“Yaxşı ki, dünyada yaxşılar
varmış...”
GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS-ALİM, TƏRCÜMƏÇİ VƏ PEDAQOQ, PROFESSOR MƏMMƏD QOCAYEVİN 75 İLLİK YUBİLEYİNƏ
Müəllimim
- professor Məmməd Qocayev haqqında
yazıya onun qısa tərcümeyi-halı ilə başlamaq
istəyirəm.
M.Q.Qocayev
1941-ci ildə Gürcüstanda anadan olub, 1960-cı ildə
Marneuli Pedaqoji Məktəbini, 1965-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus
Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı
Slavyan Universitetini) bitirib. Həmin vaxtdan bu
günədək Universitetimizdə çalışır.
“Xarici ədəbiyyat
tarixi” kafedrasının müdiri, fakültə
dekanı, elmi işlər üzrə prorektor, “Azərbaycanda
rus dili və ədəbiyyatı” jurnalının baş
redaktoru vəzifələrində
çalışmışdır.
1997-ci ildən “Klassik rus ədəbiyyatı tarixi”
kafedrasının müdiridir.
1975-ci ildə rus ədəbiyyatı üzrə namizədlik,
1990-cı ildə isə doktorluq dissertasiyaları müdafiə
etmiş M.Q.Qocayev Azərbaycanda rusistikanın və filologiya
elminin inkişafına layiqli töhfələr verib.
Filoloq alimin “F.M.Dostoyevski yaradıcılığında
xarakter konsepsiyası” doktorluq dissertasiyası ciddi rezonans
doğurub və Azərbaycanda Dostoyevskişünaslıq elmi
məktəbinin təməlini qoyub. Alimin “Nizaminin insan fəlsəfəsi”,
“F.M.Dostoyevskinin xarakter və ideyaları” monoqrafiyaları,
“Ədəbiyyatda obrazlar və xarakterlər” məqalələr
toplusu (son iki kitab rus dilindədir) postsovet dövr milli ədəbiyyatşünaslığımızın
ən ciddi nailiyyətləri kimi dəyərləndirilə
bilər.
Müasir
Azərbaycan ədəbiyyatşünaslığı və tərcüməşünaslığının,
tərcümə sənətinin inkişafında M.Q.Qocayevin
böyük xidmətləri var. O, dahi rus
yazıçısı F.M.Dostoyevskinin “Şeytanlar”, “Yeniyetmə”,
“Yoxsul insanlar” kimi məşhur romanlarını, bir sıra
povest və hekayələrini, “Yazıçının
gündəliyi” fəlsəfi-nəzəri kitabını, eləcə
də Bakı Slavyan Universitetinin Tərcümə problemləri
elmi-tədqiqat laboratoriyası tərəfindən akademik Kamal
Abdullayevin təşəbbüsü ilə həyata
keçirilən “Filoloqun kitabxanası - 100” layihəsi üzrə
nəşr olunan M.Baxtinin “Dostoyevski poetikasının problemləri”
monoqrafiyasını, Lev Anninskinin “Cevizin içi” tənqidi məqalələr
toplusunu dilimizə çevirib, “Karamazov qardaşları”
romanının ilk Azərbaycan tərcüməsinin redaktoru
olub.
Prezident sərəncamı
ilə reallaşmaqda olan 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası” seriyasında L.N.Tolstoy və F.M.Dostoyevskinin hər
birinin üç cildlik seçilmiş əsərlərindən
ibarət kitabları M.Qocayev nəşrə
hazırlamış, onlara ön söz yazıb. F.M.Dostoyevskinin üçcildliyinə daxil edilmiş
“Şeytanlar” romanı onun tərcüməsində təqdim
olunub.
20 nəfərdən
çox filologiya üzrə fəlsəfə doktoru və
elmlər doktoru yetişdirmiş M.Q.Qocayev Azərbaycan
Respublikası Təhsil Nazirliyi nəzdində Metodiki
şuranın, Ali Attestasiya Komissiyasının Filologiya elmləri
üzrə Ekspert şurasının, Azərbaycan
Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi
şurasının (filologiya problemləri üzrə)
üzvüdür.
Ədəbiyyatşünas-alimin müəllifi olduğu
onlarla monoqrafiya və elmi məqalələr Azərbaycanda və
xaricdə nəşr edilmişdir.
Görkəmli alim və pedaqoqun təqdim olunan qısa tərcümeyi-halının
arxasında təkcə sadalanan kitab və məqalələr,
elmi-pedaqoji, təşkilati fəaliyyət durmur. Bu alim və əsl
müəllim ömrünün və zəkasının
arxasında minlərlə işıqlı insan taleyi
dayanır. M.Qocayevin tələbəsi olmus hər kəs
- BSU məzunları tərəfindən elmi işinə rəy
verilən, opponentlik olunan, elmi rəhbərlik edilən
doktorantlar və dissertantlar, onun sözünü, məsləhət
və tövsiyələrini eşidənlər orta və ali məktəblərdə, elmi müəssisələrdə
və yaradıcılıq təşkilatlarında yalnız
yüksək amallarla çalışmağı özünə
borc hesab edirlər və etməlidirlər də. Bu, prof.Məmməd Qocayevin öz yetirmələrinə
aşıladığı xeyirxahlıq, tolerantlıq, təvazökarlıq,
milli ruh, səmimiyyət, ədalət və zəhmət,
professionallıq və sair kimi vacib keyfiyyətlərdir ki,
bugünkü gəncliyimizin də formalaşmasının
vacib komponentləri hesab olunur.
Bu gün biz təhsildə yeni yanaşmaların, təlim
texnologiyalarının tətbiqinə səy göstərir,
sinif otaqları və auditoriyalarımızı ən yeni
avadanlıqlarla təchiz edirik. Zəmanə ilə
ayaqlaşmağa çalışırıq və
ayaqlaşırıq da. Lakin müəllim
şəxsiyyəti arxa plana keçməyə
başlayır. Dahilərin müəllim
şəxsiyyətinə, onun öz talelərində
oynadığı rola verdiyi qiymət, təlim-tərbiyə
prosesinin ən vacib iştirakçısının müəllim
olması barədə fikirləri əsrlərin
sınağından çıxıb. İndiki
halda bu məsələ daha da aktuallaşır. Çünki təlim-tərbiyə prosesi,
bütövlükdə didaktika daha çox şəxsi
nümunə üzərində yüksələn prosesdir.
Qədim Roma filosofu və şairi Senekanın “Ən adi
nümunə ən bəlağətli moizədən təsirlidir”
deyimini və ya “Yaxşı nümunə ən yaxşı tərbiyədir”
ingilis atalar sözünü yadımıza salsaq,
bugünkü orta məktəb və universitetlərimizdə
şəxsi nümunə ola biləcək
müəllim qıtlığı probleminin nə qədər
bariz səsləndiyinə diqqət yetirməliyik.
Dərslərimizdə
əyanililiyə, yaradıcı tətbiqə, tələbələrdə
kreativ düşüncənin və ünsiyyət vərdişlərinin
formalaşmasına, onlar tərəfindən yerinə yetirilən
sərbəst işlərin orijinallığına
çalışdığımız, lakin kompyuter və
yüksək texnologiyalar zəmanəsində buna çətinliklə
nail olduğumuz bir vaxtda sevimli müəllimimiz M.Qocayevin
mühazirələri və onlar ətrafında müzakirələrimiz
yada düşür. Əksəriyyəti kənd
məktəblərinin məzunları olan və rus dilində
danışmağa təzəcə başlayan tələbələr
onun rus ədəbiyyatı tarixi üzrə mühazirələrini
gözəl qavrayır, anlaşıqlı və tələbələrin
dilbilmə səviyyəsinə uyğun söylənən
mühazirə mətnlərini dövlət imtahanınadək
göz bəbəyi kimi qoruyurduq.
Digər qrupların tələbələri də Məmməd
müəllimin mühazirə mətnlərini bizdən
alıb köçürür və istifadə edirdilər.
Mətnlərdəki sadə sintaksis, intonasiya, dinamika,
mövzulara fəlsəfi, məntiqi və həyati münasibət
əsl interaktivlik, ünsiyyətyaratma nümunəsi idi. Bir neçə il bundan
öncə rayon məktəbində çalışan tələbə
yoldaşlarımdan biri, üstündən 30 il ötməsinə
baxmayaraq, M.Qocayevin mühazirə mətnlərini öz ön
sözü ilə metodiki vəsait kimi çap etdirməyi məndən
xahiş etmişdi. Ona M.Qocayevin sevimli tələbələrindən
biri dosent Nəsib Cəbrayılov tərəfindən tərtib
olunmuş və onun ön sözü ilə işıq
üzü görmüş “Ədəbiyyatda obrazlar və
xarakterlər” məqalələr toplusunu təqdim etdim və
onun arzusunun müəyyən mənada artıq
reallaşdığını söylədim. Alim və müəllim
üçün bundan xoşbəxt və yüksək məqam
ola bilərmi? Bu cür
kitabların olduqca vacibliyinə daha bir nümunə gətirmək
istəyirəm.
Moskva
Dövlət Universiteti tərəfindən nəşr
edilmiş N.İ.Libanın “Rus ədəbiyyatı tarixi
üzrə mühazirələr” kitabının (rusca) qocaman
müəllimin şifahi mühazirələri əsasında
onun yetirmələri tərəfindən ərsəyə gətirilmiş
dərs vəsaiti olmasına baxmayaraq, onu bu kursa dair ən
lakonik, səlis, anlaşıqlı, əhatəli və məzmunlu
dərs vəsaiti kimi tələbələrimə tövsiyə
edirəm.
Professor
M.Qocayevin kitabına gəlincə, buradakı məqalələr
əsasən rus və dünya ədəbiyyatında
Dostoyevski yaradıcılıq fenomeninə həsr olunsa da, rus
və xarici ölkə ədəbiyyatlarının gözəl
bilicisi sayılan müəllifin sətiraltı niyyəti
poetika və ədəbiyyatda insan konsepsiyası məsələlərinin
müasir Azərbaycan ədəbiyyatşünaslığının
gündəminə səriştəli və sistemli şəkildə
gətirilməsi idi. Son illərin ədəbiyyatşünaslıq
üzrə tədqiqatlarında bu niyyətin artıq
reallaşmaqda olmasının şahidiyik. Məmməd
müəllimin “Koroğlu”da barokodan, Nizami “Xəmsə”sində
insan konsepsiyasından, Çernışevsi estetikasından, Şpenqlerin
Qərb mədəniyyətinin iflası nəzəriyyəsindən
və s. onlarla mövzuda yazılarının hamısında
böyük bir ruh, cəsarət, məsələlərə
dərin fəlsəfi və elmi yanaşma tərzi,
inandırıcılıq var. Burada akademik D.S.Lixaçovun bir
fikrini səsləndirmək də yerinə düşür:
“Elmin təşkili ilə elm adamları məşğul
olmalıdırlar”. Prof.M.Qocayevin elmi işlər üzrə
prorektor, fakültə dekanı, kafedra müdiri, Universitet Elmi
Şurası Elm və təhsil komissiyasının sədri,
jurnal redaktoru, sıravi professor kimi bütün fəaliyyətlərində,
filoloji araşdırmalarında əsl elm adamının dəsti-xətti
duyulub və duyulur. Onun fəaliyyəti və həyat
yolu hamımıza örnəkdir.
M.Qocayevin müasir Azərbaycan bədii və filoloji tərcümə
sənətinin formalaşmasında rolu ayrıca mövzunun
söhbəti olsa da, bir maraqlı məqamı xüsusi
vurğulamaq istərdim. Dostoyevskinin 5 böyük romanından ikisini, eləcə
də “Yoxsul insanlar”ı ilk dəfə dilimizə çevirən,
tərəfimdən tərcümə edilmiş “Karamazov
qardaşları” romanına daxil olan “Böyük inkvizitor”
poemasını Azərbaycan dilinə tərcümə edən
və ona ön söz yazan Məmməd müəllim
filologiya elmimizə olduqca gərəkli olan bir sıra
kitabları da dilimizə çevirdi. Daha
çox 2000-ci ildən sonra formalaşma mərhələsinə
qədəm qoymuş müstəqil tərcüməşünaslığımızda
“tərcümə azad və sərbəst, yoxsa adekvat
olmalıdır?” mübahisələri zamanı bədii və
filoloji mətnlərə xüsusi və professional, elmi
münasibət sərgiləyən M.Qocayev əslində
öz tərcüməçi dəsti-xətti ilə tərcümə
mətnlərində özbaşınalıq
tendensiyasının qarşısına sipər çəkənlərdən
oldu. Onun son tərcümələrinin -
Dostoyevskinin “Yoxsul insanlar” romanının və
“Yazıçının gündəliyi” elmi-nəzəri-publisistik
traktatının dili və üslubu diqqətəlayiqdir.
M.Qocayevin bədii tərcümə işinə və bu
problemə münasibətini əks etdirən fikrinə istinad
etmək yerinə düşərdi: “Sərbəst və azad
tərcümə deyilən bir şey əslində işin
asanına getmək deməkdir. Tərcüməçi
əsəri öz anladığı kimi çevirir və
oxucuya faktiki olaraq öz versiyasını təqdim edir.
Adekvat tərcümə isə (aydın məsələdir
ki, tam mənada adekvat tərcümə ola bilməz), daha
doğrusu, buna cəhd çox ağır bir
yaradıcılıq işidir, həmmüəlliflikdir...”.
Məmməd müəllimin ədəbi əlaqələr
mövzusunda yazıları üstünlük təşkil etməsə
də, o, xarici ədəbiyyatların, o cümlədən,
rus ədəbiyyatının Azərbaycanda mənimsənilməsi,
sözün geniş mənasında, adekvat resepsiyası məsələlərinə
də həssaslıqla yanaşan tədqiqatçılardandır. Bu mənada
onun tərcümə etdiyi “Yazıçının gündəliyi”
əsərinə bir daha müraciət etmək istəyirəm.
Hamımıza yaxşı məlumdur ki, Dostoyevskinin türklərə qarşı qərəzli və ədalətsiz münasibətinə rəğmən, Türkiyədə və bütün türk dünyasında onun yaradıcılığına çox böyük maraq var. “Karamazov qardaşları” romanı təkcə Türkiyə türkcəsinə 8 dəfə tərcümə edilib.
Çoxaspektli və geniş “Yazıçının gündəliyi” publisistik məqalələr toplusunu dilimizə çevirən M.Qocayev Dostoyevskinin nəhəng və əvəzolunmaz yazıçı və böyük publisist olmasını təsdiqləməklə yanaşı, onun publisistik irsinə tənqidi və obyektiv münasibətini də ifadə edir.
Tərcüməyə müqəddimədə o yazır: “Dahi və humanist yazıçı kimi tanınan Dostoyevski türklərdən söhbət düşəndə tamamilə dəyişir və öz mülahizələrində səhvlərə və haqsızlığa yol verir. Məsələ burasındadır ki, müharibələrdə hər cür haqsızlıqlara və lüzumsuz əzazilliklərə rast gəlmək olur. Amma bunları yalnız türklərin adına yazmaq heç də ədalətli yanaşma deyildir. Bu isə bir daha onu göstərir ki, yazıçı bədii həqiqətlərdən kənara çıxaraq, ona yad olan siyasi məsələlərə qarışanda, hökmən ağır səhvlərdən yaxa qurtara bilmir. Odur ki, dahi yazıçı, bədii söz ustası, publisist olaraq zəif və cılız görünür...”
Dostoyevski kimi Sovet dövrü Azərbaycan dilinə az tərcümə edilmiş rus müəllifi irsinə M.Qocayevin dərindən bələdliyi nasirin son on beş ildə dilimizə adekvat tərcüməsinə və yaradıcılığının uğurlu resepsiyasına imkan verdi. Alimin bu istiqamətdə məhsuldar fəaliyyətinin ədəbiyyatşünaslığımıza yeni uğurlar qazandıracağı şübhə doğurmur.
Təbii ki, bütün bu söhbətlərin başında duran Məmməd müəllimin müdrikliyi, ətrafındakı insanlara münasibətdə fədakarlığı, səmimiyyəti və yeri gələndə tələbkarlığıdır. Yetirmələri onu özlərinin “mənəvi atası” hesab edirlər.
O, insanları gözəl tanıyır və
səciyyələndirir, xeyirxah münasibəti ilə
hamını yaxşı olmağa, insanlarda yaxşı
xüsusiyyətləri görməyə
çağırır. O, gözəl və mehriban ailə
başçısıdır. Mənə sevimli müəllimimizin
nəvəsinin müəllimi olmaq xoşbəxtliyi və
baba-nəvə münasibətlərinin, bu
qarşılıqlı sevginin nə olduğunu görmək
nəsib olub. Allahdan ona uzun ömür, can
sağlığı, elm və təhsilimizə xidmətdə
uğurlar arzulayırıq.
Telman Cəfərov
(Vəlixanlı)
525-ci qəzet.-
2016.- 6 fevral.- S.18