Ağdamda nəyim qaldı ?
Evdə arvad olmadığından yeməyə dadlı
bir şey də tapılmırdı, hərdən Surayya
boşqabda bir pay dadlı nəsə gətirirdi.
Tamahı çəksə də, Nənəm erməni
gətirən xörəyə əl vurmur, öz
payını da mənə verirdi. Mən də əvəzində
məxsusi onun üçün iki yumurta alıb qayğanaq
bişirirdim. Nənəm dişsiz
ağzını marçıldada-marçıldada
çörəyin içi ilə qayğanağı
iştahla yeyirdi. Ağzını
nimdaş kəlağayısının ucu ilə silib Allaha
şükür eləyəndən sonra mənə
alxış eləyirdi. Bəlkə gəncliyimdən
başlayaraq məni müşayiət eləyən
xoşbaxtlıq məhz o qayğanaqdan sonra Nənəmin elədiyi
alxışın nəticəsi idi? Bir dəfə
də su qızdırıb onu çimizdirəndə, qoca bədəninə,
ağarmış başına su tökəndə arvad
xoşbaxtlıqdan ağladı. Tərtəmiz
geyinib taxtına çıxandan sonra dümağ ipək
saçını darayıb nazik hörüyə alanda bir
“Oxay!” deyib məni yaxına çəkdi, istiliyini çoxdan
itirmiş nazik dodaqlarını üzümə
yapışdırdı.
- Əli
dadına çatsın, Əli! Sən
olmaseydın mənim bu arsız canıma qurd düşərdi.
O kişidən istəmişəm, səni min budaq eləsin.
Azarın da düşsün Sayadın, Sitaranın ürəyinə!
lll
Mən artıq on birinci sinifdə oxuyurdum. Bir tərəfdən,
məktəbi bitirib Bakıya, arzularımın şəhərinə
getməyə tələsirəm, bir tərəfdən də
Nənəmin dərdini çəkirəm. Mənsiz bu
arvadın halı necə olacaq, buna kim
baxacaq? Arvad özü də qorxu keçirir, hərdən dilə
gəlirdi:
- İndi sən də İrəf kimi Bakıyeydəssən
dayna?
- Bə nədi,
burda inistut var?
- Bəs
məni kimə tafşırıf gedəssən, ay namard?
- Eybi yox,
onda qədrimi bilərsən. Qarğış eləməyə
adam da tapmıyassan.
- Qorxma, mənim
qarğışım səni tutmaz. - Üzündə xəfif
təbəssüm görünür. - Oyrəli sürünə-sürünə
meçidə getmişdim. Adına şam
yandırdım.
- Qarğış şamı?
-
Dilin-ağzın qurusun! Qarğış nədi?
Mən saa qarğış eliyənəm?
Allahdan təvəqqe elədim ki, səni
yarıyannardan eləsin. Maa da bir ucuz ölüm versin, sən
gedənəcən.- Bu yerdə Nənəm
ağlayır. - Çox ləngidim ey mən... Hamı getdi, mən
qaldım...
Mən də kövrəlirəm. Onu
qucaqlayıb qırışlar doğramış qarayanız
üzündən öpürəm.
-
Meçidə gedib özünə qarğış eləyirsən?
Vərdişkar olmusan ey!
Peyğəmbərimizə
aid edilən bir hədis var: “Heç vaxt sabahın dərdini
bu gün çəkmə!” Həqiqətən, sabahın dərdini
çəkməyə dəyməz, bir halda ki, o sabahın nə
gətirəcəyi sənə məlum deyil, bir halda ki, sabah sənin üçün açılmaya
da bilər. Necə ki, Nənəmlə məni
narahat eləyən məsələ öz-özünə həllini
tapdı. Sapsağlam arvad durduğu yerdə
yıxıldı, özü də bərk yıxıldı,
neçə yerdən qol-qabırğası, ayağı,
omba sümüyü sındı. Elə bu
yıxılmaqla da bir daha qalxmadı, on-on beş
gün çəkən əziyyət və ağrılar
içində canını tapşırdı. Onu
Novruzlu qəbiristanlığında daima gileylə yad elədiyi
ərinin, Şahverən babamın yanında dəfn elədik.
İndi
isə bir az geri qayıdaq.
lll
Onuncu sinfi bitirmişdim, yayın bitməsini gözləyirdim ki, on birə başlayım. Çox da darıxdırıcı yaydı. Yaxşı ki həmin yay həyətdə loto epidemiyası başladı: hamı - arvadlı-kişili, uşaqlı-böyüklü birdən-birə bu xəstəliyə yoluxdu. Saat on bir - on iki olan kimi arvadlar, işə getməyən kişilər və gimrik uşaqlar bir vaxtlar bizim həyətdə yaşamış Calal müəllimin dul bacısı Nənəşin açıq artırmasına yığışıb lotoya başlayırdı. Mən də bu kiçik qumara uymuşdum, özümlə heç cür bacarmırdım. Dərslərimi təkrar eləmək, gələcək imtahanlara hazırlaşmaq əvəzinə, üç kartın qabağında oturub, heç bir fərasət, ağıl tələb etməyən baxtabaxt oyundan uduş gözləyirdim. Heç vaxt da udmurdum, elə bil oyun məndən acıq çıxırdı avaralıq etdiyimə görə. Bir tərəfdən də Papamın danlaqları! Dünyanın bütün keflərindən gen-bol istifadə eləyən kişinin qorxduğu bir şey vardısa, o da qumardı. Elə ki otururdum lotoya, bir gözüm Dəyirman həyətinin əsas girəcəyinə dikilirdi. Bəzən oyunun ləzzətinə başım elə qarışırdı ki, Papam yaddan çıxır, onun gəldiyini görmürdüm. Dəstgah da onda başlayırdı. Kişi bir elə millətin qabağında yumurdu gözünü, açırdı ağzını:
- A padles,
sən genə lato oynuyursan? Ə, bəs ağzını əjdaha
kimi açan o inistuta kim girəjək? A
lato çıxardanın var-yoxunu! - Tüpürür. -
Düş qabağıma, padles, sənnən evdə
danışajam!
Mən bilirdim ki, belə məqamda susmaq ən
yaxşı müdafiədir, hərdən bir “elədi, papa,
düz deyirsən” demək də pis nəticə vermir. Başımı
aşağı salıb günahkarcasına Papamın
qabağı ilə həyətə girirəm. Bu yerdə
Nənəm əleyhimə könüllü ifadə verməyə
başlayır:
- Səhər açılannan ordadı, Məhəmməd! İmanım daşa dönsün yalan deyirəmsə! Həyət-baja nə gündə, evdə su yox, vedrələr bomboş, ağaşdar yanır susunnan. Deyirəm, danışıram, qarğıyıram... kimə deyirsən? Mən deyirəm, mən eşidirəm, mən boyda arvadı danzına da almır. - Bir ağız öskürür. - Bax, saa demişəm, Məhəmməd, bir də deyirəm, bunnan saa oğul olmuyajax!
- Az, sənnən soruşan yoxdu! Ağzına gələni də danışma!
- Mən
it oluf uluyaram əyər onnan saa oğul olsa! O arvaddar
ev-eşik qoymadılar səndə, oluf-qalanını da bu
dağıdajax! Nəyin var qoyajax qumara...
Nənəmin dörd oktavalıq məşhur
öskürəyi dadıma yetir, monoloq yarımçıq kəsilir. Papam davam eləyir:
-Sən də
oldun Mənafın tayı, Əli? Dedim, a
beqeyrət, qumar oynama, arvadbazdıx eləmə, işgi
işmə, vaxtında evinə gəl,
arvadıyın-uşağıyın üstündə ol! Kimə deyirsən?!
Nənəm davam eləmək istəyir, amma yenə də
öskürək güclü çıxıb arvadı
gömgöy göyərdir. Məni gülmək
tutur, başımı daha da aşağı salıram ki,
gülüşümü boğa bilim.
- Məhəmmm...
öh-hö-hö-hö... - Arvadın daha
bir təşəbbüsü fiaskoya uğrayır.
ən
artıq gülməyimi saxlaya bilmirəm. Papam təəccüblə
baxır mənə:
-
Gülür, ə! A məni
qınıyan! Mən burda hirsimnən çatdıyıram,
bu gülür! Ə, sən bizi ...
sarımısan, Əli?
Mən
gülməyimi çətinliklə saxlayıb ciddiləşməyə
çalışır və özümü müdafiə
üçün nəsə uydurmaq istəyirəm:
- Papa...
- Zəhrimar
papa! Mən də bunu ağıllı bir adam
bilirdim!
- Kimdi, ə,
ağıllı?! O Bakıyeydif İrəf kimi
meytəvə girsə mən it oluf uluyaram.
Burda
komik-dramatik vəziyyəti bir anlığa dondurub nəhayət,
deyim ki, Nənəmin dilindən bir neçə dəfə
eşitdiyiniz İrəf adı mənim xalam oğlu məşhur
alim, qeyri-səlis məntiq nəzəriyyəsinin müəlliflərindən
biri Rafiq Əliyevin adının təhrif olunmuş
formasıdır, özü də eksklüziv olaraq Nənəmə
aiddi. Onu da deyim ki, fövqəladə
istedadına, çalışqanlığına və
uğurlarına görə Rafiq Əliyev hələ o
vaxtların özündə belə şöhrətin tam
içində olmasa da, artıq astanasındaydı. Nəslin
bütün gənclərinə göstərilən, nişan verilən parlaq nümunə, pis
çıxmasın, həsəd yeriydi. Arvad məni
incitmək, məndən nəyinsə qisasını almaq, məndə
həsəd və paxıllıq duyğusu oyatmaq istəyəndə
İrəfdən istifadə edirdi. Hətta
onunla bağlı rəvayətlər uydurur, nağıllar
danışırdı. Mənə eşitdirmək
üçün guya ikinci bir adamla söhbət eləyirdi:
- Qurbanı olduğum İrəf təkcəjə başına Bakıyeydif meytəvə, orda, nədi o, oturuf məllimnən düz qabax-qənşər. Nə soruşuflar cababını verif, cabbarıca danışıf yerri-yataxlı, o nə deyillər, huşum ha qalmıyıf, hə, məllimin laf böyüyü deyif, a bala, bu dediylərin sənnik dəyil, sən bir tikə uşaxsan, bulları hardan bilirsən? Nənəsi ölmüş qaydıf ki, bəli, hamısın özüm örgənmişəm. Məllim də deyif, bərəkallah, səni yekəldən atıya-anıya! - Burda Nənəm yaylığının ucu ilə ağzının qıraqlarını silib təzədən üzünü gözəgörünməyən həmsöhbətinə tutur. - Ona gələn azar maaəlsin! Camahat da burdan duruf deyir mən də oxuyajam, meytəvə girəjəm. Ay girdin hay! Elə halveymış hər yerinnən duran gedə meytəvə girə! Oyrəli qadasın aldığım, tilfonnan Sayada deyif ki, bəs, nənə, məni göndərillər Urusetə. Sayad da deyif ki, get başına dönüm, hara deyillər ora da get, özünnən də müğəət ol! Sayad da maa deyir, qoy getsin, nənə, Uruset yaxşıdı, məllimi çağırıf. Mən də-höh-höh-hööö-öh-öh... - Burda arvadı möhkəm bir öskürək tutur. Elə bir öskürək ki, az qala içi-içalatı bu saat yerə töküləcək.
Mən “Ovod”dan aralanmıram. Əksinə barmaqlarımla hər iki qulağımı tuturam. Nəhayət, öskürək səngiyir, Nənəm dəyişmiş və tamam düşmüş səslə mənə üz tutur:
-Ay üstünə od tökülsün,
görmürsən çatdadım? Dur bir istikan dağ su ver
dayna maa?!
Mən
kitabın səhifəsini çevirib çox sakit səslə
deyirəm:
-
Çağır İrəf versin, o yaxşıdı.
-Buy,
İrəfin qadası düşsün sənin ürəyinə!
Bu nəcib arzudan sonra Nənəmin ünvanıma
söylədiyi qarğışlar bir-birini basdalayır. Mən
kitabı örtüb evdən çıxıram. Bir az həyət-bacanı dolanıram, gecəni
rahat yatmaq üçün aptekə dəyib Nənəmə
“Kodein” alıram. Bu dərmandan bir həb atanda
arvad gecəni yaxşı yatırdı. Çox
sonralar bildim ki, “Kodein” narkotik tərkibli dərmanmış.
Papam
monoloquna davam eləyir:
- Demə
elə Mənafın bir tayı da buymuş! Onu
da söydükcə hırıldıyırdı. Deyirdim, ay oğrac, mən saa öyüd verirəm sən
də altdan-altdan irişirsən? - Səsinin tonu dəyişir,
deyəsən məni danladığını unudur. - Nə
desə yaxşıdı, Əli? -
“Toçnı” elədi, mən yaddan çıxıram, Mənaf
girir qanımın arasına. - Bax sən öl, saa sən
öl deyirəm, qayıdasan ki, əşi, qağa, mən də
sən eliyənnəri eliyirəm dayna! Dedim, ə, bəs saa
bəyaxdan dediyim nədi, a beqeyrət? Mən eləmişəm,
altını da çəkirəm, sən eləmə! Bax
maa, ibrət götür dayna! Qayıdıf
qırmızıca üzümə nə desə
yaxşıdı, Əli? Bax sən öl, birin oyan-buyan
deyirəmsə canım ölsün! Deyir,
axı sən indi də eliyirsən, qağa. Pah məni
qınıyan sənin... - Səssiz gülüşdən
çiyinlərim titrəyir. Papam
söyüşünü bitirib davam eləyir. - Ə, bəs mənim saa dediyim nədi, Mənaf, a
qancığın qarnınnan çıxan? Mən eliyənnəri
eləmə dayna! Kimə deyirsən?! Dörd dəfə tükan açdırdım,
hamısını yedi-dağıtdı, əskik-əskik
dalınca. Bu yeyir, gəzir, qumar oynuyur, qəhbələrə
yedirdir hökumətin pullarını, meydanda qalıram mən
bədbaxt! Ona ağız aç, buna yalvar, onu
dəsmalla, bunu dəsmalla, qutar bu oğracı türmədən,
sora genə yalvar-yaxar buna tükan açdır, genə hər
şey təzdən başdasın. And içir, aman
eliyir, qurana əl basır, bir beş-altı ay adam
balası kimi dolanır. Mən də sevinirəm.
Elə ki, əlinə birəz pul gəlir, çönür
olur həməşəki Mənaf! Hər
şey təzdən başdıyır. Tüü! Ə, mən niyə yarımadım
oğuldan-uşaxdan?!
- Ə, belinnən gələn Mənafdan saa oğul olmadı, Məhəmməd, bunnan olajax?
- Az,
dedin eşitdik dayna, Zinyət! Yum dayna o qəşəng
ağzını!
- Ə, sən
bilmirsən ki, Məhəmməd, dana
damnan çıxar, oğul... öh-öh-öh-hö-höhhh...
- Öskürək bu dəfə senzura rolunu vaxtında
oynayır.
Papam içalatı titrədən öskürəkdən
gömgöy göyərmiş Nənəmə baxıb
başını bulayır.
-Ə, mənim günümə bax, sahatıma bax... Qalmışam bir qoja ifləmə arvadın əlində, bir də... Əli, bax, bu sən öl, saa sən öl deyirəm, bilirsən ki, bu ləğviyət dünyada sənnən çox istədiyim bir kopolu-kopaqqızı yoxdu, səni bir də lato oynuyan görəm, hamının yanında böüzm eləməsəm mən heç o Şahverənin oğlu dəyiləm! Baxmıyajam ki, saa birəz hürmətim var! Eşitdin, padles?!
lll
Qorxudan ta loto oynamırdım, oynayanda da bilirdim ki, böyük risk eləyirəm. Əlbəttə, hədələsə də, o mənə əl qaldıran deyildi, amma qonşuların qabağında danlanmağı çoxdan özümə sığışdırmırdım. Oynamırdım, amma oyuna baxmaqdan özümü saxlaya bilmirdim. Məni oyuna baxmağa vadar eləyən bir səbəb də Donara idi.
Mənə simpatiyasını açıq-aydın bildirən, fürsət düşəndə saçıma əl atan Donara, gəlib özü oynamasa da, oynayanlara baxırdı, özü də dayanırdı yanımda və heç kəsin görmədiyindən arxayın olub, böyürdən yanını mənə söykəyirdi. İlk vaxtlar mən buna əhəmiyyət vermirdim, amma onun bu hərəkəti bir neçə dəfə təkrar olunanda hiss elədim ki, bu toxunmaq təsadüfi deyil. Sonrakı günlər də mənim yanılmadığımı təsdiq elədi. Donara getdikcə bədəninin daha çox hissəsini mənə yapışdırmağa çalışırdı. Nə gizlədim, həyəcanlanırdım. Onun nazik donundan bədəninin yumşaqlığını hiss edir, canıma keçən istisi onsuz da mənə neçə vaxtdı rahatlıq verməyən gizli istəklərimi coşdururdu. Belə məqamda Donara baxışlarını məndən yayındırır, üzümə-gözümə baxmaqdan çəkinir, münasibətin leqallaşmasını istəmirdi. Guya heç nə baş vermirdi. O, loto oynayanlara söz atır, nəsə nağıl eləyir, danışır, gülür, guya oyunun gedişini diqqətlə izləyirdi. Arada mənə daha bərk sıxılmağı da unutmurdu. Mənim bütün bədənim əsir, çoxdan qalınlaşmış səsim batır, təzəlikcə dikəlmiş hulqumum qalxır-enir. Donaranın da halında dəyişiklik baş verdiyini görürdüm. O, özünü nə qədər sərbəst aparsa da, bədənindəki titrəyişi gizlədə bilmirdi.
Bizim bu dilsiz münasibətimiz getdikcə sürət yığır, qadını bilmirəm, məni çox məşğul edir, xəyallarımda qəribə intim mənzərələr yaradırdı...
- Ay üstünə od tökülsün yat dayna, nə atılıf-düşürsən o qıravatda? Niyə qoymursan bir çimir eliyim? Axı mən ölmüş səhəri diri-gözdü açıram!..
Əli Əmirli
525-ci qəzet.-
2016.- 13 fevral.-23