“Zəlimxan Yaqub yaradıcılığında hərbi vətənpərvərlik mövzusu” müzakirə edilib

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan Yaqub yaradıcılığında hərbi vətənpərvərlik mövzusu” adlı tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı, AYB-nin hərbi vətənpərvərlik redaksiyasının əməkdaşı Şahin Musaoğlu Zəlimxan Yaqubun Vətənə olan sevgisindən və xalqın da şairinə olan məhəbbətindən söhbət açıb.

 

Ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, filologiya elmləri doktoru Rüstəm Kamal, musiqişünas alim, professor, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə və başqaları Z.Yaqubun təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının şairi olduğunu, onun yoxluğunun türk dünyasının hər yerində böyük kədərlə qarşılandığını bildiriblər.

 

Vurğulanıb ki, Zəlimxan Yaqub adının önünə və ya sonuna təkcə şair sözünü yazmaq azdır. O, şifahi xalq ədəbiyyatımızın bənzərsiz bilicisi, Dədə Qorqud yadigarı olan sazın qoruyucusu, keşikçisi, mənsub olduğu milləti özü qədər sevməyi bacaran əsl vətəndaş, böyük azərbaycanlı, ana dilini varlığı qədər sevən və sevdirməyə çalışan əsl söz adamı idi. Zəlimxan Yaqub gedişi ilə də sözün ölməzliyini, əbədiyaşarlığını bir daha sübut etməyi bacardı. Şübhəsiz ki, illər, qərinələr ötdükcə onun onsuz doğum günləri qeyd olunacaq. Amma bu bir həqiqətdir ki, vaxtından, vədəsindən asılı olmayaraq hər dəfə Azərbaycan poeziyasından söz düşəndə adı çəkilən şairlərin sırasında yada düşənlərin ilk cərgəsində Zəlimxan Yaqub da olacaq.

 

Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Məmmədova şairin şeirlərini oxuyub.

 

Sonda Azərbaycan Aşıqlar Birliyinin katibi, şairin irsinin tədqiqatçısı, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu tədbirin təşkilatçılarına və iştirakçılarına Zəlimxan Yaqub poeziyasına göstərdikləri ehtirama görə minnətdarlığını bildirib.

 

Müşfiq Şükürlü

525-ci qəzet.- 2016.- 11 fevral.- S.4.