"Multikulturalizm Azərbaycanın
həyat tərzidir" adlı kitab sərgisi
açılıb
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında “Multikulturalizm ili”
münasibətilə “Multikulturalizm Azərbaycanın həyat
tərzidir” adlı kitab sərgisi açılıb.
SalamNews xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini xatırladaraq Azərbaycanın multikulturalizmin beşiyi olduğunu qeyd edib.
Təşkil edilən sərginin bir mesaj olduğunu diqqətə çatdıran K.Tahirov sərginin daimi olacağını, guşə kimi fəaliyyət göstərəcəyini söyləyib. Bildirib ki, il ərzində müxtəlif təşkilat və nəşriyyatlar tərəfindən bu səpkidə dərc edilən bütün materiallar guşədə toplanaraq nümayiş olunacaq və oxucuların istifadəsinə veriləcək. Direktor qeyd edib ki, kitabxana tərəfindən multikulturalizmin özündə ehtiva etdiyi məsələlərdən bəhs edən vəsait hazırlanır.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Aslan Cəfərov ölkəmizdə müxtəlif millətlərin milli mənəvi dəyərlərinin qiymətləndirildiyini vurğulayaraq dövlət səviyyəsində tədbirlərin, azsaylı xalqların mədəniyyət festivallarının keçirildiyini bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) analitik şöbəsinin müdiri Nəriman Qasımzadə çıxış edərək mərkəz tərəfindən ölkəmizdə və xaricdə Azərbaycan multikulturalizminin fənn kimi tədris edildiyini vurğulayıb.
Bildirib ki, Azərbaycan multikulturalizmi sözünün arxasında çox böyük mədəniyyət, ədəbiyyat, tarix dayanır. Multikulturalizm özündə fərqli düşüncələrə, inanclara sahib etnik, dini qrupların və yaxud da fərqli mədəniyyət daşıyıcılarının bir yerdə, eyni dövlətin ərazisində yaşayaraq bir-birini zənginləşdirməsini, sülh şəraitində yaşamasını, eyni zamanda belə bir duruma yönəlik dövlət siyasətini ehtiva edir.
Azərbaycan multikulaturalizminin dünya modelləri arasında xüsusi yeri olduğunu söyləyən N.Qasımzadə qeyd edib ki, ölkəmizdə multikulturalizmin siyasi, mədəni, ədəbi qaynaqları çox zəngindir. Şöbə müdiri BBMM tərəfindən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının çap olunduğunu vurğulayaraq sərgidə bu kitabın da nümayiş etdirildiyini deyib.
Çıxış edənlər belə bir sərginin təşkilinin “Multikulturalizm ili”nə böyük töhfə olduğunu söyləyiblər. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.
525-ci qəzet.- 2016.- 10 fevral.- S.7.