“Əbədi ezamiyyət”dəkilərin
sorağı
Yanvarın 31-də "Əbədi ezamiyyət" sənədli
filminə ikinci
dəfə baxdım.
Azərbaycan Demokratik Cümhuriyyətinin
qurucularından olan Məhəmməd Əmin
Rəsulzadənin doğum
günündə.
Həmin gün Azərbaycan İctimai Telekanalında
"Əbədi ezamiyyət"
sənədli filmini nümayiş ediləcəyini
bilirdim.
Filmin təsirindən
bir müddət çıxa bilmədim, neçə dəfə duyğulandım. Çox mükəmməl, olduqca təsirli filmdir.
Filmin quruluşu,
ssenarisi, musiqisi, aktyorların oyunu - hər şey çox yüksək səviyyədədir. İzlədikcə filmdəki obrazların,
deyimlərin, sifət
ifadələrinin təsirindən,
danışıq tərzindən
çıxmaq olmur.
Aktyorların tarixi personajlara uyğun seçilməsi də uğurlu
alınıb. Ümumiyyətlə, filmdə seçilən atributlar tarixi reallığı özündə
yüksək səviyyədə
əks etdirir. Filmdə istedadlı və peşəkar insanlar çalışıblar və
öz vəzifələrinin
öhdəsindən layiqincə
gəliblər.
Hələ yanvarın 22-də “Nizami”
Kino Mərkəzində Heydər
Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi
tərəfindən hazırlanan
“Əbədi ezamiyyət”
sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasiminin keçirildiyindən də
xəbərim vardı.
Film haqqında öz təəssüratlarımı
bölüşməyi düşündüm.
Belə qənaətə
gəldim ki, bu film gərək tez-tez ekrana çıxsın, Azərbaycanın
bütün telekanallarında, bütün bölgələrində, məktəblərdə
nümayiş etdirilsin.
Hətta
MDB məkanında, azərbaycanlıların
məskunlaşdıqları ölkələrdə də
filmin nümayiş etdirilməsi bizim xeyrimizə olardı.
"Əbədi ezamiyyət"
filmi Azərbaycan Xalq Cümhuriyyətinin
1919-cu ilin yanvarında
parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi
ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyəti üzvlərinin,
ilk müstəqillik illərimizdə
ən ağır missiyanı üzərinə
götürən çətin,
məşəqqətli, oğulların
acı, ağır taleyinə həsr olunub. Bu film Azərbaycanın müstəqiliyinin
asan başa gəlmədiyini, keşməkeşli
yollardan keçdiyini,vətənpərvər oğullarımızın
əzmkar mübarizəsi
nəticəsində əldə
edildiyini göstərir.
Bəs bu əbədi ezamiyyətə
yollananlar kimlər idi? Əlimərdan bəy
Topçubaşov, Məmmədhəsən
Hacınski, Əkbərağa
Şeyxülislamov, Məhəmməd
Məhərrəmov, Miryaqub
Mirmehdiyev, Ceyhun Hacıbəyov, sonralar nümayəndə heyətinə
qatılan Abbas Atamalıbəyov...
Bu vətənpərvər insanlar
qürbətin bütün
iztirablarına sinə
gərərək sevgili
Azərbaycanına, doğma
yurduna bu gün-sabah qovuşmaq arzusu ilə son dərəcə nisgilli bir ömür yaşamışdırlar. Müstəqil Azərbaycanı görmək
onlara qismət olmadı, onların arzu və istəkləri
gözlərində qaldı.
Üzüntülü mühacir
həyatı, əbədi
ayrılıq, səbrin
dəhşətli uzunluğu
son ana kimi onların inamını sındıra bilmədi! Onlar öz şəxsi mənafeyi, öz şəxsi arzuları üçün yaşamadılar.
Azərbaycanın milli
azadlıq idealları,
onların azadlıq və müstəqillik arzuları yarımçıq qalsa
da, son günlərinədək
qürbət həyatı
onların vətən
eşqini söndürə
bilmədi. Zamanın,
dövrün çətin
sınaqlarına, ağır
zərbələrinə məruz
qalan, ən kiçik sevinclərdən
belə məhrum olan bu insanlar bu
gün doğma Azərbaycana ekranda döndülər, nəhayət,
bu gün xalqımız o əbədi
ezamiyyətə gedənlərdən
soraq tutdu.
Filmin yaradıcı heyəti bir il yarım müddətində
Bakı, Tbilisi, Moskva,
Sankt-Peterburq və
Paris şəhərlərindəki arxivlərdə araşdırmalar
aparıb, müxtəlif
insanlarla görüşərək,
əldə etdikləri
tarixi sənədlər,
faktlar əsasında sanballı bir sənədli filmin ərsəyə gəlməsinə
nail olub. Həm də müvəffəqiyyətlə.
Bir saata yaxın müddətdə filmə
baxan tamaşaçılar
yorulmur. Filmin rejisoru Fariz Əhmədovun sözlərinə
görə, Topçubaşovun
yaşadığı bütün
ünvanlar çəkilib,
filmin üzərində
100-ə yaxın adam çalışıb, xüsusi
musiqi bəstələnib.
Bəri
başdan “Əbədi
ezamiyyət” sənədli
filminin bütün yaradıcı heyətinə
- baş prodüser Arzu Əliyevaya, ideya müəllifi və baş məsləhətçi Ramiz
Abutalıbova, prodüser
Orman Əliyevə, quruluşçu rejissorlar,
- Vüqar İslamzadəyə,
Fariz Əhmədova, ssenari müəllifi Müsəllim Həsənova,
quruluşçu operatorlar Rəşad Nuriyevə, Camal Atakişiyevə
quruluşçu rəssam
Şahin Həsənliyə,
bəstəkar Orxan Bağırova, məsləhətçi
Tahir Əliyevə dərin təşəkkürümü
bildirirəm.
Film boyu insanı dərindən təsirləndirən
şeir parçalarının
ifası, möhtəşəm
aktyor diqtəsi, insanı düşünməyə
vadar edən monoloqlar məni heyran elədi:
Tanınmış diplomat Ramiz Adutalıbovun, tarix elmləri doktoru Solmaz Rüstəmova Tohidinin (Azərbaycan dilində), Fransa Ali İctimai Tədqiqatlar Məktəbinin doktoru Giorgi Mamuliyanın (rusca) film boyu verdikləri təhlil və kommentariyalar mühacir həyatı yaşamağa məhkum olmuş ictimai-siyasi xadimlərin həyat və fəaliyyətini açmaqla yanaşı, ilk müstəqillik dövrünün dəyişən ictimai-siyasi mənzərəsini, tarixi hadisələrin geniş təsvirini, ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı mürəkkəb şəraiti, dövrün real mənzərəsini yaradır. Ağır faciələrə yol açan bu unudulmaz səhifələr ürəyimizi qürur hissi ilə doldurur.
Bu səpkidə filmlərin çəkilməsi və nümayiş etdirilməsi gənclərimizin vətənpərvərlik tərbiyəsi işində onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrində, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrində müsbət rol oynayır. Çünki "Əbədi ezamiyyət" sənədli filmində çox qiymətli, zəngin, maraqlı tarixi faktlara əsaslanır. Ona görə də tariximizi daha dərindən tanımaq və tanıtmaq üçün belə filmlərə xüsusi yer verilməlidir. Yeni nəslə vətənə sevgini aşılamaq, yaşadığımız acıları unutmağa qoymamaq filmin əsas qayəsidir.
Azərbaycanın müstəqilliyinin de-fakto tanınması xəbərinin Azərbaycana gəlməsi, Parlamentin qarşısındakı izdihamın M. Ə. Rəsulzadəni tələb etməsi, insanların onu qolları üstə qaldıraraq ikinci mərtəbəyə, eyvana qaldırması, Rəsulzadənin “Azərbaycan öz istiqlalını dünyaya tanıtdı” deyərək, alovlu bir çıxış etməsi səhnəsi tamaşaçını riqqətə gətirir.
Aradan onilliklər ötəndən sonra ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına getməsi, Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarət etməsi də filmin çox təsirli yerlərindəndir. Ümumiyyətlə hər bir cəhətinə görə “Əbədi ezamiyyət” filmi tamaşaçıda unudulmaz təəssüratlar oyadan möhtəşəm ekran əsəridir.
Moskva
Nəsib
NƏBİOĞLU
525-ci qəzet.- 2016.- 9 fevral.- S.8.