“Mən burdayam, İlahi...”
VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
2005-ci ildə Azərbaycanı Avropa Şurasında təmsil
edən Milli Məclisin nümayəndə heyətinə daxil
edilmişdim.
Avropa
parlamentlərindən olan həmkarlar o zaman məndən
tez-tez Vaqif Səmədoğlu barədə soruşurdular: o
necədir, niyə gəlməyib... Bir çoxu
onu daha Azərbaycan nümayəndə heyəti tərkibində
görməyəcəyindən məyus olur və
salamlarını çatdırmağı xahiş edirdilər.
Azərbaycanı AŞPA-da bir vaxtlar Vaqiflə
birgə təmsil etmiş insanlarla söhbət edərkən
onlardan avropalıların Azərbaycan deputatına
bağlılığının sirrini öyrənməyə
çalışırdım. Axı
bildiyimə görə, Vaqif Səmədoğlu xarici dillər
sarıdan mükəmməlliyiylə o qədər də
seçilmirdi və siyasi natiq deyildi. Bununla
belə, Vaqif fenomeni öz işini görürdü - o, qərb
siyasətçiləriylə sadəcə söhbət
edirdi, bəzən ciddi mövzularda, bəzən zarafata yer
verirdi. Axşam onlarla restorana gedə bilərdi.
Əlinə royal keçsə klassika, yaxud hər
hansı bir caz improvizəsi çalardı (Vaqif Azərbaycan
Dövlət Konservatoriyasını bitirmişdi və
çox gözəl musiqiçi idi). Və
onlar ədaları, görkəmi ilə qərb təbliğatının
sırıdığı “müsəlman” stereotipinə
heç cür uyğun gəlməyən bu azərbaycanlıya
baxarkən çaşqınlıqla susurdular.
2010-cu ildə
Qəbələdə yaxın dost çevrəsində məşhur
Qazax şairi və ictimai xadimi, Azərbaycanın böyük
dostu Oljas Süleymenovun şərəfinə gecə keçirilirdi.
Bu gözəl gecənin aparıcısı
olmaq şərəfi mənə qismət olmuşdu. Və
onda mən Vaqifi belə təqdim etdim: “Azərbaycanın Xalq
şairi Vaqif Səmədoğluya söz vermək istəyirəm.
Mənə elə gəlir ki, poetik sözə
münasibət bu iki görkəmli şairi - Oljası və
Vaqifi doğmalaşdırır. İkisi
üçün də şair o kəsdir ki - şablondan,
çeynənmiş fikir və ifadələrdən
qaçır. Adi, bayağı alleqoriya
Oljasda həmişə ikrah hissi oyadıb.
“Saxsı
kitab” poemasında o, iztirablarla əldə etdiyi azadlıq haqda
belə deyir:
Azadlıq
- görüntü yaratmaq deyil,
edam
kürsüsüdür lap əvvəlkitək,
orda nə
yaxınlıq, nə dostluq vardır,
yüksəkdən yüksəkdir həqarətədək.
Azadlıq
xidmət yox,
İbadət
istər...
İndi
isə Vaqifin “Mən burdayam, İlahi...” kitabından on illər
məcburi susqunluq boyu qəlbində saxladığı
misraları sitat gətirim:
Sən mənim
doğma
anamsan, Azadlıq,
Mən sənin
Yad
qapısında böyümüş
Balan...
Vaqif Səmədoğlu poeziyası daim mövcud çərçivələri
dağıtmış və mahiyyətcə həmişə
üsyankar olmuşdur. Vaqif Sovet dövründə də daxilən
azad olub, bugünəcən də eləcə qalıb.
Maraqlı bir hadisə danışım. Soljenitsin
SSRİ-dən qovulan gün Vaqif dərddən möhkəm
içir. Moskva kino xadimləri Bakıya gəlmişdilər.
Və budur, Vaqif Səmədoğlu bu münasibətlə
təşkil olunmuş banketdə ölkə rəhbərliyinin
qəzəbinə tuş gəlmiş
yazıçının şərəfinə sağlıq
deyir. Məclisdə otuza yaxın adam
olub. MK-nın birinci katibinə bu haqda, əlbəttə,
çatdırılır. Şükürlər
olsun ki, Heydər Əliyev müdrikliyi sayəsində ciddi nəticələrdən
sovuşuldu. Halbuki o zaman Vaqif
üçün SSRİ Yazıçılar İttifaqı
üzvlüyündən çıxarılmağadək sərt
cəza təhlükəsi var idi. Sonralar Heydər
Əliyev Vaqifə zarafatla deyib: “Yaman xuliqanlıq eləyirsən!”
Vəssalam”.
Vaqif Səmədoğlunu onun sirdaşı və qələm
dostu Oljas Süleymenovun gecəsində bax belə təqdim
etmişdim.
Bu fövqəladə azadlığı, daxili
azadlığı, ruh azadlığını Vaqif son günlərinədək
qoruyub saxlamışdı. “Mən nə iqtidar, nə
də müxalifət despotizmini qəbul etmirəm”. Qəribədir:
hakimiyyət ona parlament iclasında söylədiyi bu sözləri
bağışladı, müxalifət isə yox. Elə həmin gün, 2000-ci ilin 24 noyabrında
“Müsavat” partiyasının rəhbər orqanı - Divan tərəfindən
Vaqif təşkilatın sıralarından xaric edildi.
Gülməli
adamlardı: bu partiya XXI əsr insanlarının
yaddaşında yalnız bununla qala bilər ki, onun yenidən
meydana gəlməsində Yusif və Vaqif Səmədoğlu
kimi unikal şəxsiyyətlər iştirak etmişlər. Vaqifi bu və ya digər təşkilatdan
uzaqlaşdırmaq olardı, lakin onun adını Azərbaycanın
milli-demokratik hərəkatı tarixindən silmək məgər
mümkündürmü?
Vaqif qeyd-şərtsiz, yüz faizlik dissident, nonkonformist
idi. Halbuki, öz rusiyalı həmfikirlərindən fərqli
olaraq “yatıb-çıxmamış”, məsuliyyətə
cəlb edilməmiş, sürgün olunmamışdır. Amma bəlkə bu - səni
anlamayan ölkədə daxilən dissident olmaq - daha
ağır işgəncədir. Yeri gəlmişkən,
Vaqifin Rusiya dissidentliyinə və bu hərəkatın tanış simalarına münasibəti də
birmənalı olmayıb. Bir dəfə necə oldusa Vaqif və
Anarla bu mövzuda söhbətimiz düşdü:
“Bilirsən
necədi, - deyirdi Vaqif Səmədoğlu. - Rusiya dissidentliyiylə
biz hamımız qürur duyur və ona həmdərd olurduq,
amma çox-çox təəssüf ki, onun əksər
nümayəndələri əslində elə də vicdan
sahibi deyilmişlər. Götürək Andrey Dmitriyeviç
Saxarovu, mənim ona böyük hörmətim vardı, o mənim
kumirim idi. Amma Qarabağ məsələsində,
açıq-aşkar arvadının və madam
Starovoytovanın diqtəsi altında özünü necə
çirkin apardı! Yaxud Sergey Kovalyov: bu adam
ömrünün 11 ilini türmələrdə və dəlixanalarda
keçirib. Strasburqda bir dəfə onunla nahara
restorana getdim. Və o mənə açıq dedi: “Biz hər
şeyi başa düşürük. Amma ermənilər
- bizimkilərdir, xristiandırlar, indi belə gətirib,
Vaqifçik”. Odur ki, dissidentlik - hələ
ləyaqətlilik meyarı deyil”.
lll
Həyatının
sonuncu ili jurnalistlər onu əsl mənada
təngə gətirmişdilər, ədəbsizcəsinə,
xəstəliyi necə keçirdiyini soruşur, qəlbinin
gizlin guşələrinə soxulurdular. Onunla
ağlasığmaz şeylərdən, o cümlədən,
Vaqif üçün yaxınlaşan cismani yoxluqdan
danışırdılar. Düzünü
desəm, bu mənə çox pis təsir edirdi. Mən özüm onunla bu mövzularda danışa
bilməzdim. Sənin həyat və
ölüm barədə düşüncələrin - bu
axı çox intim, dəruni bir məsələdir. Bununla belə mən Vaqifin, bəzən hətta,
sanki bu ürəkliliyiylə qürrələnsə də,
ruhsal dözümünə valeh olurdum.
Mən də çox istərdim Vaqiflə
danışım, biz onunla çoxdan sözləşmişdik
ki, haqqında uzun illər bioqrafik kitab yazdığım Heydər
Əliyev şəxsiyyəti fenomeni üzərində
düşüncələrimizi bölüşək. Nə isə
bir araya gələ bilmirdik. Sonra Vaqif xəstələndi
və mən onu narahat etməyi münasib bilmədim. Vaqifin səhhəti barədə Anardan xəbər
tuturdum. Xahiş edirdim, ona salamımı
çatdırsın. Özüm isə zəng
vurmurdum. Ürək eləmirdim. Birdən düşünər ki, xəstəliyini
bilib təlaşlanmışam. İndi bu qətiyyətsizliyə
görə özümü məzəmmət edirəm,
çünki məlum oldu ki, Vaqif jurnalistlərə yox
demirdi, son günədək həyatını dolu-dolu
yaşayırdı və nə dost ünsiyyətindən, nə
də sevimli adətlərindən imtina etmirdi.
Bununla belə, Vaqif Səmədoğlunun Heydər
Əliyev və onun Azərbaycan ziyalıları ilə
qarşılıqlı münasibətləri haqda bəzi
düşüncələri yadımdadır.
“Mən “Azərbaycan” jurnalında dərc olunmuş
şeirlərimlə Latviyaya gedirdim, - danışırdı
mənə Vaqif Səmədoğlu. - Riqada məni Azərbaycan dilini
gözəl bilən məşhur Latviya şairi
, tərcüməçi Uldis Berzinş müşayiət
edirdi. O məni müxtəlif ədəbi məclislərdə
sinxron tərcümə edən zaman latışlardan təəccüblə
nidalar gəlirdi: “Ola bilməz! Sovet jurnalı ola və belə
şeirlər dərc edilə!”. Onlar inanmırdılar. Uldis bu şeirlərdən
bir neçəsini tərcümə etmiş, lakin bunları
“Atmoda” jurnalında dərc etdirə bilməmişdi! Bununla belə məni, əlbəttə, “pessimizmə”,
“abstrakt humanizmə”, “formalizmə” görə tənqid
etmişdilər. Eyni zamanda, anlayırdım ki, əgər
mənim şeirlərim dərc edilirsə, demək bu,
yalnız “Azərbaycan”da Əylislinin, yaxud, “Qobustan”da
Anarın xidməti deyil. Deməli, yuxarıda
bütün bunları dəstəkləyən hansısa
qüvvə var.
İstəyərdim ki, nəhayət DTK-nın arxivləri
açılsın. Çünki əminəm: orda yazıçılarla
bağlı bir neçə dosye olsa, böyük şeydir. Sadəcə, Heydər Əliyev bu dosyelərin
açılmasına imkan verməyib. Ona
görə, deyəndə ki, “bir nömrəli dissident mən
idim”, onun buna tam haqqı çatırdı”.
İstedadlı Azərbaycan şairi və tərcüməçisi Valeh Rzayev 15 il əvvəl yazıb ki, Vaqifin Azərbaycan ədəbiyyatına verdiyi töhfə, misal üçün, Artur Rembonun fransız ədəbiyyatına verdiyi ilə eynidir.
“... Müasir Azərbaycan poeziyası Antologiyasında ona xüsusi yer ayıran italiyalılar onun italyan olmadığına təəssüflənirdilər. Gürcülər - gürcü olmadığına, qərbi almanlar - alman olmadığına təəssüf edirdilər. Latışlar onu müasir klassika rubrikasında çap edirlər. Polşa intellektualları “Solidarnost”a qarşı təqiblərin qızğın çağında (onların isə hamısı müxalifətçi idi) məni inandırırdılar ki, Vaqif - “elitar poeziyanın son magikanlarındandır”. O zaman ev dustağı olan onların bir çoxu xəlvəti kiçik Varşava restoranında yığışırdılar ki, öz “impressiya”larında Vaqifin həmvətəni ilə fikirlərini bölüşsünlər və bu “Azərbaycan möcüzəsi” barədə söhbət etsinlər. Doğrudanmı sonra ona mədhiyyələr oxumaq üçün insanı itirmək lazımdır?” (“Vışka”, 19.08.1990-cı il).
Xoşbəxtlikdən Valeh Rzayevin proqnozu özünü doğrultmadı. Vaqif şöhrətin, ümumxalq sevgisi və hörmətinin zirvəsində aramızdan getdi. Və onun 2014-cü ildə “İstiqlal” ordeni ilə mükafatlandırılması yüksək ədalətin nişanəsi idi. Çünki ölkənin, cəmiyyətin, fərdin İstiqlalı Vaqif üçün əziyyətlərlə əldə etdiyi anlayış idi.
...İllər keçəcək, nəsillər əvəz edəcək bir-birini. Lakin illərin ötməsiylə nə Vaqif Səmədoğlu şəxsiyyətinin xarizması, nə onun ilahi istedadı sönməyəcək, əksinə bizə daha parlaq işıq saçacaqdır. Böyük Sergey Yesenin həqiqətən doğru söyləmişdir:
Surəti üzbəüz
Görmək olmayır.
Böyüklük uzaqdan aydın
görünür...
Elmira
Axundova
525-ci qəzet.- 2016.- 6 fevral.- S.8