Bir görüşün
iki notu
Bu günlərdə yaxın
dostlardan birinə rast gəldim. Oturub, ötən
illəri yada saldıq.
Söhbət Ağdamdan, Sadıq
Murtuzayevin Abdul-Gülablıda
qurub-yaratdıqlarından düşəndə
dostum qəfil susdu. Görünür, doğma yurd
yerlərinin həsrəti
onu qəhərləndirdi.
Handan-hana baxışlarını
üzümə çevirdi.
- Nə vaxtdır, Sadıq Nəbi oğlunu görmürəm.
O, çox hünərli
və təpəli kişidir. Əsl yaradıcı, qurucu
adamdır. Bilirsən, o, işlədiyi bölgələrdə
nələr tikib-qurmuşdu?
Heyif oldu Ağdamda qoyub gəldikləri.
Ermənilər hamısını yandırdılar. Çörək
muzeyini, qeyri-adi çay evini, Gülablının istirahət
mərkəzini, Şahbulaq
seyrangahını, - bütövlükdə
Ağdam şəhərini
tarmar elədilər...
Çox heyif!
Dostum söhbətinə ara verib, yenidən mənə baxdı:
- Eşitmişəm, siz tez-tez görüşürsünüz.
Yenə əvvəlki
Sadıqdır, yoxsa...
- Sadıq Nəbi oğlunu məndən niyə soruşursunuz - dedim. - Murtuzayevlə uzun illər bir yerdə işləmisiniz axı.
Bəlkə belə deyil?
Dostum dərindən
köks ötürdü.
- Orası elədir, - dedi. - Bir yerdə
işləsək də,
bir əqidəyə qulluq etsək də, heç birimiz Sadıq kişiyə tay
ola bilmərik. O yorulmadan işləyir və işindən də zövq alır, bu zövq,
həvəs də Sadıq Nəbi oğlunu cavan saxlayır. Sadıq həmişə zamana dov gələn,
istədiyinə nail olan
şəxsiyyətdir. Day bizim kimi,
- o yanına söykədiyi
əl ağacına -
çəliyə baxdı
- üçayaq olmaz.
Gərdişi-dövran mənim heyimi
kəsib, dizimin üyünü qırıb.
Çəlik söykənəcəyim, daş-divar dirənəcəyim
olub. Həm də indi zaman dəyişib. Dünyanın qaç-qovunda kim-kimi
arayıb-axtarır? Hərə öz
problemi, öz dərdi-səri ilə əlləşir. Dost da
yaddan çıxıb,
tanış da...
Dostumun söhbətindəki
bu qəmli notlar məni təsirləndirdi. Onun könlü açılsın
deyə, Sadıq Nəbi oğlunun o vaxtlar olduğu kimi, indi də
yazıb-yaratmaqdan qalmadığını
və zamanın çətin yollarında
inamla irəlilədiyini
dostuna deməyi və bu şeiri
yazmağı özümə
borc bildim.
Dost, bilirsən Sadıq kişi hardadır?
Harda lazım olsa, həmən ordadı,
Hara getsə yönü-səmti
yurdadır,
Vətənsevər bir qəhrəman kimidir.
O, zaman palıddı, kökü dərində,
Zehni, düşüncəsi, fikri
yerində,
Pələng gücü vardır
biləklərində,
Doxsanında cavan oğlan kimidir.
Özü göyəribdi qaya
çatında,
Rişələri yerin yeddi qatında,
Əsl polad xisləti var zatında,
Daim haqsızlığa
qalxan kimidir.
Bəbir
biləklidir, aslan ürəkli,
Millətə, vətənə, yurda
gərəkli,
Açıq süfrəlidir, halal
çörəkli,
Səxada Yusifi-Kənan kimidir.
Təzəcə çatsa da doxsan yaşına,
Qar yağmayıb kirpiyinə-qaşına,
Sanki qartal qonur qaya
başına,
Yenə baxışları tərlan
kimidir.
Həm alimdi, həm nasirdi, həm şair,
Köksündə yurd salıb min
dastan, şeir,
Gah özündən, gah da özgədən deyir,
Evi aşıqlara
meydan kimidir.
Gəzintiyə çıxır dan
söküləndə,
Seyrəngahdan dönür günəş
güləndə,
Çəkir cəfasını bağda
gülün də, -
Bağı da cənnəti-rizvan kimidir.
Vüqarı dağlarla durub
yanaşı,
Edib çox nadanla qeyrət savaşı,
Xəbisə, nadana, naşıya
qarşı,
Yumruğu ən ağır zindan kimidir.
Hərdən həlim olur, hərdən sərt olur,
Hərdən ovxar poladdan da bərk olur.
Qəzəblənsə şimşəklərə
görk olur,
Tufandağda qopan tufan kimidir.
Elin şadlığında, kəndin
toyunda,
Cavanları hərdən yorur
oyunda,
Odur yol-ərkanı İlisuyun
da,
Danyaldan sonrakı sultan kimidir.
Dövrana dov gələn
o türk oğlu türk,
Çoxdan bu dünyanı edib saf-çürük.
Aqildən-aqildir, müdrikdən-müdrik,
Torpağı dirçəldir, loğman
kimidir.
Yurda sığmır onun adı, şöhrəti,
Eldə qədərsizdir xətri-hörməti.
Torpaqla,
insanla mehri-ülfəti,
Bu gündən sabaha nişan kimidir.
O, haqdan yazılan bir şah əsərdi,
Elmi, zəkası da dünya qədərdi,
Həm sevinci, həm kədəri, həm dərdi,
Qəm sarvanı
Məmməd Əfşan
kimidir.
2016
Məmməd Əfşan
525-ci qəzet.- 2016.- 10 fevral.- S.7.