi. Güclü səs tələb
olunan xalq mahnısı "Qara qaşın vəsməsi",
Şəfiqə Axundovanın "Lirik mahnısı" , "Axı mən nə dedim",
"Nə deyim", Əfrasiyab Bədəlbəylinin Cəfər
Cabbarlının "Od gəlini" tamaşasına
yazdığı "Solmazın mahnısı", Ramiz
Mirişlinin "Səni tapdım", Habil Əliyevin
"Ürəkdir sevən səni", Arif Məlikovun "Naz edirsən",
Hacıbaba Həsənovun "Xatirələr", "Tar
çalan oğlan" və digər mahnıları ilk dəfə
Sara xanım ifa edərək, bu mahnılara öz
"möhürünü" vurmuşdu. Sara
xanımın dövründə və hal-hazırda da
heç bir müğənni bu mahnıları oxumağa
cürət etmir. Çünki onları
oxumaq elə də asan deyil, dərin nəfəs və
boğaz xırdalıqları tələb olunur. O,
köhnə mahnıları dirildirdi, adilikdən, yekrənglikdən
çıxarıb ona yeni həyat verirdi. "Sürəyya",
"Kürdün gözəli", "Ay qız kimin
qızısan", "Gül bağçalar",
"Gül açdı" mahnılarnı oxuyanda elə
bilirdik ki, təzə mahnılardır və birinci dəfə
oxuyur. "Göy-göl", "Tarla
qızları", "Yaraşıqlı kəndimiz"
mahnılarını ifa edəndə hər mahnıda bir mənzərə
yaradırdı.
Sara xanımın səsində o qədər
xırdalıqlar var idi ki, bu xırdalıqlar hamını
valeh edirdi. Bu
xırdalıqları duymaq üçün Sara xanımın
ifasında Hacıbaba Həsənovun "Tar çalan
oğlan" və "Xatirələr", Şəfiqə
Axundovanın "Lirik mahnı", Qənbər
Hüseynlinin "Nə vaxta qaldı" və "Ay
işığında"sını dinləmək kifayətdir.
Bu mahnılarda onun qəlbinin səsi
eşidilirdi. Bəstəkar Tofiq Quliyevin
"Ögey ana" filmində Dilarənin birinci
mahnısını Şövkət Ələkbərova
oxumasına baxmayaraq, səs xırdalıqları tələb
olunan "Laylay" mahnısını isə Sara xanım
böyük məharətlə ifa etmişdir.
50-60-cı illər onun şöhrətinin və məşhurluğunun
zirvəsi idi.
Çox dəbdə olan müğənni idi.
Xalq onu çox sevirdi. Mağazaların
vitrinlərində, evlərin divarlarında, sürücülər
maşınların kabinələrində onun şəkillərini
asırdılar. Onun səhnədə
duruşunda və ifa tərzində bir xanımlıq ədası
var idi.
Keçən əsrin 50-70-ci illərində Sara Qədimova
xarici ölkələrə çoxsaylı qastrollara
başlayır. Onu hər yerdə Azərbaycan musiqisinin
xarici ölkələrdə Fövqəladə və Səlahiyyətli
səfiri adlandırırdılar. Rəşid
Behbudovdan sonra, xarici ölkələrdə Azərbaycan
musiqisini təbliğ etmək sahəsində birincilik Sara
xanımda idi.
1959-cu ildə
"Bakı" qəzetinə müsahibə verən Azərbaycan
Dövlət Filarmoniyasının direktoru, bəstəkar Tofiq
Quliyev yazırdı:
- İndiyədək xarici ölkələrdə
böyük müvəffəqiyyətlə
çıxış edən Sara Qədimovanın növbəti
səfərinin marşrutu İndoneziya, Nepal, Seylon və Pakistandır. Onu bu ölkələrdə
tarzən Əliağa Quliyev, kamançaçı Tələt
Bakıxanov və dəfçalan İrşad Məmmədov
müşayiət edəcəklər.
O, 22
ölkədə (Mərakeş, Efiopiya, Sudan, Yəmən,
İraq, Misir, Livan, Liviya, Türkiyə, İran, İndoneziya,
Qana, Malaziya və s.) qastrolda olmuşdur. Sara
xanım hansı ölkəyə gedirdisə, o ölkənin
mahnılarını tezliklə öyrənib ifa edirdi. 1960-cı ildə Misirdə qastrolda olarkən ərəb
bəstəkarı və müğənnisi Fərid
Əl-Ətrasın "Xəyalımın nuru"
mahnısını ifa etmişdir. Konsertə
gözləri tutulmuş məşhur ərəb müğənnisi
Um-Gülsüm, mahnının bəstəkarı Fərid
Əl-Ətras, Livandan Fehruz xanım gəlmişdilər.
Rəşid Behbudovun xatirələrindən: "Sara xanım
xarici ölkə xalqlarının mahnılarını
heç bir çətinlik çəkmədən,
asanlıqla öyrənirdi. Onun Qahirədə
oxuduğu "Xəyalımın nuru" mahnısı
hamını valeh etdi. Konsertdə
iştirak edən onlarca gənc səhnəyə
çıxıb bu mahnının sədaları altında
"Tanqo" rəqsini oynayırdı. Bu
mahnı Sara xanım tərəfindən alqışlar
altında dəfələrlə təkrar ifa olundu.
Bundan qiymətli nə ola bilərdi? Həmin mahnı 1960-cı ildə Misirdə
"İlin ən yaxşı mahnısı" elan olundu.
Rəşid Behbudov sözünü davam etdirərək
deyirdi ki, bizi, xüsusilə Sara xanımı Qahirədə
çox isti qarşıladılar. Bizə məlumat
verdilər ki, Prezident Camal Abdul Nasir ailəsi ilə birlikdə
konsertə gələcəkdir. Məncə
bu diqqət onun Bakıda "Leyli və Məcnun"
tamaşasına baxması ilə əlaqədar olmuşdur.
Sara xanım Qvineyada səfərdə olarkən
"Rast" muğamını ifa etmişdir. Sara xanım
danışırdı ki, muğamı ifa etməyə
başlayanda böyük həyəcan keçirməyə
başladım. Düşünürdüm
ki, qvineyalılar muğamı başa düşməyəcəklər.
Lakin belə olmadı. İfam
alqışlarla qarşılandı. Baxıb
gördüm ki, Əliağa Quliyevin gözlərindən
sevinc yaşları axır. Sonra
"Sili" adlı Qvineya mahnısını oxudum. Necə qarşılandığımı dilə gətirməkdə,
təsvir etməkdə çətinlik çəkirəm.
1963-cü ildə Sara xanım İndoneziyada 3 aya
yaxın bir dövrdə qastrolda oldu. Cakartada Sovet
inşaatçılarının tikdikləri 100 min nəfərlik
stadionda -"Cakarta gölməçəsi"ndəki
konsertdə Prezident Sukarnonun sevdiyi mahnını ifa edərkən,
hamı Sara xanıma qoşulub həmin mahnını birlikdə
oxumuşdur. Müğənninin səsinə
valeh olan Sukaronun həyat yoldaşı xanım Hartini Sara
xanımı evinə qonaq dəvət etmiş və ona qiymətli
hədiyyələr bağışlamışdır.
Sara xanım gözəl ifaçılıq sənətinə
görə İranın, İndoneziyanın, Efiopiyanın və
Özbəkistanın dövlət mükafatları ilə təltif
olunmuşdur.
İndoneziya
səfərindən sonra SSRİ mədəniyət naziri
Yekaterina Furtseva Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinə göndərdiyi teleqramda yazırdı: "Azərbaycanın
Xalq artisti Sara Qədimova İndoneziyada verdiyi konsertdə
böyük müvəffəqiyyət qazandı. Kosmonavt Valentina Tereşkovanın iştirak etdiyi və
SSRİ inşaatçılarının iştirakı ilə
tikib istifadəyə verdiyi 100 min nəfərlik stadionda Sara Qədimova
Prezident Sukaronun sevdiyi İndoneziya mahnısını
böyük məharətlə oxumuşdur. 100 min nəfərlik publika həmin mahnını S.
Qədimova ilə birlikdə ifa etmişdir. Sara Qədimova
Sovet adamının yüksək adına xələl
gətirən heç bir hərəkətə yol verməmişdir.
İndoneziya səfərindən sonra Sara xanımı
bir-birinin ardınca tez-tez xarici ölkələrə qastrol səfərinə
göndərirdi.
SSRİ Mədəniyyət Nazirliyi 1963-cü ildə
Sara Qədimovanın hər konsert üçün
"stavka"sını 25 manata qaldırdı. Bu Filarmoniyada ən
yüksək "stavka" idi.
Sara xanım çox zəhmətkeş, fədakar,
çalışqan, sənətkar idi. Ayın ən
azı 10-15 gününü respublikanın rayonlarında
qastrolda olurdu. Onun əməkhaqqısı
bütün müğənnilərdən yüksək idi.
Ayda 700-900 manat alardı.
Sara xanımın əməyi və istedadı dövlət və xalq tərəfindən yüksək qiymətləndirildi. Onun xalq arasında yaxşı nüfuzu vardı. Xalqın ona olan ehtiramı, hörmət-izzəti onun özünün halal haqqı idi. Görkəmli şəxslər onun barəsində ürəkaçan fikirlər söyləmişlər:
Ümummilli lider Heydər Əliyev: "Sara Qədimova xalqın böyük sənətkarıdır. Azərbaycan incəsənəti hamısı onun yaradıcılığında əks olunub. O, ecazkar səsi ilə yeni həyat verdiyi mahnı və muğamlar Azərbaycanın musiqi sənətinin Qızıl Fonduna həmişəlik daxil olmuşdur. Həyatımızda olan bütün gözəlliklər onun yaradıcılığında əks olunur. Sara xanım öz xalqını və vətənini ürəkdən sevən böyük və bənzərsiz sənətkardır. O, Azərbaycan incəsənətinin canlı tarixidir. Xalqımız Sara xanımla fəxr edir.
Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl: "Sara xanımı ilk dəfə 1967-ci ildə Bakıda dinləmişəm. O vaxtdan xeyli vaxt keçmişdir. Bu illər ərzində dünyanın bir çox ölkələrində də rəsmi səfərdə olmuşam. Bu 27 ildə Sara xanımın ətirli səsi qulağımdan getmir. O, vətənpərvər müğənnidir. Türk dünyasının ən parlaq sənət ulduzlarındandır".
Yeri gəlmişkən, Sara xanım 1996-cı ildə Türkiyənin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə onun şəxsi qonağı oldu. Orada istəmişdilər ki, Çankayada Prezident iqamətgahında, Azərbaycan mahnılarını oxusun. Sara xanım çox narahat olmağa başladı. 10 ildən çox idi ki zil səsi ilə oxumurdu. Çıxışından əvvəl əllərini göyə qaldırıb Allahından imdad istədi ki, məni bu qərib yerdə xar etmə. Tanrı onun dualarını eşidib elə güclü səs verdi ki, o, Cahangir Cahangirovun "Qarabağ" və "Aişə" türk mahnılarını, axırda isə "Qarabağ şikəstəsi"ni böyük məharətlə oxudu. Eləcə də böyük türk şairi Nazim Hikmət barədə xatirələrini danışdı.
Çingiz
FƏRƏCOV
tədqiqatçı
(Ardı var)
525-ci qəzet.- 2016.- 4 fevral.- S.7.