Qıvraq "qoca" TV
AZƏRBAYCAN TELEVİZİYASININ İLK DƏFƏ
EFİRƏ çıxmasından 60 il
ötür
Tənha
yaşayan ahıl qonşumdan bir dəfə xəbər
aldım:
- Bayram
günlərində darıxmırdınızmı?
-
Darıxmaq nə şeydir?! - deyə o,
ötkəm cavab verdi. - Məgər televizorla darıxmaq olar?..
Televiziya qəbulediciləri bu gün sadəcə məişət
əşyamız deyil, sanki ailəmizin üzvlərindən
biridir, özü də ona digər üzvlərdən daha
artıq vaxt və diqqət ayırırıq. Səhər
tezdən ilk növbədə məhz televizora "Sabahın
xeyir!" deyirik. Necə? Onu istəkli kanalda işə salmaqla. Sübh çağı, biz hələ
yuyunmamış, heç nə yeməmiş - sevimli
verilişimizin aparıcıları və qonaqları öz
növbəsində birbaşa evimizə daxil olurlar. Və
mürəkkəb iş günündən, yaxud
...dükan-bazara yürüşdən əvvəl artistlərin
bizə verdikləri gümrahlığı, pozitiv əhval-ruhiyyəni
heç nə ilə müqayisə etmək mümkün
deyil!
Məhz televiziya insanları toyuqlarla eyni vaxtda
yatmağı tərgitməyə vadar edib. Ekran qarşısında
keçirdiyimiz maraqlı gecədən sonra isə səhər
heç bir xoruz bizi öz banlamağı ilə oyada bilməz...
Televiziya
Azərbaycana nə az, nə çox -
düz 60 il əvvəl gəlmişdir. Hələ
yaxın keçmişdə ölkəmizin kişiləri həmin
yaşda təqaüdə çıxırdılar. İndi artıq bunu qadınlar edirlər. Lakin
televiziya heç yana getməyə
yığışmır. Elə biz də onu - evimizi, məişətimizi,
ruhumuzu gecə-gündüz bəzəyən bu qıvraq və
mehriban "qoca"nı -
özümüzdən uzağa buraxmağa hazır deyilik.
Əgər
kimsə 1956-cı ilin 14 fevralında ilk televiziya
yayımının "Danışır və göstərir
Bakı" sözləri ilə Bakı studiyasından efirə
necə çıxdığını xatırlayırsa,
onun özü ...əntiq adamdır. Təsvirin
qavranılması üçün iri böyüdücü
linza ilə təchiz edilən əndazəli televiziya qəbuledicisi
o zaman heç də hər evdə yox idi.
İlk vaxtlar televiziya yayımı həftədə iki
gün, hər dəfə cəmi ...iki saat ərzində və
yalnız Bakı şəhərində həyata
keçirilirdi. Həmin dövrdə yeganə olan analoq
yayımının zonası, ayrılan efir vaxtı tədricən,
müasir meyarlarla götürsək, çox ləng
genişlənir və artırdı. Təkcə onu demək
kifayətdir ki, "Vremya" ("Zaman") xəbər
proqramının lent yazısını Moskvadan hava nəqliyyatı
vasitəsilə operativ surətdə gətirirdilər. Bütün günü ərzində yayıma isə
yalnız ...2005-ci ildə keçildi.
Hazırkı AzTV uzun illər boyu Azərbaycanda yeganə
televiziya kanalı kimi qalmışdı. Yerli kütləvi informasiya
vasitələrinin malik ola biləcəyi ən
geniş auditoriya ona məxsus idi. Əgər
totalitar rejim dövründə bütün KİV-lərin fəaliyyətini
müşayiət edən ideoloji astarı kənara qoysaq, Azərbaycan
televiziyası o zaman da həm məlumatlandırır, həm
maarifləndirir, həm əyləndirirdi.
Televiziyada işləməyə görkəmli təşkilatçılar,
ədəbiyyat və incəsənət xadimləri cəlb
olunurdular. Müxtəlif illərdə Azərbaycan
Televiziyasına Teymur Əliyev, Qurban Yusifzadə, Elşad
Quliyev rəhbərlik etmişlər. İndiki
rəhbərlik bu missiyanı ləyaqətlə, özü də
müstəqil dövlətimizin maraqlarına və müasir
dövrün standartlarına uyğun şəkildə davam
etdirir.
Burada məşhur
rejissorlar Adil İsgəndərov, Məhərrəm
Haşımov, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov,
Lütfi Məmmədbəyov, İsmət Səfərəlibəyov,
Kərim Kərimov, Tahir Tahirov, bəstəkarlar Tofiq Quliyev,
Fikrət Əmirov, tanınıb sevilən diktorlar Tamara
Gözəlova, Nizami Məmmədov, Rafiq Hüseynov, Roza
Tağıyeva, Valid və Ofelya Sənanilər, Şərqiyyə
Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət
Əsgərzadə, Tamilla Ələkbərova, Gülşən
Ələkbərova, Sevda Ağazadə, Davud Əhmədov, Nərgiz
Cəlilova, Ülkər Quliyeva, Dilarə Səlimova və
Rafiq Haşımov, eləcə də Ələkbər
Abbasov, Tofiq Axundov, Tamilla Aşumova, Nadejda İsmayılova,
Telli Əliyeva, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil
İsmayılov və bir çox başqa istedadlı jurnalistlər
çalışmışlar. Və onlardan bəziləri
indi də bu şərəfli işi davam etdirirlər.
Azərbaycan
ziyalılarının Xudu Məmmədov, Mehdi Məmmədov,
Anar, Vaqif Səmədoğlu, Rafael Hüseynov, Ayaz Salayev, Cəmil
Quliyev, Eldar Quliyev, Kamal Abdulla, Fərhad Bədəlbəyli
kimi parlaq nümayəndələri bir zaman televiziya
verilişlərinin müəllif və aparıcıları
qismində işləmişlər. Yeni nəsildən
olan gənc diktor və aparıcılar öz adlı-sanlı
sələflərindən geri qalmırlar. Rəşad
Mehdili, Ruslan Həsənov, Nəcibə Əlixanova, Vüsalə
Eyyubqızı, Rövşən Məmmədov, Nərmin Xəlilova,
Rüfət Həmzəyev, Siyavuş Əliyev, Rəşad
Hacıyev, İsmayıl Abdullayev, Tural Məmmədli, Nurlan
Hacıyev, Tərlan Şahinoğlu, Ramiz Mirzəzadə, Fərid
Ramazanov, Mümtaz Xəlilzadə və başqaları belələrinə
aiddirlər.
1988-ci ilin noyabr ayında, ölkəmizin tarixindəki ən
kütləvi fasiləsiz mitinq zamanı, AzTV hətta
xalqın özü üçün gözlənilmədən
Bakının ən böyük meydanından translyasiya
aparmağa başladı. Bu, əyani sübut idi ki, televiziya əməkdaşları
mitinqi keçirənlərdən və orada iştirak edənlərdən
heç də az vətənpərvər deyildilər, onlar da
xalqın Qarabağ heysiyyatını, azadlığa meylini
bölüşür, bununla yanaşı, cəmiyyəti 1
¹li hadisə haqqında dürüst məlumatlandırmaqla,
öz peşə borcunu vicdanla yerinə yetirirdilər. Təsadüfi
deyil ki, 1990-cı ilin yanvarında, silahsız xalqa qanlı
divan tutmağın ərəfəsində, Kremlin xüsusi
xidmətləri ilk zərbəni məhz Azərbaycan
Televiziyasına endirdi: enerji blokunu partlatmaqla, onu efirə
çıxmaq imkanından məhrum etdi.
Yeni, artıq müstəqil Azərbaycanda həyata qədəm
qoymuş çoxsaylı televiziya kanalları
üçün kadr ocağı, mənbəyi olmaq kimi şərəfli
və tarixi vəzifə də AzTV-nin payına
düşüb. Bu kanalın bir çox jurnalisti, rejissoru,
operatoru, quraşdırıcısı və digər
yaradıcı, texniki, həmçinin inzibati işçiləri
öz peşə fəaliyyətini müxtəlif televiziya
kanallarında davam etdirmişlər və indiyədək
müvəffəqiyyətlə çalışırlar.
Son illər bəzi "keçmiş"lərin köhnə
ocağa qayıtması halları da az
olmayıb. Həmin faktlar o dərəcə ifadəlidir ki,
şərhə ehtiyac qalmır...
Hazırda ölkəmizdə onlarca televiziya kanalı
saymaq olar. Lakin "Azərbaycan Televiziyası" anlamı
xüsusi mənada məhz "AzTV" adı ilə
bağlıdır. AzTV-nin isə altmış il ərzində həm adı, həm strukturu dəyişib.
O, dəfələrlə islahata uğrayıb, böhran və
yüksəlişlər yaşayıb. Sonuncu dəfə
kökündən yeniləşməyə Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında
2006-cı ildən etibarən başlanan kadr və struktur dəyişiklikləri
təkan vermişdir.
Ənənəvi
AzTV hazırda belə adlanır: "Azərbaycan Televiziya və
Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti.
QSC-nin tərkibində AzTV ilə yanaşı
daha iki yeni telekanal - "Mədəniyyət" və
"İdman Azərbaycan", həmçinin radio
mövcuddur. Bir neçə il bundan əvvəl
AzTV-2 kanalının bazasında İctimai Televiziya
yaradılmışdır. QSC-də Televiziya Akademiyası, Səid
Rüstəmov adına Xalq
çalğı alətləri orkestri, Niyazi adına Simfonik
orkestr, Tofiq Əhmədov adına Estrada-simfonik orkestri, Vaqif
Mustafazadə adına Vokal-instrumental ansamblı, Cahangir Cahangirov
adına Xor, Əfsər Cavanşirov adına Uşaq xoru
mövcuddur. Bir vaxtlar Azərbaycan Radiosunda ilk
notlu Xalq çalğı alətləri orkestri
yaradılmışdı. Onun əsasını
müasir klassik Azərbaycan musiqisinin nəhəngləri
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev (baba) qoymuşdular.
Hazırkı musiqi kollektivləri
üçün inkişaf etdirməyə parlaq mədəni
dəyərlər və davam etdirməyə gözəl ənənələr
var.
Azərbaycan Televiziyasının verilişlər
proqramı əhalinin bütün yaş qrupları və
sosial təbəqələri üçün nəzərdə
tutulmuş, onların intellektual səviyyə və
maraqlarına hesablanmışdır. Bu, təkcə yerli və
xarici cizgi, sənədli və bədii filmlərə deyil, həmçinin
AzTV-nin öz istehsalı olan televiziya tamaşalarına da
aiddir.
Kiçik məktəb yaşındakı balaları
"Mən də uşaq olmuşam", "Dərsdən
sonra", "Hazırcavablar" verilişləri sevindirir. "Əlaçı"
intellektual oyunu yuxarı sinif şagirdlərinə
ünvanlandırılmışdır.
"Breyn-rinq", "61!", "Parlaq zəka", "Mən
azərbaycanlıyam", "Müasir Azərbaycan gənci",
"Tələbə dünyası", "Təmas nöqtəsi"
kimi digər intellektual, öyrədici və əyləndirici
oyun və verilişlər gənclər auditoriyası
üçün nəzərdə tutulub. Sözün
məlum mənasında sərhədsiz oyun olan "Nə?
Harada? Nə vaxt?"
verilişinin qarşısında isə, necə deyərlər,
bütün yaşlarımızda acizik. O, rus dilində
nümayiş etdirilir və Azərbaycan subtitrləri ilə
müşayiət olunur. Oyunlarda rusdilli aləmin
hər tərəfindən televiziya
tamaşaçıları iştirak edirlər. AzTV-nin dublyaj studiyası ölkəmizdə nəinki
ən yaşlı və təcrübəlidir, eləcə də
cəlb olunan aktyor kadrlarının səviyyəsinə
görə daha artıq dərəcədə peşəkardır.
Son illər "Azərbaycan Televiziya və Radio
Verilişləri" QSC öz efir proqramını duyulacaq dərəcədə
yeniləşdirmişdir. Qurumun xarici
görünüşü də dəyişib. Əlavə beşmərtəbəli korpus tikilib.
Burada tok-şoular, intellektual oyunlar, ictimai-siyasi,
informasiya və idman verilişləri üçün yeni
yaradılmış çəkiliş studiyaları yerləşdirilib.
Söyləmək artıqdır ki, həmin
obyektlərin maddi-texniki təchizatı müasir tələblərə
tamamilə cavab verir və ölkənin televiziya məkanında
ən qabaqcıl avadanlıqdır. Bundan
başqa, müəssisənin bütün ərazisi
abadlaşdırılıb, binaların dəhliz və
otaqları təmir olunub. Qeyd etmək
lazımdır ki, AzTV-nin yeni korpusu yaxınlıqda yerləşən
parlament binası və üç "Alov Qülləsi"
ilə vəhdət mənzərə yaradır. Bunu hava qaraldıqda onların kompleks
işıqlandırıldığı vaxt əyani görmək
olur.
Əlbəttə, televiziya kanallarına şərəf
gətirən başlıca amil - televiziya layihələrinin
eksklüzivliyi və irimiqyaslılığıdır. Azərbaycan
Televiziyasının kollektivi qürur hissi keçirir ki,
dünyanın və Avropanın bir çox nüfuzlu idman
qarşılaşmasını Azərbaycan
tamaşaçısına məhz o, təqdim edir. Pekin və London olimpiadaları, Birinci Avropa
Oyunları, futbol üzrə 2014-cü ilin dünya birinciliyi,
Almaniya, İspaniya, İtaliya, İngiltərənin futbol
çempionatları belələrinə aiddir. 2007-ci ildən etibarən Muğam müsabiqəsinin
dəyişməz ünvanı - AzTV-nin canlı efiridir.
Müsabiqə ölkədə və onun
hüdudlarından kənarda yaradıcı və mədəni
auditoriya tərəfindən fərəh və
coşğunluqla qarşılanır. Bu
gözəl layihə Heydər Əliyev Fondunun dəstəyi
ilə həyata keçirilir.
Hazırda AzTV kanalında digər, dünyanın onlarca
ölkəsində tanınan məşhur "The Voice"
vokal yarışı davam edir. Onun
uyğunlaşdırılmış adı "Səs Azərbaycan"dır.
Müsabiqə artıq beynəlxalq miqyas
alıb. Azərbaycan televiziyaçıları
çəkilişləri əcnəbi həmkarları ilə
birgə aparırlar. Yarışa
qoşulanlar arasında ölkəmizin paytaxtından və
bölgələrindən, eləcə də Ukrayna, Rusiya,
Almaniya, Böyük Britaniya, Niderlanddan peşəkar və həvəskar
müğənnilər vardır. Hamı
üçün sevindirici haldır ki, müsabiqə bu vaxtadək
geniş auditoriyaya tanınmamış istedadları aşkar
edib.
1956-cı ildə Azərbaycanın təzəcə meydana çıxan televiziya tamaşaçısı iri ölçülü qəbuledicinin ekranında ilk verilişlərə baxaraq televizoru möcüzə, baş verənləri isə fantastika adlandırırdı. Bu - kosmik eradan əvvəlki dövr idi, Yer kürəsi fəzasından kənara nəinki insan, süni peyklər də hələ çıxmırdı. O zaman televiziya heç nə ilə müqayisə oluna bilməyən böyük bir sevinc idi və proqramlarının keyfiyyəti haqqında mülahizə yürütmək kimsənin ağlına gəlmirdi.
Hazırda televizorla heç kəsi təəccübləndirmək mümkün deyil. Nəinki bütövlükdə verilişə, həmçinin onun quruluş tərkibinə - ssenariyə, rejissuraya, operator işinə; aparıcıya; musiqi və nitq müşayiətinə; kostyumlara və sairəyə irəli sürülən tələblər çox yüksəkdir.
Fərəhli haldır ki, ölkə televiziyasının 60 yaşlı veteranı təkcə həyat qabiliyyəti deyil, həmçinin parlaq peşəkarlığın qıvraq nümunəsi nümayiş etdirərək özünün fəaliyyət sahəsində bu gün də Vətəndə hamıdan irəlidə gedir.
Qafar
ƏSGƏRZADƏ
525-ci qəzet.- 2016.- 12 fevral.- S.2;4