Dilindən çox ürəyi ilə danışan şair

 

 

... Qələmim əlimdə, kəlməm dilimdə, sözüm , özüm dərd gölündə əsir-yesirdir.

 

Həmişə kövrələndə, hissə qapılanda açıb kitab oxuyar, dərdimi kitaba danışıram. Bu dəfə eynən beləcə boylandı dərd içimdən. Bir neçə gündür ki, yanımda olan, Bakıdan, daha doğrusu, yerindən, 24 ildir ki, müvəqqəti sığındığım Müşfiqabaddakı fəhlə yataqxanasınadək (marşrut avtobusundakı basabasa baxmayaraq) vərəqləmək, bu üzücü, yorucu yolun yorğunluğunu unutmaq üçün açdığım kitabın ilk səhifəsində qarşılaşdım "dərdim"lə. Demək, dərd yaxadan yapışırsa, ha çək kənara, xeyri yoxdu...

 

Qollarımı açmışam,

Dolan boynuma, dərdim,

Cani-dildən deyirəm,-

Bəlan boynuma, dərdim...

 

Bu bəndin məni özünə bənd eləməsinin səbəbləri çoxdur. Onlardan yalnız birini deyirəm: dərd mənim ortağımdır, sanki tale payım, yol yoldaşım, sirdaşımdı. Mənimlə əkiz doğulub. İkimizböyüyüb qocalmışıq.

 

bu dərdin nəvazişini çəkdiyimi qələm dostlarım duyub, dəyərləndiriblər. Onlardan biri də Əməkdar jurnalist, şair-publisist, Qarabağ dərdli Əbülfət Mədətoğludur. Onun ömrünün 55-ci pilləsində bir məqalə yazmışdım,  xoşuna gəlib-gəlmədiyinin fərqinə varmamışdım. Özündən xəbərsiz yazmışdım. Elektron dünyada yaxşı və çox oxunan yazılardan biri kimi diqqət çəkəndə, sevindiyimdən kövrəlmişdim də.

 

Təvazökarlıqdan uzaq olsa da, jurnalistlik fəaliyyətinə başladığım 1987-ci ildən bu günə kimi 26 kitabı nəşr etdirmək (7-8 kitab isə hazırda çapa hazırdır) o qədər də asan deyil. Onlardan yalnız biri - "Qala dərdim" qəlbimin poetik sızıltılarıdır, şeir deməyə dilim gəlmir, baxmayaraq ki, haqqında, hətta, Əbülfət Mədətoğlu da məqalə ilə çıxış edib ("Ədalət" qəzeti, 4 avqust 2015-ci il). Əbülfət müəllim də məni özünün dərd ortağı kimi tanıyıb və beləcə də dilə gətirib: "...Gördüm ki, mənim dünyamın adamı olan Məhəmməd Nərimanoğlu çiynini dərdin altına vermiş, özünü Kəlbəcər həsrəti ilə əridən söz adamıdı...

 

...Araza qarğadıq, qurudu getdi,

Kürünə qarışıb əridi getdi.

Sanki günahkardı, kiridi getdi,

Əsrləri yola salan Vətənin.

 

Şəhriyar həsrətli, Təbriz nisgilli,

Qaçqınlı-köçkünlü, didərgin elli.

Məhəmməd, dərdimiz  hamıya bəlli,

Olum qadasını alan Vətənin.

 

...Məhəmməd Nərimanoğlunun nə vaxtdı yazı masamın üstündə olan "Qala dərdim" kitabının üz qabığı, tərtibatı məndə məhz həmin o Vətənin qadasını almaq istəyən oğulun xarici görünüşünü də,  duyğularını da çox gözəlcə əks etdirir. Şəxsən mən bu kitabın üz qabığına baxıb onun müəllifini tanımasaydım da, birmənalı şəkildə deyərdim ki, bu kitab dərdin, həsrətin, yurd nisgilinin toplusudu. Elə kitabla baş-başa qalanda da yanılmadığıma bir daha əmin oldum..."

 

Sözüözü ilə tanış olduğum qələm adamları arasında Əbülfət Mədətoğlunun bir ayrı statusu var. Sadəliyi və səmimiliyi ilə yaradıcılığı həmahəngdir, amma hər iki halda fəlsəfəsi dərin, hissləri cilovlu, qəlbi alovludur. Kitablarını oxuduqca ürəyimdən keçib ki, haqqında nəsə yazım, amma açığı, cəsarətimi  sözə çevirə bilməmişəm, qələmim qəmə batıb, fikirlər dilimə yatsa da... Publisistikasında mövzuları o qədər rəngarəngdir ki, janr onu maraqlandırmayıb, çərçivə, qəlib Onun sözlərinə, fikrinə özünü uyğunlaşdırıb.

 

Ədəbi aləmdə bu, fikirsöz azadlığıdır. Qəlbi azad düşüncələrlə silələnmiş qələm dostumun poeziyası isə bir başqa  ovqata kökləyir oxucusunu.

 

Əbülfət müəllim peşəkar jurnalist-publisist kimi hər an Sözlə baş-başadır. Onun yanından "söz ötürmək" asan gəlməsin sizə. Mən bunu bildiyimdən, demək, yazmaq istədiklərim dilimə gəlsə , yazıb özünə çatdıra bilməmişəm, utanmışam, çəkinmişəm. Şeirləri bir çox xarici ölkədə nəşr edilən Əbülfət Mədətoğlu Qarabağın qarataleli obalarından biri olan Xocavənddə dünyaya göz açıb. Məşhur Tuğ kəndi onun dünyaya göz açdığı ata yurdu, ana  laylalı beşiyi olub.Ona görə itirilən, əldən çıxan körpəlik beşiyi, qabar əllərlə düzəldilən ev-eşiyi dilində bitib. Ha yana üz tutur, dərd qarşısına sevgi libasında çıxır:

 

Üzüyola uşağam,

Arx üstəyəm, başağam.

Çox qısnama, çaşaram,-

Yalan boynuma, dərdim.

 

Dərdin nazına dözən şair onu dilə tutur ki, bəlkə yaxasını buraxa. Hətta, yaxşı varsa, onu seçib dərdin götürməsini istəyir:

 

Min illərdi köç ötür,

Yüyrək ötür, gec ötür.

Sən yaxşını seç götür,-

Qalan boynuma, dərdim.

 

Əslində, kitabdakı şeirlərin əksəriyyəti çırpınan qəlbin duyğularıdır. Burada sevgi var, nifrət , məhəbbət . Bunların arasından dərdin elə ilk səhifədən boylanması şairin bugünkü ruhunun ifadəsi, ömür-gününün epiqrafıdır. Xəyalımda öz "Qala dərdim"i vərəqlədim. Elə adından dərd boylandı. Yoox. Dərdlərimin qalasından yurduzluq, yuvasızlıq, qaçqınlıq-köçkünlük, didərginlik boy verdi. Dərd içimdə qalalandı, qalaq-qalaq oldu:

 

Qalaq-qalaq qaldırmışam,

Qalaqlanıb qala dərdim.

Böyüyübdü, qocalıbdı,

Mənim kimi bala dərdim.

 

Əbülfət Mədətoğlunun ürəyi dərdləmi dil açır, Allah?! Niyə əli qələm, dili kəlamlıların qəlbini bu qədər geniş yaradırsan ki,  doldurasan da dərdlə, Tanrım?!

 

İstədim ki, şairin dərdlərindən baş götürüb qaçdığı anlarında qələmə pıçıldadığı sevgi nəğmələrindən nümunə çəkim. Özüm bir az uzaqlaşım bu dərd dəryasından. Açdım kitabın 17-ci səhifəsini. Adsız bir şeirlə qarşılaşdım.  "Sağalmaz bir dərd oldu" misrasıyla başlayan şeir dərd əlindən sanki bura pənah gətirib. Allah insaf versin şair qardaşımıza, yazır ki:

 

Sağlamaz bir dərd oldu,

Bu uzaq yolun mənə.

Dərdlə tək qalacağam,-

Siz uzaq olun mənə!..

 

...Pəncərəmin işığın

Pərdəyl ə bağlayacam.

Dərdin ölçü qaşığın,

Gizlədib saxlayacam...

 

Ölçəcəm otağımı,

O yolun boyu qədər!

Anladacam dərdimə,-

Onu sevmədim hədər...

 

Eyniliyə, oxşarlığa baxın. Sanki şairlə ikimiz eyni duyğuların əsiri kimi dərdin qılığına girmişik. Məndə   dərdin  nazıyla oynamaq var:

 

...Elə sevdim ki, alışdım,

Anam bilib qucaqlaşdım,

Oda dönüb ocaqlaşdım,

Bunları kim bilə, dərdim?

 

Anam bilib saxlamışam,

Qucağında yuxlamışam,

Oxşamışam, qoxlamışam,

Oxşadıb mən gülə dərdim.

 

Ömür karvanının yol gəldiyi 55-ci ilində bir gecikmiş məqalə-təbrik yazmışdım Əbülfət Mədətoğlunun yaradıcılığından.  Sən demə, o zaman da elə diqqətimi çəkən onun poeziyasının dərd yükü olub. Heyran qalmışam ondakı mənəvi gücə. Necə incə-incə anladır dərdin ağrısını, acısını.  Həmin məqalədən bir seçməyə  diqqət yetirək: "Həsrətini, hicranını yaşadığımız ellərimizdən gələn hər səs bizi qəhərləndirib, ağladıb, göz yaşlarımız qəlbimizə, köksümüzə süzülüb.

 

Sözün məqamına səbəb bu dəfə "cütbeş"dir ki, əsl söz adamını - içində çölündəkindən daha uca, özündən özünə nərdivan, baca olan Əbülfət Mədətoğlunu "dilə-dişə salıb". Ürək qələm dostları, "salam-əleyk" elədikləri şairin Söz meydanında zamanla oynadığı oyunda ömrünün "cütbeş"iylə qalib çıxmasını heyranlıqla seyr edirlər. Əllisində olduğu kimi, deyəsən, bu dəfə təbrikə gecikənlərin arasındayam. Əslində, buna gecikmə deməzdim, cəsarətə gəlib Söz adamı haqqında nəsə deməyin asan olmadığının dərki, yaxud eləcə gecikmiş etiraf kimi qəbul eləsə, xoş...

 

Əbülfət Mədətoğlu imzası oxucu auditoriyasında (son illər isə elektron dünyada) axtarılan jurnalist kimi daha çox tanınsa da, sözün əsl mənasında şairdir, söz mülkü sahiblərindən, bu gün isə ərklə ürəklə deyə bilərik ki, birincilərindən biridir. "Ədalət" qəzetinin hər sayında müxtəlif mövzularda oxucularının görüşünə gələn jurnalist Əbülfət Mədətoğlu şair Əbülfət Mədətoğlunu "kölgədə" qoymaq istəsə , bunu bacaracağına əmin olmasın.

 

Mən bir az uzaqları

Yaxın etmək istədim,

Mən qapıya dəymədim -

Pəncərəyə toxundum,

Gül budağın əymədim,

Çiçək-çiçək oxundum, -

Deyəsən, alınmadı...

 

Mən özümdən özümə

Nərdivanam, bacayam,

Düşündüm ki, içimdə

Çölümdən çox ucayam, -

Deyəsən, alınmadı!..

 

Alındı, Əbülfət müəllim! Alınmayan Qarabağdır,  onun  kiçikdən-kiçik, böyükdən-böyük təsəvvür etdiyiniz Tuğ kəndidir, qardaş, doğulduğun və 35 yaşında qovulduğun,  iyirmi ildən artıqdır ki, həsrətindən  qovrulduğun kəndindir. Həsrətinə bələnmiş dərdli misralarından boylanan yurdların ağrısıdır səni təntidən, nəfəsini daraldan, qanını qaraldan, iynə-dərmana möhtac eləyən. Necə də dərd libaslıdır təkcə kəlmələrin yox, həm də misraların, bəndlərin:

 

Yüz dərdim dərmansız keçər,

Bir dərdə dərman özüməm.

Yüz dərdim yadımdan çıxıb,

Bir dərdin fikrin çözürəm.

 

Ocağım, közüm qaralıb,

Nur itib, gözüm qaralıb,

Utancdan üzüm qaralıb,

Yurd adlı dərdə dözürəm.

 

Əriyir ömrüm, yaşım da,

Əriyir dağım, daşım da.

Papağım düşmən başında...

Mən burda papaq gəzirəm...

 

Hmm. Yüz dərdi yadından çıxıb, bir dərdin fikrini çəkən şair! Bu dərdin dərmanı özünsözündü. Vallah, bilmirəm dərd yumağını necə  sarıyım.  Kələfi (fikrim) dolaşıq düşdüsə, vay yumağın halına. Halına bələd olduğum qardaş, qələmin  və qəlbin dərdə köklənməsin. Təbinin köhləni Qarabağ kəhəri kimi baş aparsın! 

 

Məhəmməd NƏRİMANOĞLU

525-ci qəzet.- 2016.- 10 fevral.- S.8.