Ürəkdəki
çıraq
Hamımız torpağınıq.
Torpağın üstündə doğuluruq, yalın
ayaqlarımızla onun köksündə ilk
addımlarımızı atırıq, bərəkətindən
güc alaraq böyüyürük, “ana” dediyimiz bu
varlığa ömrümüz boyu borclarımızı
qaytarmağa çalışırıq və nəhayətdə
dövrə qapanır, yenidən müqəddəs
torpağın ağuşuna qayıdırıq.
Bu, hər insanın taleyidir.
Amma dəyərli Azərbaycan alimi, gödək
ömür sürsə də, yaddaşlarda və ürəklərdə
həmişəlik qalmaq haqqı qazanmış professor Muxtar
Abduyevin (1926-1979) torpaqla təmaslarının hər kəsə
nəsib olmayan başqa özəllikləri də var.
O,
torpaqşünas alim idi, torpağın təbibi,
loğmanı idi. Torpağın dərdlərinə
çarə qılmağın, torpağın
ağrılarını müalicə eləyərək onu
insanlarçün daha faydalı etməyin yollarını,
üsullarını, sirlərini də bilirdi.
Torpağı hamımız sevirik, amma bu bilgin insanın
torpaq sevgisində xüsusi bir nəvaziş,
qayğıkeşlik duyğusu da vardı.
Canına duz işləmiş, şoranlaşmış,
əkilib-becərilməyən torpağı sağaldaraq onu
yenidən əbədi vəzifəsini yerinə yetirməyə
hazırlamaq, ölmüş torpağa dirilik vermək Muxtar
Abduyevin alim axtarışlarının başlıca qayəsi
idi.
Onu “torpaq
həkimi” adlandıran şair dostu Əli Tudə Muxtar müəllimin
bu məziyyətini doğru tutmuşdu:
Aran
qucağında, yaylaq üstündə,
Nə rütbə, nə də ki şöhrətdir
andı.
Yox, yox, bərəkətli
torpaq üstündə
Anamız torpağa xidmətdir andı.
Zəkasını və gəncliyinin ən gözəl
illərini bu niyyətə yönəltmək, əlbəttə
ki, ən əvvəl daxildən gələn bir sevgiylə
bağlıdır. Həmin sevginin nəticəsidir ki, Muxtar
Abduyev Azərbaycan torpaqşünaslıq elmini inadlı
axtarışlarının məhsulu olan akademik səciyyəli
ciddi məqalə və monoqrafiyalarla zənginləşdirməklə
yanaşı şeirlər də yazıb.
Ümumən şeirlər deyil, təyinatlı, məqsədli
şeirlər.
Torpaq, təbiət haqqında bədii lövhələr.
Bu,
dünya və Azərbaycan elminə çoxdan tanış
olan hadisədir. Elmli poeziya bizdə orta əsrlərdən
bəri həmişə olub. XIII yüzildə
dahi astronom, riyaziyyatçı, filosof Xacə Nəsirəddin
Tusi sahibi olduğu çoxqanadlı, çoxşaxəli
biliklər sayəsində ayrı-ayrı elm sahələrinə
dair bir-birindən qüvvətli risalələr qələmə
almaqla yanaşı, poeziyaya da üz tuturdu.
Qiymətli minerallar barəsində ayrıca traktat da
ortaya qoyurdu, amma eyni mövzunu şeirin zərif ifadə
meydanına da gətirərək əlvan minerallar haqqında
rəngin məsnəvi - poema da doğurmağı
bacarırdı.
Və o biri təki, bu da gözəl alınırdı.
İnsan
məşğul olduğu elm sahəsini şeirə döndərməyi
o vaxt bacarır ki, əvvələn, bütün bunları beş barmağı kimi dəqiq, aydın
bilir, mövzunun hər sirrinə, cikinə-bikinə qədər
bələd olur, digər yandan da mövzusuna, seçdiyi elm
istiqamətinə içərisində bir aşiqlik
yaşadır.
Professor Muxtar Abduyev də universal qabiliyyətlər
sahibi olmuş ulu alim babalarına xas bu keyfiyyətdən xali
deyilmiş.
Onun şeirləri növbəti bir şairin təbiəti
sadəcə vəsf edən məftunluqla dolu bədii düşüncələri
deyil. Muxtar Abduyevin torpağa, suya, dağa, daşa həsr
etdiyi şeirlər təbiətşünas, torpaqşünas
alimin biliklərə, elmi müşahidələrə
arxalanan və məhəbbətdən qaynaqlanan ağıl və
hisslərlə dolu təəssüratlarıdır.
Yəni bunlar sadəcə şair valehliyi deyil, məfhuma
alim məftunluğudur, nüvəsində, cövhərində
həm də bilik yükü daşıyan elmli misralardır.
Bu şeirlər, bir növ, Muxtar Abduyevin elmi tədqiqatlarının
davamı, onları tamamlayan cizgilərdir.
Elmin quru, sərt dili ilə sonacan deyə bilmədiklərinin
daha isti bir tərzdə ifadəsidir.
Muxtar Abduyev Azərbaycanın ən səfalı, ən
göyçək guşələrinə də, yalın
çöllərinə, gün qarsmış çılpaq
qayalarına da, ən münbit düzlərinə və
şoranlıq azarına mübtəla olmuş incik
torpaqlarına da eyni şövq və həssaslıqla, incə
məhəbbətlə yanaşıb. Hər təbiət hadisəsində,
təbiətin otundan, çiçəyindən tutmuş
çayına, ağacına, dağına, çeşməsinəcən
- hər təzahüründə həm də
özünü, bütöv ömür-gününü
görüb, taleyini tapıb:
Mən sənə
dünənim, gəncliyim deyim,
Daima
çağlayıb coşan, dağ çayım,
Yoxsa ki
bugünüm, sabahım deyim,
Hərdənbir
dincəlib susan, dağ çayı?!
Azərbaycanın əsrarəngiz təbiətinin bir
sehri də palçıq vulkanlarımızdır. Bu da
Allahın bir lütfüdür ki, planetimizdəki 2000-dən
artıq palçıq vulkanının 344-ü bizdədir.
Yer təkinin xəbərçiləri,
İlahinin yaratdığı “geoloqlar”ın - hərəsi
bir təbiət abidəsi olan palçıq
vulkanlarının bunca bolluğu Azərbaycanı nadirləşdirən,
bənzərsizləşdirən daha bir gözəllikdir.
Mən hələ ki, bir başqa Azərbaycan şairinin
bu təbiət möcüzəsinə ithaf etdiyi hansısa
şeirə rast düşməmişəm.
Muxtar Abduyevsə hələ 1967-ci ildə yerdən
püskürüb çıxan bu hərarət, atəş
ocaqlarına heyrət və məhəbbətlə misralar həsr
edib, onları doğma Vətən yavruları kimi
oxşayıb, canlı məxluq sayaq, sevimli, şıltaq
balalar kimi tərənnüm edib.
İndi
bomboş düzənlik kimi görünən ərazilərdə
pıqqapıqla qaynayan vulkanların əslində həm də
qərib minillərin o tayındakı keçmişlərdə
buraların dəniz olmasından xəbər verdiyini yazıb:
Azərbaycan
ölkəsinin,
Həm dağında, həm düzündə.
Vardır
bir çox təpələri,
Köhnə dəniz yerlərində.
Palçıq
vulkan adlanırlar,
Hündür-alçaq bu təpələr.
Yüksək
dağa, geniş düzə,
Sadiq olmuş bu körpələr.
Abşeronun
yaraşığı,
Xəzərin
də adaları
Sayılmışdır
çox hallarda,
Bu şux palçıq vulkanları.
Şairlərimizin bir gözələ, sevgiliyə aid
etdiyi “şux” təşbehini vulkana bənd etmək bu qələm
sahibinin öz Vətəninin hər varlığına
könüldən bənd olmasının göstəricisi
deyildir də, nədir?!
Şair
oxucusunu vulkanlarımıza etinasız baxmamağa, bu qaynar
palçıq bulaqlarında yurdun həm tarixini görməyə,
həm də millətin gələcəkdə üzə
çıxarılmalı gizlin yeraltı sərvətlərinin
izini, nişanəsini aramağa səsləyib:
Görən
axı nədir dərdi,
Vulkan belə güclü yanır?
Bəlkə
o da aşiq olub,
Ehtirasdan alovlanır?!
Çox güman ki, bu belədir.
Sevməsəydi
ölkəmizi,
Vurmaz idi
bizim yerdə
Belə çoxlu vulkan nəbzi.
Yer
üzünə çıxardığı
Onun
böyük dərinlikdən
Müxtəlif
növ çöküntülər
Xəbər verir keçmişlərdən.
Deyir bizə:
“Agah olun!
Həm
qurunun, həm dənizin
Dərin-dərin
yerləri də
Sərvətidir ölkəmizin.
Burda
vardır yataqları,
Yanan qazın, qara neftin.
Axtarsanız
taparsınız,
Onların çox mənbələrin!”
Azərbaycan poeziyasında təbiət lirikasının
kitabxanalar dolduracaq qədər sevimli örnəkləri
mövcuddur.
Lakin Hüseyn Arifin, Musa Yaqubun, ya təbiət
mövzularına tez-tez müraciət etmiş digər
şairlərimizin yaratdığı təbiət şeirləri
ilə elmdən şeirə gələn, şeirə
yalnız hissiyyatlarını yox, dəqiq müşahidə və
biliklərini də gətirən Şamo Rəhimov, Xudu Məmmədov,
Muxtar Abduyev və digər bu kimi alimlərin ədəbi təcrübələrinin
fərqi dərhal sezilir.
Muxtar Abduyev peşəkar alim və pedaqoq idi. Bu istiqamətlərin
ikisində də sözükeçər, nüfuzlu,
sanballı olub. Amma yaxşı alim olmaqla
bərabər Muxtar Abduyev həm də bunların bəlkə
ikisindən çətin bir fitrətin sahibi idi.
Yaxşı insan idi.
Təbii,
bunu mən öz qənaətim kimi deyil, onunla oturub-durmuş,
uzun illər boyu ünsiyyət saxlamış, dostluq,
qonşuluq etmişlərin, tələbələrinin, yetirmələrinin,
övladlarının inanmlı, etibarlı, bir-birini təsdiqləyən
və biri digərinə söykək duran xatirələrinin əsasında
bildirirəm.
Alimin yaxşılığını, qüdrətini,
ötkünlüyünü sübut edən ilk növbədə
onun əsəridir.
Alim
özü həyatda olmayanda da, lap yüz il
sovuşsa da, əsəri onun əvəzindən
danışa, onun parlaqlığına,
böyüklüyünə şahidlik edə bilər.
Yaxşı insan olmağın əsəri isə ürəklərdə,
hafizələrdə qalır.
Qəlpə-qəlpə xatirələr üst-üstə
qalaqlanır və artıq bir gün sən dünyada olmayanda
həmin yaddaşlar ən ədalətli münsif kimi
mövqe bildirir.
Səni
olduğun kimi tanıdır!
Xeyrə-şərə yarayan, mərhəmətli,
qayğıkeş olmusansa, xatirələr səni vaxtın
güzgüsündə məhz o cür, bunlara əks olan
xasiyyətləri daşımısansa, həmin təhər
nahamvar göstərəcək.
Anların donub qaldığı fotoşəkil, videolent
kimi. Daha nəyisə
dəyişmək, təzədən başlayıb ayrı
cür etmək imkanı yox!
Ona görə də yolu yarımçıq
qırılsa da, arzularının çoxu ürəyində
qalsa da, hər halda Muxtar müəllim xoşbəxt
insanmış. Onun haqqında indi illər
ayrılığından sonra xatirə bölüşənlərin
hərəsi bir xarakterdir, elmdə, həyatda hərəsinin
öz fəth etdiyi ucalıq, çatdığı zirvə
var.
Onların hər birinin ömründən çox
insanlar keçib və bir də Muxtar Abduyev.
Biri onunla tələbə yoldaşı olub, həmin illərin
axarındakı məsum, sabaha ümidli Muxtarı anır.
Bir başqası onunla enişli-yoxuşlu elm
yollarında addımlamağa lap ilk gənclikdən birgə
başlayıb - aspirant olublar, eyni illərin, ayların, bənzər
sualların, oxşar çətinliklərin
qayğıları, həyəcanları ilə
yaşayıblar.
Bir
başqası onu iş yoldaşı, bir ayrısı alim həmkarı,
bir digəri yaxın qonşusu kimi yada salır.
O
ömür dəmləri bir-birindən seçilir,
ayrılır, lakin hamısını qovuşduran cəhət
budur ki, eyni hədəfə vurur.
Hansı gözlə, hansı məsafədən
baxılmasından asılı olmayaraq, Muxtar Abduyevi sadə, təvazökar,
müdam kömək əlini uzatmağa hazır olan, həlim,
mehriban, şəfqətli bir insan kimi təqdim edirlər.
Ona
görə bu qəbil xatirələrin həm də
başqalarına dərs, ibrət olan tərəfi də var -
elə yaşamalı ki, həyatda olmayanda da yaşaya biləsən,
işığın kəsilməsin, rəhmətlə
anılasan, səndən ötrü balaların
başıaşağı olmasın, əksinə, iftixar edə
bilsinlər ki, belə valideynləri olub.
Təxminən
elə Muxtar Abduyev qədər qısaca ömür
yaşamış böyük azərbaycanlı, millətini və
yurdunu ürəkdən sevmiş, bu Vətəndən
ötrü fədakarlıqla çox əvəzsiz işlər
görmüş ədib və ictimai xadim Nəriman Nərimanov
(1870-1925) yaxın ölümün astanasında ikən
oğlu Nəcəfə məktub yazmışdı.
Həmin məktub bu gün yalnız müdrik atanın
yeganə övladına vəsiyyəti, nəsihəti kimi
qavranılmır.
Oxuduqca o sətirlərin ardında hamımıza
öyüd, görk olası xeyli vacib mətləblərlə
qarşılaşırıq.
Nəriman
Nərimanov dərin təcrübəli, səriştəli, bəsirətli
bir siyasətçi və dövlət adamı idi, gözlərinin
qarşısında baş verən hadisələrdən agah
idi ki, vəzifə, səlahiyyətlər, imtiyazlar iradəcə,
xislətcə zəif olan bir çox dünənki
dostlarını, silahdaşlarını, yoldaşlarını
insani naqisliklərə doğru sürükləyərək
qəfilcə necə dəyişdirib.
Azərbaycan
tarixinin ən taleyüklü, ən burulğanlı dönəmlərində
hakimiyyətin üst qatında yer tutmuş, ali və son dərəcə
məsul vəzifələr daşımış, buna və
üstəgəl ətrafdakıları müşahidələrinə
görə vəzifə anlayışının fəlsəfəsini
içəridən seyr edib qiymətləndirməyə qadir
olan Nəriman Nərimanov oğluna belə yazırdı:
“Əgər bir adamı yaxşı tanımaq, onun
bütün daxili aləminə bələd olmaq istəyirsənsə,
onu bir müddətə vəzifə başına qoy. Tezliklə həmin adamın müsbət və mənfi
cəhətləri üzə çıxacaq”.
Muxtar Abduyev 1968-1979-cu illərdə
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər
üzrə direktor müavini vəzifəsində işləyib.
1970-ci illərin axarındakı akademiya sisteminə
içəridən bələd olan, həmin dövrdə
orada çalışmağa başlayan gənc bir əməkdaş
kimi mənə yaxşı məlumdur ki, o çağlarda bu
vəzifə elmi müəssisədə işləyən hər
kəsin gələcək həyatına və elmi taleyinə
bilavasitə təsir edəcək qədər geniş təsir
imkanları verirdi. Qısası, Elmi-Tədqiqat İnstitutunda həmin vəzifəni
tutan rəhbər işçi həlledici adam
idi. Hətta bəlkə direktordan da. Çünki bütün işləri direktor
müavini aparırdı. Doğrudur,
ayrı-ayrı məsələlərdə son qərarı
direktor verirdi, ancaq hər halda yenə hər şey
müavinin o məsələylə bağlı təqdimatı
nə təhər etməsinə, məlumatı necə
çatdırmasına bağlı idi.
Muxtar
müəllim 12 il bu vəzifəni
daşıyıb və fəaliyyətləri ilə sübut
edib ki, insanı hörmətə çatdıran vəzifə
deyil, əksinə, vəzifəni hörmətə mindirən
ləyaqətli adamlardır.
Direktor
müavini olduğu illərdə imkanı çatdıqca
hamıya yaxşılıq etməyə
çalışıb, özünə qarşı müəyyən
haqsızlıqlar edilsə, intriqalar qurulsa da, tam layiq
olduğu halda akademiyanın müxbir üzvü seçilməyinə
maneçilik törədilsə də, dəyişməyib,
daxilən sınmayıb, bədxahlığın acısını
dadsa da, öz daimi xeyirxahlıq etmək şakərindən
dönməyib.
Ən çox da Muxtar müəllim kimi nəcib, əl
tutmaq, dayaq durmaq vərdişləri qanında, zatında olan
bir insanın bu vəzifədə olmasından cavanlar
qazanıb.
Bunu mənə həm oxuduğum bir çox xatirələr
pıçıldayır, daha əvvəlsə professor
M.Abduyevin yetirməsi, məhz onun qayğıları sayəsində
bir çox barıları rahatca adlayaraq elmdə yerini
tutmağı bacarmış köhnə dostum, AMEA-nın
müxbir üzvü Amin İsmayılovun söylədikləri.
Orası
var ki, həmin minnətdar xatirələrini Amin mənə
heç də bu xatirələr toplanmağa, yazılmağa,
nəşrə hazırlanmağa başlayanda deyil, Muxtar
müəllimə belə həssas münasibətin hələ
uzaq gələcəkdə olduğu ötmüş onillərdə,
elə söz sözü gətirəndə, borclu olduğu
insanları, ata qayğısı gördüyü müəllimlərini
yada salanda danışıb.
Səbəbsiz deyilməyib ki, yaxşılıq elə,
at dəryaya.
Balıq bilməsə də, Xaliq biləcək.
Sözün
hər üzünü nəzərə alan
atalarımız qəsdən belə ehtiyatla söyləyiblər.
Həqiqətdəsə, yaxşılıq elə
bir mənəviyyat incisidir ki, gec-tez mütləq qiymətini
alır və zamanla lap lal balıq da dil açaraq onu etiraf
edir.
...Muxtar
müəllimlə mən həyatda bircə dəfə
görüşmüşəm və ani epizod olduğundan
heç onun surəti də göz yaddaşımda
qalmayıb. Amma beynin, hafizənin qəribə
hikmətləri var. İndi Muxtar müəllimi
düşünürkən huşuma çox dəqiq şəkildə
həmin bir neçə dəqiqəlik ötəri
görüşdən öncə baş vermiş başqa
görüşdəki bir söhbət düşür.
Mən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsini bitirəndən sonra təyinatla Elmlər
Akademiyasının Fəlsəfə və Hüquq
İnstitutuna göndərilmişdim və tanınmış
filosof Ziyəddin Göyüşovun (1920-1982) rəhbərlik
etdiyi Fəlsəfə tarixi şöbəsində baş
laborant kimi işə başlamışdım.
1978-ci il idi. Ziyəddin müəllim məndən təvəqqe
eləmişdi ki “Azərnəşr”ə gedib ordan yenicə
çapdan çıxmış “Daxilə pəncərə”
kitabının onunçün ayrılmış 5 ədəd
müəllif nüsxələrini gətirim.
Gətirmişdim və dərhal bağlamanı
açaraq sonsuz həvəs və bəxtiyarlıqla hələ
mətbəə qoxusu gələn təzə kitabını
vərəqləməyə başlamışdı.
Elə bu
ara onun arxeoloq qardaşı, ilkin orta əsrlər Azərbaycan
maddi mədəniyyət tarixinin, Qafqaz Albaniyası abidələrinin
yorulmaz araşdırıcısı Rəşid
Göyüşov şöbəmizə gəldi və yeni
kitabın masanın üstündəki nüsxələrini
görüncə sevincək: “Nə yaxşı oldu, - dedi, -
elə bu kitabdan ötrü gəlmişəm. Mənim
dostum, Torpaqşünaslıq İnstitutunun direktor müavini
Muxtar Abduyev radioda sənin bu kitabının
çıxması haqda xəbəri eşidib. Deyir, sənin
əvvəllər çıxmış “Həzz və
iztirab”ını da, “Fəzilət və qəbahət”ini də
oxuyub, çox bəyənib, amma bunu satışda
tapmayıb”.
Ziyəddin
müəllim: “Hələ satışda yoxdur axı, bunlar
siqnal nüsxələrdir, 10-15 gün keçsin, tiraj
buraxılsın, birinin üstünü yazıb verərəm”,
- söyləsə də, Rəşid müəllim
razılaşmadı: “Yox, mənim ona borcum var. O vaxt Qəbələnin
keramikasından yazanda Muxtar müəllim mənə qədimi
bir gil çıraq tapıb gətirib
bağışlamışdı.
Bu, səbəb oldu ki, mən də gil çıraqlar haqqında ayrıca bir elmi məqalə yazım. İndi ayda-ildə məndən bir xahiş edib”.
Ziyəddin müəllim dinməz-söyləməz açdı kitabın ilk səhifəsini, avtoqraf yazdı və uzatdı mənə ki, aparıb çatdırım Muxtar müəllimə.
...Çırağa insanın həmişə ehtiyacı olub.
Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, indi də.
Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın.
Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.
Həm ömrünü Azərbaycan torpaqlarının tədqiqinə həsr etdiyinə, həm də bu torpağın ona nəsib etdiyi ən saf mənəvi keyfiyyətləri varlığında daşıdığına görə unudulmaz Muxtar müəllim əsl torpaq adamı olub.
Varlığında və hər əməlində işıq gəzdirən adam.
Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan insan.
Özü də bir işıq, çıraq olan adam!
Rafael
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 6 fevral.- S.14-15