Həpimiz bir günəşin zərrəsiyiz!..
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri
olan “Azərbaycan multikulturalizminin qaynaqları”
seriyasının ilk kitabı - “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” çapdan çıxıb.
Azərbaycan ədəbiyyatının bütün
dövrlərində (1920-ci illərə qədər)
yazıb-yaradan sənətkarların əsərlərində
özünü göstərən multikultural, tolerant dəyərlər
beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas
yığılıb bir kontekst daxilində toplanıb.
Bu
seriyanın baş elmi redaktoru, akademik Kamal Abdulla, tərtibçilər
- AMEA-nın müxbir üzvü, professor Möhsün
Nağısoylu, tarix elmləri doktoru, professor Fərid Ələkbərli,
filologiya üzrə fəlsəfə doktoru Əkrəm
Bağırov, filologiya üzrə fəlsəfə doktoru
İbrahim Quliyev, rəyçilər - akademik Teymur Kərimli,
tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə
və nəşrə məsul fəlsəfə üzrə fəlsəfə
doktoru Rəşad İlyasovdur.
Akademik Kamal Abdullanın nəşrə
yazdığı Önsözü oxuculara təqdim edirik.
Multikultural
əhvalın, tolerant durumun klassik ədəbiyyatımızda əsrlər boyu
formalaşan və konkret bədii
nümunələrdə yaşayan təzahürü
çoxşaxəli və çoxistiqamətlidir.
Bəşəriyyəti
bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı
xalqları mənəvi xətlərlə birləşdirən
amilləri aramaq ehtiyacı, dinləri bir-birinə
yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin
müqəddəslərinə eyni ehtiram, insanlara dininə
görə deyil, dəyərinə görə qiymət vermə
əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə,
başqasının dərdinə acımağa dəvət,
eşqin ən yüksək, ən ali hiss kimi dilindən,
dinindən asılı olmadan bütün xalqlar
üçün əsas həyat prinsipi olmasının tərənnümü
və bir sıra digər bu kimi dəyərlər ədəbiyyatımızın
dərin qatda pərvaz edən ruhunun göstəriciləridir.
Cəsarətlə demək olar ki, minillik tarixə malik
klassik ədəbiyyatımızın hər bir nümayəndəsi
bu dəyərləri nəinki qəbul etmiş, hətta
onları öz dünyagörüşünə
çevirmişdir.
Və hər ədəbi yaradıcılığın
arxasından öz dövrünə xas ictimai-siyasi mühitin
nəfəsini, ritmini, nəbzini hiss etməmək
mümkün deyil. Bu ədəbi nümunələr bizə
Azərbaycan cəmiyyətində müxtəlif dövrlərdə
multikultural əhval və tolerant münasibətlərin necə
“hakimi-mütləq” olmasından xəbər verir. Bu ədəbi
nümunələr tarixi keçmişdə qalan və
artıq bizim görə bilmədiyimiz real həyat mənzərələrinin
bədii “kardioqramı”nı dəqiqliklə
çəkir. Belə olan təqdirdə biz bu kitabdakı
nümunələrdən aydın şəkildə
görürük ki, xalqımız, onun öncül
yaradıcı şəxsləri özündə milli, dini təəssübkeşlik
hissləri ilə yanaşı, bəşəri dəyərləri
də yaşatmağı bacarmış və
“özününkü” saydığını “özgəninki”
olandan çox zaman fərqləndirməmişdir. “Öz-özgə” qarşıdurması
xalqımızın formalaşma tarixi boyunca özünün ən
yumşaq halında təzahür etmişdir.
“Eşqdir mehrabı uca göylərin” ideyasını
yaradıcılığının cövhəri bəyan edən
Nizamidən başlayaraq, “mənim tanrım gözəllikdir,
sevgidir” etirafında bulunan Cavidə qədər Azərbaycan ədəbiyyatı
eşq üstündə köklənmişdir.
Bu ədəbiyyat yaşadığı bütün
ictimai-siyasi
dönəmlərdə
irqindən, rəngindən, dinindən, dilindən
asılı olmadan bütün bəşəriyyəti sevib. Eyni zamanda bu ədəbiyyatın sahibi olan Azərbaycan
xalqı öz əvəzsiz mənəvi-əxlaqi, ədəbi-bədii
töhfəsini də ümumbəşər dəyərlər
xəzinəsinə səxavətlə təqdim və daxil
edib.
Abdulla Şaiq “Həpimiz bir günəşin zərrəsiyiz!”
deyirdi.
Məhəmməd Hadi “Qardaşız, qardaşız, ey
insanlar” deyə insanlığa xitab edirdi.
Hüseyn
Cavid Gülbahar
adlı balaca bir qızcığaza dünyanın
bütün insanlarını sevdirirdi.
Mirzə Cəlil kamançanın dili ilə qəlbi
köz olan yüzbaşını ancaq nifrətlə
yaşayan aciz və vəhşi düşmənə
qarşı mərhəmətə, başqa sözlə, özünün
öz üzərində qələbəsinə səsləyirdi.
Seyid Əzim Şirvani “insan olmaq bir şəxsin müsəlman
olub olmamasından asılı deyil” həqiqətinə
inanırdı.
Füzuli bəşərin dərdini-qəmini Məcnunun,
yəni, özünün dili-həzininə, ürəyinə
cəm edib bütün dünyanı dərddən xilas eləməyi
arzulayırdı.
Nəhayət, Nizami “Yeddi gözəl” kimi xalqlar
dostluğunu tərənnüm edən bədii şedevr
yaratmaqla yanaşı, ona hədiyyə göndərilmiş
dili və məzhəbi ayrı olan bir kənizə vurulub evlənməsiylə
şəxsi həyatı ilə də nəsillərə
nümunə olurdu.
Oxucu ona təqdim edilən bu kitabda klassik şair və
yazıçılarımızı tamam yeni bir rakursda görəcək. Ədəbiyyatımıza
multikultural dəyərlər istiqamətindən baxış
onun əzəmətini müəyyənləşdirən təməl
meyarlardan biridir.Bu, bizə ədəbiyyat tariximizi daha rəngarəng,
daha çoxmənalı paradiqmalarda görmək imkanı
verir. Biz onun ayrı-ayrı dövrlərinin
bir-birilə mükaliməsinin səsini eşidirik. Xaqaninin “Həbsiyyə”sindəki suallara Cavidin
Şeyx Sənan vasitəsilə cavabları səslənir.
“Erməni” rədifli qəzəl yazan Nəsimiyə Süsən
adlı erməni qızına şeir həsr edən Vazeh
“cavab verir”.Biz anlayırıq ki, haqqında
danışdığımız dəyərlər ulduz
göy üzünə səpələndiyi kimi ədəbi mədəni
asimanımıza səpələnməsəydi, bəşəriyyətin
ümumi mənəvi xəzinəsinə doğru gedən yol
bizim üçün maneələrlə dolu və
keçilməz olardı.Reallıqda isə biz bu yolu
uğurla keçib gedirik. Çünki:
-
Ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara
qarşı hörmət duymaq və bu xalqların
adını ehtiramla çəkmək, onlara səmimi dostluq və
sevgi münasibəti sərgiləmək ilk klassiklərimizin,
orta əsrlər və İntibah dövrü şairlərimizin,
maarifçi-demokrat yazarlarımızın
yaradıcılığında xüsusi və önəmli
yer tutur;
-
Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə
- İbrahimə, Musaya, Süleymana, Yəquba, İsa Məsihə,
Məryəmə dərin hörmətlə müraciət
edilməsi, onların həyat və əməlləri ilə
bağlı Şərq poetikasının sehirli və
füsunkar cığırlarında uyğun təşbeh və
bənzətmələr qurulması, istər müqayisəli,
istər müqayisəsiz bədii fiqurlar yaradılması
artıq öz-özlüyündə multikultural və tolerant
əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir;
-
Başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, Aristotelə,
Evklidə, Hippokrata...), yazarlara (Göteyə, Şillerə,
Şekspirə, Hüqoya, Volterə, Russoya...) sonsuz
ehtiramın təsviri də bir qədər yuxarıda qeyd edilən
eyni əhvalın göstəricisidir;
- Ayrı
dinə və millətə mənsub olan gözəllərin
vəsfi, onlara saf, coşqun məhəbbət izharı, bu
yoldakı məhrumiyyətlər və cəfalar Qanturalı, Kərəm, Şeyx Sənan,
Bahadır, Əli kimi aşiqlərin həyatını, əslində,
gözəlləşdirmiş, hətta bəzən bədii
faciəvi sonluqlar olsa belə, bu möhtəşəm sevgi
simfoniyalarının əzəmətinə kölgə sala
bilməmişdir;
- Ədəbiyyatımızda başqa dillərə və
məkanlara (ölkələrə, vilayətlərə,
şəhərlərə) içdən gələn, səmimi
münasibət hissinin təsviri öz dövrünün
ictimai fikrinin bədii ifadəsi olmaqla yanaşı, eyni
zamanda, öz dövrünün ictimai fikrini yönləndirmək
cəhdinin təzahürüdür.
Bütün
bu sadalanan ilkin ümumiləşdirmələr
xalqımızın psixologiyasında,
dünyagörüşündə tarixən yer alan milli və bəşəri dəyərlərin
bir-birilə necə çulğalaşıb
doğmalaşdığını göstərir. Bu nəhəng mənəvi xəzinə bu gün də
eyni şəkildə yaşamaqdadır.Azərbaycanlı qəlbinin
həssas, incə qatları bu gün də yer üzündə
bir çoxlarını təəccübləndirir.
Biz doğru olaraq belə düşünürük və
belə deyirik ki, bu gün xalqımıza xas olan tolerant,
multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın
canında, qanında yaşayıb. Bu kitabda “həmin dəyərləri kimlər
və necə yaşadıb?”
sualına təkzibedilməz
cavablarla qarşılaşacağıq.
Cavablar isə, əlbəttə, bu nəşrdə
toplananlardan daha çoxdur, elə ona görə də ilk
qaranquş olan bu toplunun gələcəkdə daha təkmil nəşrləri
labüd və qaçılmazdır.
Eyni
zamanda bəri başdan onu da qeyd edək ki, “Azərbaycan
multikulturalizminin qaynaqları” adlı seriyanın növbəti
əsərləri (“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi
və publisistik qaynaqları” və “Azərbaycan
multikulturalizminin siyasi və hüquqi qaynaqları”) yaxın gələcəkdə
işıq üzü görəcək. Bu əsərlər
multikultural qaynaqlarımızın çoxşaxəli və
çoxistiqamətli olmasının bariz nümunələri kimi
təzahür edir.
Azərbaycan
elmi-fəlsəfi, publisistik təfəkkürünün tarix
boyu ortaya qoyduğu nümunələr dünya tolerantlıq və
multikulturalizm xəzinəsinə əsl töhfədir.Bunu
hamının bilməsində fayda var.Eyni zamanda tarix
boyu siyasi dinastiyalar, dövlətlər bir-birini əvəz
etdikcə Azərbaycan siyasi müstəvisində baş verən
multikultural reflekslər bu dəyərləri layiqincə qiymətləndirib
öyrənmək üçün münbit şərait
yaradır. Əsasən, pərakəndə şəkildə
bu günümüzə gəlib çıxan multikultural
siyasi dəyərlərin mövcudluğu zaman-zaman onların
sistemli və bütöv olması ideyasının reallaşmasını da
qaçılmaz edir. Bu
baxımdan, tarixi zərurət ona gətirdi ki, Qafqaz
Albaniyası dövründən və qədim Azərbaycan
dinastiyalarından - Atabəylərdən, Səfəvilərdən,
Əfşarlardan, Qacarlardan, eləcə də, ilk Xalq
cümhuriyyətindən zərrə-zərrə işıq
kimi axıb gələn möhtəşəm siyasi estafeti
qüdrətli bir şəxs qəbul etdi.
Azərbaycan əsl müstəqilliyini XX əsrin sonlarında, nəhayət, əldə edəndən sonra Ulu Öndər Heydər Əliyev ölkəni qorumaq, onu canlı orqanizm kimi geridönməz inkişaf yoluna çıxarmaq tarixi missiyasını yerinə yetirən əvəzsiz şəxsiyyət oldu. Multikultural və tolerant dəyərlərin Azərbaycan kimi kiçik, amma dərin tarixə, milli-mənəvi ənənələrə malik qürurlu bir ölkə üçün son dərəcə vacib həyati şərtlər olduğunu Ulu Öndər yaxşı bilirdi.Və o, bu dəyərləri yaşatmaq naminə Azərbaycan multikulturalizminin siyasi əsaslarını sistemli şəkildə, əzmlə qurdu və qəbul edilmiş siyasi bəyanat və sənədlərdə, fərman və sərəncamlarda, Konstitusiya bəndlərində bunu addım-addım, geridönməz şəkildə həyata keçirməyə başladı.Zəngin mənəvi xəzinənin sistemli, özündə aydın perspektivlər ehtiva edən siyasi bünövrəsi belə yarandı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və bu gün də yaşayan möhtəşəm mənəvi, elmi və siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirərək bütün dünyaya bəyan edir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur!”
Bu, həqiqətən, belədir. Nizaminin, Füzulinin, Axundzadənin, Seyid Əzimin,
Mirzə Cəlilin, Cavidin, Abdulla Şaiqin və yüzlərlə,
minlərlə Azərbaycan ədəbi-bədii, elmi-fəlsəfi
və publisistik söz müqtədirinin, dövlətimizin
taleyində misilsiz xidməti olmuş tarixi-siyasi şəxsiyyətin
mənsub olduğu xalqın canından, qanından doğan
duyğular dünyasına, söz və fikir aləminə,
siyasi iradəsinə alternativ varmı? Yoxdur! Ola bilərmi?
Ola bilməz!
Yaşayacaq!
Kamal
Abdulla
525-ci qəzet.- 2016.- 6 fevral.- S.9