"Yurdumuzun rəngləri"ndə
100-ə yaxın əsər sərgilənib
Fevralın 8-də Sumqayıt Dövlət Rəsm Qalereyasında
"Yurdumuzu qarış-qarış
gəzək" aktiv
rəssamlar qrupunun üzvlərinin əsərlərindən
ibarət "Yurdumuzun
rəngləri" adlı
sərgi təşkil
olunub.
AZƏRTAC
xəbər verir ki, Sumqayıt Şəhər Mədəniyyət
və Turizm İdarəsinin, Sumqayıt
Dövlət Rəsm Qalereyasının, Uluslararası
Aktiv Rəssamlar Birliyinin və "Femin Art" Beynəlxalq Qadın Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi rəsmlərin satışından
gələn gəlirin
müəyyən hissəsini
xeyriyyə işlərinə
xərcləmək, uşaqlar
və qocalar evlərinə yardım etməkdir.
Sərginin açılışında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər mədəniyyət və turizm şöbəsinin əməkdaşları, "Dərbənd" xeyriyyə cəmiyyətinin üzvləri, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri və tanınmış incəsənət xadimləri iştirak ediblər.
Sərgini giriş sözü ilə açan Qalereyanın direktoru Ellada Həsənova rəssamları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Sonra Uluslararası Aktiv Rəssamlar Birliyinin rəhbəri Nəvai Mətin rəsm sərgisi və aktiv rəssamlar qrupunun fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Asif Rzayev və digərləri çıxışlarında sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru, "Dərbənd" xeyriyyə cəmiyyəti sədrinin birinci müavini, ehtiyatda olan birinci dərəcəli kapitan, hərb tarixi üzrə elmlər doktoru, dosent Nurulla Əliyev ölkəmizin təbliği baxımından sərginin önəmini xüsusi vurğulayıb.
Sərgidə ümumilikdə 97 əsər nümayiş olunub. Onlardan 3-ü qrafika, 3-ü xəz dəri üzərində işləmə, 5-i batika, 7-si foto, 79-u isə rəngkarlıq əsərləridir. Sərgidə təqdim olunan əsərlər ziyarətçilərin böyük marağı ilə qarşılanıb.
Sonda sərgidə nümayiş etdirilən rəsmlərin müəlliflərinə və tədbirin təşkilində xidməti olan şəxslərə diplom və xatirə hədiyyələri verilib.
525-ci qəzet.- 2016.- 10 fevral.- S.7.