Meteor
“525-ci qəzet” Xalq yazıçısı Anarın
“Yaşamaq haqqı” traktatından ayrı-ayrı hissələrin
dərcini davam etdirir.
Xatırladaq
ki, ötən saylarımızda əsərin “Avqust putçu
və sistemin iflası”, “İlk maarifçilərimiz”, “Tarixi
şans - 21 Azər”, “Qara Yanvar”, “Heydər Əliyevlə
vida”, “Nəriman Nərimanovun faciəsi” və digər bölümləri dərc
olunmuşdu.
Qəzetin bu sayında isə yazıçının XX
əsrin birinci yarısında yaşamış ictimai xadim
Mirsəid Sultanqaliyev haqda yazdığı parçanı
oxuculara təqdim edirik.
Əgər
çar dövründə türklərin milli istəkləri
maarifçi, mədəni aksiyalarla ifadə olunurdusa, 1905-ci
ildən sonra Dumaya seçilən və müsəlmanları
təmsil edən deputatlar milli siyasi maraqlar uğrunda mübarizəyə
başladılar. Rusiyanın federal quruluşunun
planları mətbuatda da, ayrı-ayrı partiyaların fəaliyyətində
də yer aldı. Amma şübhəsiz bu niyyətlər Rusiyanın tərkibində nəzərdə
tutulurdu. Başqa bir variant üçün şərait
hələ ki, yetişməmişdi.
1917-ci ilin fevralına qədər M.Ə.Rəsulzadə
Azərbaycana Rusiya dövlətinin çərçivəsində
ərazi muxtariyyəti verilməsi ideyasını irəli
sürürdü. Rəsulzadə
təklif edirdi ki, Rusiya millətlərinə özünütəyin
hüququ verilsin və sonralar bu əsasda başqa xalqlar Rusiya ilə birlikdə federativ əsaslarla
demokratik respublikaların Dövlət İttifaqını
yarada bilsinlər. Xülasə, gələcək SSRİ-in
proobrazı və ya Qorbaçovun Novooqarevdə hazırladığı
müqaviləyə
bənzəyən bir plan.
Oktyabr
çevrilişindən və millətlərin öz
hüquqlarını təyin etməsi (ayrılmaq da daxil
olmaqla) barədə Lenin deklarasiyasının elan
olunmasından sonra bir çox millət xadimləri öz ümidlərini bolşeviklərə
bağladılar.
Tarixin bu
qısa dövründə İdil-Ural Sovet
Respublikasına Sədri Məqsudi, Başqırdıstana Zəki
Validov (Zəki Validi Toqan)
başçılıq etdi. Amma qısa bir sürə
sonra bolşevik siyasətindən məyus olan Sədri Məqsudi Türkiyəyə
mühacirət etdi və orda pantürkizmin ideoloqlarından
biri oldu. Zəki Validi Lenin və Trotski ilə
görüşdü, onların ağlına və səmimiyyətinə
heyran oldu, amma tezliklə yanıldığını
başa düşdü (Lenin və Trotskinin ağlında yox,
məqsədlərində yanılmışdı) və
öz yüksək vəzifəsini atıb basmaçılara
qoşuldu. Basmaçılar darmadağın
ediləndən sonra Türkiyəyə keçdi və Sədri
Məqsudiyə şəxsən pis münasibət bəsləməsinə
baxmayaraq, onunla eyni bir düşərgədə -
pantürkistlər düşərgəsində yer tutdu.
Zəki Validi Toqan Türkiyədə
böyük alim kimi, “Türklərin ümumi tarixi”
kitabının müəllifi kimi şöhrət qazandı.
Sovet
şəraitində yaşayıb mübarizələrini davam
etdirən türk kommunistlərinin də müxtəlif niyyətləri
vardı. Onların çox fərqli ümidləri və
arzuları - Tatarıstan, Başqırdıstan, Krım
üçün muxtar respublika yox, İttifaq statusuna nail
olmaqdan tutmuş, Tatarıstan - Başqırdıstan
respublikalarını birləşdirmək və daha geniş
şəkildə İdil-Ural respublikası yaratmaq, bu respublikaya
Tatarıstan, Başqırdıstanla yanaşı, həm də
Çuvaş və Mari xalqlarını da daxil etmək istəyinə qədər. Hətta
Qafqaz və Türküstan da daxil olmaqla Sovet Federativ Turan Respublikaları yaratmaq
ideyası da mövcud idi. Necə ola bilərdi
ki, “bölünməz kommunist Rusiyası” bu birliyə
qısqanclıqla yanaşmasın, bundan hürkməsin?
Kazan
tatarı Mollanur Vahidov, Mirsəid Sultanqaliyev, partiya, dövlət
xadimi, yazıçı, “Aclıq” romanının müəllifi
Qəlimcan İbrahimov, Krım tatarları, Krım
Respublikasının rəhbərləri Vəli İbrahimov,
İsmayıl Ferdevs, özbəklər, Özbəkistan SSR
XKS-nin Sədri Feyzulla Xocayev,
Özbəkistan KP MK Birinci katibi Akmal İkramov, qazaxlar - RSFSR
XKS sədrinin müavini Turar
Rıskulov, alim Əhməd Baytursun, Qazaxıstan XKS sədri,
Nərimanovla məktublaşan yazıçı Saken Seyfullin,
1917-ci ildə elan olunmuş qazax Alaş Orda muxtariyyətinin
başçısı Əlixan Bikeyxanov, həmçinin
qazax Ömər Süleymanov (Oljas Süleymanovun atası),
qırğız Torekul Aytmatov
(Çingiz Aytmatovun atası), qaraçay Ömər
Əliyev, kumık, Dağıstanın rəhbəri
C.Qorxmazov bir-biriləri ilə hərdən
razılaşmasalar da kommunist idilər, yüksək mənsəb
sahibi idilər. Hamısının da qisməti eyni oldu. Mollanur Vahidovdan başqa hamısını millətçilikdə
ittiham etdilər və güllələdilər. Mollanur Vahidovun “bəxti gətirdi”, o Stalin
repressiyasından qabaq, hələ 1918-ci ildə həlak oldu -
çex qiyamçılarına əsir düşdü və
onlar tərəfindən güllələndi ...Buna görə
də SSRİ dövründə Mollanur Vahidov Sovet
Tatarıstanının rəsmi tarixində qaldı və ona
Kazanda abidə ucaltdılar.
M.Vahidovun dostu, silahdaşı və həmməsləki
Mirsəid Sultanqaliyev isə milli təmayülçülüyə
görə 1923-cü ildə həbs edildi və partiyadan xaric
edilən ilk kommunist türk oldu. Partiya leksikonunda “nərimanovçuluq”
yarlıkı kimi
“sultanqaliyevçilik” termini də meydana gəldi.
Nərimanovun
barışmaz rəqibi, Azərbaycan partiya təşkilatlarında rəhbər vəzifələrdə
işləmiş Levon Mirzoyan Qazaxıstan Kommunist
Partiyasının Birinci katibi vəzifəsinə irəli
çəkiləndən sonra məktubla Stalinə bu
respublikadakı milli təmayülçülük
haqqında müraciət etdi və Stalinin
razılığını alandan sonra Saken Seyfullini, Turar
Rıskulovu, Əlixan Bikeyxanovu qətlə yetirdi. Qazaxıstanın şəhərlərində
türklərin bu qəddar düşməninə həsr
olunmuş memorial lövhə və heykəllər hələ
də qalmaqdadır. Hətta onun adını daşıyan
küçələr də var.
“XII qurultayın açılışından qabaq
qurultay üzvü olan türk millətləri işçilərinin
ayrıca fraksiya halında müşavirəsini keçirtdik. Birinci
müşavirə yoldaş Nərimanovun və mənim təşəbbüsümlə
çağırılmışdı” (24 yanvar 1929-cu ildə
Sultanqaliyevin istintaqa verdiyi ifadədən).
Türk
kommunistləri arasında Nərimanovdan sonra ən görkəmli xadim
Sultanqaliyev idi. Sultanqaliyevin 1998-ci ildə Kazanda nəşr
olunmuş seçilmiş əsərlərinin ön
sözündə İndus Tahirov və Bulat Sultanbəyov yazırlar: “XX əsrin siyasətçiləri
arasında Mirsəid
Sultanqaliyevdən daha ziddiyyətli ikinci bir şəxsiyyət
tapmaq asan deyil. Bir
tərəfdən o etiqadlı kommunistdir, digər tərəfdən
doğma xalqının səadəti uğrunda vuruşur,
milli dövlət yaradılması uğrunda mübarizə
aparır və eyni zamanda fəal surətdə “İdil-Ural
Ştatının” iflasına şərait yaradır. Bu tezislərin və
antitezislərin siyahısını uzatmaq olar. Sultanqaliyevin milli kommunistlər arasında, daha
doğrusu, Stalin repressiyasının ilk kommunist qurbanı
olması təsadüfi deyil”.
Ön
sözdə Sultanqaliyevi “böyük bəsirət sahibi”
adlandıran müəlliflər qeyd edirlər ki, o SSRİ-nin
də (o, bu ölkəni rus imperiyasının şəklini dəyişmiş
variantı hesab edirmiş), dünya müstəmləkə
sisteminin də iflasını, Britaniya və Fransa
imperiyalarının çökəcəyini də qabaqcadan görürmüş.
Ön sözdə o da qeyd olunur ki, “Misir
inqilabının lideri Camal Əbdül Nasirin və Əlcəzair
inqilabının rəhbəri Əhməd ben Bellanin öz
kabinetlərində Sultanqaliyevin portretini asmaları təsadüfi
deyil”.
Əlbəttə, Sultanqaliyev britaniyalıların və
fransızların öz müstəmləkələrini
çoxdan itirmələri ilə barışmalarını,
Rusiyada isə hələ də imperiya xəyallarının
mövcud olmasını, Moskvanın qanadı altında
keçmiş SSRİ-ni bərpa etmək cəhdlərini
ehtimal edə bilməzdi.
Əgər
Stalinlə Trotskinin şəxsən bir-birinə qarşı,
son dərəcə düşmənçilik münasibətlərinə
toxunmasaq, onların arasındakı kəskin ixtilafa səbəb
Stalinin ayrıca bir ölkədə, daha doğrusu, Rusiyada
sosializmin qələbəsinə inanması, Trotskinin isə
inanmaması idi. Amma əgər Trotski dünya
inqilabını Qərbdən gözləyirdisə,
Sultanqaliyev, Trotskidən, Stalindən fərqli olaraq, Şərqin
əzilən xalqlarının başlayacağı
üsyanlara ümid bəsləyirdi.
Stalin Sultanqaliyevi mərhələlərlə
məhv edirdi. 1923-cü ildə onu həbs edib buraxandan sonra
1928-ci ildə yenidən tutdular və nəhayət 1938-ci ildə güllələdilər.
Bolşevik ağaları özlərini xalqın nökəri
adlandırmağı sevirdilər. Sultanqaliyev özünün Sovet
gerçəkliyini qəbul etməməsini çox dəqiq
ifadə edib: “Xalqın nökərləri xalqdan dəfələrlə
yaxşı yaşayırlar”.
Sultanqaliyev Azərbaycanla sıx əlaqə
saxlayırdı, o hələ inqilabdan qabaq bir müddət
Bakıda yaşamışdı və işləmişdi. İstanbulda “Soltanqaliyev və
milli kommunizm” kitabını çap etdirmiş türk tədqiqatçısı
Xalid Kakınçanın rəyinə görə, onun
dünyagörüşünə, ideyalarına yalnız tatar
mütəfəkkiri Yusif Akçurin yox, həm də azərbaycanlı
Əli bəy Hüseynzadə təsir etmişdir. X.Kakınç, Yusif Akçurinin
“Türkçülüyün iki istiqaməti” və Əli bəy
Hüseynzadənin “Sola, sola, sol tərəfə” məqalələrinə
xüsusi diqqət yetirir. Müəllif bu
məqalələri Sultanqaliyevin haqqında kitaba əlavə
kimi yerləşdirib.
Kitabda həm də Sultanqaliyevin türk kommunisti Mustafa
Sübhi ilə əlaqələri nəzərdən
keçirilir.
Mustafa Sübhi Moskvaya gələn zaman
Sultanqaliyev ondan ətraflı müsahibə alıb, o
silahdaşları ilə birlikdə Qara dənizdə həlak
olandan sonra isə onun haqqında hüznlü nekroloq yazıb.
Xalid Kakınç qeyd edir ki, Sultanqaliyev dinə xüsusi münasibətdə Nərimanova
yaxındı. Maraqlıdır ki, Xalid
Kakınçın kitabına ön sözü Sultanqaliyevin
və Nərimanovun fəaliyyətinə xüsusi maraq
göstərən sol təmayüllü görkəmli
türk şairi Atilla İlhan yazıb.
Sultanqaliyev haqqında Kazanda nəşr olunan kitabda onun
Azərbaycanla əlaqələri də geniş
işıqlandırılıb. “Batum və Ermənistan” məqaləsində
o, daşnak Ermənistanın siyasətini dəqiq müəyyənləşdirir:
“Sovet Rusiyası Şərqə
irəlilədikcə Ermənistanla toqquşmalı olur,
belə ki, indiki durumda bu ölkə daşnakların səyi
və Antanta ilə iş birliyi nəticəsində beynəlxalq
əks inqilabın qara yuvasına çevrilir”.Ermənistanın
Türkiyə ərazilərinə məlum iddialarına və
Antanta tərəfindən həmin
tələblərə dəstək göstərilməsinə
toxunan Sultanqaliyev bu məsələnin astar üzünü
açır: “Ermənistan bu dəstəyinə görə
Antantaya Rusiya ərazisində silahlı üsyan və onun
Türkiyə və Azərbaycanla ittifaqına mane
olmağı vəd edib. Bu mənada Ermənistan
və Denikin arasında Denikinin Moskvaya hücumu ərəfəsində
gizli müqavilə imzalanıb”.
Təəssüf
ki, müəyyən dərəcədə Sovet təbliğatının
təsiriylə
Sultanqaliyev Azərbaycanın sovetləşməsini
yanlış şərh edir. “Azərbaycanın Sovet respublikası
elan olunması” məqaləsində yazır: “Burjua millətçi
Azərbaycan öz içindən dağıldı. Azərbaycan Kommunist partiyası Hümmətin rəhbərliyi
altında Bakı proletariatı Qızıl Ordunu gözləmədən
Usubbəy Nəsibbəyovun hökumətini devirdi və
Bakını (?-A.) Azərbaycan Sovet
Respublikası elan etdi”.
Əslində isə heç də belə olmayıb. Sultanqaliyev AXC
hökumətinin Sovet Rusiyasına münasibətini də
düzgün təfsir etmir. Tarixi sənədlərdən
məlumdur ki, Rusiya Xarici İşlər Komissarı
Çiçerin AXC-nin Xarici İşlər Naziri Fətəli
xan Xoyskiyə notayla müraciət edərək Denikinə
qarşı müqavilə bağlamağı təklif edir.
Fətəli xan Xoyski bu notaya cavab olaraq Sovet
Rusiyasının Azərbaycanın müstəqilliyini
tanımasını təklif edir, amma bu təklifə Rusiya Xarici İşlər
Komissarlığı heç bir
cavab vermir. Sultanqaliyev isə
F.X. Xoyskinin Çiçerinə cavabını belə təqdim
edir: “Axı, biz müstəqil dövlətik, hər hansı
bir ittifaq haqqında necə danışa bilərik”. F.X.Xoyskinin bütün radioqramlarının məğzi
belə idi”. F.X.Xoyskinin heç bir radioqramında məhz belə bir mətn, belə sözlər
yoxdur.
“ÜİK(b)P Mərkəzi nəzarət komissiyasının 27 fevral 1929-cu il tarixli iclasında Sultanqaliyev Azərbaycan kommunistləri ilə bağlı suallara cavab verir: “Azərbaycanda bir zamanlar əlaqə saxladığımız yoldaşlardan doktor Sultan Məcid Əfəndiyevi, doktor İsrafilbəyovu, yoldaş Tağı Şahbazini “sağçı” partiyaçılar hesab edirdik. Əfəndiyevi 1919-cu ildən, Şərq kommunarlarının II Qurultayından tanıyırdıq. İsrafilbəyovu da o zamandan tanıyıram (o zaman bizə qarşı idi və İliçin yanındakı müşavirədə şəxsən mənə qarşı kəskin çıxış etdi), bizə 1920-ci ildə mərhum yoldaş Nərimanovla birlikdə qoşuldu, Şahbazovu da 1917-ci ildən, Bakıda fevral inqilabı vaxtından, hələ “Hümmət”in üzvü olandan tanıyıram. Nərimanovla mən şəxsən 1915-ci ildən tanış idim. İsrafilbəyovdan başqa onların hamısı ilə 1923-cü ilə qədər məktublaşmışam. Partiyadan xaric olunandan sonra mən yoldaş Əfəndiyevi daha bir dəfə 1926-cı ildə gördüm, onun nömrəsinə gəldim və biz Azərbaycan “sağçılarının” münasibəti barəsində söhbət etdik. Yoldaş Əfəndiyev milli məsələdə Nərimanov zamanında mövcud olan Trotski xəttinin yanlışlığını, istiqaməti dəyişmək lazım olduğunu vurğulayır və partiyanın MK-si ilə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirdi. Bununla yanaşı Əfəndiyev bəyan etdi ki, bu ideya digər Azərbaycan “sağçılarını” da ayırır. Mən şəxsən Əfəndiyevin yanaşmasına qarşı etiraz bildirmədim, fikirləşdim ki, bəlkə də Azərbaycan şəraitində bu məqbul və düzgündür. Bir daha onunla qarşılaşmadım”.
Sultanqaliyevin fəaliyyəti ilə, haqqındakı kitablarla, o cümlədən, dostum, tatar yazıçısı Renat Mühəmmədinin ona həsr olunmuş romanı ilə tanış olandan sonra bu görkəmli tatar inqilabçısı barədə təsəvvürüm xeyli dərəcədə genişləndi. Qarşımda hələ erkən yaşlarından kommunist ideyalarına inanan, bu ideyaların gerçəkləşməsi naminə fəal mübarizəyə qoşulan, hələ heç otuz yaşı olmamış partiyanın görkəmli fiquruna çevrilən, səmimi, odlu ürək sahibinin obrazı canlandı. 31 yaşında isə Plenumda öz yoldaşlarının və silahdaşlarının hücumlarıyla qarşılaşdı, yaradıcılarından biri də özü olduğu Sovet məhkəməsinin ittihamına məruz qaldı, partiyadan xaric edildi.
Böyük türk şairi Nazim Hikmət haqqında ingilis dilində yazılmış kitab “Romantik kommunist” adlanır. Məncə Mirsəid Sultanqaliyev də belə romantik kommunistlərdən biri idi. Demə, o həm də şair imiş. Tatar xalqının böyük oğluna, parlaq şəxsiyyətinə həsr etdiyim bu yazını onun şeirlərindən biriylə tamamlamaq istəyirəm.
Meteor idim...
kainatın sonsuz ənginliklərində
şığıyırdım...
solğun işıq saçırdım...
İşığım
Sonsuzluğun zülmətini yarırdı mənim üçün.
Məni
zülmət səhrasında aparan kim idi-
bilmədim,
nə
üçün işıq saçıram -
bilmədim ...
Sanırdım
ki, yoxdur sonu
Bu
zülmət dənizinin və mən əbədi
Orda şığıyacam.
Tənha
və zəif işıq saçan...
“Sonsuzluğun zülmətini yarıb keçmək”
ona nəsib olmadı. 1938-ci ildə,
46 yaşında Mirsəid Sultanqaliyev güllələndi.
ANAR
525-ci qəzet.- 2016.- 6 fevral.- S.10-11