Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi
Allahın yaratdığı ən böyük dəyər insandır. İnsanlığın dəyəri isə müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşmasından keçir. Bu, təqdiri-İlahidir. Bu barədə Qurani-Kərimdə belə buyurulur:
"Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara ayırdıq" (Əl-Hücurat, 49).
Bu ayədən də yol çıxararaq tolerantlığı belə izah etmək olar ki, tolerantlıq müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsidir. Dini tolerantlıq milli mədəniyyətlərin adət və ənənələrinin, milli ruhun qorunması deməkdir.
Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Azərbaycanda
tolerantlığın tarixi ənənəsi və sosial
dayağı
Azərbaycan həmişə müxtəlif
konfessiyaların, xalqların birgə yaşadığı
ölkə olub. Burada ayrı-ayrı etiqad və inanclara
malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində
yaşamasında humanizm dəyərlərinin rolu
böyükdür.
Azərbaycanda
tolerantlığın yüksək dəyərini sübut edən
əsas fakt Bakıda "Fəvvarələr bağı"nın yanında erməni kilsəsinin
mövcudluğudur. Azərbaycanla Ermənistanın
müharibə şəraitində olduğunu və ermənilərin
azərbaycanlılara qarşı vandalizmini nəzərə
alsaq, insanlar düşünə bilər ki, bu kilsə
çoxdan dağıdılmalı idi. Amma
bizim düşüncəmiz heç zaman nifrət
üstündə qurulmayıb. Nə əhali,
nə də dövlət tərəfindən onu
dağıtmaq təşəbbüsü olmayıb. Hazırda kilsə tam təchizatı ilə
mövcudluğunu qoruyur.
Tolerantlığın
tarixi ənənəyə dayandığını deyən
Milli Tolerantlıq Mərkəzinin rəhbəri Elmin Əliyev
qeyd edib ki, Azərbaycan müsəlmanlar, xristianlar, yəhudilər
üçün hər zaman yaşamaq üçün ideal məkan
olub:
"Azərbaycanda hər kəs öz dini
inancını, sosial fəaliyyətini rahat şəkildə
yerinə yetirə bilir. Bunun davam etdirilməsi labüddür.
İstər yəhudi, xristian, müsəlman
olsun, istərsə də türk, avar, acar və digər etnik
mənsubiyyəti olan insanlar bu cür düşüncə ilə
fəaliyyət göstərsələr onların cəmiyyətə
verdikləri fayda daha çox olacaq".
Məşədi
Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin
sözlərinə görə, Azərbaycanda tarixən məzhəblər
və millətlər arasında qardaşlıq olub:
"Bunu
təkcə biz demirik,Azərbaycana gələn
xarici qonaqlar da bunu təsdiq edirlər ki, burada dinlərarası,
millətlərarası unikal sistem mövcuddur. Ümumiyyətlə,
Azərbaycan bu göstəricisinə görə, dünyaya
örnəkdir. Bu şişirtmə deyil,
reallıqdır. Əgər tolerantlıq
avropalı üçün hüquqi bir vəzifədirsə,
azərbaycanlı üçün mənəvi məsələdir".
Dini və
milli tolerantlığın mövcud durumu
Ölkədə mövcud ictimai sabitlik, vətəndaş
həmrəyliyi və etnik dini tolerantlıq milli siyasətin məntiqi
nəticəsidir. Dini tolerantlıq sahəsində əldə
edilən uğurlar dini zəmində ekstremizmə və
ayrı-seçkiliyə qarşı mübarizədə
faydalı nəticə verir.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan üzərinə
düşən mənəvi borcu layiqincə yerinə yetirməyə
çalışır: "Əgər müstəqilliyinin
ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər
və mədəniyyətlərarası dialoq prosesinin aktiv
iştirakçısı idisə, indi demək olar ki, bu
prosesin hərəkətverici qüvvəsinə çevrilib.
Azərbaycan beynəlxalq miqyasda dinlərarası
dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi
olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB
Dinlərarası Şurasının, MDB Müsəlmanları
Məşvərət Şurasının, Qafqaz Xalqları Ali
Dini Şurasının toplantılarının Bakıda
keçirilməsini qeyd etmək olar.
Bundan başqa, Bakı 2009-cu ildə İslam Mədəniyyəti
paytaxtı elan edilmişdi. İSESKO tərəfindən 2018-ci il üçün "Naxçıvan
İslam mədəniyyətinin paytaxtı" elan edilib. Gəncə və Şəki də "İslam mədəniyyətinin
paytaxtları" layihəsində iştirak edəcək.
Bütün bunlar dünyanın ölkəmizə
tolerantlığın yüksək səviyyədə
inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir".
Dövlət-din
münasibətləri
Azərbaycan dövlətinin hüquqi əsasları
dünyəvi xarakter daşıyır. Bununla belə,
Azərbaycan dünyəvi dövlət üçün ən
münasib seçim hesab olunan müsbət dünyəvilik və
ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən
ölkələrdən biridir. Bu o deməkdir
ki, dövlət din sahəsinə qayğı və dəstək
göstərir və bu siyasət tolerantlığın tərkib
hissəsi kimi həyata keçirilir.
Ölkəmizdə hər bir vətəndaşın
vicdan azadlığı və dini ayinləri sərbəst
yerinə yetirməsi Konstitusiyada müəyyən edilib.Ali
Qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki,
"bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 48-ci maddədə
isə Azərbaycanda yaşayan hər kəsin vicdan
azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa
zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi
təsbit olunur.
Dini
tolerantlığın rəqəmlərlə ifadəsi
Azərbaycanda ən geniş yayılmış din
islamdır.
Əhalinin 96%-i müsəlmandır (85%-i şiə, 15%-i sünni ). Ölkədə bundan
başqa xristianlıq və iudaizm dinləri də
mövcuddur. Xristianların əksəriyyəti
rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur.
Yəhudilərin çoxu dağ yəhudiləri
və əşkinazi yəhudiləridir.
Məlumat
üçün bildirim ki, müstəqillik dövründə
Azərbaycanda 2 minə yaxın məscid tikilib, son 10 il ərzində
80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi
şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü
dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Avropanın ən iri sinaqoqlarından biri
2003-cü ilin mart ayında məhz Bakı şəhərində
açılıb.
Bütün bunlar isə bir daha Azərbaycanda dinlərin
bərabər yaşaması üçün bütün
imkanların yaradıldığından xəbər verir.
Azərbaycanın
tolerant mühitinə "təhlükələr"
Millət
vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, coğrafi
yaxınlığı və dünyada gedən prosesləri nəzərə
alsaq, Yaxın və Orta Şərq ölkələrindən
təhlükə gözlənilə bilər:
"Bu regionun dövlətlərində olan mövcud
proseslər təkcə Azərbaycan üçün deyil,
bütün dünya üçün real bir təhdiddir. Amma Azərbaycan
iqtidarı baş verən hadisələri düzgün qiymətləndirir
və adekvat cavab verir. Ölkədə
dini təhlükəsizliyi gücləndirmək məqsədilə
son dövrlərdə əhəmiyyətli addımlar
atılıb. Bu istiqamətdə
Multukulturalizm Mərkəzi yaradıldı, əhalini kütləvi
şəkildə maarifləndirmək üçün Bilik
Fondu təsis edildi. Bundan başqa, Dini
Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyi
möhkəmləndirildi. Bütün
bunlar onu sübut edir ki, Azərbaycan bütün təhlükələrə
qarşı üzərinə düşən bütün
öhdəlikləri görür".
Hacı Şahin
Həsənli bu barədə bildirib ki, bəzi radikal cərəyanlar
süni şəkildə məzhəblərarası
qarşıdurma görüntüsü yaradaraq ölkəmizdəki
dini sabitliyi pozmaq istiqamətində addımlar atsalar da, bu istəklərinə
nail ola bilmirlər.
Ş.Həsənli
qeyd edib ki, Azərbaycan cəmiyyətində
radikallığın heç bir vaxt ciddi sosial dayağı
olmayıb və ola da bilməz:
"Azərbaycan xalqı radikallığa meylli xalq
deyil. Burada əsrlərlə formalaşmış din və
irfan ənənələri var. Azərbaycanlının dini
dünyagörüşü irfana əsaslanır. İrfan isə Allah və yaranmışlara sevgini
ifadə edir. Ona görə də sərt
ehkamçılığa əsaslanan
dünyagörüşü Azərbaycanda geniş şəkildə
yayıla bilməz".
Dini
icmaların fikirləri
Quba rayonu
Qırmızı qəsəbə Dağ Yəhudiləri dini
icmasının sədri Boris Simonduyev qeyd edib ki, dünyada Azərbaycanda
olduğu qədər tolerant mühit olan ikinci belə bir
dövlət yoxdur:
"Azərbaycanlılarla yəhudilər arasında
dostluq və tolerant münasibət olmasaydı, biz burada
dinimizi saxlaya bilməzdik. Burada bizim dinimizə,
adət-ənənələrimizə hər cür şərait
yaradılıb. Bizim bu dostluğumuzu, Azərbaycandakı
tolerantlıq mühitini pozmaq istəyənlər və
gözü götürməyən qüvvələr də
var. Allah onları niyyətlərinə çatdırmasın
inşallah".
"Həyat sözü" Xristian dini icmasının
sədri Rasim Xəlilov Azərbaycanda bütün dinlər
arasında mehribanlığın hökm
sürdüyünü söyləyib. O da dünyanın heç
bir yerində belə bir tolerantlıq nümunəsinin
olmadığını, bu vaxta qədər Azərbaycanda
xristianlara dini görüşlərinə görə təzyiqlərin
baş vermədiyini və hər kəsin öz adət-ənənəsini
rahat şəkildə yerinə yetirdiyini vurğulayıb.
Mövzu
ilə bağlı danışan Alban-Udi Xristian dini
icmasının sədri Robert Mobili bildirib ki, Azərbaycanda
yaşayan dinlər və xalqları birləşdirən əsas
dəyər azərbaycançılıq fəlsəfəsi
olub:
"Burada dinlərarası dialoqda heç bir problem
yaşanmır. Hər kəs öz adət-ənənələrini,
dini inanclarını heç bir təzyiq olmadan müstəqil
şəkildə yerinə yetirir.Bu məqam Avropanın diqqətini
çəkir.Avropalılar Azərbaycanda olan bu unikal modelin təcrübəsini
öyrənməkdə maraqlıdır".
Tolerantlığa
verilən xüsusi dəyər - Tolerantlıq günü
Məlumat
üçün bildirim ki, YUNESKO-ya üzv dövlətlər
1995-ci il noyabrın 16-da tolerantlıq
prinsipləri haqqında bəyannamə qəbul edib. BMT
Baş Assambleyasının 1996-cı il qərarına
əsasən isə hər il noyabrın 16-da Beynəlxalq
tolerantlıq günü qeyd edilir. Bu dini
inanclarda təcəssüm olunan müxtəliflik, təhlükə
deyil, əksinə, dəyərli bəxşişdir.
Dünya
üçün unikal model örnəyi
Ölkəmizdəki dövlət-din münasibətlərinin
mövcud səviyyəsi bir çox xarici ekspertlər,
dövlət rəsmiləri tərəfindən nümunəvi
model kimi qiymətləndirilir.
Milli Məclisin
deputatı Sahib Alıyev söyləyib ki, Avropada islamafobiya
meyllərinin baş qaldırdığı, ABŞ-da qaradərililərə
qarşı ayrı-seçkiliyin çoxaldığı və
Yaxın Şərqdə məzhəblərarası
qarşıdurmaların davam etdiyi bir vaxtda Azərbaycanda dini və
milli tolerantlığın yüksək inkişaf etməsi
sevindirici haldır:
S.Alıyev deyib ki, Qərbin dini liderləri də Azərbaycanın
dini tolerantlıq baxımından bir çox ölkələrə
örnək sayıldığını etiraf ediblər.
Hələ
2002-ci ilin 22-24 may tarixində Bakıda rəsmi səfərdə
olmuş dünya katoliklərinin keçmiş dini rəhbəri
olan Roma papası II İohann Pavel ölkəmizdəki
tolerantlıq və dinlərə göstərilən diqqəti
yüksək qiymətləndirmişdi:
"Azərbaycan üç müxtəlif dinin dinc
yanaşı yaşadığı nadir bir ölkə və
dini dözümlülük baxımından sabit cəmiyyətdir. Qoy üç böyük
din tərəfindən izhar edilmiş bu məhəbbət
şahidliyinə görə Allaha həmd olsun!".
Qeyd edim
ki, bu yazının çapa hazırlandığı vaxtda -
dekabrın 10-da İtaliyanın paytaxtı Romada "Müsəlman
ölkəsində müxtəlif dinlərin yanaşı
mövcudluğu: Azərbaycan təcrübəsi" adlı
beynəlxalq konfrans da öz işinə başlayıb.
Konfransda
çıxış edən "Azadlıq və Demokratiya
uğrunda Avropa Mərkəzi"nin
Prezidenti Fiorello Provera Azərbaycanın müxtəlif dinlərin
birgə mövcudluğu sahəsində böyük təcrübəyə
və bu təcrübənin öyrənilməsinin
mühüm əhəmiyyətə malik olduğunu
vurğulayıb.
Tədbirdə İtaliya senatının vitse
prezidenti Linda Lanzillotta bu gün dini tolerantlığın
dünyada ən önəmli amilə çevrildiyini deyib və
Azərbaycanın tolerantlıq təcrübəsinin təbliğ
olunmasının vacibliyini vurğulayıb.
Cavid Şükürov
525-ci qəzet.- 2016.- 9 fevral.- S.7.