Uzaqlara məktub

 

 

 

 

1995-ci ildə doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır.

 

Gənc Ədiblər Məktəbinin üzvüdür.

 

Bu qədər bəlli olmamalıydı yoxluğun,

Bu qədər hopmamalıydı

şəhərin divarlarına sənsizliyin qoxusu.

İlişməməliydi yamanmış asfaltlara

sənli xatirələr,

Çökməməliydi ruhuma

bir səni görməmək qorxusu.

Mən cəhənnəm,

şəhərə yazığın gəlmədimi?

Çox dəyişib sən gedəndən buralar:

İnsanları, heyvanları,

Binaların eyvanları,

Elə sizin məhləniz .

Sizin kiçik məhlənizdən

bütün evlər sökülübdü,

Traktorlar, buldozerlər

küçələrə tökülübdü.

Siz tərəfdən keçəndə mən

yeyir beynimi fikirlər,

Öyrənmək istəmirəm,

görən indi tikirlər.

Xədicə xalanın qanı qaralıb,

Rafiq dayının da vəziyyəti pisdi,

İçkiyə qurşanıb, deyir, ay bala,

əsas olan o ki, ürək təmizdi...

İndi məhlənizdən top səsi gəlmir,

Gizlənqaç oynayan uşaqlar yoxdu.

Məktub yazıram ki, agah olasan,

Dahaümidadlı uşaq da yoxdu.

lll

Hərdən ayaqlarım sözümə baxmır,

Lazımsız yerlərdə təpik döyürəm.

Mənim heç kəs ilə bir işim olmaz,

Günboyu özümə söyüş söyürəm.

Tuturam yaxamdan, çırpıram yerə

Üzümə tüpürüb çıxıb gedirəm.

Bu ağıl başıma gəlmir ki, yenə

Bir-bir səhvlərimi təkrar edirəm.

Gəzirəm gecələr hey veyil-veyil,

Min bir yalan çıxır hər daş altından.

Bu şəhər deyəsən mənimki deyil,

Götürüb aparın ayaq altından.

 

Mən yağış yağanda öləcəm

 

Mən yağış yağanda öləcəm, gülüm.

Şimşəklər çaxacaq, hamı duyacaq.

Mən yağış yağanda öləcəm, gülüm.

Mənim günahımı Tanrı yuyacaq.

 

Yaşayıb gedəcəm mən 5-10 il,

Siləcək insanlar yaddaşdan məni.

Bəlkə məzarım da qalmaz. Kim bilir?

Doğmalar tapacaq yad daşda məni.

 

Bilmirəm, beləsi yaxşımı, pismi?

Bir gün qara torpaq qucacaq məni.

Çürüyüb gedəndə məzarda cismim,

Ruhum səmalarda uçacaq yəqin.

İlk dəfə buluda toxunanda mən,

Sənin gözlərindən yağış yağacaq.

Bir məzar daşından oxunanda mən.

Həmin buludlardan sənə baxacam.

 

Mən yağış yağanda öləcəm, gülüm.

Şimşəklər çaxacaq, hamı duyacaq.

Mən yağış yağanda öləcəm, gülüm.

Mənim günahımı Tanrı yuyacaq.

 

Barı sən ağlama mən öldüyüm gün,

Onsuzda bilirdin bir gün öləcəm.

Sənə söz verirəm: “Mən öldüyüm gün,

Cənnət qapısından sənə dönəcəm”.

 

Yağışlı gecədə öləcəm, gülüm.

Üzümdə təbəssüm, səssiz-səmirsiz...

 

lll

 

Salam,

Bir-iki kəlməyəm mən,

Bir-iki başa düşmədiyin söz.

 

Sənəm mən,

Zəiflərin zəifi, tənhaların tənhası,

Başa düşmədiyin bir cüt göz.

 

Təsəllilərin ən pisi,

Tək ölənlərin növbətisi.

Şeirlərin ən zəifi,

Deyilməyən sözlərin ən güclüsü.

 

Adilərin adisi,

Bəsitlərin bəsiti.

- Bəs deyildi?

- Bəs idi.

 

 

Ulucay AKİF

525-ci qəzet.- 2016.- 6 fevral.- S.22