Musa Yaqub poeziyasında zaman
anlayışı
ŞAİRİN YENİ
ŞEİRLƏRİNİ ƏSAS ALAN
DÜŞÜNCƏLƏR
(Əvvəli
ötən sayımızda)
Musa Yaqub
"Payız günüm" və "Bilmədim" son
şeirlərini qələmə aldı, bir vaxtlar isə "Payız
bənövşəsi" şeirini yazmışdı.
Ən zərif və cəsarətli gül-çiçək
soyuq çağlarda təbiətin acığına torpaqdan
baş qaldırır ki, üsyana qalxsın, lakin ömrü
vəfa etmir, hətta insanlardan "ölüm"
ayağında imdad diləyir:
Bənövşə!
Vaxtsız
gəlmiş qonaq kimi,
Peşiman baxdın üzümə.
Səni gördüm inanmadım gözümə.
İndi xəzan
çağıdır, ay bənövşə,
Axı, xəzan
çiçəklərə
Yağıdır,
ay bənövşə!..
Poetik
assosiasiyalar neçə illərdən sonra yenidən hissləri
oyatdı:
Payızın
ən kövrək çağına qarşı,
Meşəsinə
qarşı, dağına qarşı,
Bənövşə
boyuna, gül nəfəsinə,
Baharın
payızlı arxına qarşı
yol gedən
olsa,
Nə
bilim, bir çəmən yaşıllıq üçün
darıxan olsa,
O,
mütləq bu yerə gəlib çıxacaq...
Poetik fikrin dairəsi əvvəlki kontekstindən daha dərinə
çıxır. Və bir sualla: Payızın yaşı görən
neçədir? - üzbəüz
qalır. Görəsən şairin istəyi nədir?
Payız yaddaşında şairdən nəyi
qorumuşdur? Payızsa şairin yaşamaq
ovqatına biganə qalmır. Oxucu şəxsləşən
payızın şairlə "dialoqunun" şahidi olur.
Musa Yaqub poetik duyumuna sadiq qalıb özünü sual
önünə qoyur:
Bir
sarı budaqdı il ağacında,
Görən bu payızın yaşı neçədir?
Bir
qıvrım duman da qalıb solanda,
Yaddaşı necədi, huşu necədi?
...Həvəsi
qalıbmı kef-damaq üçün,
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz
yurd-yuva qorumaq üçün
Əsgərlik
yaşında payız olarmı,
Görəsən payızın yaşı neçədi?
Şair "diri" sualların cazibəsində
özünü - keçmişini - xatirələrini
görür, əslində öz huşunu yoxlayır və təsəllisi
yox deyil.
Yenə
yerişim var küçələrində,
Hasarda sarmaşıq yaman üşüyür.
Görəsən
upuzun gecələrində
Hənifə
səbr edir, nəyi düşünür, -
Görəsən payızın yaşı neçədir?
Qalmışam
həvəslə yaş qarağacında
Bu qızıl yarpağın alnından öpüm.
Qızıləhmədinin
al yanağında
Bir ləzzət
qalıbmı, xalından öpüm,
Görən bu payızın yaşı neçədir?
Şeirin
fəlsəfi dairəsinə yaxınlaşaq: Musa Yaqub
poeziyasına xas insan varlığı konsepsiyasında "əbədi
suallar"a daima mənəvi təminat var, "payız"
obrazı həyatın yaşam rəmzinin şərti ifadəsidir.
Payız təbiətin sanki Əzrayılıdır, ancaq
insandan fərqli olaraq hər an ruhu
özüylə axirət dünyasına aparmır. Bu payız necə?
Onun vahiməsindən Sarıköynək quşları
dözməyib qaçdılarsa, torpaq da, ağac da yerindədi. Payızın gücü
çatarmı yerdə can verən xəzəl yarpağı
götürsün, qüdrəti çatarmı bir gül
bitirsin, bir dilim yemişi aypara bilsin... Deməli, payız insana
qalib gəlməkdə acizdir; ona görə də acizliyinə,
yağışlarına ağlayır:
Mizrab xəzəlləri
qırışlarıyla,
Toxunub bir sarı simə ağlayır.
Bu qədər
amansız yağışlarıyla -
Görəsən,
bu payız kimə ağlayır?..
Musa Yaqub payızın rəngini, ətrini, gəlişi
və gedişini həssaslıqla duyan şairdir və kənardan
həzinləşmiş - qocalmamış ürəklə
duyur. Cansız əşyalarsa payıza qoşulub harayasa
üz tutur, hiss edir ki, hələləlik payız
hökmlüdür, vaxta hakimdir. Musa Yaqubsa, əksinə,
bir poetik nikbinliklə xəyalını
çağırır!
Dumanlar
yeriyir dərələr boyu,
Dağlar elə bil ki, qoşun aparır.
Deyəsən
bu payız vaxt sahibidi,
Məni də özünə qoşub aparır.
Görən
bu payızın yaşı neçədir?..
Poeziya insan ömrünün tipikliyindən
qaçmır və romantikaya meylli olur və Dünyanı
impulsiv təmasda görür; onun üçün də
yaşamağa çağırır - məhz bu şeirdə
olduğu kimi.
Məhz bu şeirdəki assosiativ poetik impuls
"Səhra yanğısı", "Yay vaxtından
qış vaxtına" şeirlərini yazdırdı.
Birinci nümunədəki poetik obrazlılıq Musa Yaqubda təkrarlanmamışdır:
"Qum yandırıb Məcnunu, qalıb külün
içində", "Gül üstündə qanadım,
Bir kəpənək gücündə", "Mən bir asi
yalquzaq, Qurd ulayır içimdə"... İkinci nümunədə
Musa Yaqub şairliyi bir yana,
Ömrünü obrazlaşdırır və Özü kənardan
baxır; bu dəfə də payız duyğuları ilə,
amma necə? Hansı ovqatla?!
Hələ
ki, şax saxlar özünü qəsdən,
Payızda talalar düşməz həvəsdən.
Çiçəklər
üşüyər soyuq nəfəsdən,
Saralar saplağı gül ömrümüzün.
Daha o zirvələr
gümüşü tacdı,
Çiçəyi çəkildi, durnası
qaçdı.
Payızla
üz-üzə duran ağacdı,
Tökər yarpağını yel
ömrümüzün.
...
Baharın nəfəsi qalıb gümanda,
İndi o göy çəmən bir boz dumanda.
Arısı
pətəkdə, ruzusu şanda,
Süzülür
cövhəri bal ömrümüzün...
Musa
Yaqubun son şeirlərindən biri "Ruh söhbəti"dir.
Oxudum! Bəlkə oxumayaydım? Vaxtilə
böyük və həssas şairimizin "Atamın xatirəsinə"
və "Anamın məzarına laylay" şeirlərini
oxumuşdum taqətsiz halda, əllərimin titrəyişində
nəsə yazdım; çətinliyim onda idi, şair kimi mən
də atasızdım, anasızdım. Axı, dərd
köhnəlmir. Bu misraları ehtiyatla oxudum:
Bu həyətdən
itdi kölgən,
qaraltın da...
Başsız
qoyub getdin bizi,
Ürəyimiz
qaldı bu gün
qar
altında...
Sübh
çağıydı, qan yerinə
Qar yağırdı aram-aram.
Budaqların
beli bükük,
Həyətlər
ağ vərəq idi.
Qar
yağırdı atamın da
məzarına birinci qar...
Və bir
gün körpələrini yetimlikdən ağ
saçlarında çıxaran anasını da itirdi Musa
Yaqub. İndi gəl, şair bu dərdə
dözsün. Kədər yalnız bayatılaşar:
Laylay
dedim məzarına,
Bu qəbristan güzarına.
Uyu
ömrümün əzəli,
Üstündə payız xəzəli.
Darısqaldır
evin, laylay,
De, necədir kefin, laylay.
Quş
kimi uçdu tabutun,
Mələklərə
dedin "tutun" -
Ürəyin
gəlmirmiş demə,
Ağırlıq düşsün çiynimə.
Musa Yaqub bu şeiri görəsən hansı qeyri-adi
hisslə yazmağı bacarıb, ilahidən gələn ana məhəbbətimi? Təkcə
budurmu? Bu hisslərə şair qəlbidir
şahidlik edən. Budur son misraları:
Canalıya
çökdü duman,
Gəlməyinə yoxdu güman.
Biz gələrik
sənə həyan...
Ölüm
laylay, dirim laylay,
Yanındakı yerim laylay.
Qəm ilkin olaraq şairi tapır, tapır ki,
ağır itki bəşəriləşsin, duyğusuzlara,
nankorlara ibrət olsun. Budur, Musa Yaqub daha bir itkiylə üzləşdi.
Həyat-ömür yoldaşını itirdi.
Və şairlə üzbəüz
oturmuşdum, arabir nəzər yetirirdim,
baxışlarını azan görürdüm. Ona təsəlli verənlərə baş əyirdi.
Bu o Musa Yaqubdu, heç vaxt kimsənin önündə baş
əyməmişdi! O, qadınının ruhu
üçün təzim edirdi. Və günlərin birində
"Ruh söhbəti"ni qələmə
aldı. Vallah, şeirin rəsmi
növünü təyin eləməkdə çətinlik
çəkirəm; bəlkə "rekviyem" adlandıraq?
Nə bilim...
Şair məzarına qış çağında gəlməmişdi
və bunun da poetik mənası var; axı, analar məzarı
daima gül-çiçəyə bürünür, ehtiyac
varmı ki, hansısa fəsil olsun.
Bu dəfə
səninçin gül gətirmədim,
Amma ürəyimdə qalmadı əhdim.
Qəbristan
gül açıb bu bahar çağı,
Arada bir
topa lalə ocağı
Elə bil əlimdən düşüb odlanır.
Qaymaq
çiçəkləri həndəvərində
Göy otlar içində zərnişan yanır.
Musa Yaqub
kədərini, əzəli və son məhəbbətini ən
yumşaq, titrək, bənövşə
pıçıltısında poetikləşdirmişdir,
başqa səmtə çəkmək
qeyri-mümkündür:
Tək bənövşə
bitib lap yaxınında,
Mənə deyəcəyin gizli sözündü.
Xırda
ləçəklərdə titrəyir səsin,
Atam da,
anam da yatır yanında,
Necə danışaq ki, eşidilməsin.
Musa Yaqub əsl poeziyaya məxsus - istedad cazibəsində
cənnət dilində, bənövşə dilində,
çiçək dilində danışmaq istəyir;
axı, yaşadığı ömür yollarında bu Məhəbbət
dilində sevinclərini, kədərlərini
bölüşdürmüşlər.
Bu
günlər daha olmayacaq, çün bu - məzardır:
"Zəncirotu zəncirləyib baş daşını, Guya
hara çıxacaqsan bu məhbəsdən?" Məhbəs dilində danışmaq istəyir.
Mümkünmü? Şair özunə təsəlli
verir:
Yatır
daş altında ömürlər, illər,
Daşlarda çatlar var, torpaqda çatlar.
Xəzəli
başında qaldırıb otlar,
Sarmaşıq
üstündə hörüb çələnglər,
Yəqin
ki, ruhundur bu kəpənəklər -
Kəpənək
dilində, ruhun dilində
Bir mələk dilində danışaq bu gün.
Mən şair haqqında sözümü bu ovqatda tamamlamaq qərarına gəldim, səbəbsiz düşünmədim. Poeziya üçün ən səciyyəvi, bəşəri "günahsız" üslubdur, oxucunun emosiyası ilə intellektinin ortaq məxrəcidir. Və keçmişlə indi arasındakı poetik ovqatın dəyişməz assosiasiyasıdır; bu isə hər şairin qismətinə düşmür. Musa Yaqubun şair xoşbəxtliyinin bir səbəbini bunda axtarmaq yerinə düşür. Onun poezi yasının ləngərliyinin tarixiliyinin zaman anlayışı yoxdur...
27.06.2015
Allahverdi Eminov
525-ci qəzet.- 2016.- 12 fevral.- S.4