Betərin də betəri...

 

QAN TURALININ YAZILARI VƏ “KULİS”DƏKİ FƏALİYYƏTİ BELƏ TƏƏSSÜRAT YARADIR

 

 

 

“525-ci qəzet”in gəncliyin üzünə hər zaman açıq olduğu məlumdur.

 

Qəzetimizin 25 ilə yaxınlaşan nəşr həyatında gənclərə geniş yaradıcılıq meydan verilməsi möhkəm ənənəyə çevrilib. Təxminən 10 il əvvəl onda hələ çox gənc olan Qan Turalının ədəbi proseslə bağlı yazılarına səhifələr ayırmaq da həmin ənənədən irəli gəlmişdi. Bu imkandan bəhrələnən Qan Turalı tənqidi və təhlili yazıları ilə qısa müddətdə ədəbi mühitdə tanındı.

 

Açığı, onun bir çox hallarda “dozadan yuxarı” alınan sərt tənqidi məqalələri birmənalı qarşılanmırdı. Buna görə bizdən inciyənlər, umu-küsü edənlər də az olmurdu. Yazıçı Elçin Hüseynbəyli barədə qalmaqallı yazısı və başqalarının ünvanına kəskin fikirlərini misal göstərmək kifayətdir.

 

Aradan xeyli vaxt keçib. Yazar kimi imzası ölkədə tanınan Qan Turalı artıq neçə ildir ki, “Kulis.az” saytına rəhbərlik edir.

 

Sözügedən saytın ədəbi mühitin işıqlandırılmasında özünəməxsus rolu oynadığını danmaq olmaz. Ancaq bu da reallıqdır ki, Qan Turalı və “kulis.az”ın digər əməkdaşları saytı daha çox özlərinin yazar kimi fəaliyyətlərinin təbliğinə yönəltməklə bağlı tez-tez tənqid olunurlar. Bir sıra yazarlar bu barədə fikirlərini həm sosial şəbəkədə, həm də başqa müstəvilərdə tez-tez ifadə edirlər. Onlar, Qan Turalını, ümumən, “kulis”çiləri bu sahədə sanki bir “monopolist” kimi davranmaqda, hər fürsətdə özlərini yüngül və yersiz  səbəblərlə tərif və təbliğ etdirməkdə qınayırlar.

 

Vaxtilə bir arada olduqları tanınmış nasir və şair Həmid Herisçi də, cavan yazarlardan Namiq Hüseynov da, digərləri də bunu dəfələrlə qeyd ediblər. Məsələn, H.Herisçi Qan Turalının “özünü  ədəbiyyata yamamaq” istəyindən, “kulis”çilərin dəstəbazlığından dönə-dönə söz açıb. Bu mövqeyi paylaşan daha neçələri də şəxsən Qan Turalının hər addımda özü haqqında süni şəkildə yüksək rəy yaratmağa çalışdığını vurğulayıblar.

 

Bugünlərdə keçirdikləri hekayə sorğusu, onun nəticələri və “kulis”çilərin bununla bağlı fəaliyyəti də xeyli qıcıq doğurdu. Məlum sorğu ətrafında baş verənləri kimisi sərt ironiya, kimisi də açıq hiddətlə qarşıladı. “Kulis”çilər yenə də qərəzli olmaqda, özlərinin təbliğinə süni şərait yaratmaqda qınandılar.

 

Təqdim olunan bu yazı Qan Turalı və ona yaxın olan digər imzalar barədə bir gənc yazarın öz düşüncələrini, təəssüratlarını ifadə cəhdidir.

 

Son dövrlərdə Azərbaycan ədəbiyyatında gündəmə gəlmək üçün qaşınmayan yerdən qan çıxartmaq metodu geniş yayılıb. İstedad nümayiş etdirmək müşkül məsələyə çevrildikdə, ortalığa “bazar söhbətləri” çıxır.  Səbəb də bu olur ki, “filan yazıçı filan əsəri ilə dünyaya çıxanda, bizdə hələ beşməkan yazıçı beşməkan əsəri yazırdı”.

 

Bu yerdə, universitetin birinci kursunda oxuyarkən, ədəbiyyat müəllimimi sual yağışına tutmağım yadıma düşdü. “Azərbaycan ədəbiyyatı” fənnindən dərs deyən müəllimimiz bizə Səməd Vurğundan danışdı, haqqında çox yüksək fikirlər dedi. Sonra mən ayağa qalxdım və Səməd Vurğun ilə Tomas Eliotu müqayisə etməyə başladım. “Axı niyə Eliot “Nobel” alıb, Səməd Vurğun ala bilməyib? Nəyə görə Eliotun “Kilsədə qətl” dramı dünya teatrlarında uğurla oynandığı halda, biz “Vaqif”dən o yana keçə bilməmişik?” Müəllim hər dəfə səbrlə mənə səbəbləri izah edirdi. Mən də qulaq asırdım, amma gətirdiyi səbəbləri dərk edə bilmirdim. İndi dərk etməyə başlamışam ki, yazıçının yetişməsinə, yaradıcılığına təsir göstərən ən böyük amillərdən biri də onun mühitidir - siyasi, sosial və mədəni mühit. Səməd Vurğun yoxsulluq içində böyüyür, gözünü açıb aşıq yaradıcılığı görür, Tomas Eliot isə varlı bir ailədə yetişir, ətrafda teatrlar, zəngin mədəni mühit, sonra özünün yüksək təhsili və sairə. Bir sözlə, bu iki şəxsiyyət arasında dünyaya baxış, mədəniyyət və digər cəhətlərdə böyük fərqlər var. Əsərləri, onlarda qoyulan mövzular da bu fərqi göstərir.

 

Nə isə, əsas məsələ bu deyil...

 

Bugünlərdə “Kulis.az” “Ən yaxşı hekayə 5 hekayə” sorğusu keçirdi. Bu müsabiqədə ilk 4 yeri C.Məmmədquluzadə, Ə.Əylisli, Y.Səmədoğlu, Ə.Haqverdiyevin əsərləri tutdu. Məzəlisi budur ki, bu böyük simaların ardından “Kulis”in baş redaktoru Qan Turalının “Şaxta babanın qətli” hekayəsi 5-ci yerə çıxmış, ya da belə deyək, “çıxarılmışdı”. Qan Turalının yazıları ilə öncədən tanış olduğumdan bu “nəticə” məni əvvəl təəccübləndirsə də, onun bəlli çabalarını nəzərə alanda mənə adi, hətta əyləncəli gəldi. Hər halda, bir oxucu kimi bu məsələyə biganə qalmaq istəmədim və münasibət bildirməyə qərar verdim. Təəssüf ki, kafelər müştəri tələbatını ödəmək üçün xanım qarsonlar axtardığı, marketlər hansısa maraqlar üzündən gənc qızları işə götürməyə üstünlük verdiyi kimi, “Kulis” rəhbərliyi də oxucu toplamaq üçün yüngül, şou xarakterli, açıq-saçıq başlıqlı yazılara, uydurma ədəbi münaqişələrə əl atır. Çox zaman istedadsız gənclərin inşa səviyyəli cızmaqaralarını dərc edən “Kulis” öz ətrafında qəribə bir çevrə yaradır..

 

Amma əsas məsələ bu da deyil...

 

Gələk, sorğuda 5-liyə düşən “Şaxta babanın qətli” hekayəsinə. Mövzusu qısqanclıq zəminində baş verən qətl hadisəsidir. Ər öz arvadını Şaxta Baba ilə şəkil çəkdirdiyi üçün döyür, sonra gedib Şaxta Babanı bıçaqlayır... Mövzu bizə kriminal verilişlərdəki qısqanclıq motivli cinayətləri xatırladır.

 

Hekayənin dili bədiilikdən çox uzaqdır. Publisistika dilidir, daha dəqiq desək, inşa dili. Texnikası isə əhvalatları obrazların dilindən, fərqli yozumlarda vermək kimi bəlli bir üsula söykənir. Lakin burada əhvalatçılıq hakimdir, müəllif qəhrəmanların daxili aləmini açmağa nail olmayıb. Axı yazıçı öz obrazını onun özündən belə yaxşı tanımalı və bunu açıqlaya bilməlidir.

 

Hekayənin başlanğıc hissəsi proloq, bəlkə də sinopsis, bir az da şeir təsiri bağışlayan söz yığınıdır. Hadisələr o qədər tez baş verir ki, oxucu nəyin nə olduğunu başa düşməyə çətinlik çəkir, pərakəndəlik içində çaşıb qalır. Necə deyərlər, hadisədən hadisəyə keçərkən “qarmaq” qoyulmur. Quru, bayağı təsvirlər isə nə qədər desən...

 

Hələ ədəbi səviyyə, bədii meyarlar məsələsi bir tərəfə dursun. Qan Turalının baş redaktor olduğu saytın sorğusunda öz hekayəsinin önə çıxarılması qətiyyən etik çərçivəyə sığmır. Hətta kimsə hansısa “səbəb”dən onun adını çəkibsə belə, sorğu keçirən dərginin rəhbərinin özünü orada ilk beşliyə salması ən azı media etikası baxımından düzgün deyil. Əslindəsə, bütün məsələ bundadır. Onun əsas məqsədi bu olub ki, nəhəng ədəbi simalarla, böyük yazıçılarla bir sıraya öz imzasını və yazısını daxil etsin.

 

Müəllifin yeni yayımladığı “Gecə zəngi” hekayəsi də səthilik, bayağılıq dolu bir yazıdır. Sözün düzü, bunu oxuyandan sonra “Şaxta Babanın qətli”nə, onun sorğuda ilk beşliyə qoyulmasına daha sakit yanaşmağa məcbur oldum. Çünki orada bir az da olsa, bədii təxəyyül əlaməti vardı.

 

“Gecə zəngi”nin məzmununda keçmiş sevgililərin telefon danışığı dayanır.  Hekayə az qala başdan-başa dialoqlardan ibarətdir. Amma çox süni, şit dialoqlardan:

 

- Sənin qarşında günahkaram. Bunu bilirəm. Üzr istəyirəm. Yüzüncü dəfə...

 

- Üzr?

 

- Yox, üzr də yox. Bax, biz gərək üzrdən daha böyük, daha uca bir şey düzəldəydik... Biz Homo Sapienslər peşmançılıq üçün bu 150 min ildə üzrdən daha böyük bir şey düzəldə bilmədik. “Mersedes”in yüz modelini düzəltmişik. Heyvana atdığımız daşlardan atom bombası düzəltmişik. Amma peşmançılıq ancaq üzr şəklindədir.

 

- İndi üzr mövzusunu araşdırırsan? Yunan mifologiyasında üzr məsələsi necə qoyulub? Konfutsi bu haqda nə deyir?”

 

Və fakt, məlumat yığınından başqa bir şeyə bənzəməyən dialoqlar bu cür də davam edir. Allah Üzeyir bəyə rəhmət eləsin! Belə dialoqlar onun yaratdığı tiplərdən birini - yerli-yersiz Platondan, Darvindən cürbəcür sitatlar gətirib özünü gülünc hala salan “inteligent Həsən”i xatırladır. Bu cür sitatlarla dolu hekayə bəlkə erkən maarifçilik dövründə yazılsaydı, başa düşmək olardı. Cild-cild ensiklopediyaların cibə sığdığı bir vaxtda buna ehtiyac varmı?!

 

Açığını desəm, “Kulis”in baş redaktorunun dalbadal çıxan bu yazılarına baxanda qeyri-ixtiyari düşünürəm ki, Allah daha betərindən saxlasın...

 

Emil HACIYEV

525-ci qəzet.- 2016.- 6 fevral.- S.11