Bakıdan görünən və
görünməyən Strasburq həqiqətləri
Aralıqdakı məsafə min kilometrlərlə
ölçülsə də, artıq çoxdandır ki,
Strasburq Bakıdan uzaq deyil.
Azərbaycan
insanı bu köhnə Avropa şəhərində baş
verənləri 15 ildir nigaran maraqla izləyir, vətəndaşlarımız
Avropa Şurasından umur və oradan Qarabağın, zəbt
olunmuş torpaqlarımızın, qaçqın və
köçkünlərimizin gələcək taleyi ilə
bağlı ümidverici soraqlar gözləyirlər.
Elə
2016-nın son yanvar günlərində də
yenə nəzərlər həmin səmtə yönəlmişdi.
Avropa
Şurası Parlament Assambleyasının qış
sessiyası keçirilirdi və orada ölkəmizlə
bağlı 2 vacib hesabat müzakirə olunacaqdı:
böyük britaniyalı deputat Robert Volterin "Dağlıq
Qarabağ və Azərbaycanın digər işğal
edilmiş ərazilərində zorakılığın
şiddətləndirilməsi" və Bosniya-Herseqovinadan
olan deputat Milisa Markoviçin "Azərbaycanın sərhəd
rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi"
adlı məruzələri.
Strasburqla
Bakı arasındakı məsafənin lap
qısaldığının ən üzdə olan sübutu
budur ki, həmin sessiya günlərində cərəyan
etmiş hadisələrlə əlaqədar Bakıda o qədər
təhlillər, şərhlər, münasibətlər ortaya
qoyuldu ki, sanki bu fikir bildirənlərin hamısı elə o
hadisələrin axarında olub.
Əslində, elə təxminən o cürdür. Avropa Şurası indi
müəyyən mənada ovuc içərisindəki kimidir -
internet vasitəsilə Parlament Assambleyasının canlı
yayımlanan plenar iclaslarını isti-isti elə toplantı
zalında oturubmuş sayaq birbaşa izləmək
mümkündür, adbaad hansı məsələyə
hansı ölkədən kimin necə səs verməsini
anındaca öyrənə bilirsən, Avropa
Şurasının özünün və 47 üzv ölkənin
çeşidli saytlarını araşdırdıqca o qədər
müfəssəl məlumatlanırsan ki, sanki sən də
oradasan. Amma məhz "sanki oradasan". İstənilən halda bilavasitə içəridən
orada baş verənləri müşahidə etmək daha dəqiq
və ədalətli qənaətlərə gəlmək
imkanı yaradır. Qaynar nöqtənin mərkəzində
dayanmaq, Avropa Evindəki gedişatın bir çox səhnəarxası
ayrıntılarına bələdlik, oradakı çoxillik
iş təcrübəsi imkan verir ki Avropa
Şurasındakı yeraltı siyasət
çaylarının necə axdığından (bəzən
hansı səmtə, necə axmağa vadar edilməsindən
də) xəbərdar olasan, bir sıra mətləblərin
zahirən göründüyündən və təqdim
edildiyindən nə qədər fərqləndiyini sezəsən.
AŞ
PA-nın son qış sessiyasında olub-keçənlər
barədə yazıları oxuduqca dəyərli təhlillərlə
yanaşı, xeyli dürüst olmayan, hərdən səthi,
bəzən qərəzli, ara-sıra sadəlövh, müəyyən
hallarda isə məqsədli şəkildə dövriyyəyə
buraxılan yanıldıcı yozumların varlığı
sövq etdi ki, canlı şahid və iştirakçı
kimi mən də müəyyən təəssürat və
düşüncələrimi bölüşüm.
Biri
başımıza ağıl qoyurmuş kimi sual verir: 2005-ci
ildə Dağlıq Qarabağla bağlı qəbul
edilmiş AŞ PA qətnaməsi vardısa, bu ikinciyə nə
ehtiyac?
Digəri
təəccüblənir: Niyə bu iki mövzunun müzakirəsini
eyni vaxta salmışdınız?
Bir əcnəbi
guya bizə canı yanırmış kimi gileylənir: Erməni
mümayəndə heyəti Azərbaycan nümayəndə
heyətindən daha fəal idi, ona görə Dağlıq
Qarabağ qətnaməsi keçmədi.
Bir
başqası müdrikcəsinə nəticə
çıxarır: bu, Avropa Şurasının Azərbaycana
xəbərdarlığıdır. Digər qətnaməni
də ona görə buraxıblar ki, Azərbaycana
özünü doğrultmaq üçün şans verirlər.
Və
neçə belə-belə ehtimallar, fərziyyələr,
gümanlar...
Heç biri qəbuledilən deyil, hamısının
konkret cavabı var.
Avropa Şurası Parlament Assambleyasında hər məruzənin
sessiyanın gündəliyinə daxil edilərək plenar
iclasa çıxarılmasına qədər təxminən 2
ilə yaxın zaman sürür. Bu müddət boyunca
məruzə dəfələrlə müvafiq komitələrdə
müzakirə edilir, dəvət edilmiş mütəxəssislərin
iştirakı ilə diskussiyalar təşkil olunur, nəhayətdə
məruzə və onun qətnamə layihəsi bənd-bənd
müzakirə edilərək səsə qoyulur, ümumi rəy
müsbət olarsa, hesabat sessiyaya çıxarılır.
2 ildir ki,
xatırladığım məruzələrlə
bağlı belə müzakirələr gedir, məruzəçilər
də bir neçə dəfə Azərbaycanda olublar, mətbuatımız
da mütəmadi olaraq bu məsələləri
işıqlandırıb və hamı (hətta indi "Yenidən
bu mövzuda məruzə hazırlamaq lüzumu
vardımı" söyləyənlər də)
bütün bunları müsbət irəliləyişlər,
nailiyyətlər kimi məmnunluqla qarşılayıb.
Məruzəçilər
nə qədər cəhd eləsələr, dönə-dönə
məktublar yollasalar da,
Ermənistan onları qəbul etmədi, məruzələrin
qarşısını almaq üçün hər fəndə
əl atdı, müzakirə proseslərində qalmaqallar
yaratmaqçün dəridən-qabıqdan çıxdı,
di gəl, hər dəfə Azərbaycan qalib oldu.
Yəni əgər hər iki məruzə bu mərhələyə
gəlib çatdısa, bunun özü elə bir hünər
idi.
Çünki beynəlxalq təşkilatların işinə
az-çox bələd olanlar bilir ki, hər hansı sənədi
irəlilətmək, xüsusən, Dağlıq Qarabağ
problemi, Ermənistanın Azərbaycana təcavüzü kimi
həssas məsələ ilə bağlı sənədlərdə
sənə sərf edən bir ifadəni, bir cümləni qoruyub saxlamaq, yaxud
artırmaq nə qədər müşküldür.
Azərbaycan
Avropa Şurasında bu istiqamətdəki ilk ən
böyük uğurunu 2005-ci il yanvarın
25-də qazanmışdı.
Bu quruma
daxil olduğumuz ilk illərdə, o zaman Azərbaycan nümayəndə
heyətinə başçılıq edən Prezident
İlham Əliyev Dağlıq Qarabağ məsələsi ilə
əlaqədar tövsiyə üçün ayrıca qətnamə
hazırlamışdı, erməni tərəfinin dəhşətli
müqavimətinə baxmayaraq, bu sənəd əsasında məruzəçi
təyin edilməsinə nail olmuşdu.
Məhz həmin
1416 saylı qətnamədə ilk dəfə olaraq Azərbaycan
ərazilərini mücərrəd erməni silahlı birləşmələrinin
deyil, Ermənistan dövlətinin işğal etdiyi təsdiqləndi,
Dağlıq Qarabağda separatçı rejimin
mövcudluğu göstərildi, azərbaycanlılara
qarşı ermənilərin etnik təmizləmə siyasətini
gerçəkləşdirdiyi təsbit olundu.
Qayıdaq o suala ki, bunca vacib qələbədən sonra
Ermənistanın işğalı ilə bağlı yeni məruzələrə
ehtiyac vardımı?
Əlbəttə var və münaqişənin
yaratdığı faciələri ən müxtəlif
görüm bucaqlarından seyr edən, təcavüzün
çeşidli fəsadlarını əks etdirən yeni-yeni
məruzələr və icraya yönəldilən qətnamələr
işğal davam etdikcə, hətta bu zəbt bitəndən
bir qədər sonra da mütləq davam etməlidir. İşğalçı
dövlət daim hədəfdə, siyasi nişangahda
saxlanmalıdır.
Ona görə də 2 yeni məruzənin bu qədər
çətin mərhələləri adlayaraq AŞ PA
sessiyasına çıxarılması Azərbaycan dövlətinin,
ölkə rəhbərinin apardığı
ağıllı xarici siyasətin son dərəcə ciddi
nailiyyəti sayılmalıdır. Ermənistanı
işğalçı deyə təqdim edən 2 məruzənin
AŞ PA sessiyasının gündəliyində yer
almasının özü artıq Ermənistana bir zərbə
idi.
Kədərli
həqiqəti bilin və agah olun - Avropa müstəvisində
Ermənistan-Azərbaycan münaqişəsi müzakirəyə
çıxarılırkən elə başlanğıcdan
daim əleyhimizə işləyən iki amil var: müsəlmanıq
və türkük. Türk və müsəlman
olmaq bizim qismətimizdir və bu taledən yan qaça bilmərik.
Ona görə bu gün də, bütün
sabahlarda da ikili standartlarla yanaşmanın təkan nöqtələrindən
olan bu amili nəzərə alaraq həmişə ikiqat,
üçqat, dördqat səylə mübarizə
aparmalıyıq. Elə aparırıq da.
Nəyəsə nail oluruqsa, bu, sadəcə qələbə
yox, hansı şəraitdə qazanıldığı nəzərə
alınarsa, həmişə ikiqat qələbə çəkisindədir.
Və
qış sessiyası da, məsələdən yetərincə
hali olmayan bəzilərinin fərz etdiyi kimi, guya iki qətnamədən
birinin keçib, birinin keçməməsinə görə
50 faizlik qələbəmiz, yaxud 1:1 hesablı nəticə
deyil, Azərbaycan siyasətinin tam və qəti qələbəsidir.
Birmənalı! Hərçənd, sadəcə qələbə
yox, parlaq zəfər də ola bilərdi!
Bəzilərinin də guya "Sərsəng su
anbarı ilə bağlı hesabatın daha çox ekoloji məzmunlu
bir məruzə olduğundan ondansa siyasi mahiyyətli
Qarabağ hesabatının keçməsi daha məqbul
olardı" qənaəti də qəbuledilməzdir. Avropa
Şurası siyasi təşkilatdır, insan
hüquqlarını qorumaq yolunda mübarizə onun məramı,
başlıca fəlsəfəsidir. Orada
hazırlanan bütün məruzələr mövzuca mədəniyyətə,
ətraf mühitə, iqtisadiyyata, sosial məsələlərə
aid olmasına rəğmən sırf siyasi mahiyyətlidir.
Sadəcə, həmin siyasi mahiyyət fərqli
mövzu müstəvilərində təhlil edilir. Məgər Ermənistanın Azərbaycanı
işğalı olmasaydı, Sərsəng problemi olardı?
Avropa
Şurasında Azərbaycan nümayəndə heyəti Ermənistan
nümayəndə heyətindən həmişə qat-qat
güclü olub, indi də belədir və ümumən bizim
oradakı komandamız 47 üzv dövlət içərisində
bu 15 ildə ən irəlidə gedənlərdən olub.
Lakin biz tək erməni lobbisi ilə, Ermənistan və ona
bilavasitə dəstək olan ölkə, ya ölkələrlə
qarşı-qarşıya deyilik ki!
Güclü rəhbəri, müstəqil siyasəti olan,
hansısa ən böyük güc qarşısında da
boynubükük deyil, şax dayanan, öz xəttini inamla irəli
aparan Azərbaycana qarşı təzyiqlər də, təhdidlər
də çoxdur və çoxistiqamətlidir. Bu, tək Azərbaycanın
üzləşdiyi bəla da deyil. Həmişə
nəhənglər müstəqil siyasət aparanlara boyundan
artıq hərəkət eləyən, dikbaş kimi
yanaşaraq onu yerində oturtmağa, ona təpinməyə,
ona qulaqburması verməyə cəhdlər ediblər. Bir-bir nə sadalayım?! Dünya
gözünüzün qabağındadır!
Elə bizə münasibətdə də belə tərpənişlərə
son illərdə dönə-dönə çox şahid
olmusunuz.
Kim ki elə
güman edir AŞ PA-nın qış sessiyasının lap ərəfəsində
öz mandatının çərçivələrini
aşaraq, yerinə yetirməli olduğu tərəfsizlik, ali
münsif vəzifəsinin ziddinə gedərək
Dağlıq Qarabağla bağlı məruzənin Avropa
Şurasında müzakirəsinə qarşı bəyanat
verən ATƏT-in Minsk qrupu bunu sırf erməni lobbisinin diktəsi
ilə edib, - bu, xam xəyaldır.
Yox, erməni lobbisi o qədər zırpı güc də
deyil, çox da şişirtməyək onu.
Belə bir bəyanat vardısa, bu, yalnız konkret 3 həmsədrin
imzaladığı kağız deyildi. Bunun
ardında 3 həmsədr dövlətin və ATƏT-ə
indi rəhbərlik edən dövlətin də iradəsi var.
O bəyanat erməniyə sərf edir, bizə yox. Ona görə də yaranıb həmin kağız.
Bu ikili standart nümayişi ilə
onlar həm erməniyə bir köynək yaxın
olduqlarını göstəriblər, həm də forpost
"dövlət" Ermənistandan fərqli olaraq, istər
siyasi, istər iqtisadi cəhətdən tam müstəqil yolu
olan Azərbaycanı bir qədər cilovlamaq məqsədilə
əzələ nümayişinə keçiblər.
Arxadakı illər də təsdiq etdi ki, Minsk qrupu əvvəldən
ölü doğulmuş, heç bir səmərəsi
olmayan qurumdur.
Amma biz bu həmsədrlik institutundan da imtina
etmirik ki, bəli, dialoq deyirsiniz, ona da hazırıq, lakin əbədiyyətə
qədər davam edə bilməz bu süründürməçilik.
Azərbaycan öz səbri, təmkini ilə artıq Minsk
qrupunun tam ifşasına, iç üzünün hər kəsə
bəlli olmasına nail olub. İmtina etmiş
olsaydıq, əllərinə girəvə düşəcəkdi,
bizi müharibə istəməkdə suçlayacaqdılar.
Özləri bəhrəsiz
danışıqları acı bağırsaq kimi hey uzatmaqla,
sabah-sabahlara salmaqla işi o həddə
çatdırdılar ki, hərbi həldən başqa yol
qalmadığını əməlləri ilə sübut
etdilər.
Lakin Minsk
qrupunun AŞ PA-nın qış sessiyası
astanasındakı həmin bədnam bəyanatı,
şübhəsiz ki, öz mənfi işini gördü və
əleyhdarlarımız, erməniçi qüvvələr ondan öz niyyətlərinə
uyğun olaraq gen-bol istifadə etməyə başladılar.
Hazırda
AŞ PA-nın əsas üzv olan 318 deputatı var. Adətən,
sessiyaların ilk günlərindəki səsvermələrdə,
fəallığın lap yaxşı olduğu məqamlarda
onlardan aşağı-yuxarı təxminən 200-250 nəfər
iştirak edir. Təbii ki, hansısa məsələsi
gündəliyə daxil edilən, marağında olduğu məruzə
səsverməyə çıxarılacaq ölkənin
nümayəndələri irəlicədən hesablamalar da
aparırlar ki, nəticə necə ola bilər,
neçə nəfərin dəstəyini qazanmaq
ehtimalımız var.
Strasburqa getməzdən öncə artıq irəlicədən
aparılmış işlərin nəticəsi olaraq ilkin
hesablamalarımız belə zənn etməyə əsas
verirdi ki, tərəfdarlarımız azı 140-150 nəfər
olmalıdır.
Ermənilərin də səsverməyə təsir
göstərməkçün dünya boyu erməni lobbisinin
bütün imkanlarından istifadə edərək mütəmadi
əlləşmələrindən agah idik.
Elə Strasburqa yetişən kimi, hələ sessiya
başlamazdan əvvəl yaxın, həmfikir, tərəfdaş
saydığımız, dəstəyinə ümid bəslədiyimiz
bir sıra AŞ PA üzvü dostlarımızdan
aldığımız bilgilər anlatdı ki, vəziyyət
xeyli mürəkkəbdir. Bütün deputatlara
qarşı R.Volterin məruzəsi ilə bağlı ciddi
basqı göstərilir və bundan ötrü ağla gələn
və gəlməyən bütün qüvvələri səfərbər
ediblər. Siyasətçilər, dövlət
adamları, xristian birliyindən dəm vuran din xadimlərindən
tutmuş pornoulduz Kim Kardaşyana və nağd pul təklifinəcən
erməni lobbisi dünya boyunca hər söz, nüfuz, təsir
sahibini AŞ PA deputatlarını yola gətirməyə
yönəldib.
Sizi inandırıram, hətta bunca miqyaslı canfəşanlıqlar
və cəlbetmələr belə nəticə etibarilə
erməniləri istədiyinə çatdırmayacaqdı. Çünki R.Volterin məruzəsinin
lehinə səs verəcəyini nəzərdə
tutduqlarımızdan nə qədərini
neytrallaşdırmağı bacarsalar da (kimi iclasa gəlmədi,
kimisi bitərəf qaldı, kimisi zalda olsa da, ümumən səsvermədə
iştirak etmədi, kimisi əvvəlki mövqeyinin əksinə
səs verdi), yenə çoxluq bizim tərəfimizdə
idi.
Sessiyalarda, adətən, məruzəni müəllif təqdim
edir.
M.Markoviç məruzəsini tutarlı əsaslandırmalarla
özü təqdim etsə də, R.Volter artıq AŞ PA
üzvü olmadığından, həmin məruzənin təqdimi
deputat Mogens Yensenə tapşırılmışdı və
o da əks cəbhənin adamlarından idi. Aydın məsələdir
ki, o, məruzəni necə təqdim edəcəkdi! Söz yox, meydanda güclü siyasətçi
R.Volter özü olsaydı, ssenari tamam başqa tərzdə
cərəyan edəcəkdi və o, əleyhdarlarını
yerində oturda biləcəkdi.
Təəssüf ki, sessiyaya qonaq kimi gəlib dəhlizlərdə
gəzsə də, R.Volter artıq məruzəçi
kürsüsündə deyildi və bu da nəticəyə təsir
baxımından çox mənfi rolunu oynadı.
2 məruzə ətrafında müzakirələr
başlandı və bizim nümayəndə heyətində 5
nəfər çıxışa yazılsa da, təkcə mənə
söz demək növbəsi çatdı. Mənim o
qısa vaxt içərisində hər 2 məruzə ilə
bağlı sadəcə bəzi vacib nöqtələrə
diqqət yönəltmək macalım oldu. Söylədim
ki: "Avropa Şurasında müzakirəyə
çıxarılan hər məruzə uzun araşdırma və
təhlillərin nəticəsi olaraq yaranır. Təbii ki, mühüm bir problem üzrə məruzəni
belə bir mötəbər auditoriyaya təqdim edən şəxslərdən
mükəmməl siyasi və elmi səviyyə tələb
olunur. Lakin hərdən elə mövzular
da işlənilir ki, onlardan yazmaq, ümumən belə problemlər
üzrə məruzəçi təyin edilməkdən
ötrü siyasi dərinlik, geniş erudisiya azlıq edir.
Çox həssas olan bir sıra mövzular var
ki, həmin məsələlər üzrə məruzəçiliyi
boynuna götürməkçün həm də iradə, qətiyyət,
cəsarət lazımdır. Robert Volter və
xanım Milisa Markoviçə bu baxımdan Assambleya üzvlərinin
üçqat təşəkkürü düşür.
Çünki münaqişə edən tərəflər
arasında münsif missiyasını üzərinə
götürmək, balanslaşdırılmış, obyektiv, ədalətli
məruzə hazırlamaq yolunda çalışmaq hər iki
məruzəçinin, sözsüz ki, mərd, cəsur,
ötkəm şəxsiyyətlər olmasına dəlalət
edir. Lakin üçqat təşəkkürün səbəbi
odur ki, indiki
halda həmin münaqişə tərəflərindən biri
işğalçı Ermənistandır. Ermənistanın
isə necə ipə-sapa yatmayan, dövlətçilik iradəsi
öz əlində olmayan, inadla "ağ"a "qara"
deyən, ona sərf etməyən məruzəçilərə
müxtəlif kanallar və vasitələrlə aramsız həmlələr
təşkil edən, onları ədalətli, obyektiv
mövqelərindən yayındırmaq üçün hər
hiylədən istifadə edən bir tərəf olması bizə
uzaq və yaxın tarixdən yaxşı bəllidir. Vaxtilə burada 2005-ci ildə görkəmli siyasətçi,
o zamanlar siyasi komitənin sədri olan Terri Devis Ermənistanın
Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsi
ilə əlaqədar çox əhatəli və obyektiv bir məruzə
hazırlamışdı. Cənab T.Devis
Avropa Şurasına Baş katib seçildikdən sonra həmin
məruzəni digər tanınmış siyasətçi
Devid Ətkinson tamamlayaraq Assambleyada təqdim etdi. Hər iki məruzəçinin, xüsusilə Terri
Devisin o dövrdə ermənilər və erməniçi
qüvvələr tərəfindən məruz
qaldığı həmlələr, hətta təhqirlər,
təhdidlər unudulan deyil. AŞ
PA-nın stajlı üzvləri bunları yaxşı
xatırlayırlar. Bütün bunlar
pozulması mümkünsüz tarixdir və tarixin hafizəsində
bu da həmişəlik qalacaq ki, siyasət
cırtdanlarının hədə-qorxusu, demaqogik haray-həşiri
cənab T.Devisi haqq yolundan döndərə bilmədi. Nəticədə ciddi tarixi əhəmiyyəti olan
qətnamə qəbul edildi. Forpost
olduğunu ölkə prezidenti səviyyəsində
çoxdan rəsmən etiraf etmiş Ermənistan, əlbəttə
ki, öz gücü ilə deyil, onu kənardan yönəldən
və dəstəkləyən qüvvələrin
yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt
edib. Beynəlxalq birlik tərəfindən Azərbaycan
torpaqları olduğu heç kəsdə şübhə
doğurmayan Dağlıq Qarabağı, onun ətrafındakı
daha 7 Azərbaycan rayonunu 20 ildən artıqdır ki, nəzarəti
altında saxlayır. İndi biz burada müzakirələr
apardığımız əsnada da Ermənistan hərbi birləşmələri
işğal ərazilərini genişləndirməkdən
ötrü sərhəd boyu Azərbaycanın dinc əhalisini
atəşə tutmaqdadır. İşğal
altındakı hər cür beynəlxalq nəzarətdən
kənar ərazilərdə Ermənistan terrorçu
düşərgələri yerləşdirir, narkotiklərin əkib-becərilməsi
və tranziti ilə məşğul olur. Hər il məhsulu yığdıqdan sonra isə həmin
ərazilərdə izi itirmək üçün
yanğınlar törədir. Bu, hətta
aerokosmik çəkilişlər vasitəsilə də isbat
edilib, bütün bunlar ABŞ-da hazırlanmış
xüsusi hesabatda da əksini tapıb. Çox
da faktlar, sübutlar ortadadır. Ermənistan
yenə özünə xas olan riyakarlıqla bütün
bunları danır. Ermənistan Azərbaycan
meşələrini vəhşicəsinə qırır,
öz ərazisindən keçib Azərbaycana axan
çayları məqsədli şəkildə bakterioloji,
kimyəvi, nüvə tullantıları ilə zəhərləyir.
Sərsəng su anbarının
qarşısını nağıllardakı əjdahalar kimi kəsərək
yay-qış yüz minlərlə insanın həyatını
fəlakət həddinə çatdırır. Bunlarla əlaqədar inkaredilməz dəlillər,
sübutlar ortaya qoyulur, Ermənistan deyir "xəbərim
yoxdur". Müzakirə etdiyimiz hər
iki məruzədə bu cür dəhşətli faktların
yalnız kiçik bir hissəsi əhatə edilib.
Yazılan hər cümlə, hər ifadə, hiss edilir ki,
yüz dəfə ölçülüb-biçilib. Oxuduqca anlayırsan ki, məruzəçilər nə
Ermənistanın, nə Azərbaycanın tərəfindədirlər.
Onlar həqiqət, ədalət, obyektivlik
mövqeyindən çıxış edirlər. Deməli,
bu xeyirxah araşdırmaları ilə, mahiyyət etibarilə,
həm Ermənistanın, həm Azərbaycanın tərəfindədirlər,
həm o, həm bu ölkəyə kömək etmək istəyirlər.
Ermənistan isə gözlərini kip-kip yumaraq,
qulaqlarını bərk-bərk qapayaraq həqiqətləri
görmək, eşitmək istəmir. Amma
unudurlar ki, həqiqəti görmək, eşitmək istəməmək
həqiqətin olmaması demək deyil. Reallıq hissini
itirmiş Ermənistanın idarəçilərinə səslənirəm:
qəflət yuxusundan ayılın, gözlərinizi və
qulaqlarınızı açın, bu gözüyumulu
gediş sizi artıq lap yaxınlıqda olan dərin
uçuruma aparır. Gözlərinizi
açanda bu gün müzakirə edilən məruzələri
də ehtirassız, soyuq başla, diqqətlə oxuyun. Gələcək taleyinizlə bağlı
çoxlu faydalı məqamlarla
rastlaşacaqsınız!"
İclası AŞ PA-nın yeni seçilmiş
prezidenti, Azərbaycan üzrə keçmiş həmməruzəçi
Pedro Aqramun aparırdı. Mən
sözümü bitirəndə sədr kürsüsündə
onu Makedoniya nümayəndə heyətinin rəhbəri olaraq
vitse-prezident vəzifəsini icra edən Aleksandr Nikolski əvəzlədi
və oradan başladı ki, müzakirələri
dayandırdı. Halbuki siyasi qruplar
adından çıxışçılar da daxil olmaqla,
vur-tut 9 nəfərə söz verilmişdi. Məsələni tələm-tələsik həll
etmək ssenarisi işə düşmüşdü.
Ermənilər və onlarla bir olan bəziləri əvvəlcə
R.Volterin məruzəsini yenidən işlənmək
üçün komitəyə qaytarmaq təklifini irəli
sürdülər. Səsə qoyuldu və bu təklif rədd
edildi. 175 nəfər səsvermədə
iştirak etdi. 74 nəfər məruzənin
komitəyə qaytarılmasının lehinə, 83 nəfər
əleyhinə, 18 nəfər bitərəf.
Ardınca məruzənin qəbulu məsələsi səsə
qoyuldu.
Səsvermə bitdi. Zaldakı monitorlar
işıqlanmadı.
Və
iclası aparan qarşısındakı kompüterdə ilkin
nəticələri, yəqin ki, görürdü və bu
göstəricilərin onların məqsədinə
müvafiq olmadığını bilincə əcaib bir elan
etdi: "24 nəfər səs verməyib, xahiş edirəm
onlar da səs versin".
Avropa Şurası saytında stenoqramları
açsanız, bunlar öz əksini olduğu kimi tapıb. Nəticə elan edildi: 66 nəfər
məruzənin qəbul edilməsinin lehinə, 70 nəfər
əleyhinə, 45 nəfər bitərəf.
Möcüzə:
səs verənlərin bir neçə saniyə qabaq 175 olan
sayı "artıb" oldu 181 nəfər və bizə tərəfdar
olan 83 nəfərin də miqdarı "azalıb" oldu 66.
Ən qaba tərzdə biabırçı saxtalaşdırmaya
getdilər, ancaq bu, heç də Avropa Şurasında indiyəcən
rastlaşdığımız ilk hal deyildi. Belə səsvermə
fokusları başqalarına və bizə münasibətdə
ötən illərdə də müşahidə
edilmişdi.
Ertəsi gün Türkiyə nümayəndə heyətinin
üzvlərindən biri rəsmən AŞ PA katibliyinə
müraciət edir və məruzənin lehinə səs versə
də, onun bitərəf kimi qeydə
alındığını bildirir.
Kimdir baxan?! Məqsəd bu qərarı qəbul etmək
idi, sistem öz əllərində, nəzarət öz
ixtiyarlarında.
Guya real
5-10 səsin az, ya çox olması nəyisə
həll edir? İstənilən halda maşınları
"hesablama"nı elə aparacaqdı
ki, nəticə onlara sərf edən olsun.
Guya Avropa Şurası balans gözlədi, guya istədi
ki, erməni tərəfini də tam narazı salmasın. Halbuki söhbət
hansısa tərəfin deyil, həqiqətin yanında olmaqdan
gedirdi.
Robert Volter güclü siyasətçidir və son illərdə
bu, Avropa Şurasında ona vurulan ikinci namərd zərbə
oldu. Cari sessiyada AŞ PA sədri kürsüsü ilə
vidalaşmış Ənn Brasördən əvvəl onun bu
quruma rəhbər olmaq şansları lap çox idi. Amma o vaxt səssayma oyunu elə quruldu ki, R.Volter nəinki
sədr seçildi, üstəlik, o vaxt tutduğu başqa vəzifələrini
də itirdi.
Bu məruzə komitədə
qədəm-qədəm irəliləmişdi, gərgin
mübarizələrdə onun hər müddəasını
qorumaq uğrunda söz, fikir çarpışmaları
baş vermişdi və ingilis siyasətçi danılmaz dəlilləri,
dəmir məntiqi ilə yazdıqlarını sətir-sətir
sübuta yetirmişdi, mövqeyini qoruyub saxlaya bilmişdi.
Komitənin qəbul etdiyi, təsdiqlədiyi mətn
Assambleyaya təqdim olunmuşdu. Adətən,
komitənin müsbət rəy verdiyi məruzələr də
Assambleyada ciddi müqavimətlə üzləşmədən
təsdiqlənir. Lakin bu dəfə nadir
istisnalardan biri gerçəkləşdirildi. Həm bütövlükdə həqiqətə, həm
də bir siyasətçi olaraq Volterin nüfuzuna zərbə
endirmək məkri həyata keçirildi. Lakin əlahəzrət faktın
qarşısında hər şey acizdir. R.Volterin
faktlara, sübutlara əsaslanan, inkaredilməz dəlillər
üzərində qurulduğundan çoxsaylı müzakirələrdən
keçərək təsdiq olunmuş, Assambleyanın plenar
iclasınadək gəlib çatmış məruzəsini
daha tarixdən silə bilməzsən ki! O sənəd qalacaq
və hələ zaman ötdükcə öz ifşaedici
rolunu da çox oynayacaq.
Əslində, bu nəticə R.Volterin qələbəsi
demək idi. Onun qələmi, sözü, məntiqi, təqdim
etdiyi böyük həqiqətlər qarşısında aciz
qalaraq saxtakarlığa getməkdən başqa çarə
tapmadılar, səsvermənin nəticələrini təhrifə
uğratdılar. Zənnimcə, həmin məruzənin
mətninin Azərbaycanda da, xarici ölkələrdə də
nəşr edilməsinə, saytlarda yerləşdirilməsinə,
müvafiq şərhlərlə dünyaya daha yaxşı
çatdırılmasına və ifşaçı rolunu
oynamaqda davam etməsinə biz səylərimizi əsirgəməməliyik.
İkinci
hesabatı, M.Markoviçin məruzəsini isə guya
onlarçün daha az təhlükə
daşıyan hesab etdiklərindən çox
qısma-boğmaya salmadılar. Rahat keçdi.
Amma bu, əks tərəfin dayaz təhlil
ucbatından düşdüyü bir tələ idi,
düçar olduğu bir xəta idi.
2016-cı
il yanvarın 26-da qəbul edilmiş 2085
saylı AŞ PA qətnaməsindəki sarsıdıcı məqam
ondan ibarətdir ki, bu mötəbər sənəd 2005-ci ildə
qəbul edilmiş 1416 saylı qətnaməyə dayaq olmaqla
yanaşı, bir qədər də irəli gedir. Birmənalı şəkildə göstərir ki,
Dağlıq Qarabağı da, digər daha 7 Azərbaycan
rayonunu da işğal edən məhz Ermənistandır.
Yəni bu qətnamə Ermənistanın tez-tez
verdiyi belə bir riyakar bəyanatı rədd edir ki, guya
Dağlıq Qarabağ müstəqil bir qurum imiş və
onunla tərəf kimi hesablaşmaq lazımdır.
2016-cı ilin AŞ PA qış sessiyasındakı bir
incə məqam da var ki, mənzərənin tam aydın
olmasından ötrü o barədə də bilgi
bölüşmək zəruridir.
R.Volter və
M.Markoviçin məruzələrinin müzakirə edildiyi
günün ertəsi, yanvarın 27-də sessiyada beynəlxalq
terrorizmə həsr edilən iki məruzənin müştərək
müzakirəsi aparılırdı: "Avropa
Şurasının standartları və dəyərlərini
qoruyaraq beynəlxalq terrorizmə qarşı mübarizə",
bir də "Suriya və İraqda əcnəbi
döyüşçülər". Məruzələr
ətrafındakı müzakirədə iştirak edən
deputatlar bir-birini əvəz edirdi. Növbə
mənə çatdı. Həmin gün
müəyyənləşdirilmiş reqlamentə uyğun
olaraq hər danışanın 3 dəqiqə vaxtı
vardı.
Bu
qısa müddət ərzində mümkün qədər
çox mətləbləri ifadə etmək və Ermənistanın
yalnız təcavüzkar deyil, həm də beynəlxalq
terrorizmdə xüsusi payı olan bir ölkə
olmasını çatdırmaqçün bir sıra
faktları sadalayaraq dedim: "Nə qədər paradoksal səslənsə
də, insanları böyük sevinclərdən daha çox
böyük dərdlər yaxınlaşdırır,
qovuşdurur. Ümumən yaxşı
müharibə yoxdur. Amma hər halda
terrorizm müharibələrin ən pisidir. Bu, insanla insanın qarşı-qarşı
durduğu savaş deyil. Bu, iblisin insana,
insanlığa qarşı ölüm
yürüşüdür. Ona görə
də terrorun və terrorçunun vətəni və milliyyətinin
olmaması haqda məlum düşüncəylə müəyyən
qədər razılaşmaq mümkündür. Amma tamam yox. Axı terrorizmi
özünün dövlət siyasətinə çevirən,
terrorizmi fəal şəkildə dəstəkləyən
ölkələr də var. Həm də uzaqda yox, elə bizim
Avropa Şurası ailəsinin içərisində. Bu gün biz İraqda, Suriyada döyüşən əcnəbi
muzdlular, Avropadan kənardakı terror birlikləri haqqında
fikir bölüşürük. Avropadan kənarda
baş verən proseslər olsa da, təbii ki, biz bu bəlaya
biganə qala bilmərik. Çünki
biganə qalsaq, səsimizi qaldırmasaq, gec-tez o zərbələr
bizə sarı yönələcək və artıq yönəlir
də. Lakin biz fikir mübadilələrimizin,
qəbul edilən qərarların, insanlıq əleyhinə
olan bu fəlakətə qarşı mübarizəmizin sadəcə
söz olmamasını, əmələ çevrilməsini
istəyiriksə, gərək məsələlərə hər
cəhətdən obyektiv, qərəzsiz, vicdanlı
yanaşaq. Bizim sıralarımızda beynəlxalq terror
şəbəkəsi ilə bilavasitə bağlı olan,
terrorizmi açıq şəkildə dəstəkləyən,
daha artıq, terrorizmi özünün dövlət siyasətinə
çevirən ölkə var. Biz terrorizm əleyhinə
mübarizədən bəhs edərək bu mövzuda söhbətləri
dərhal Ermənistandan başlamırıqsa, demək,
riyakarlıq edirik. Bu haqda mən xəbərdarlığı
çoxdan etmiş, həyəcan siqnalını hələ
14 il əvvəl vermişdim və 2002-ci il iyunun 14-də
hazırladığım 9489 saylı "Azərbaycan
Respublikasının işğal altındakı ərazilərində
Ermənistanın himayədarlıq etdiyi terrorçu təşkilatlar
şəbəkəsi" adlı tövsiyə
üçün təklifdə həmin beynəlxalq terror birləşmələrinin
adlarını bircə-bircə sadalamışdım. Nəticə nə oldu? Beynəlxalq
nəzarətdən kənar olan ərazilərdə təcavüzkar
Ermənistanın yerləşdirdiyi terrorçuların təlim
düşərgələri, oradakı ölüm cəngavərlərinin
tam sərbəst hərəkət imkanının
qarşısının alınması üçün
heç bir tədbir görülmədi. Çox
keçmədi ki, həmin düşərgələrdə təlim
keçmiş ASALA, "Gənc ermənilər
ittifaqı", "Erməni azadlıq hərəkatı",
"İsveç qrupu", "Erməni birliyi",
"Orli qrupu", "Vartan cəngavərləri" və
digər erməni mənşəli beynəlxalq terror
qruplaşmaları Avropada, Yaxın və Orta Şərqdə,
Şimali Amerikada yeni-yeni terror aktları törətdi. Ermənistanın
nəzarətində, lakin beynəlxalq nəzarətdən
kənarda olan həmin ərazilər bu gün də beynəlxalq
terror şəbəkəsinə xidmət üçün
açıqdır, narkotiklərin becərilməsi, tranziti
üçün ən münasib məkandır. Avropa Şurası da, BMT də haradasa məchul
uzaqlarda terrorçuları arayır. Ermənistanın
dövlət səviyyəsində terrorizmi dəstəkləməsi,
terrorizmi öz dövlət siyasətinə çevirməsi,
beynəlxalq terror şəbəkəsi ilə bilavasitə
bağlılığının çoxlu sübutları
var, bunların xeyli hissəsi ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin hesabatlarında da əksini tapıb. Mən sadəcə bircəsini diqqətinizə
çatdırıram. Erməni mənşəli Amerika
vətəndaşı, dünya terror şəbəkəsinin
məşhurlarından olan Monte Melkonyanın 1983-cü il iyulun 15-də Parisdə, Orli hava limanında
törətdiyi terror aktı nəticəsində zərər
çəkən 60 insanın bir qismi həlak oldu, bir qismi
yaralandı. Fransa polisi M.Melkonyanı tuta bildi və ona 6 il həbs cəzası kəsildi. Ancaq o, az sonra müəmmalı bir şəkildə
Fransadan kənarda üzə çıxdı, Ermənistana gəldi.
Ermənistan dövləti isə bu terrorçunu ölkənin
ən ali rəsmi təltifinə layiq
görərək ona milli qəhrəman adı verdi. Necədir sizinçün?!"
Danışa-danışa
hiss edirdim ki, iclası idarə edən, Hollandiya nümayəndə
heyətinin rəhbəri olduğundan hazırda Parlament
Assambleyasında vitse-prezidentlərdən birinə
çevrilmiş xanım Ria Oomen-Ruijten
narahatdır, açıq-aşkar qəzəblənib və
yanında oturmuş katiblik nümayəndəsi ilə nəsə
məsləhətləşir. Mənimçün
ayrılmış vaxtın bitməsinə hələ 30 saniyə
qalmasını monitorda görürdüm, lakin daha sədr
xanımın erməni ifşasına dözməyə səbri
çatmadı və mikrofonumu bağlayaraq sözümü kəsdi
ki, siz mövzudan danışmırsınız.
Mən onun mikrofonu bağlamasına baxmayaraq,
bütün zalın eşidəcəyi və mikrofondan gələ
biləcəkdən də uca səslə dərhal etiraz etdim
ki, əvvələn, mən bilavasitə mövzudan
danışıram. Çünki söhbət beynəlxalq
terrorizmdən gedir və mən də Ermənistanın hətta
mənim ölkəmə qarşı törətdiyi
çoxsaylı terror aktlarından deyil, bu sahədə
dünya miqyasındakı cinayətlərindən
danışıram. İkincisi də, mənim
üçün ayrılmış vaxt bitməyib, bu müddət
ərzində fikrimi ifadə etmək mənim hüququmdur və
sizin mənim danışığımı
yarımçıq qıraraq dediklərimi nə şəkildəsə
şərh etmək, münasibət bildirmək
ixtiyarınız yoxdur.
Xanım Ria Oomen-Ruijten aranı qarışdırmaq,
guya doğrudan da mənim mövzudan kənara
çıxdığımı sübut etmək
üçün "dost köməyi"nə müraciət
etdi. Əlini iki məruzəçidən birinə,
Azərbaycana qarşı bədxah münasibətilə
özünü çoxdan ifşa etmiş öz həmyerlisi
Peter Omziqə uzatdı. O da ayağa qalxaraq
"Mövzumuz "Suriya və İraqda əcnəbi
döyüşçülərdir" söylədi. Yenə
etiraz etdim: "İndi müştərək müzakirələr
keçirilir. Birinci, əsas mövzu isə
Avropa Şurası standartlarını qoruyaraq beynəlxalq
terrorizmə qarşı mübarizəyə həsr edilib.
Əslində, sizin dediyiniz ikinci mövzu da bunun
tərkib hissəsidir. Ona görə də
iradlarınızı qətiyyən qəbul etmirəm. Hüququmu tapdalamayın, mane olmayın, imkan verin
sözümü başa çatdırım".
Bu dəfə
xanım "Artıq vaxtınız bitib" dedi. "Bitib,
ona görə ki, vaxtımı siz qəsb etdiniz" deyərək
çıxışımı tamamladım: "Beynəlxalq
terrorizmin klassiklərindən olan erməni terrorizminin
müasir dövrdə bir dırnaqarası nailiyyəti də
var. Dünya siyasətşünaslığında erməni
terrorizmi artıq ayrıca bir istiqamət kimi öyrənilir və
bu haqda müxtəlif dillərdə yüzlərlə ciddi
araşdırma, kitablar və məqalələr
yazılıb. Niyə bəs dünya birləşərək
bu təhlükəyə qarşı qətiyyətli
addımlar atmır? Niyə həmişə
gecikir, bəd hadisələr baş verəndən sonra hərəkətə
gəlirik? Bəs bu barədə Avropa Şurası niyə
kəskin sözünü demir? Eynəyimiz
yaxşı göstərmir, ya Ermənistan, onun himayə
etdiyi beynəlxalq erməni terror şəbəkəsi gözəgörünməzdir?"
Bütün bu deyişmə mikrofonsuz davam etsə də,
ertəsi gün nəşr edilən stenoqramda bir qədər
ixtisar edilmiş və yumşaldılmış şəkildə
olsa da, əksini tapdı. Bunu da məcburiyyət
qarşısında etdilər. Çünki mən
Avropa Şurası Baş katibinə və AŞ PA Prezidentinə
bu insidentlə bağlı kəskin şikayət ərizəsi
ilə müraciət etmişdim və bu da katibliyi vadar
etmişdi ki, bir az özlərini
yığışdırsınlar və ehtiyatlı
davransınlar.
O
şikayət məktubuma az sonra
qayıdacağam, hələliksə dönürəm yenə
xanım Ria Oomen-Ruijtenin idarə etdiyi həmin müzakirələrə.
Bir neçə nəfər
çıxış edəndən sonra növbə yenə
Azərbaycan nümayəndəsinə çatdı. Deputatımız ümumi mətləblərdən
danışdıqdan sonra sözünü Ermənistan tərəfə
yönəldincə xanım onu da kobud şəkildə
dayandırdı ki, bu məsələlər mövzuya aid
deyil. Mən, heç olmazsa, Ermənistanı
ifşa edən dəlilləri kifayət qədər səsləndirmişdim
və belə sayqısızlığı özünə
bağışlamayan xanım bu dəfə elə erməni məsələsinə
toxunulunca hərəkətə keçməyi qət
etmişdi. Sonda isə lap ağ elədi.
Daha bir Azərbaycan deputatı
danışmağa başlamazdan əvvəl ona xəbərdarlıq
etdi ki, mövzudan kənara çıxsanız, mikrofonu
bağlayacağam. Yəni Ermənistanın, erməninin
adını belə çəkmə.
Bütün bunlar artıq çox arzuolunmaz simptomlar idi. Aşkar duyulurdu ki, dünənki
iclasdan sonra, R.Volterin məruzəsinin qarşısını
kəsməyə nail olandan sonra Avropa Şurasında erməni
lobbisinin və onlara havadar olan qüvvələrin ələ
keçirdiyi deputatlar qrupunun ağzında şirə
qalıb, ayaqları əməlli-başlı yer alıb və
indi hətta ümumən "Ermənistan"
sözünün bizim tərəfimizdən tənqidi bir
şəkildə dilə gətirilməsinə belə imkan
vermək istəmirlər.
Dayanmaq olmazdı. Ona görə də gecə ilə
bütün bunlara etirazımızı ifadə edən sərt
şikayət məktubu yazaraq səhər tezdən Avropa
Şurası rəhbərliyinə təqdim etməyi qətiləşdirdim.
Avropa
Şurası rəhbərliyinə məktubumda
yazırdım: "2016-cı il yanvar
ayının 27-də Parlament Assambleyasının plenar
iclasında beynəlxalq terrorizmə qarşı mübarizəyə
həsr edilən 2 məruzənin birgə müzakirəsi
zamanı iclasa sədrlik edən xanım Ria Oomen-Ruijten tərəfindən
Avropa Şurasının norma və prinsipləri kobud şəkildə
pozulmaqla mən açıq təhqirə məruz
qoyulmuşam. Qəbul edilmiş qaydalara müvafiq olaraq
ayrılmış 3 dəqiqə ərzində bilavasitə
müzakirə edilən mövzular ətrafında fikirlərimi
ifadə edərkən xanım Ria Oomen-Ruijten
kobud şəkildə sözümü kəsmiş və mənə
nitqimi başa çatdırmağa imkan verməmişdir.
Xanım Ria Oomen-Ruijten belə bir
addımı atmaq üçün açıq saxtakarlıq
edərək guya mənim mülahizələrimin müzakirəyə
çıxarılmış mövzu ilə əlaqədar
olmadığını bəhanə gətirmişdir. Mən həqiqətə zidd olan belə bir qeyri-real
əsaslandırmanı qətiyyətlə rədd edirəm və
Assambleyada, mikrofonsuz olsa da, dərhal bu fikrimi bildirmişəm.
Mən, müzakirənin mahiyyətinə tam uyğun
olaraq, terrorizmin bütün bəşəriyyət
üçün təhlükə olması, ona qarşı
mübarizənin hamı tərəfindən birgə
aparılmasının zəruriyyətindən bəhs etdikdən
sonra beynəlxalq terror şəbəkəsində xüsusi
qorxulu yeri olan erməni terrorizmi ilə bağlı konkret
faktları sadalamışam. Ayrıca vurğulayıram ki, həm
də mən Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın
Azərbaycana qarşı törətdiyi, saysız nümunələri
olan qanlı terror əməllərindən deyil, erməni
terrorizminin dünya miqyasındakı dəhşətli cinayətlərindən,
konkret olaraq Fransada törətmiş olduğu terror aktı
barədə məlumat vermişəm.
Xanım Ria Oomen-Ruijtenin məndən az sonra söz alan
Azərbaycan nümayəndə heyətinin digər
üzvünün də bilavasitə mövzu ilə
bağlı çıxışını yenə natiq beynəlxalq
erməni terrorizmi probleminə toxununca kobud şəkildə
yarımçıq kəsməsi artıq bunun tendensiya səciyyəsi
daşıması, xüsusi gizli məqsədlərə xidmət
edən qərəzli bir hərəkət olması nəticəsini
çıxarmağa imkan verir.
Xanım
Ria Oomen-Ruijten ona verilmiş səlahiyyət və imkandan
subyektiv şəkildə, həm də qaba bir tərzdə
istifadə edərək açıq şəkildə erməni
təəssübkeşliyi nümayiş etdirmiş və ən
təəccüblüsü də budur ki, əslində, Ermənistanın
və erməni xalqının deyil, ümumi düşmənimiz
olan beynəlxalq erməni terrorizminin müdafiəçisi və
lobbiçisi kimi çıxış etmişdir.
Bütün bunları nəzərə alaraq bəyan edirəm:
belə bir davranış Avropa Şurasının qəbul
edilmiş norma və prinsiplərinə,
davranış normalarına, bütövlükdə insan
hüquqlarına daban-dabana ziddir. Nəyi demək
olar, nəyi demək olmaz kimi yanaşma artıq açıq
şəkildə Avropa Şurasında birbaşa siyasi
senzuranın tətbiqi deməkdir və uğrunda mübarizə
apardığımız demokratiya ölçülərinə
tam zidd olan belə halların ortaya çıxması
çox təhlükəlidir. Bu, Avropa Şurası
tribunasından rəsmi vəzifə və səlahiyyət
sahibinin, indiki halda konkret olaraq xanım Ria
Oomen-Ruijtenin açıq lobbiçilik etməsi nümunəsidir
və bu biabırçı cəhdin mütləq siyasi qiyməti
verilməlidir. Xanım Ria Oomen-Ruijtenin tam ədalətsiz,
qeyri-obyektiv, qanuna zidd olan əməlini müdafiə edən
kimlərsə tapılarsa, bu, özünüifşaya
çevriləcək, onların da eyni şübhəli və
təmiz olmayan xəttə xidmət etdiklərini
nümayiş etdirəcəkdir. Ali məqsədi
insan hüquqlarını qorumaq olan bir təşkilatda bu hadisə
ən yüksək səviyyədə həyata
keçirilmiş insan haqlarına hörmətsizlik nümunəsidir
və bir fərd, bir deputat olaraq mən belə haqsızlıq
və həqarətə dözə bilmərəm. Mən
öz tam qanuni haqlarımın 15 il
üzvü olduğum və ümumi işinə ürəkdən
xidmət etdiyim, tərəqqisinə mümkün töhfələrimi
verdiyim təşkilatda belə təhqiramiz şəkildə
pozulmasına ən kəskin etirazımı bildirirəm. Mən
xanım Ria Oomen-Ruijtenin Avropa Şurasının norma və prinsiplərini, qəbul edilmiş
Nizamnamə tələblərini pozduğuna, məni
açıq şəkildə təhqir etdiyinə, kobud
formada hüquqlarımı tapdaladığına görə
dərhal rəsmi şəkildə üzr istəməsini tələb
edirəm. Belə bir qanunazidd hərəkətə yol
vermiş xanım Ria Oomen-Ruijtenin bundan
sonra AŞ PA iclaslarını idarə etməsini ziyanlı, məqsədəuyğun
olmayan hal hesab edirəm. Baş vermiş insident
çox təhlükəli və gələcəkdə
AŞ PA-nın işində ciddi əngəllər yarada biləcək
məyusedici bir presedentdir və belə halların bir daha təkrarlanmaması
üçün zəruri addımlar atılmalıdır.
Mən baş vermiş bu hadisə və Avropa
Şurasında indiyədək müşahidə etdiyim digər
bu qəbil pozuntular haqqında beynəlxalq kütləvi
informasiya vasitələrində mövqeyimi ifadə etmək
haqqımı özümdə saxlayıram".
Bu etiraz məktubuna sessiyanın son günü AŞ PA
Prezident komitəsinin iclasında ayrıca baxıldı və
biz bir sıra başqa ölkələrdən olan həmkarlarımızla
apardığımız danışıqların nəticəsi
kimi yaz sessiyasında həmin məsələylə əlaqədar
ayrıca yazılı bəyannamə da hazırlamağı
qət etmişik.
Avropa Şurası da, digər beynəlxalq təşkilatlar
da, əslində, bir döyüş meydanıdır. Həqiqətlərimizin
ifadəsi, haqlarımızın qorunması yolunda
ardıcıl, dönməz olmaqsa bizim milli vəzifəmizdir.
2016-cı ilin AŞ PA qış sessiyası Azərbaycan
üçün yetərincə uğurlu oldu. Amma hər arxada qalan mərhələ həm də
növbəti dərslərini verir.
Nədən ibarətdir o ibrətlər?
Baş vermişləri saf-çürük edərək düşünürsən ki, nailiyyətimiz bundan da artıq ola bilərdimi, nə etsə idik, nəyi etməsə idik, bəlkə bir addım da irəli gedərdik. Bu barədə hər dəfə mütləq götür-qoy etməliyik. Axı Avropa Şurasına 2001-ci ilin yanvar günlərində bizi ilk dəfə yola salan, elə bu qəbil öyüdlər verən unudulmaz Heydər Əliyev olub! Axı mübarizəli yolumuzun başlanğıcında heyətimizin ilk rəhbəri və məhz belə meyarlarla düşünüb hərəkət etməyi bizə öz şəxsi nümunəsi ilə göstərən Prezident İlham Əliyev olub!
Bütün sahələrdə, o cümlədən, siyasətdə daha böyük uğurların açarı nədir?
Sadədir, amma ona əməl etməyə təpər, dəyanət gərəkdir.
Gərək təmənnasız olasan, fədakar olasan, düşünəsən ki, gördüyün ən misilsiz işlərdə də qəhrəman sən deyilsən, dövlətindir, xalqındır, öndə olan onun nüfuzudur, ümdə maraqlarıdır. Gərək fəhləlikdən hürkməyəsən, ən çox əməklər sərf edib kölgədə qalmaqdan çəkinməyəsən, qısqanclıq mərəzindən uzaq olasan, birdən məni yox, bir başqasını daha tez görüb dəyərləndirərlər xofu ilə yaşamayasan, şöhrətinə kiminsə şərik ola biləcəyindən qayğılanmayasan, gərək "sağ ol"un, "əhsən"in böyüyü barədə yox, işin ən irisindən yapışmağın haqqında fikirləşəsən.
Ortada millətəxeyir əməlin varsa, onsuz da görünəcək, bilinəcək, gec-tez mütləq etiraf ediləcək.
Gərək Vətən, Dövlət, Millət naminə görülən işlərdə, atılan addımlarda bütün sözü keçən, gücü yetən qurumlar əl-ələ, çiyin-çiyinə dura, bir ola, qüdrətə çevrilə bilə!
Bunlar təkcə yaxşı adam olmağın deyil, elə kamil millət, yenilməz dövlət olmağın da təməl şərtləridir.
Bu düsturlara hər gün əməl edək!
Zəfərlər bizimlə olacaq!
Rafael HÜSEYNOV
Akademik, Milli Məclisin deputatı
525-ci qəzet.- 2016.- 9 fevral.- S.4;6