Böyük şairimiz Füzuli və onun
dünya ədəbiyyatındakı yeri
Klassik ədəbiyyatımızın
Nəvai, Nəsimi, Əhməd Yəsəvi, Qaspıralı
İsmayıl, Məxdumqulu və bu kimi çox sevilən,
oxunan və bəyənilən nümayəndələrindən
biri də Məhəmməd Süleyman oğlu Füzuli
olduğunu, hətta onun birinciliyini iddia edə bilərik.
İnsanlığa ərməğan etdiyi əsərləri
hələ mətbəənin olmadığı zamanlarda dəfələrlə
əlyazma şəklində çoxaldılaraq
dünyanın hər yerinə yayılmışdır. Bu gün
İraq, Türkiyə, Azərbaycan və İran başda
olmaqla, dünya kitabxanalarının bir çoxunda onun əsərlərinin
çap və əlyazma nüsxələrinə rast gəlinir.
Mətbəənin yaradılması ilə də
klassik yazarlar sırasında Füzulinin də əsərləri
geniş yayılmağa başladı.
Füzulinin
bu qədər maraqla oxunmasının səbəbi onun ərəb,
fars, türk dillərində yazmağı
bacarması ilə yanaşı, işlədiyi
mövzuların da o dönəm üçün fərqli
olması, müəllifin olaylara fərqli yöndən
yanaşması idi. Onun dili əsasən
türkçənin danışıq tərzinə daha
yaxın olması, türk dilinin təməl qəliblərinə
düzgün əməl etməsi, o dönəmin şairlərinə
nisbətən fərqli yanaşması əsərlərinin
oxunaqlılığını daha da yüksəldir.
İstifadə etdiyi türkcədə yaşadığı
coğrafiyanın təsiri ilə Azərbaycan və Kərkük
türkcəsinin təsiri açıq-aydın hiss olunsa da,
Cağatay və Osmanlıcanın da izləri özünü
göstərir. Buna görə də türk
dünyasının hər yerində onun yazdığı
şeir anlaşılır. Məsələn:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradum şəmi
yanmazmı?!
***
Nə
yanar kimsə mənə atəş-i dildən özgə,
Nə açar kimsə kapum, bad-i səbadan gayrı.
***
Mənüm
tək heç kim zar-ü pərişan
olmasın, ya Rəbb!
Əsir-i
dərd-i eşqü dağ-i hicran olmasın, ya Rəbb!
***
Məndə
Məcnundan füzun aşiqlık istedadı var,
Aşiq-i sadıq mənəm, Məcnunun ancaq adı
var.
Bu misralardan da görünür ki, Füzuli, türkcənin
bütün gözəlliklərindən istifadə edərək,
sanki naxış işləyirmiş kimi sözləri ard-arda
düzmüşdür. Şair bu sözləri təsadüfən
seçməmişdir. Onun daxili
dünyasının zənginliyi özünü məhz bu
sözlərin düzümündə göstərmişdir.
Füzuli özündən öncəki şairlərdən,
məsələn, Nizami, Nəcati və Nəvayidən təsirləndiyi
qədər də özündən sonrakı şairlərə
təsir etmişdir. Bu təsir özünü çox tez bir
zamanda göstərmişdir. Füzulinin dəsti-xəttini
mənimsəyən şairlərdən ilki Bağdadlı
Ruhidir. Bağdadlı Ruhi ilə
başlayan təsir müasir dövrümüzədək
davam etməkdədir. Bu gün yazılan bəzi
şeirlərdə Füzuli dəsti-xəttini açıqca
görə bilərik.
Azərbaycanda
Füzuli
Bildiyimiz kimi, Füzuli əsərlərini ərəb əlifbasında
yazmışdır. Türk dünyasında ərəb əlifbasından latın və kiril əlifbalarına keçilən
zaman onun əsərlərinin də bu əlifbalar ilə nəşrinə
ehtiyac duyulmuşdur. Daha sonra isə əsərləri
araşdırılmış, məqalələr,
monoqrafiyalar, dissertasiyalar yazılmışdır.
Türkiyədə Nəcməddin Xəlil Onan, Abdülqədir
Qaraxan, Hasibə Mazioğlu və Ali Nihat Tərlan, Azərbaycanda Həmid Araslı, Mirzəağa
Quluzadə, Mir Cəlal Paşayev, Məmmədcəfər Cəfərov,
Sabir Əliyev kimi onlarla alimin adlarını çəkə
bilərik.
Azərbaycanlı qardaşlarımız Füzulini
öz şairləri olaraq qəbul etdikləri
üçün onun əsərlərinin aşkarlanması,
haqqında tədqiqatlar aparılması ilə kifayətlənməyib,
şairin təbliğatı üçün lazım olan hər
şeyi edirlər. Belə ki, bəzi qəzəllərini məşhur
müğənnilər oxumaqla yanaşı, məşhur
poeması Leyli və Məcnun opera şəklində səhnələşdirilmiş,
kinoya çəkilmişdir.
Bundan başqa, 1959-cu ildə Füzulinin
adı bir Azərbaycanda rayona verilmişdir. Ancaq təəssüf ki, 1993-cü ildə həmin
rayon ermənilər tərəfindən işğal
edilmişdir.
Türk
dünyasında Füzuli
Füzuli təkcə Azərbaycanda deyil, Özbəkistanda
da sevilən şairdir. Füzulinin haqqında Avropa metodları ilə
yazılmış araşdırmalar XX yüzildən
başlansa da, bu zamana qədər şairin əsərləri
müxtəlif yollar ilə təbliğ edilərək
dörd yüz il boyunca bir çox özbək
şairlərinin yetişməsində öz təsirini göstərmişdir. Onun şeirlərinə
nəzirələr, təxmislər yazmışlar. Bu bilgini özbəkistanlı alim Xalid Rəsulun
Füzuli haqqında yayımladığı kitabın
önsözündə görə bilərik.
Bundan başqa, İraqda da Füzuli rəğbətlə
oxunur. Qeyd etməliyik ki, bu rəğbətin bir səbəbi
onun doğum yeri Bağdad şəhəri, vəfat yeri isə
Kərbəla şəhəri olmasıdır. Digər
səbəbi də şairin ərəb və fars
dillərində də gözəl əsərlər
yazmasıdır. Daha sonra şairin əsərləri
İranda da dəfələrlə nəşr edilmiş, əsərləri
haqqında tədqiqat aparılmışdır. Bu tədqiqat əsərləri daha çox
müqayisəli xarakter almışdır. Şairin əsərləri həmçinin ingilis
dilinə də çevrilmişdir. Füzuli
haqqında aparılan araşdırmalar içərisində
Qulamrıza Ziyainin Tərbrizdə Azadi İslam Univesitesində
ingilis dilində hazırlamış olduğu dissertasiyanı
xüsusi vurğulamaq istərdik. Burada
Hafiz Şirazi ilə Füzuli arasında təsəvvüf
haqqında bənzər və fərqli tərəflər
müqayisə edilmişdir. Bu əsər
2013-cü ildə “Turkish Studies (Türkiş stadis)”
jurnalında yayımlanmışdır.
Füzulinin
İraq tədqiqatçıları tərəfindən təbliği
İraqda Füzulinin türkmənlər tərəfindən
təbliği onun sadəcə orada yaşayan türkmənlər
arasında yox, həm də bütün ərəb
dünyasında tanınıb sevilməsinə
yardımçı olmuşdur. Ata Tərzibaşının
rəhbərliyi altında bir qrup füzulişünaslar ərəb
aləmində yayımlanan dərgilərdə şair
haqqında məqalə və tədqiqatları ilə öz
missiyalarını yerinə yetirmiş oldular. Tərzibaşının Füzuli haqqında ilk məqaləsi
1953-cü ildə yayımlanan “Əl-ədib” dərgisində
çıxdı. Müəllifin türk
dilində apardığı araşdırmalar isə ya yerli
ya da Türkiyədəki dərgilərdə özünə
yer almışdır. 2007-ci ildə Asma Şahinin
Türkiyədə Füzuli haqqında yayımlanmış
kitab, məqalə, məruzələri bir araya toplayaraq nəşr
etmiş və təxminən 500 sayda olan bu əsərlər
arasında Ata Tərzibaşının da əsərləri
özünə yer almışdır.
İraq
türkman yazarları arasında Füzulini tədqiq edənlər
sırasına Əbdüləziz Səmin Bayatlı, Mehmed
Mehdi Bayat, Fərrux Fayıq Köprülü, Əbdullətif
Bəndəroğlu və İbrahim Dakuklunu adı xüsusi
qeyd edilməlidir. Adlarını çəkdiyimiz
bu alimlər təkcə Füzulinin iki dildə şeirlərini
araşdırmaqla yanaşı, həm də şairin
doğulduğu yer haqqında, həyatı və şəxsiyyəti
barədə geniş məlumatlar vermişlər. Bu tədqiqatların bir çoxu kitab halında da
yayımlanmışdır. Bu kitablar
arasında 1994-cü ildə təşkil olunmuş Füzuli
festivalı zamanı yayımlanan “Mətləül-etiqad” əsəri
ilə ərəbcə qəsidələrinin yer
aldığı kitabı göstərə bilərik.
Füzuli yaradıcılığına önəm verən
digər bir İraq alimi isə professor Hüseyn Əli Məhfuzdur. Müqayisəli
Şərq dilləri mütəxəssisi olan alim həm də
Seyh-ül Bağdad kimi tanınır. Onun
Füzuli haqqında ilk işi 1953-cü ildə Bakıda təşkil
olunmuş bir simpoziumda oxuduğu məruzədir. Daha sonra məruzəsini genişləndirərək
1959-cu ildə “Füzuli əl-Bağdadi” adlı kitab
halına gətirmişdir. 1994-cü ildə
Füzuli festivalında şairi İraqda təbliğ edən
ilk alim olduğunu etiraf etmişdir. Tədqiqatçının
qənaətincə fars ədəbiyyatında
Rudəki, ərəb ədəbiyyatında Umru-ül Kayis və
ingilis ədəbiyyatında Geoffrey Jusr kimdirsə, türk ədəbiyyatında
da Füzuli odur. Yenə də tədqiqatçının
qənaətincə "şairlik Füzuli ilə
bitmişdir. Söz ustadlığı
onunla özünün zirvəsinə
çatmışdır”.
Ərəb mədəniyyətində Füzulinin tədqiqatçıları dedikdə isə ağla ilk gələnlərdən birisi də Hüseyn Mucib əl-Misridir. 1955-ci ildə Qahirə Universitetində Füzulinin yaradıcılığı haqqında namizədlik dissertasiyası yazmışdır. 1967-ci ildə o, dissertasiyasını “Əski türk şeirinin öncüsü: Füzuli” adlı kitab halında çıxarmağa nail olmuşdur. Kitab sonralar rus dilinə çevrilmişdir.
Füzuli Qərb ədəbiyyatında
Füzuli şərqdə məşhur və önəmli olduğu qədər qərb mədəniyyətində də ona, şəxsiyyətinə və yaradıcılığına önəm verilmişdir. Onun qərbdə tanıdılması Osmanlı ədəbiyyatı haqqında aparılan araşdırmalardan başlayır. 1904-cü ildə ingilis yazıçısı E. J. Wilkinson Gibbin yazmış olduğu "History of Ottoman Poetry/ Osmanlı Şeirinin Tarixi" adlı əsər Füzulinin qərbdə öyrənilməsinin təməlini qoyur. Kitabda Füzuliyə 37 səhifə həsr olunur. Müəllif Füzulini “ruhun şairi” adlandırmış, “türk şeirinin bayrağını əlçatmaz yüksəkliklərə qaldırdığını” göstərmişdir. Füzulinin “Leyli və Məcnun”əsəri də 1959-cu ildə Sufi Hurinin ingiliscəyə tərcüməsi ilə UNESCO tərəfindən yayımlanmışdır. Bu əsərin alman, ispan və rus dillərinə də çevrilmişdir.
Bu gün qərb universitetlərindən hansında Türkologiya, Şərqşünaslıq və Şərq dilləri fakültələri varsa, istisnasız orada Füzuli haqqında ayrıca bir dərs keçirilir. Füzulinin haqqında ya dissertasiya işi yazılır, yaxud da onun əsərləri Şekspir, Dostoyevski, Con Don, Qotfrild Keller kimi dünya ədəbiyyatının tanınmış simaları ilə müqayisə edilir.
Bundan başqa, Füzulinin haqqında müxtəlif dillərdə yazılmış ensiklopediyalarda da məlumat vardır. Britaniya, Rusiya, İran, İslam ensiklopediyalarında Füzuliyə sərf olunan səhifələrin digər klassik şairlərimizə həsr olunduğundan çox olduğunu görə bilərik.
Son zamanlar hər bir tədqiqatçı üçün çox önəmli vasitə olan internet resurslarında da Füzuli haqqında beş yüz minə qədər başlıqda link açılmaqdadır. Təkcə Wikipedi saytında şair haqqında 50 dildə bilgi verilir.
1994-cü ildə Azərbaycan və Türkiyənin təklifi ilə UNESCO Füzulinin “500-cü ildönümündə Füzuli” adlı tədbir keçirməsinə nail olmuşdur. Tədbir Türkiyə, Azərbaycan, Qazaxıstan, İran, İraq, Gürcüstan, Türkmənistan, Özbəkistanda və UNESCO-nun mərkəzi Fransada keçirilmişdir. Bu tədbirlərin bir qismi elmi məruzələrin toplanmasına və Füzuli haqqında bilgilərin mərkəzləşməsinə yardımçı olmuşdur. Daha sonra seçilmiş sanballı məruzələrdən ibarət kitab yayımlanmışdır.
Nəticə
Bu gün, Füzuli haqqında dünyada aparılan tədqiqatları nəzərdən keçirdikdə qürurlanmamaq olmur.
Doğrudur, Füzuli adına türk dünyasında bir neçə heykəl, elmi mərkəz, qurum var. Ancaq bütün bunlar dahi şairə yetməz. Onun məzarını yenidən düzəltdirmək, ona layiq hala gətirmək lazımdır. Füzulinin məzarının yenidən düzəldilməsi mövzusunda Azərbaycan hökumətindən, Azərbaycanın imkanlı iş adamlarından, TÜRKSOY təşkilatından xüsusi kömək istəyərdik. Ümid edirik ki, bu yazımız TÜRKSOY tərəfindən ciddiyə alınacaq və şairin məzarı abadlaşdırılacaqdır. Qeyd etməliyəm ki, Füzuli 1556-cı ildə Kərbəlada vəfat etdikdən sonra Hz.Hüseynin türbəsinə yaxın bir ərazidə son illərini yaşadığı qübbəli bir otaqda dəfn edilir. 1984-cü ildə yeni yol salmaq bəhanəsi ilə şairin sümükləri qazılaraq başqa bir yerə basdırılır. 10 il sonra, yəni 1994-cü ildə İraqda təşkil edilmiş festival ərəfəsində Azərbaycandan gəlmiş qonaqlara Füzuli üçün daha şanlı-şöhrətli bir qəbir düzəltmə sözü verilsə də, bunu 1995-ci ildə utancverici bir şəkildə yerinə yetirdilər. Belə ki, Füzuli üçün türbə yox, gediş gəlişli yolun ortasında betondan sütun tikildi. Sütunun üzərində isə: “Həzrəti Hüseynə ərəbcə, türkcə, kürdcə və farsca ağılar yazan və hicri 10-cu yüzildə yaşayan şairlərin öndəri Füzuli əl-Bağdadinin məzarı” - sözləri yazılıb.
Mehmet Ömer QAZANÇI
mustco2003@yahoo.com
İraq,
Bağdad
525-ci qəzet.- 2016.- 9 fevral.- S.6.