Azərbaycan filmləri
Çində mükafata layiq görülüb
Azərbaycan
istehsalı olan iki film Çində birinci Asiya beynəlxalq
qısametrajlı filmlər festivalının xüsusi
mükafatına layiq görülüb.
Azərbaycanın Çindəki səfirliyi mədəniyyətimizin, incəsənətimizin bu ölkədə geniş təbliği istiqamətində gördüyü işlər çərçivəsində Amil Məmiyevin “Qara bağ” və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmlərini festivala təqdim etmişdi. Müxtəlif ölkələrdən 300-dək filmin iştirak etdiyi festivalın sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib filmlər seçilib. “Qara bağ” və “Mayak” filmləri festivalın xüsusi mükafatını qazanıb. Bununla əlaqədar festivalın təşkilat komitəsindən Azərbaycanın Çindəki səfirliyinə məktub daxil olub.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Qara bağ” bədii filmində məcburi köçkünlərin yaşayış tərzi, Qarabağ həsrəti bir sıra metaforik simvollarla göstərilir. Filmin adı “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür.
“Mayak” isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya
Universitetinin məzunu Fariz
Əhmədovun diplom işidir.
Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran-2011”
müsabiqəsinin qalib kinolayihələrindən
olan “Mayak” dramında mövzu ata-oğul
münasibətidir.
525-ci qəzet.- 2016.- 9 fevral.- S.7