Vaqif Səmədoğlu ilə bağlı daha bir tədbir

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubundaKaspi” qəzetinin mərhum Xalq şairi Vaqif Səmədoğluya həsr olunmuş xüsusi buraxılışı ilə bağlı tədbir keçirilib.

 

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq düşüncələrini bölüşüb: “Bu gün həm kədərli, həm də fərəhli bir ovqat yaşayırıq. Kədərliyik, ona görə ki, Vaqif Səmədoğlunun vəfatından artıq bir il ötür. Fərəhliyik, çünki Vaqif xalqımızın, ədəbiyyatsevərlərin qəlbində yaşayır, ondan danışılır və yaradıcılığı yenə də mətbuatın diqqət mərkəzindədir”.

 

Tənqidçi Vaqif Yusifli şairə həsr olunan xüsusi nəşri yüksək qiymətləndirib: “Mənə elə gəlir, növbəti buraxılışlarda da Vaqifə həsr olunmuş yazılar getsə, yenə eyni hərarətlə qarşılanar”.

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, professorlar Tofiq Məlikli, Cahangir Məmmədli, Himalay Qasımov, Asif Rüstəmli, millət vəkili Elmira Axundova, yazıçı Pərvin, gənc yazar Natəvan Faiq və başqaları da şairin həyat və yaradıcılığından söz açıb, “Kaspi” redaksiyasının bu addımını alqışlayıblar.

 

V.Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova xüsusi buraxılışda əməyi olanlara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 6 fevral.- S.13