Ağdamda nəyim qaldı?
Dediyim kimi, Papam təzə işi ilə əlaqədar
tez-tez Bakıya ezamiyyətə gedirdi. Onda bir
beş-altı gün Nənəmlə ikilikdə
qalırdıq.
Münasibətlərimiz hamar deyildi. Mehriban da
olurduq, dalaşırdıq da, amma daha çox sülh şəraitində
dolanırdıq. Yayda nisbətən asan olurdu, əl-ayaq
evə gec yığılırdı, mən uşaqlarla
oynayır, qonşularla əylənir, Nənəm də bizim
ümumi həyətə açılan kiçik
darvazamızın qabağında oturub həyət
adamlarına, gəlib-gedənə baxır, kiməsə
söz atır, kiminsə qarasınca deyinir,
vaxtaşırı dörd oktavalıq öskürəyini
nümayiş elətdirirdi. Qışda, yəni soyuq aylarda vəziyyət
bir az mürəkkəbləşir, təkliyi
daha çox hiss edirdik. Xüsusilə Nənəm
darıxır, tıncıxır, tez-tez Babamın şəkli
ilə danışır, kişini tez öldüyünə
görə danlayırdı:
- Nədi,
elə bildin qəbirsannıxda yer çatmıyajeydı saa? Oturmuşdun dayna paççah sarayı kimi əvində.
Malın, heyvanın, cənnət kimi bağ-baxçan,
qabağında da mənim kimi qulluxçun! Nə
istiyirdim sənnən? Heş nə! Bir qaraltın bəsdi
maa, onu da qıymadın, a goru çatdamış! Qəfil qoydun başını yerə ki ölürəm.
Sənin tayların evində-eşiyində, işində-güjündə,
sən başıbatmış da Qarqarın üstündə
qəbirsannıxda! Öldün getdin, məni də
saldın odun-yalavın içinə. Elədin
məni üzüdanlaxlı, başı qapazdı. Ə, bilirsənmi ki, Hajı bəyin bayısı
qızı bir qarnı aj, bir qarnı tox dolanır burda?
Axı mən ölmüş ayranı bəyənmiyif
itə tökürdüm. İndi
qatığa-südə tamarzı qalmışam. -Bu
yerdə Nənəm ağlayırdı. -Dava vaxtı mən
nə xartana adamı ajdıxdan qutardım. Bir də
gördüm çəpərin dalınnan
zığıltı səsi gəlir. Qorxdum, dedim yəqin
canavardı, o illər ajdıxdan çaqqal-canavar yaman
dadanmışdı kəndə. Yabanı
götürüf sinə-sinə səs gələn xəndəyə
yaxınnaşdım. Nə görsəm
yaxşıdı, taytax Hüsü bir böyrü üstə
uzanıf zarıldıyır. Dedim, Hüsü, ay əvi
yıxılmış, bu nə gündü, nə sahatdı?
Cabaf verə bilmədi, ağladı. Bildim ajdı. Sürüyə-sürüyə
gətirdim onu bizim qapıya, bir qab təzə pencərdən
dooğa qayırmışdım, onnan qoydum qabağına
. Əvin yıxılmasın, fələk! Bu beçara bədbax bu dooğanı nətəər
yedi, nətəər hortdatdı, ta mən onu
deyif-danışelmərəm. İndi burda bu erməninin-gürcünün
içində mənim qədrimi-qıymatımı kim biləjək? Məni kəndimnən-kəsəyimnən,
elimnən-obamnan eliyən sən oldun, sən beinsaf. Nə sağlığında gün verdin maa, nə...
- Burda Nənəm duruxur, hiss eləyir ki, monoloqun məntiqi
pozulur. Hirslənir: - İndi o şikildən sən nə
deyif baxırsan üzümə? Nədi, nə
deyəssən? Diriliyində bir adam
balası kimi danışmadın, ölənnən soora nə
deyəssən?
Bu yerdə mən ta gülməyimi saxlaya bilmirəm. Nənəm ekstazdan
çıxıb adi halına qayıdır:
- Nəyə
gülürsən, ay üstünə od
tökülsün? Maa gülürsən?
- Az,
gülməli danışana güləllər də!
- Nədəə,
gülməli? Kimin g...ü açılıf?
- Bir sual
verim saa?
- Nə
sual verəssən, ə, sən maa?!
- Sən
elə əvvəlindən belə tərbiyəsizsən,
yoxsa sonradan pozulmusan?
- Nəyəm
dedin mən?
- Tərbiyəsiz!
Ağzını qarğışla
açıb söyüşlə bağlayırsan.
- Belə
o duzsuz boccalılardan örgənmişəm dediylərini! Belə nənən yekəxana Kəyliydən
örgənmişəm... Pah,
kişinin qızı toyaəlirdi arxası qatda! Guya Nəsrəddin şahın qızıdı.
On iki taxtalıx tumanının ətəyinə
qızıl pul düzürdü. Hamı
kimi aşağıda yox, yuxarıda taxtın üstündə,
qəlbidə ayrıca oturdurdular bunu, Kəlbəabbasın
qısır arvadıynan. İndi bullar
xanımıydı, qalan hamı qul-qaravaş...
Burda Nənəmin monoloqunu yarıda kəsib, kiçik
bir haşiyə çıxım. Kəklik mənim ata nənəmdi.
Yadımda qalan onun qoca vaxtıydı: nazik, nəcib, ağ
bənizli, dümağ saçlı qarıydı. Xumuş əminin ailəsi ilə qalırdı.
Bizim böyük mülkümüzün hələ
sağ qalan əsas yiyələrindən biriydi. Əgər kolxoz bizim on başlıq külfəti
bir otağa soxmuşdusa, onu da gəlinlər soxmuşdu bir qoz
qabığına. Ətəyi qızıl pullu Kəklik
mama (kənddə bir az yaşa dolmuş
hörmətli qadının adına bir “mama” sözü də
qoşulardı) yaşının ahıl çağında
olmuşdu ələbaxan.
Kəklik nənəm ömrünün qalan beş-on
gününü də böyük oğlu Quluşun Mamamdan
qabaqkı arvadından olmuş lal-kar oğlu Əlqana həsr
eləmişdi. İyirmi yaşını çoxdan bitirmiş, hələ
otuzuncu illərdə qılıncının dalı
da, qabağı da kəsən atası Quluş əminin istəyi
ilə Ağdamda ya hardasa lallar məktəbində
yazıb-oxumaq öyrənmiş “binəva” Əlqanı Kəklik
nənəm bütün nəvələrindən
seçirdi. Bu uzun-arğaz, tüklü
kişini yayda bağçada nar kollarının dalında,
qışda tövlədə çimizdirmək, əyin-başını
yumaq, bit-sirkəsini təmizləmək, onu haqlı-haqsız
təpkilərdən qorumaq Kəklik nənəmin əsas vəzifəsi
olmuşdu. Arvad vaxtaşırı Əmimə
yalvarırdı:
- Ay
Xannar, bu binəvanın saçına-saqqalına əl yetir,
tamam istahatdan çıxıf. Axı, bu
qızıl muşduqlu, qızıl sahatdı, sarı kəhər
atdı nakam qardaşının balasıdı. - Bu yerdə
arvad ağlayırdı.
- Nədaz,
Kəylik xala, Əlqanı evləndirirsən? - Bu Şokət
bibinin istehzalı replikasıdı.
- Az,
Şokət, bu canım ölsün, evləndirsən, bu sahat
evlənər. - Bu da Mamamdı. - Oyrəli maa kağızda
yazıf nə göstərsə yaxşıdı?
- Sən
Əlinin canı, de görüm nə yazıf?
- Şokət, o Mamedin, İsmayılın canı
üçün, yazıf ki, Şuşaniki al maa. Ağa Zeynal həkimin
baldızın. - Mamam xımır-xımır gülən
Əlqana qaramat çevirir. -Aley! Az, bunun
gülməyinə bax ey! Hə, bu saat alajam saa
Şuşaniki!
- Az, bəsdi,
Həmid eşidər
xışdıyar yazığı.
Ağa Zeynal xəstəxanaya təzə gəlmiş həkimdi. Arvadı Sofa
erməniydi, baldızının da adı Şuşanikdi.
Şuşanik də bir Şuşanikdi, Mamam
demiş, döşü baş yarırdı. Kəndin oğlanları dəli olmuşdular dərdindən.
Məhləmizdən əl çəkmirdilər.
Axır vaxtlar Şokət bibinin qardaşı Həmidlə
gəzib dolanırdı.
- Qələt
eliyər Həmid! - Bu mənim anabir bacım, Quluş əminin
qızı, Əlqanın da ögey bacısı Elmiranın
hikkəli səsidi. - Dolamağa da ayrı adam
tapın! - Ağlayıb tələsik pilləkənlə
yuxarı qaçır.
Bir sürü sapsağlam nəvələri ola-ola Kəklik
nənəm, dediyim kimi, bütün mehrini
dilsiz-ağızsız, atasız-anasız Əlqana
salmışdı. Mamam deyirdi ki, yazıq arvad can verəndə də
gözləri ilə elə vurğunu güclü gəlmiş
Əlqanı axtarırdı.
Kəklik nənəmin nigaranlığı əbəs
deyildi, arvad ölən günü Əlqan onun qəbrindən
əl çəkmədi. Heç kim onu evə
gətirə bilmədi, bütün gecəni qəbrin
yanında oturub zığ-zığ zığıldadı,
uladı. Xumuş əmi özü şahiddi.
Ertəsi gün Əlqan yoxa çıxdı.
Onun yoxa çıxması və ya itməsi
hamıya əl verirdi.
lll
Televizor yoxdu, olan bir radio idi, onu da işə salmağa Nənəm
qoymurdu. Guya səsi başına düşürdü.
Mən o vaxtlar “montaj” deyilən ədəbi
verilişlərə, radio və teatr tamaşalarına qulaq
asmaq üçün qulağımı söykəyirdim
radioya, buna baxmayaraq, Nənəm yenə də narazı
qalırdı. Əslində onu narazı
salan səs deyildi. Ona elə gəlirdi ki,
çox qulaq asanda radio xarab olur. Burda bir
vaxtlar “7 gün” qəzetinin baş redaktoru olmuş Emin Eminbəylinin
danışdığı bir əhvalat yadıma
düşdü.
Ağdamda
evlərə təzəcə telefon çəkilən
vaxtlarmış. İlk növbədə rayonun
hörmətli, yəni vəzifəli adamlarının evindən
başlayırlar. Beləcə, kəmsavad
bir müdirin də evinə telefon çəkirlər.
Ustalar gedən kimi arvad cumub dəstəyi götürür, başlayır
telefonu olan qohum-əqraba ilə söhbətə. Kişi
deyir, az, o qədər danışma,
“tilfon” xarab olar. Arvad qulaq asmır, kişi
iki deyir, az, bəsdi ey, o tez xarab olan şeydi, bu qədər gəvzəmə.
Arvad kişini heç eşitmir, elə
danışmaqda davam eləyir. Kişi
hirslənib gedir işə, axşam evə qayıdanda
görür arvad yenə də telefonla
danışır-gülür. Kişi ta heç nə
demir arvada, dərindən bir ah çəkib dərdli-dərdli
başını bulayır :
- O
tilfonnan ta tilfon olmaz!
Nənəm
məndən narazı qalanda əvvəl deyinir, sonra
söyür, qarğış eləyir, Papamla hədələyir...
Arsenalındakı bütün vasitələr
tükənəndə isə, keçirdi ən güclü
silahı olan göz yaşlarına. Belə vaxtda arvad məndən
əl çəkib üzünü yenə də babamın
divardan asılmış iri şəklinə tuturdu:
- Ə kişi məni niyə odun-ojağın
içinə atıf getdin? Sən sağ olseydın mənim
nə itim azmışdı erməninin-gürcünün
arasında? - Burnunu şartıltı ilə yekə bir
parçaya silib yeni ovqata köklənir. - Kaş bir
qılçın olmuyeydı, bir gözün də kor
oleydı, hamma qaraltın gəleydi qapımnan. Onda
hansı oğul kopolu-kopaqqızı ürəy eliyif əvimi
satar, məni çöllərə salardı? Hansı
üstünə od tökülmüş
zatıqırıx yetim mənnən qoz-qoz oynuyardı? Qatardın dəhrənin qabağına
hamısını. Sən olseydın o
Şəfiqadı - nə lotudu, ürəy eliyif mənim bir
maşın mis qazanımı sateylərdimi? Oxartana var-döylətdən bir mis aftafam qaldı.
Gör bu zülümü heç Allah
götürər? Onu görüm getdiyi yerdən salamat
qayıtmasın! Onu görüm heç oğul-uşax yəəsi
olmasın! Onu görüm diri gözü olsun, ölü bədəni!
Burda lirik və kövrək ovqatı dramatik qəzəb
və döyüş əhvalı əvəz edir. Arvadın göz yaşları quruyur. İndi o, ciddi döyüşə hazırdır,
amma kiminlə?
-
Namazımın vaxtı da keşdi... - Çarpayıda yerini
rahatlayıb canamazı yastığın üstünə
qoyur, nimdaş kəlağayısını bir az
üzünə tərəf çəkir. - Allah mərdimazara
nəhlət eləsin, günorta namazın da
ötürdüm. - Susur. İndi ancaq onun
dodaqları tərpənir, hərdən ayrı-ayrı ərəb
sözləri qulağıma dəyir.
Mən asudəlikdən istifadə eləyib Muxtar Auezovun
“Abay” romanını oxuyuram. Kitabdakı təsvirlər
məni Qazaxıstan çöllərinə aparır. İndi mən Abayın məhəbbətini
yaşayıram. Həmişə beləydi,
oxuduğum kitabı bitirənə qədər onun qəhrəmanları
ilə yaşayır, onlarla sevinir, kədərlənir, hətta
ağlayırdım.
Nənəm xeyli vaxtdı namazını bitirib,
altdan-altdan mənə baxır. Bu bir müddət
davam eləyir. Nəhayət, dillənir və kitabın
qalınlığına işarə ilə soruşur:
- Buy,
başıma xeyir, nə boyda kitafdı ə, heylə?
Mən Abayla Toqjanın məhəbbət səhnəsinin
ən şirin yerindəyəm, indi Toqjanın titrək əlindən
yapışan da Abay deyil, mənəm. Yavaş-yavaş
qızın üstünə əyilirəm ki, onun həyəcandan
qızarmış yanağından öpüm. Hardansa,
lap uzaqdan Nənəmin səsi gəlir:
- Sənnənəm...-
Adım yadına düşmür. - Əəədə!
Eşitmirsən, Məhəmməd? Mənaf... İrəf!
Aaz... əə-də! Ay üstünə od
tökülsün, sənnən dəyiləm mən?
Mən istəməsəm də Toqjanın əlini
buraxıram və guya indicə eşidirəm arvadın səsini.
- Mənnən?
- Ə, bəs sənnən dəyiləm kimnənəm? Burda ayrı
vurğun vurmuş var?
- Mən
bilən sən Məhəmmədi, İrəfi, Mənafı
çağırırdın. Mənim də adım...
- Nədi,
ə, bəs sənin adın?
- Ah, mənim
adımı bilmirsən? Gəl tanış
olaq! Əli! - Əlimi ona uzadıram.
- Adın
Əli saa qənim olsun! - Çəliyi ilə əlimin
üstünə vurmaq istəyir, alınmır. -
Sarımısan dayna məni?
Mən
sakitcə deyirəm:
- Yox!
- Ürəyinə
qara ox istəmişəm, Əli!
- Sağ
ol, nənəcan!
- Neynək,
qoy o beqeyrət gəlsin, gör səni ona döydürrəm
ya yox?
- Təşəkkür
edirəm, nənəcan!
- Nəyə
şükür eliyirsən, ay yazıq, ay yetim, ay dədəsiz-nənəsiz...
nəhlət saa şeytan dayna!
- Yetim niyə
oluram? Mənim iki atam, iki anam, sənin kimi də mehriban,
qayğıkeş, sevimli nənəm var!
-
Dolamısan dayna məni?! Yəəsiz görmüsən,
heyləmi?! Ə, mən bir elin ağbirçəyiyəm
ey! Aş qazannarının ağzı
açılmazdı ey, mən gəlincə. Baxma indi qalmışam bir zatıqırıq gədənin
umuduna. Nə yediyimi bilirəm, nə
işdiyimi bilirəm. Bu gündü mən
görürəm? Allah bunu götürər?
- Bu yerdə yenə də göz yaşları gəlir
köməyə və mən təslim oluram.
-Genə başdadın, Nənə?
Nənəmin söyüşü, çoxmərtəbəli qarğışları, hədələri mənə o qədər də təsir eləmir, heç tükümü də tərpətmirdi, bir ağlamağına dözə bilmirdim. Belə vaxtda nə deyirdi eləyirdim, hətta qulağımı dirəyib qulaq asdığım radionu da keçirtməyə məcbur olurdum.
Arvad gün-gündən uşaqlaşır,
istəklərində sağlam məntiqə yer qalmır,
adamı tamam hövsələdən
çıxarırdı. Kitab oxumağımı da sevmirdi.
Baxmayaraq ki, Papamdan başqa iki qızı vardı Nənəmin,
Mamam Sitarə və xalam Sayad, hər ikisi uzaqdaydı, ona əl
yetirə bilmirdilər. Mamam kənddə öz dərdi-səri
ilə baş-başa idi. Xalam da kiməsə qulluq eləyən
həvəsdə və yaşda deyildi. Əri Ağdamın
hörmətli, vəzifəli kişilərindəndi.
Onların üç oğlu, üç qızı
vardı. Oğlanları da vəzifəli,
sayılıb-seçilən kişilərdi, qızları da
pis deyildi, elə birinin əri Novruzluda kolxoz sədri
olmuşdu, sonralar da rayonun hansısa idarəsinə rəhbərlik
edirdi. Bir sözlə, Xalam savadsız ev qadını olsa da,
ailə statusuna görə Mamamdan, yəni öz
bacısından yüksəkdə idi. Həm də
ərköyün və hökümlüydü. O nə qədər
ərköyündüsə, Mamam da o qədər qürurlu
idi, ondan itaət tələb eləyən bacısına tabe
olmaq, ona yalmanmaq xarakterində deyildi. İki doğma bacının can deyib
can eşitdikləri nadir hallarda olurdu.
Mehribanlıq məqamında Nənəmə kitab
oxuyurdum. O
zamanlar “Kəlilə və Dimnə” çox populyardı,
Papam da almışdı o kitabı. Nənəmə
həmin kitabdan hekayələr oxuyurdum. Məmnuniyyətlə
qulaq asırdı, o vaxtacan ki, gözləri yavaş-yavaş
yumulur, ağzı aralanır və xırda-xırda
xoruldamağa başlayırdı.
Nənəm Molla Nəsrəddinin lətifələrini daha
çox bəyənirdi. Mən oxuduqca xımır-xımır
gülür, “Başıma xeyir!”, “Yaxşıca deyir!”, “Qareer
aybını örtsün!” kimi ifadələrlə
eşitdiklərinə münasibətini bildirirdi.
Əli Əmirli
525-ci qəzet.-
2016.- 6 fevral.- S.23.