Oğuznamələrin tarixi və
tipologiyası
Tanınmış folklorşünas alim Əfzələddin Əsgərin “Oğuz yaradıcılığı” monoqrafiyası həmişəyaşar Oğuznamələrə həsr edilmiş fundamental bir tədqiqatdır.
Rəşidəddin
və Əbülqazinin, Dəvadari və A.Olearinin, Hafiz Dərviş
Əli Cəngi mətnləri, Bayburlu Osmanın Oğuznamə
adına bağlanan mətni, Dədə Qorqud və Topqapı
Oğuznamələri, “Atalar sözləri” kitabı və Məmmədəli
Oğuznaməsi monoqrafiya üçün tədqiqat obyekti
kimi seçilib.
Oğuznamə yaradıcılığının
ümumtürk folklor hadisəsi kimi götürülməsi
barədə çağırış monoqrafiyanın əsas
istiqamətini, məğzini və mahiyyətini təyin edir. Monoqrafiyada
Oğuznamə nümunələrinin ümumtürk folklor
hadisəsi kimi müdafiəsi ümumtürk sevgisindən daha
çox tədqiqat zamanı Oğuznamələr barədə
düzgün elmi nəticələrə gəlməyin mənbəyi
kimi düşünülüb.
Monoqrafiyada Oğuznamənin arxaik epik ənənə ilə
əlaqəsindən bəhs olunarkən şifahi mətndə
arxaik elementlərin yer tutmasının həmin mətnin
yaranması dövrünü əks etdirməsi ilə
müşayiət olunması daha qabarıq şəkildə
diqqətə çatdırılır.
Tədqiqatçı bu düşüncədədir ki,
Oğuznamə Oğuz elindən bəhs edən mətn
olduğuna görə Oğuz haqqında dastanın bütün
versiya və variantları Oğuznamə seriyasına daxil edilə
bilməz.
Müəllif öz araşdırması
üçün vacib və gərəkli olan, eyni zamanda həmişə
folklorşünaslıq tədqiqatlarının mübahisə
hədəfinə çevrilən şifahi və
yazılı ənənə barədə də dəyərli
fikirlər söyləyir.
Əfzələddin
Əsgər üçün proses halında olan şifahi
yaradıcılıq var. Yəni şifahi xalq ədəbiyyatı
nümunələri müəyyən bir prosesin nəticəsidir.
Yaradıcılıq prosesindən kənarda
bayatı, nağıl, dastan və s. yoxdur. Əslində
onun öz tədqiqatını “Oğuznamə yaradıcılığı”,
yaxud “Ümumtürk folkloru tarixində Oğuznamə
yaradıcılığı” adlandırması da elə bunun
nəticəsidir. Müəllif özü bunu həm
sözdə - irəli sürdüyü tezisdə, dediyi
etirafda açıq şəkildə bildirir, həm də əməldə,
konkret nümunədə - tədqiqatında həyata
keçirir.
Monoqrafiyada Ozan sənəti, Oğuznamənin ifası və
poetik forması xüsusi bir coşqu ilə
araşdırılır. Ozanın həm
söyləyici, həm musiqi aləti, həm də ifanı
özündə cəmləşdirən bir hava olması və
bunların tədqiqatçı tərəfindən səbr və
təmkinlə araşdırması ozan
anlayışının qədimlərə gedib
çıxdığını, onun əməlli-başlı
bir ömür yaşadığının təsdiqidir.
Burada tədqiqatçının dilçilik
baxışları da özünə müəyyən yer
tuta bilmişdir.
Monoqrafiyada
həm XI əsrdə yaşayan Mahmud
Kaşğarlının, həm də XIV əsr müəllifi Rəşidəddinin “ozan”
sözünü işlətməməsi “dünyanın
dağılması” kimi qələmə verilmir. Əksinə, bu faktlar həmin sözün mahiyyətinin
açılmasında bir mənbə səviyyəsində dəyərləndirilir.
Beləliklə, Kaşğarlı dövründə ozan
ifaçılığının olmaması, “tarixi-oğuzan
və türkan” anlayışına rəğbət bəsləyən
Rəşidəddinin isə bədii mətnlə o qədər
də maraqlanmaması faktları ortaya çıxır.
Monoqrafiyada Oğuznamələrin yazıya
alınmasına və onların mətn xüsusiyyətlərinin
tədqiqinə daha geniş yer ayrılıb. Tədqiqatda
Oğuznamələr şifahi ifadan yazıya alınmasına,
təsvir üsuluna və tərtibə görə
qruplaşdırılır. Mətnin
şifahi ifadan yazıya alınmasının nümunələri
sırasına Dədə Qorqud Oğuznamələri,
Topqapı Oğuznaməsi və F.Ditsin üzə
çıxardığı “Atalar sözləri” kitabı
daxildir.
Bu mətnlər içərisində “Kitabi-Dədə
Qorqud” daha mükəmməl olduğuna görə ondan daha
geniş şəkildə bəhs edilir.
“Kitabi-Dədə
Qorqud”un variantlarının müqayisəsi
müasir folklorşünaslıq üçün çox əhəmiyyətlidir.
Bu baxımdan Vatikan nüsxəsində katib əlavələri
və şifahi ənənədən gələn formullar məsələsi
tam ardıcıllıqla öyrənilib. Bu
əlavələr dəqiqliklə nəzərdən
keçirilir, eyni zamanda onların səbəbləri izah
olunur.
Topqapı Oğuznaməsinə gəldikdə isə
onun Oğuz bəylərinin şərəfinə söylənmiş
alqışlardan, atalar sözlərindən, Qazan bəyə
məxsus söyləmələrdən ibarət olması nəzərə
çarpdırılır. Eyni zamanda sintaktik paralelizmlər
şəklində olan parçaların Oğuznamənin poetik
formasına uyğunluğu səciyyəvi fakt kimi dəyərləndirilir.
“Atalar sözü” kitabına daxil olan nümunələrin
də bir mətn kimi şifahi ifadan yazıya alınmasına
görə öz üstünlüyünü qoruyub
saxlaması qeyd edilir.
Təsvir
üsulu ilə yaranan mətnlər sırasına Oğuz
tarixi haqqında olan Rəşidəddin (“Cami-ət təvarix”)
və Əbülqazi (“Şəcəreyi-tərakəmə”)
mətnləri, Basatın Təpəgözü öldürməsi
haqqında Dəvadari mətni, Qazan xanın Dağıstan
tatarları üzərinə yürüşü haqqında
A.Oleari mətni, Bükdüz Əmənlə Yetim Qozan
arasında qan düşmənçiliyi haqqında Hafiz Dərviş
Əli Cəngi mətni və nəhayət, Oğuznamə əsasında
yazılmış Bayburtlu Osman mətni daxildir.
Bunların hər birinin özünəməxsus
xüsusiyyətləri olduğu kimi ortaq cəhətləri də
vardır. Belə ki, Rəşidəddin yazıya
aldığı mətnin informatorları haqqında məlumat
verdikdən sonra Nuh peyğəmbər, onun dünyanı
öz oğlanları arasında bölüşdürməsindən
danışır. Əbülqazi də
peyğəmbərlərin tarixi haqqında məlumat verməyi
daha faydalı hesab edir. Rəşidəddin
və Əbülqazinin mövqeyi bir növ klassik ədəbiyyatdakı
ənənəvi başlıqları - minacat, nət, mədhiyyə
və fəxriyyəni yada salır.
Monoqrafiyada
Dəvadari, A.Oleari, Hafiz Dərviş Əli Cəngi, Bayburtlu
Osman mətnləri barədə də faktlar və müqayisələr
əsasında geniş təsəvvür yaradılır.
Tərtib üsulu ilə yaranmış mətnin ən
bariz nümunəsi isə şərti olaraq
adlandırılmış Məhəmmədəli Oğuznaməsidir
(əsl adı “Məcməül-əmsali-Məhəmmədəli”dir). Görkəmli
dilçi və mətnşünas alim Samət Əlizadə
onu “Oğuznamə” adı ilə çap etdirmişdir. Aydınlıq üçün qeyd edək ki, həm
Samət Əlizadə, həm də Əfzələddin
Əsgər bu adı özlərindən uydurmayıblar,
çünki kitabın üzərində “bu, Oğuznamə
kitabıdır” sözləri yazılmışdır.
Monoqrafiyada oğuzların etnik tarixinə ümumi bir nəzər
yetirilir.
Oğuzların cahangirlik yürüşlərinin Oğuzun
övladları arasında hakimiyyət bölgüsü
aparmasından başlanması faktlarla əsaslandırılır. Mövcud elmi mülahizələri nəzərə
alsaq, oğuzların etnik tarixinə olan baxış nə qədər
bəlli və ümumidirsə, bundan fərqli olaraq, nəticə
bir o qədər konkret və əhəmiyyətlidir. Beləliklə, Oğuznamə ilk dəfə olaraq
Əfzələddin Əsgərin monoqrafiyası ilə əcdadlar
haqqında dastanlar kimi təqdim olunur. Eyni
zamanda Oğuznamənin Qara xanla, Oğuzla bağlı tarixi
gerçəkliyi düzgün əks etdirməsi
vurğulanır.
Oğuznamədə
“Oğuz”, “Qalın Oğuz eli”, “Oğuz eli” ifadələrinin
sıx-sıx işlədilməsi tədqiqatçının
Oğuz elinin tərkibinə daxil olan boylar haqqında müəyyən
mülahizələr söyləməyə məcbur edib. Hətta Rəşidəddinin “Cami-ət-təvarix”də
bəzi Oğuz boyları haqqında söhbət
açması müəllifi bu barədə
danışmağa daha da həvəsləndirib.
Müəllifin mövcud mənbələrə və tədqiqatlara
istinadən gəldiyi nəticə belədir ki, Göytürk
dövlətinin süqutundan sonra onların yerini tutmaq
uğrunda mübarizə başlamış və bu mübarizədə
uyğurlar (doqquzoğuzlar) karluklara və oğuzlara qalib gəlmişlər.Oğuz
elinin formalaşması IX əsrin sonu X əsrin əvvəllərinə
aiddir. Onlar bu zaman Oğuz çölündə -
Balxaş gölünün cənubundan Volqa
çayının aşağı axarlarına qədər
olan torpaqlarda məskunlaşdılar. XI əsrin
ortalarından Oğuz çölü Qıpçaq
çölü adlanmağa başladı.
Eyni zamanda tədqiqatda Oğuznamələrlə tarixi
salnamələrin qarşılıqlı müqayisəsi əsasında
birbaşa Oğuz tarixinin mərhələləri şərh
edilir ki, bu da əslində Rəşidəddin və
Əbülqazi mətnlərindən irəli gəlir. Məntiqi
olaraq Kayı, Qaraxan, Oyunak, Buran soyları və Sərəngin
hakimiyyətə gəlişi haqqında olan Oğuznamələr
araşdırmaya cəlb edilir. Oğuznamələrdə
yaşayan türk
tarixi ilə bağlı həqiqətlər meydana
çıxarılır.
Tədqiqatçı düşünür ki,
dastanın kimə aid olmasını onun məzmunu ilə təyin
etmək müəyyən bir üsul olsa da, yeganə və
yetərli üsul deyil. Bu təyinolunma prosesində hansı
dastanın hansı etnik mühitdə yaranmasının
mühüm rolu vardır. Ona görə də “oğuz”
sözünün sosial anlamı ilə etnik anlamı barədə
mövcud elmi fikirlərə daha çox diqqət yetirməklə
bərabər, oğuzların türkman adlanan etnosla
bağlılığı və o cümlədən,
türkman etnonimi, onların tarix səhnəsinə
çıxması, islam dünyagörüşü ilə əlaqələri,
etnik tərkibi və s. məsələlərə Oğuznamə
yaradıcılığı çərçivəsində
aydınlıq gətirilir.
Oğuznamədə
nişan verilən və iyirmi dörd
oğuzu birləşdirən etnik sistemin dinamikası
türkman etnoniminin şərhinə yol açır. Bu sıradan Oğuznamənin ilk oğuz tərəfdarlarına
uyqur adı verməsi türkman etnoniminin daxili məzmununa
nüfuz etməyi vəzifə kimi irəli sürür.
Yenə bu sıradan dastanlarda türkmanlara daxil
olan karlukların, qıpçaqların deyil, məhz
oğuzların vəsf olunması türkmanlar içərisində
oğuzların əsas etnik əcdad statusunu nümayiş
etdirir ki, bu da türkman etnoniminin tarixi qatlarına baş
vurmağı zərurətə çevirir. Əlavə olaraq bu sıradan Əbülqazinin
“Şəcəreyi-tərakəməsi”ndə səlcuqlarla
türkmanlar barəsində irəli sürülən tezislər
tədqiqatçını istər-istəməz bu məsələlərə
yönəldir.
Türkmanların gəlişi ilə başlanan Oğuznamə yaradıcılığı, Monqol epoxasının Oğuznamələrin inkişafında rolu, bir az sonra Ağqoyunlu təsiri faktlarla şərh olunur. Bu şərhlərdə tarixi faktlarla Oğuznamələrdəki detallar qarşılıqlı şəkildə elmi nəticələrin formalaşmasına şərait yaradır. Oğuznamələr tarixin ədəbi-mədəni abidələrinə çevrilir.
Oğuznamələrin tarixinə və Oğuznamələrdə verilən tarixə xüsusi nəzər yetirən tədqiqatçı bu möhtəşəm ədəbi abidənin son mərhələsinə də bir aydınlıq gətirir. Əslində “son mərhələ” adı altında Oğuznamənin epik dövriyyədən çıxması prosesi şərh olunur. Oğuznamənin Əbülqazinin “Şəcəreyi-tərakəmə” əsərindən qaynaqlanan və türkmən etnik mühitinə aid mərhələsi türkmənlərin Oğuznamədən Salur Qazanı ayıraraq onu özlərinin əcdadına çevirməklə yekunlaşır. Oğuznamənin A.Oleari mətninə söykənən Qızılbaş mərhələsi Oğuznamə ünsürləri ilə mifik görüşləri birləşdirən mətnlərlə seçilir. Oğuznamənin Osmanlı mühiti ilə bağlı olan və bundan dolayısı ilə yaranan Anadolu mətnlərinin digər mətnlərdən fərqi isə Oğuznamədə adı çəkilən qəhrəmanların elə öz adları ilə yaşatmasıdır.
Başqa bir davamedicilik ondan ibarətdir ki, “Dədə Qorqud”un bütün mətni xoşbəxtlikdən unudulmayıb və ona aid dörd boy müxtəlif dəyişikliklərlə XX əsrə qədər gəlib çatmışdır. Bu hal Dəli Domrul, Basat, Beyrək və Qazan xanın evinin yağmalanması boylarına aiddir. Dəli Domrul boyunun rəvayətlərə təsiri bu iki mətn arasındakı fərqləri və ortaq cəhətləri aşkarlamağa imkan verir. Basat boyunun süjetinə uyğun nağıl və rəvayətlərin özəlliyi isə onların türk xalqları içərisində daha geniş yayılmasıdır. Qazan xanın evinin yağmalanması boyunun təsiri ilə yaranmış bir mətnin isə özəlliyi ondadır ki, bu mətndə eposa aid qəhrəmanların bəzilərinin adı qorunub saxlanılmışdır: Bayındır, Qarabudaq, Dirsə xan, Qazan xan və s. Beyrək boyunun nağıl variantlarına Türkiyə coğrafiyasının hər tərəfində rast gəlinib və “Oğuz eli” adının yaşaması da Beyrək boyu ilə bağlı nağıllara borcludur. Tədqiqatçı çox inamlıdır ki, Oğuznamənin müasir mətnlərini orta əsrlərdə yazıya alınmış nümunələrdən tanıyırıq. Yəni şifahi ənənənin aparıcı olduğu folklorda yazıya alınmanın da öz əhəmiyyəti və faydası vardır.
Oğuznamənin Tütkman və Türkmən, Osmanlı və Qızılbaş mühitləri ilə bağlı olmasından asılı olmayaraq, Oğuznaməni yaradan da, onu qoruyub saxlayan da, onu ifa edən ozan da, onun məsuliyyətini daşıyan da məhz Oğuzlardır.
Əfzələddin Əsgərin “Oğuznamə yaradıcılığı” monoqrafiyasında araşdırılan bütün problemlərə konseptual mövqedən və müasir elmi-nəzəri səviyyədən yanaşılır. Şübhə yoxdur ki, monoqrafiya gələcəkdə bu məsələlər ətrafında yazılacaq əksər tədqiqatları təsir altına alacaqdır.
Kamran
ƏLİYEV
Əməkdar
elm xadimi
525-ci qəzet.- 2016.- 6 fevral.- S.19