Yenidən yaşanan ömür yolu
"KASPİ" QƏZETİNİN BİR NÖMRƏSİ ƏTRAFINDA DÜŞÜNCƏLƏR
Vaqif Səmədoğlu köçdü, getdi. Dünənin,
bu günün, sabahın oxucusuna çox əsər qoyub
getdi.
Yüz-yüz
şeir sətrinin, yüz-yüz fikri içində belə
bir deyimi də qaldı: "Həyatın yeganə həqiqəti
ölümdür". Bu da sənətkarın
bu qədər çabalarından sonra gəldiyi həqiqətdir.
Amma bu həqiqətin bir təkzib məqamı da var:
"Əsl sənətkar heç vaxt ölmür". Bu
sonuncu həqiqətə ritorika kimi də baxmaq olar, bir az fikrə gedib əsl sənətkarları,
yaddaşlarda əbədi yaşamaq səlahiyyəti
qazanmışları xatırlayıb da bunun həqiqət
olduğunu anlamaq da.
Vaqif Səmədoğlu köçdü, getdi. Bu köç anından bir
il keçdi. Bu bir il
bir ana oxşadı. Bu bir ili
düşünən kəslər üçün çox
istedadlı alimlərimizdən biri olan Rafael Hüseynovun
şairin köç zamanına yaxın günlərində
ona həsr olunmuş bir gecənin gecə anı sanki dünən
idi, sanki bu gündü və ya elə bil o gecə hələ
sabah baş verəcək. O gecə indi televiziyanın arxiv
materialları içindədir və yəqin ki, hələ
bundan sonra neçə-neçə dəfə biz o
televiziyanın efirində içi Vaqif Səmədoğlu dolu
o gecəni yenidən yaşayacağıq. Şəxsən mənə
bu ümidi - Vaqif Səmədoğlu
yaradıcılığına tez-tez baş verəcək
qayıdışı "Kaspi" qəzetinin 30 yanvar-1
fevral tarixli nömrəsi verdi. "Sənətkar
ölmür, sənət ölmür"- xalq misalına
çevrilmiş bu postulatın həqiqət anını
özünün "Ədəbiyyat" səhifələrində
neçə illərdən bəri sübuta yetirən
"Kaspi" qəzeti 24 səhifəlik bu nömrəsinin 15
səhifəsini Xalq şairi Vaqif Səmədoğlunun
ölümsüzlüyünün bir illik dönəminə
həsr elədi. Mən milli ədəbiyyatımızın və
dünya ədəbiyyatının korifeylərini daimi olaraq xatırlayan,
xatırladan bu qəzetin bu sahədəki fəaliyyətini
bir az bundan əvvəl öləziməkdə
olan bədii söz dünyasına ümumoxucu
qayıdışının məhvəri kimi baxıram. Vaqif Səmədoğluna qayıdış anı da
ədəbiyyata sədaqət nümunəsi olan bu qəzetin
tarixə düşəcək xidmətləri
sırasındadır.
Xüsusi qeyd etmək istərdim ki, Vaqif Səmədoğlu
kimi orijinal, ayrıca məktəb səviyyəsinə
yüksəlmiş bir sənətkarın xatırlanmasına
həsr olunmuş bu qəzet nömrəsini hazırlamaq məsuliyyətini
hər adama etibar etmək olmazdı. Bu xüsusi nömrənin
məsuliyyətini məsuliyyətlə daşıyan
jurnalistin özü də təkcə Vaqif Səmədoğlu
yaradıcılığına deyil, onun qələm
dostlarının da söz sənətinə yaxından bələd
olmalıydı və onun özü də orijinal
yaradıcılıq üslubu ilə seçilməliydi.
Bu məsuliyyət "Kaspi" qəzetinin əməkdaşı
Fərid Hüseynin çiyninə düşdü. Elə "Kaspi"nin bu
xüsusi nömrəsi də Fərid Hüseynin essesi ilə
başlayır: "Onsuz...". Və bu
"Onsuz..." essesində belə bir orijinal abzas da var:
"Onun bəzi şeirləri Minimalist
poeziyamızın bir ayrı səhifəsidir. Vaqif Səmədoğlu
böyük fikirləri az sözlə ifadə
etməyin ustası idi. Ənənə ilə
müasirlik onun şeirlərində bir-birinə yad
görünmürdü. Poetik yenilikləri
uzunömürlülüyə hesablamışdı.
Vaqif Səmədoğlu özünəqədərki sərbəst
şeirin səslənişini,
qafiyə lüğətini dəyişdi... Poeziyamızın
səmimiyyət arealını genişləndirdi".
Qəzetin Vaqif yaradıcılığı ətrafında
söz demiş və hələ bundan sonra neçə-neçə
illər söz deyəcək adamları dəqiqləşdirməsi
və onları bir araya gətirməsi, bir tematikada birləşdirməsi
qəzetçinin yüksək peşəkarlığından
xəbər verir. Bu yaradıcı şəxsiyyətlərin
hər biri Vaqif Səmədoğlu haqqında fikirlərində
öz yaradıcılığında olduğu qədər səmimidir,
ustad sənətkar haqqında ustad sətirlər müəllifidir.
Bu mənada ustad sənətkarımız
Anarın "Vaqif sənətinin təkrarsızlığı"
adlı yazısı bir oxucu kimi mənə də çox
doğma və səmimi göründü. Ona görə doğma ki, Vaqifin ədəbi
mühitə təzəcə gəldiyi illər və o illərdə
bu cavan şairin poetik üslubu ilə bağlı yaranan
mübahisələr, müzakirələr haqqında
Anarın fikirləri mənim tələbəlik illərimə
düşüb və Anarın o illərlə bağlı
xatirələrinin canlı şahidlərindən biriyəm.
Və mən o illərin yeni poeziya məktəbinə
səviyyəsiz hücumları xatırlayanda Anarın bu
yazısındakı elmi-publisistik həqiqətin nə qədər
həqiqət olduğunu bildirmək istəyirəm.
Bu həqiqət
Anarın aşağıdakı sətirlərindədir:
"Mühafizəkar ədəbi mühitdə ən
çox nifrəti məhz ən çox heyrətləndirən
şairlər qazanır. İllər
keçdikcə o vaxtlar Vaqifə və bir neçə
başqa istedadlı və bənzərsiz şairə
hücumlar normal şüura istehza kimi, bədii məntiqə
karikatura kimi səslənir indi". Anarın bu dəqiq
qənaəti "Kaspi"nin bu xüsusi
buraxılışında söz demiş hər kəsin
fikirləri ilə üst-üstə düşür və elə
bu an fikirləşirsən ki, bədii söz sənətinə
yeni baxışı ilə seçilən Hüseyn Caviddən
tutmuş Pasternaka, Rəsul
Rzayadək hər kəs bu taleyi yaşamaq zorunda
qalmışdır...
Vaqif Səmədoğlu haqqında yazıların
hamısında həyat, ömür, ölüm və bu
anlayışlara fəlsəfi münasibət var.
Ona görə ki, bunlar Vaqif poeziyasının
özündən gəlir. Vaqif Səmədoğlunun təkcə
yaradıcılığına deyil, şəxsi həyatına
da yaxından bələd olan və bununla bağlı
bitmiş, bitməmiş kitabların müəllifi İradə
xanım Musayevanın "Ana bətninin zülmətindən
qəbrin zülmətinə...", Pərvinin
"Şeir kimi ölən şair" sərlövhəli
yazıları birbaşa Vaqif Səmədoğlunun
ölüm tematikasına köklənmişdir. İradə xanım
Musayevanın yazısındakı Vaqif və ölüm
münasibətləri, əslində, insan və ölüm
kimi əbədi bir problemin ümumiləşmiş ifadə tərzidir.
Amma bu anda həm də sənətkar və ölüm
problemi daha irəli çəkilir: "...ən ağır
durumunda da şair kimi yaşamaq və soyuqqanlılıqla, ənənəvi
üslubuna xələl gətirmədən təsvir etmək
bütün həyatı boyu dəyişməyən Vaqif Səmədoğlu
özünəməxsusluğu idi". Və mən
İradə Musayevanın bu sətirlərini oxuyan anda jurnalist
Mirşahinin şairin bəlkə də lap son günlərini
yaşadığı vaxtlarda ondan aldığı
telemüsahibəni xatırladım. Jurnalist
- şair söhbətinin o anlarında da Vaqif Səmədoğlu
insan və ölüm haqqında həyatın ən sərt
qanunları qarşısında belə səmimiyyət
göstərirdi.
Müasir ədəbi prosesin istedadlı təhlilçisi
Cavanşir Yusiflinin "Ömür bəhanəsi,
yaxud..." həyat ayrılıq imiş insanla ölüm
arasında" sərlövhəli yazısı da eyni
tematikadadır. Əlbəttə, Cavanşir Yusifli Vaqif Səmədoğlu
poeziyasının fərqlilik faktları üzərində daha
çox dayanır, amma elə yazının lap ilk sətirlərindən
o da şairin həyat, kədər, insan probleminə
münasibətindən yan keçə bilmir. "Onun
şeirlərində iki iş birdən, eyni zamanda icra olunur: kədəri
elə yerindən
vurub oyandırır ki, biz bunu məlhəm
sayırıq və ürəyimizdə gəzdirdiyimiz
yaranın üstünə salırıq, sarıyırıq,
ancaq ikinci tərəfdən o yaranın qaysağını
qoparır, yara qövr edir, insan
yaşadığını hiss edir və bu hiss bütün
ömrü boyu keçirdiyi hisdən milyon dəfələrlə
güclü olur, demək, məqsəd yaddaşın, yaranın
içindəki dərinliyə çatmaqdır. Xalis poeziya o dərinlikdədir. Ora
qədər yoldur".
Bu
yazıdan sonra oxucu keçid alır Nərgiz
Cabbarlının "Vaqif Səmədoğlu koloriti"nə
və bu növbəti yazının da ilk sətirləri
şairin ölümə münasibətindən
başlayır: "… bilmək istəyirəm kim
nə deyəcək mən öləndə…"
İnanırsınız,
bu həqiqətən də, onu maraqlandırırdı…
Ölümün maraqlandırdığı kimi...
Tanrının maraqlandırdığı kimi...
Ruhun-İnsanın maraqlandırdığı kimi... Elə bu
səbəbdən də Ölüm də, Tanrı da,
Ruh-İnsan da onun yaradıcılığının əsas
mövzusu oldu... Və indi də əminəm ki, bu
yazılanları haradansa- olduğu O yerdən görür,
oxuyur və hər şeydən xəbərdardır... Kim nə
deyir, desin, mən buna əminəm..."
Bütün bunlar Vaqif Səmədoğluda niyə belədir? Niyə
ölüm, həyat, insan fəlsəfəsi onun
poeziyasının leytmotividir? Məncə, bu suala mənim
çox istedadlı şair dostum Rüstəm Behrudi
özünün "Yaddaşlarda şeir kimi qalmaq"
yazısında dəqiq elmi cavab vermişdir: "Füzulidə
şeir dua, Nəsimidə etiraz - üsyan, Caviddə sevda və
dünyada nə varsa, hamısının sintetik analizi, yəni
fəlsəfədir. Daha doğrusu, şeir
insanın Allah, ölüm, zaman və əbədiyyətlə
qarşılaşma anından doğan heyrətinin ifadəsidir.
Bu da şeir haqqında tam və mükəmməl tərif
deyir... Günah bəndə ilə Allah
arasındakı məsafənin ölçüsü olduğu
kimi, şeir də Allah və bəndə arasındakı
uçurumların üstündəki
uçub-dağılmış körpüdü".
Vaqif Bəhmənli də bu kontekstin müəllifidir. "Mən burdayam,
İlahi!" adlı yazısında Vaqif Bəhmənli Vaqif
Səmədoğluna bağlı poetik hisslərini təqdim
edir, amma bu şeir toplusunun lap əvvəlində yenə də
"Şair və ölüm" anı önə çəkilir:
"5
iyun 2014-cü il, axşam saat 19:00
"Azdrama"
ağzına kimi dolu...
Xalq Vaqif Səmədoğlunun 75 illik yubiley təntənəsinə
yığışıb.
O isə
şairdən daha çox amansız ölümlə
hamının əvəzinə çarpışan cəngavərə
bənzəyir. Sanki hamını bir kənara itələyib,
siz bu işə qarışmayın deyə yeddibaşlı xərçəngin
üzərinə təkbaşına yeriyir...
O
axşam şair bu qeyri-bərabər döyüşdə
qalıb gələcəyinə bütün salonu
inandırdı. Hamı "Azdrama"dan
arın-arxayın ayrılıb evinə döndü. Mən
də...
Bununla belə o gecənin sehri dörd ay dörd gün
içimi tərk etmədi".
Bu sətirlər şairin şairdən
nigarançılıq məqamıdır və bu anda
şairin şairdən nigarançılığı
insanın insandan nigarançılığı kimi ümumiləşdirilmiş
görünür.
Yazı müəlliflərinin hamısında qabarıq
görünən şair və ölüm məsələsi
bir tərəfdən Vaqif Səmədoğlunun öz
yaradıcılığından irəli gəlirsə, digər
tərəfdən əsl sənətkar adlana biləcək bu
müəlliflərin də məsələyə öz
münasibətlərindən doğur.
Yaxşı, bütün bunlara inana bilərik. Bəs onda mənim gənc ədəbiyyatşünas
alim kimi yaxşı tanıdığım Elnarə Akimova niyə
özünün "Uşaq təbəssümlü şeirlər"
məqaləsini də "ölümdən"
başlayır: məqalə müəllifi əvvəlcə
şairin öz ölümünə bağlı şeiri ilə
başlayır və şairin ölüm günündən
aldığı ağrının ardınca deyir: "Həmin
günə qədər V.Səmədoğlu qafiyələrinə
qarışan uşaq təbəssümü bu dəfə şairin
ölümü ilə bağlı üzücü xəbərə
qarışıb sanki hamını ayaqda durmağa təpərli
edirdi. Ömrün vəfasızlığını,
faniliyini uşaq çılğınlığı kimi
qavrayıb, ölümünə də uşaq təbəssümü
ilə cavab verməyi umurdu bizdən. V.Səmədoğlu
bütün ömrü boyu bizi bunun belə olmasına
inandırmağa çalışdı. Bəlkə
bu üzdən dünyasını dəyişəndə
yazdığı şeirlər irəli çıxıb
şairin ölümü ilə bağlı bütün təəssüf
nidasına köklənən mətnlərin
qarşısını kəsdi.
Onlar ölümü hamıdan daha yaxşı
anladırdılar və bunun belə olması
üçün Vaqif Səmədoğlu bir ömür nisar
etmişdi, ölümü əzizləmiş, süsləyib-bəzəmişdi. İndi
onların qabağına çıxıb müəllifini
ölümsüzlük qatında vəsf etmələrinin
sırası gəlmişdi. V.Səmədoğlu
bu işdə hamını qabaqlamışdı. Onu yaşadan da bu poeziyası olmuşdu, indi,
dünyasını dəyişəndən sonra ona yas tutub
ağlayanı da".
Vaqif Səmədoğlunu ən səmimi fikirlərlə
xatırlayan müasir yazarların "Kaspi"dəki fikirləri
bir daha sübut edir ki, Vaqif Səmədoğlu dünənin də,
bu günün də, sabahın da müasiridir. Qan Turalının bir
çox həqiqətləri - sırasında
"60-cılar" nəslinin gəncliyə açılan
qapısıydı Vaqif Səmədoğlu", Aysel
Əlizadə Vaqifin "hardasa ayağıyalın bir adam üçün" özündən
sonra qoyub getdiyi bir cüt ayaqqabının sehrini və
ünvanladığı sahibini axtarması ilə ürəyimizə
həzin bir kədər gətirir. Cəlil Cavanşir Vaqifin
cavan nəslə sevgisini ifadə edən bir cümlə də
işlədir: "Ona "ustad" deyirdim, o da "Cəlilcan"
deyə müraciət edirdi mənə... elə istiqanlı
davranırdı ki, bəzən bu səmimiyyətdən
utanırdım..." Vüsal Nuri çoxdan klassikləşmiş
bu şairin Yazıçılar Birliyinin pilləkənlərində
nəfəsini dərəndə qolundan tutub kömək etdiyi
anlardakı duyğusunu belə ifadə edir : "...Qolundan tutub kömək elədim.
İstəyirdim o pillələr qurtarmasın.
Ən sevdiyim bir şairin qolundan tutmuşdum və hiss edirdim
ki, fərəhdən uçuram".
Vaqif Səmədoğluna həsr olunan bir qəzet səhifəsi
də var. Bu qəzet səhifəsində doqquz şairin doqquz
şeiri yığılıb. Elə bil bu doqquz
şeir qəm dolu bir çiçəkliyin içindən
yığılıb. Onların hər
birinin poeziya məkanında özünəməxsus söz rəngi
var və bu rənglər Vaqif Səmədoğluna ünvanlananda
daha əlvan görünür. Qəribədir,
kiminsə kimsə haqqında söz deməsinə də gərək
mənəvi haqqı olsun. Sona xanım Vəliyeva, Vaqif Bayatlı Odər, Ramiz
Rövşən, Fikrət Qoca, Mahir Qarayev, Səlim
Babullaoğlu, Adil Mirseyid, Paşa Qəlbinur, Ağamalı
Sadiq Əfəndi. Bu şairlərin hər
birinin həmişəyaşar, diri, üslubu var. Fikrət
Qoca Vaqif Səmədoğluna o qədər yaxındır və
onlar o qədər bir yerdə olublar ki,
"danışdıqları danışmadıqlarından
çoxdur". Vaqif Bayatlının
gümanına görə "bəlkə dünyanın ən
bədbəxt adamının üzünə hamıdan
çox baxır Tanrı?". Ramiz Rövşən hər
şeyi vaxtın taleyində axtarır: bu vaxt
ölçüsü "dünyanın əzəl
vaxtı", "Hər şeyin susan
vaxtı", "Balıqların uçan vaxtı,
quşların üzən vaxtı", "dünyanın
gözəl vaxtı" kimi zaman bölgüsüdür və
bu zaman bölgüsünün hər birinin öz ovqatı
var. Mahir N.Qarayevin poetik sətirləri sağalmayan yaralara
bürünüb və s.
Bu səhifədəki doqquz şairdən biri də Sona
xanım Vəliyevadır. Özünün orijinal poetik
üslubu ilə oxucuların ürəyinə çoxdan yol
tapmış Sona xanım "Kaş "yarı"lar qala"
şeirində bütün sətirlər Vaqif Səmədoğlu
üslubunu qəsdən xatırladan ritmdə qələmə
alınıb. Vaqifin "... Allah, məni yarı öldür,
yarı saxla ağlamağa" misralarının epiqraf kimi
alındığı bu şeirin "Qərib şəhərin
qərib ünvanı", "dumana bürünüb,
ölümə qoşulub getmək",
"ölümün təmtərağı",
"özü özüçün darıxmaq",
"ruhun kimsəsizliyi" kimi ifadələri adamda qəribə
bir ovqat yaradır.
Və bir
də bu qəzet nömrəsinin dörd səhifəsində Vaqif Səmədoğlu
özü. Vaqifin özünə aid 10-cu səhifədə
onun gündəliyindən səhifələr. Bu gündəliklər tarixi bəlli, günü məlum
anların gündəliyi deyil. Bunlar
şairin haçansa, hansısa naməlum bir gündə,
anda, məqamda, içində çəkdiyi
ağrıların zamansız ifadələridir.
"Ömür dərddi, dərd gələndə batmanla gəlir",
"Özgə yolundan keçmək üçün gərək
öz yolundan çıxasan", "Rənglənmiş
yuxular", "Mən ancaq sözlərdən palaz toxuyub
salıram öz altıma", "Mən o dünyada bu
dünyadan şikayət etməyəcəyəm" və
s. sətirləri mən kontekstdən çıxarıram,
amma onların hər birində şairin qəfil gəlmiş
bitkin fikirləri var. Vaqifin növbəti səhifəsindəki
deyim və oforizmləri də ömrü bədii
narahatlıqdan keçən bir insanın bu dünyada qoyub
getdiyi nigarançılıqlardır.
Və şairin öz ixtiyarında olan daha iki səhifə. Bu iki səhifə şeir
dolu mücrüyə bənzəyir:
Cümlədə
nöqtədək axtarma məni,
İtənlər içində itən olmuşam.
Dünyaya
borc sanıb, qaytarma məni,
Gedənlər
getməzdən gedən olmuşam...
Yaxud:
Ötən
bir qışın
Beli
sınmış arzusu,
Canı yanmış arzusu.
Belə
olur, belə...
Yay
arzularını
Qar
dondurur,
Qış
arzularını
Günəş
külə döndərir...
Bu şeirlərin hamısı beləcə fəlsəfi
düşüncələrə bürünüb, oxucuya yeni
nəfəs, yeni ovqat verir. Həm də ona görə yeni ki,
bu şeirlər ilk dəfə "Kaspi"də dərc
olunur...
Və mən lap sonda bu qəzetin bu nömrəsinin ən
maraqlı janrda - esse janrındakı bir yazı barəsində
fikir demək istərdim. Bəlkə də bütün həyata
esse gözü ilə baxan yazıçı, tədqiqatçı
Pərvinin "Şeir kimi ölən şair" essesi.
İlk baxışda adama elə gəlir ki, bu sərlövhə
bir ağı notundadır. Ölümündən cəmi
bir il ötən sənətkar barədə
essenin sərlövhəsi ağı notunda da ola bilər. Amma
Pərvinin essesindəki "ölüm" leksikonu əvvəldən
axıradək özünü göstərsə də, bu
yazıda qəribə bir optimizm var. Burda ölümdən
sonrakı həyatın özü elə həyatın
özü qədər, bəlkə də ondan bir az da artıq əzizdir. Çünki
"ölüm əlçatmaz varlıq" kimi maraqlı
idi Vaqif Səmədoğlundan ötəri. Çünki "tale ona yarımçıq
ömrünü şair kimi, sənətkar kimi başa vurmaq
üçün əlavə vaxt vermişdi".
Çünki Vaqif Səmədoğlu "sənət
içində doğulmuşdu, sənətlə
yaşayırdı, ölümünü də sənətə
çevirdi". Çünki "əsl sənətkar,
kişi, vətəndaş səadəti yaşayıb Vaqif Səmədoğlu".
Çünki "onun ən böyük fərqi,
"üstünlüyü" ölümü də sənətkar
kimi qarşılaması, öz ölümünü də sənətkar
kimi yaşaması olub..."
Pərvinin bu sətirlərindən doğan
çox optimist, şairin sevənlərinə əbədi bir
təsəlli verən məntiq alınır: ustad şair, məktəb
şair ölümündən sonrakı həyatı
yaşamaqdadır. "Kaspi" qəzetinin bu möhtəşəm
nömrəsindəki bütün yazıların ruhundan belə
bir nida qopur.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 5 fevral.- S.2;4