Azərbaycan
Televiziyası - hər birimizin televiziyası...
Hər
şey ondan başladı...
20-ci yüzilliyin möcüzələrindən olan radio
və televiziya texnologiyanın mədəniyyətə ən
böyük hədiyyəsi oldu. Bu hədiyyədən bizə də
pay düşdü: Azərbaycan Teleradiosu...
Azərbaycan
Radiosunun yaranma tarixi hər il ölkəmizdə
teleradio günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da
indiki “İstiqlaliyyət küçəsi, 10”
ünvanından, AMEA-nın əsas binasının 3-cü mərtəbəsində,
cəmi üç otaqdan ibarət məkandan
“Danışır Bakı!” kəlməsi ilə dinləyiciləri
heyrətləndirən, yalnız Bakı və Bakı ətrafında
dinlənilən milli radionu indi bütün dünya eşidir.
İlk vaxtlar cəmi bir saat “danışan” bu
radio indi 24 saat efirdədir. Və hər
gün saat 6-da Azərbaycan himni ilə başlayır
verilişlərinə.
Televiziyanın qarşısında yolu da məhz radio
açıb.
Radiodan 30 il sonra, 1956-cı il fevralın
14-də televiziya tamaşaçıların
görüşünə gəlib. Hər iki
tarix xalqımızın siyasi və mədəni həyatında
böyük yenilik kimi yadda qalıb. Teleradio
xalqımızın siyasi dünyagörüşünün
formalaşmasına, mənəvi-mədəni həyatının
yüksəlməsinə xidmət edib, onun ictimai-siyasi
ideyalarının, yüksək əxlaqi dəyərlərinin,
arzu və istəklərinin ifadəçisinə
çevrilib...
Hər
ikisi bir ilkə imza atıb! Hər ikisi birinci olub! Çətindir
birinci olmaq! Həm də şərəflidir! “İlk”lər
heç vaxt yaddan çıxmır, unudulmur! Bu tarixlər də
onlarla başlayıb, onlarla tarixə düşüb, onlarla
da tarixdə qalacaq! Onlarla da unudulmayacaq!..
Çünki
hər şey onlardan başladı...
Teleradionun
tarixinin qızıl dövrləri...
Fevralın 14-ü Azərbaycan Televiziyasının
günüdür. AzTV-nin ilk “evi”, “mənzili” olan Bakı
studiyası 30 kvadratmetrlik iki otaqdan ibarət olub. İlk verilişdə görkəmli sənətkarımız
Nəcibə Məlikova “Göstərir Bakı!” deyə
salamlayıb tamaşaçıları. İlk
illər verilişlərə yalnız Bakıda baxmaq
mümkün olub.
1957-ci ildən televerilişlər həftədə 5 dəfə
2 saat 20 dəqiqə həcmində yayımlanıb. 10 il
sonra isə bu həcm 7 saata çatdırılıb. 1959-65-ci illərdə televiziyanın əhatə
dairəsi genişlənərək bütün ölkə ərazisinə
yayılıb. 1962-ci ildə teleproqramlar hər
gün 7 saat yayımlanıb. 1971-ci il
noyabrın 7-dən televiziya rəngli yayıma keçib. 2003-cü ilin sonlarından dünya efirinə
çıxıb, 2005-ci ilin yanvarından 24 saatlıq
yayıma başlayıb. Bu illər ərzində
Teleradio müxtəlif adlar altında fəaliyyət göstərib.
1970-ci ildən Dövlət Radio və Televiziya
Verilişləri Komitəsi, 1991-ci ildən Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Şirkəti
kimi çalışıb. 2005-ci il martın 23-dən Prezident İlham Əliyevin
Sərəncamı ilə “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət
göstərir. Zəngin inkişaf yolu keçən, bu
gün Avropa, Şimali Amerika, Asiya, Afrika ölkələrinə,
az qala bütün dünyaya yayımlanan Azərbaycan
Teleradiosu ölkə teleməkanında yenə də liderliyini
qoruyub saxlayır, seçilir, sevilir...
“Xalqın
milli sərvəti...”
Teleradionun uğurlu fəaliyyəti də Ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan
Televiziyasını xalqın milli sərvəti adlandıran
Ulu öndər onun cəmiyyət həyatında, dövlət
quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə,
milli-mənəvi dəyərlərin təbliğindəki
rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan
xalqa çatdırılmasına böyük əhəmiyyət
verirdi. Son 45 ildə Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasəti hamıdan
yaxşı “izləyən” televiziya olub. Televiziya
bu proseslərə Azərbaycan xalqının gözü ilə
baxıb. Sadəcə baxmayıb, onu “milli
yaddaş” adlandırıla biləcək salnamə halına
salıb, gələcək nəsillər də Heydər Əliyev
siyasətinin böyüklüyünü, təntənəsini,
məhz bu arxivdən görəcəklər. Nahaq demirlər ki, tarixi siyasətçilər
yaradır. Televiziya, mətbuat isə
tarixin salnaməsini yaradır. Bu mənada,
müasir dövlət tarixinin, Azərbaycan mədəniyyətinin,
Azərbaycan dilinin, ictimai-iqtisadi inkişafının canlı
salnaməsi, məhz Azərbaycan Televiziyasıdır. Heydər Əliyev teleradioda çalışan
yaradıcı insanlara da həssaslıqla yanaşıb,
kollektivin qayğılarına böyük diqqət göstərib.
Teleradio, məhz bu müdrik dövlət rəhbərinin
qayğısı ilə indiki inkişaf mərhələsinə
gəlib çatıb. Kollektiv bunu unutmur.
Böyük öndərin televiziyanın foyesindəki
büstü, “Heydər Əliyev Muzeyi” də onun xatirəsinə
ehtiramı ifadə edir. Muzeydəki zəngin materiallar, sənədlər,
fotolar, kitablar, bütövlükdə AzTV-nin
videotekasındakı “qızıl lentlər” görkəmli
dövlət xadiminin xalqı, milləti, dövləti
üçün tarixi xidmətlərini bir daha insanlara
xatırladır.
Əsl
tribuna...
Azərbaycan Teleradiosu bu gün də xalqın əsl
tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini
təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə müstəqil dövlət quruculuğu prosesi,
davamlı və ardıcıl olaraq həyata keçirilən
uğurlu islahatlar, ölkənin dinamik inkişafı,
qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində
öz əksini tapır. Dövlət əhəmiyyətli
ictimai-siyasi tədbirlərin operativ
işıqlandırılması, dövlətimizin rəsmi
mövqeyinin həm ölkə daxilində, həm dünyada
tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun
müstəsna xidmətidir. Artıq onun hədəfi
təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları
deyil, dünya ölkələri, dünya
tamaşaçısıdır.
Şərəfli
missiya...
Dövlət siyasətinin mahiyyətinin xalqa
çatdırılması, cəmiyyətin aktual problemlərinin
müzakirəsi, qloballaşma dövründə milli-mənəvi,
əxlaqi dəyərlərin qorunması, təbliği,
günün nəbzinə uyğun verilişlərin
hazırlanması bu teleradionun prioritetləridir. O, şərəfli missiyaya
xidmət edir: Azərbaycanın qədim tarixini, zəngin mədəni
irsini təbliğ etmək, dünya sivilizasiyasının
müəlliflərinin arasında millətimizin də
imzasının olduğunu bəyan etmək, dünya azərbaycanlılarının
həmrəyliyinə töhfə vermək. Və
bütün bunları peşəkarlıqla etmək,
tamaşaçı və dinləyicilərə yüksək
səviyyəli proqramlar təqdim etmək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyətimizin,
ədəbiyyatımızın təbliğində, Azərbaycan
ədəbi dilinin inkişafında, dünya azərbaycanlılarının
birliyi və həmrəyliyi ideyalarının
yayılmasında milli teleradionun əvəzsiz rolunu yüksək
qiymətləndirir, onun inkişafına xüsusi diqqət
göstərir. Dövlət
başçısının birbaşa qayğısı ilə
teleradioda aparılan islahatlar isə öz bəhrəsini
verir.
Yeniləşmə,
müasirləşmə...
Son 10 ili Azərbaycan Teleradiosunun həyatında
böyük yeniləşmə, müasirləşmə
dövrü kimi səciyyələndirmək olar. Burada mərhələli şəkildə
aparılan ciddi islahatlar ölkəmizdəki dəyişikliklərlə
sıx şəkildə uzlaşır. Hətta
bu yenidənqurmanı ölkə səviyyəsində həyata
keçirilən yeniləşmənin, dünya
standartlarına uyğun müasirləşmənin, yüksəlişin
kiçik bir modeli saymaq olar. Studiyalar,
çəkiliş pavilyonları, montaj otaqları tamamilə
yenilənib, mənəvi və fiziki cəhətdən
köhnəlmiş avadanlıqlar yenisi ilə əvəz
olunub, maddi-texniki baza büsbütün modernləşdirilib.
Bütün studiyalar rəqəmsal çəkiliş
avadanlığı və kompüterlə idarə olunan ən
müasir işıq sistemləri ilə təmin olunub. Verilişlərin daha yüksək səviyyədə
hazırlanması üçün müasir qeyri-xətti
montaj avadanlıqları quraşdırılıb. Bu isə montaj olunan materialların lentə
köçürülmə prosesi olmadan birbaşa efir serverinə
ötürülməsinə imkan yaradıb. Rəqəmsal və “lentsiz texnologiya”ya keçid,
qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının
tətbiqi, müasir proqram buraxılışı aparat
otağının quraşdırılması - son 10 ilin
uğurlarındandır.
2014-cü ildə isə Azərbaycan
Televiziyasının yeni kompleksi - studiyalar binası tikilib
istifadəyə verildi. 5 mərtəbəli bu bina çəkiliş
studiyaları və redaksiya korpusudur. Burada
3 müasir studiya yaradılıb. 800 kvadrat
metrlik ən böyük studiya tok-şoular, ictimai-siyasi
verilişlər, intellektual oyunlar üçün nəzərdə
tutulub. 450 kvadrat metrlik ikinci studiya sırf
xəbərlər, informasiya proqramları, 290 kvadrat metrlik
üçüncü studiya isə “İdman Azərbaycan”
kanalı üçündür. Kompleks
zahiri görünüşü, müasir
işıqlandırma sistemi ilə də diqqəti çəkir
və ətraf binalarla harmoniya yaradır. Bu
müasir studiya Azərbaycan Teleradiosunun yeni imicidir.
Artıq Qərb standartlarına uyğunlaşan, bütün
parametrləri ilə Avropa ölkələrinin teleradioları
ilə rəqabət aparacaq səviyyədə olan Azərbaycan
Teleradiosunun yeni imicinin əsas cizgiləri isə müasirlik,
zamanın nəbzini tutmaq, həmçinin sabahkı
inkişafa hazırlanmış irəliləyiş
strategiyasıdır.
Zəngin
yaradıcılıq imkanları...
Əsaslı yenidənqurma, həm də
yaradıcılıq imkanlarının artırılması
deməkdir, islahatlar verilişlərin mahiyyətində, məzmun
və formatında da özünü göstərir. İndi Azərbaycan
Teleradiosu təkcə maddi-texniki bazasının müasirliyi,
istehsal imkanları ilə deyil, rəngarəng verilişləri,
proqramları, sənədli və bədii filmləri,
teletamaşaları, bir sözlə, zəngin fondu ilə də
haqlı olaraq öyünə bilər. Bu
fond Azərbaycan dəyərlərinin, adət-ənənələrinin,
mənəviyyatının sayıq keşikçisidir. Bu fond auditoriyanı maarifləndirir, zənginləşdirir,
zövqünü formalaşdırır, onları milli kökə,
mənəvi dəyərlərə bağlamaq
funksiyasını daşıyır. Tok-şoularda
tamaşaçılar ciddi problemlərin müzakirəsinə
dəvət olunur, tariximizin qaranlıq səhifələrinə
işıq salınır. Elm, mədəniyyət,
incəsənət xadimlərinin verilişlərdə ekspert
kimi iştirakı tamaşaçıların inamını təmin
edir. Görkəmli şəxsiyyətlərin,
ziyalıların, bir sözlə, məşhur simaların
aparıcı statusunda çıxış etməsi isə
proqramların önəmini daha da artırır. Rəhbərliyin əvvəlki dövrlərdə də
özünü doğruldan bu praktikaya üstünlük verməsi
tamaşaçıların da ürəyincədir. Cəmiyyətin
müxtəlif təbəqələrinin marağını təmin
edən proqram siyasəti, yüksək efir mədəniyyəti,
yaradıcılıq məsələlərinə peşəkar
yanaşma, bir sözlə, bütün proqramları ilə Azərbaycan
mənəviyyatına xidmət etməsi Azərbaycan Teleradiosunu yenə
də öndə saxlayır.
“Xəbərlər”
proqramı...
Hər bir televiziyanın imicini daha çox xəbəryayma
funksiyası formalaşdırır, xəbər proqramları
onun simasının əsas cizgisi sayılır. AzTV-də xəbər
buraxılışları 1960-cı ildə “Günün
yenilikləri” ilə başlayıb, “Son xəbərlər”lə
davam edib, 1967-ci ildən “Günün ekranı” kimi efirə
çıxıb, bu gün “Xəbərlər”lə efirdədir.
AzTV-nin “Xəbərlər” proqramı informasiya çəkisinə
görə digər kanalların anoloji proqramlarını
üstələyir. Tamaşaçılar ən dəqiq və
dürüst xəbərləri bu proqramdan alır. AzTV-nin efirində hər üç saatdan bir xəbər
vaxtıdır. İnformasiya Proqramları
Studiyası gün ərzində tamaşaçılara 8 xəbər
buraxılışı təqdim edir. Saat
18-də rus, gecə saat 2-də ingilis, qalan
buraxılışlar isə Azərbaycan dilindədir. Gün ərzində daha əhəmiyyətli hadisələr
haqqında isə xüsusi buraxılışlar təqdim
olunur. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət
Bayrağı Meydanının təntənəli
açılış mərasimi, 2013-cü il fevralın 8-də
Azərbaycanın ilk telekommunikasiya peykinin - “Azərspase-1”in
orbitə buraxılması, Heydər Əliyev Fondunun son dərəcə
dəyərli layihələri, I Avropa Oyunları... Ölkəmizin saysız-hesabsız uğurları
haqqında xüsusi buraxılışları, məhz AzTV-də
qürurla izləmişik. AzTV-nin Türkiyə, İran,
Gürcüstan, Rusiya, ABŞ, Kanadadakı müxbir məntəqələrindən,
Qərbi Avropa ölkələri, Ukrayna və Şərqi
Avropa ölkələri, Böyük Britaniya və Şimali
İrlandiya Krallığı, Ərəb ölkələri
və Şimali Afrika, Qazaxıstan və Mərkəzi Asiya
ölkələri, Şərqi Asiya ölkələri,
Yaponiyadakı bürosundan, eləcə də ölkəmizin
bölgələrindən hər gün “Xəbərlər”ə
çox sayda videomaterial daxil olur. “Xəbər
otağı” isə müasir xəbərçilik
standartlarına tam uyğunlaşdırılıb, xəbərin
istehsalından tutmuş tamaşaçılara
çatdırılmasına qədər bütün prosesi
bir məkanda cəmləyib. Bu, xəbərlərin
daha çevik istehsalına, tamaşaçılara daha
çox informasiya çatdırılmasına imkan verir, vaxt
itkisini aradan qaldırır, operativliyə təminat yaradır.
Böyük bir kollektivi birləşdirən “Xəbər
otağı” hər gün qaynar iş rejimində
çalışır. “Ən operativ, ən dəqiq
və ən vacib” prinsipini əsas götürən “Xəbərlər”
dövlət tədbirlərini geniş
işıqlandırır, ölkə həyatından, Azərbaycanda
keçirilən mötəbər toplantılardan, cəmiyyətin
aktual problemlərindən bəhs edən süjetləri,
xaricdən və bölgələrdən xəbərləri,
idman yeniliklərini operativlik və peşəkarlıqla
tamaşaçılara təqdim edir. Günün
aktual məsələsini, gündəmdə olan mövzunu “Xəbərlər”dən
sonra “Günün nəbzi” ətraflı təhlil edir. Xəbər həftəsinə isə hər bazar
günü “Həftə” analitik informasiya proqramı geniş
təhlillə yekun vurur.
Azərbaycan
Radiosu - səs xəzinəsi...
Son 10 il radio üçün də texnoloji, istehsalat
və yaradıcılıq dəyişiklikləri
dövrü olub. Radionun maddi-texniki bazası da
tamamilə modernləşdirilib, verilişlərin ideya-bədii
məzmunu keyfiyyətcə yenilənib. Bu
gün milli radio saf, təmiz, zəngin, gözəl Azərbaycan
dilinin, ədəbi dilimizin qorunduğu yeganə radiodur. Bəli, heç kimin xətrinə dəyməsin,
bunu etiraf etmək lazımdır. Müstəqillik
dövründə yaranan özəl radiolar ona rəqib olsalar
da, dinləyici auditoriyasına şərik çıxsalar da,
onu üstələyə bilmədilər. Hansı radio
“Axşam görüşləri”nin dinləyicisini
əlindən ala bilər? Bəs “Bulaq”ın? Bəs
hansı dinləyici “Lirika dəftərindən” kimi
böyük yadigarı başqa verilişlə əvəz edər?
Bəs Abbas Mirzə, Fatma Qədri, Sidqi Ruhulla, Mehdi Məmmədov...
kimi ustadların səsini, ifasını, sənətkarlığını
özündə yaşadan radiotamaşaları kim başqa
verilişə dəyişər?..
Radionun “Qızıl Fondu”nda görkəmli sənətkarlarımızın
ifaları qorunur. Əgər 1968-ci ildə onun fonetekasında 24 min, 1980-də
40 min musiqi və sənət incisinin lent yazısı
vardısa, indi bu rəqəm 100 mindən çoxdur.
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Cəfər
Cabbarlı, Səməd Vurğun, Seyid və Xan
Şuşinskilər, Niyazi, Rəşid Behbudov... Bu dahilərin
lent yazıları misilsiz sərvətdir.
Bu gün
də Azərbaycan Radiosunun olduqca rəngarəng ədəbi-bədii,
ictimai-siyasi verilişləri, maraqlı efir söhbətləri,
maarifləndirici proqramları var. Dinləyicilər onlara mənəvi
rahatlıq gətirən, onları xəbərdar edən, məlumatlandıran
proqramları məmnunluqla dinləyirlər. Biri-birindən
maraqlı neçə-neçə veriliş Azərbaycan
Radiosunun “hər kəsin radiosu” olduğunu təsdiq edir.
Zəngin arxivə malik milli radiomuz xalqımızın
rəngarəng söz, səs yaddaşıdır. 75 yaşlı Beynəlxalq Radio da fəaliyyətini
uğurla davam etdirir, dünyaya müxtəlif dillərdə
verilişlər yayır.
“Mədəniyyət”
kanalı...
Uzun illər yalnız bir televiziya və radiodan ibarət
olan Azərbaycan Teleradiosu indi özündə bir neçə
kanalı, qurumu birləşdirən nəhəng bir
strukturdur, müasir və möhtəşəm bir kompleksdir. Həmin
kompleksin bir qolu olan “Mədəniyyət” kanalı “Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin daha bir
böyük uğurudur. 2010-cu ildə,
AzTV-nin 55 yaşının tamamında onun nəzdində Azərbaycan
ziyalılarının və sənətçilərinin
çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə
tamaşaçıların görüşünə gəldi.
Bu kanalın ərsəyə gəlməsi
Prezident İlham Əliyevin mədəniyyətimizə
qayğısının daha bir təzahürüdür.
AzTV-nin kifayət qədər təcrübəsi,
zəngin fondu, müasir texniki təchizatı və peşəkar
kadr potensialı kanalın uğurlu fəaliyyətinə zəmanət
verirdi. Və zaman da bu faktın
doğruluğunu təsdiq etdi. İndi “Mədəniyyət”
kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin
tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin
incilərini isə Azərbaycan tamaşaçılarına
çatdırır. Bu kanalın verilişlərini izlədikcə
bir daha bu qənaətə gəlirsən: mədəniyyətimizin
elə parlaq inciləri var ki, onlar yüz illər sonra da Azərbaycanı
yüksək mərtəbədən təmsil edə bilər.
“Mədəniyyət” kanalı, həm də ona
görə tamaşaçıların sevdiyi kanaldır ki,
burada dünya mədəniyyətinin, incəsənətinin
inciləri, parlaq simaları haqqında məxsusi verilişlərə
də baxa bilirlər.
“İdman
Azərbaycan” telekanalı...
1957-də AzTV-də ilk dəfə Respublika stadionundan
futbol oyunu translyasiya olunub. Həmin reportajı rəhmətlik
radiojurnalist Valid Sənani aparıb. O vaxt heç kimin
ağlına da gəlməzdi ki, 52 il sonra
bu kanal dünyanın hər yerindən birbaşa futbol
yayımları təqdim edəcək. Bəli, 52 il sonra milli televiziyamızın nəzdində
“İdman Azərbaycan” kanalı efirə vəsiqə aldı.
2009-cu il fevralın 1-dən efirə
çıxan bu kanal idman ictimaiyyəti və idmansevərlərə
gözəl hədiyyə oldu. Prezident İlham Əliyevin
təşəbbüsü ilə yaradılan “İdman Azərbaycan”
televiziyasının fəaliyyəti dövlətimizin idmana, gənclərin
sağlam ruhda böyüməsinə verdiyi önəmin
sübutudur. Artıq “İdman Azərbaycan”
televiziyası efir məkanında öz yerini çoxdan təsdiqləyib
və fəaliyyət göstərdiyi 7 ildə dövlətimizin
idman siyasətinə uğurla xidmət edir. Kanal dünyanın hər yerindən bütün
növ idman yarışlarını, müxtəlif
çempionatları birbaşa, özü də yüksək
peşəkarlıqla yayımlayır, idman xəbərlərini
operativliklə tamaşaçılara çatdırır.
İdmanın ayrı-ayrı növləri, məşhur
idmançılar haqqında onlarla maraqlı veriliş
hazırlayır, öz proqramları ilə
tamaşaçıların diqqətini cəlb edir, eyni zamanda
idmana marağı artırır.
2015-ci il oktyabrın 12-dən “İdman Azərbaycan”
telekanalının verilişləri sutka ərzində
yayımlanır. Əgər indiyədək
kanalın efir proqramların illik həcmi 6 min saata yaxın
idisə, hazırda bu rəqəm 8 min 700-ə çatıb.
Hər gün kanalda tamaşaçılara
canlı xəbər buraxılışları, orijinal
verilişlər, beynəlxalq və ölkədaxili
yarış və turnirlər təqdim edilir, çempionatlar
canlı yayımlanır. “İdman Azərbaycan”
kanalı dünyada yeganə idman kanalıdır ki, heç
bir ödəniş olmadan tamaşaçılarına
idmanın bütün növləri üzrə proqramlar təqdim
edir və açıq yayımdadır.
İndi “İdman Azərbaycan”ın kadr potensialı,
texniki heyəti, bacarıqlı şərhçilər
komandası, demək olar ki, teleməkanın ən peşəkar
komandasıdır. Bu danılmaz faktı 2015-ci ilin iyununda Azərbaycanın
böyük uğurla evsahibliyi etdiyi I Avropa Oyunları da təsdiq
etdi...
Yeni layihələr...
AzTV-nin musiqi layihələri həmişə
böyük rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondunun dəstəyi,
Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan
Televiziyasının təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə
keçirilən, muğam sənətini yaşatmağa, gənc
istedadları üzə çıxarmağa xidmət edən
“Muğam televiziya müsabiqələri” ölkəmizdən kənarda
da böyük tamaşaçı sevgisi qazanıb. Bu, hər şeydən əvvəl, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın danılmaz xidmətidir.
Azərbaycan Televiziyası isə muğam müsabiqələrini
(artıq beş dəfə keçirilib -
F.N.) yüksək peşəkarlıqla təşkil edib və
yayımlayıb. AzTV bu “SMS”siz yarışma ilə
ilk dəfə muğamların həm tədrisinə, həm
də maarifləndirməyə doğru bir addım atdı.
Hər yarışdan əvvəl
dünyasını dəyişmiş korifey sənətkarların
ifasını səsləndirmək bir tərəfdən gənc
ifaçıları məlumatlandırmaq məqsədi
daşıyırdısa, digər tərəfdən
muğamın, əsl sənətkarın əbədiyaşarlığını
göstərmək idi. Bu müsabiqə sərhədləri
aşan, dinindən, dilindən asılı olmayaraq milyonlarla
insanın qəlbini ovsunlayan Azərbaycan muğamının təntənəsi
və qələbəsidir. Müsabiqənin bir qalibi
var: Azərbaycan muğamı və ona dəyər verən
dövlət.
Azərbaycan Televiziyası 2015-ci ildə daha bir uğura
imza atdı. Dünya teleməkanının ən nüfuzlu
mahnı müsabiqələrindən sayılan,
dünyanın 50-dən çox ölkəsində
yayımlanan “The Voice of” - “Səs” layihəsini ölkəmizə
gətirdi. Televiziyanın müasir
maddi-texniki bazası, peşəkar kadr potensialı
Niderlandın “Talpa International B.V.” şirkətinə məxsus
bu layihənin lisenziyasının AzTV-yə verilməsində
də həlledici rol oynadı. Bir həqiqət yenə
öz təsdiqini tapdı: televiziyanın mötəbər tədbirləri
yüksək peşəkarlıqla təqdim etməsi
inkarolunmaz faktdır. AzTV bu imtahana da ciddi
hazırlaşdı, Azərbaycanı dörd dolandı, gənc
istedadları səbrlə dinləyib, ifalarını ələkdən
keçirdi. Beynəlxalq musiqi aləminə
yüzlərlə unikal səs və maraqlı performans bəxş
edən “Səs” layihəsinin Azərbaycan versiyasını
peşəkarcasına gerçəyə çevirdi,
böyük tamaşaçı ordusunu ekran
qarşısına topladı. “Səs Azərbaycan”nın AzTV-də təqdimatı, heç
şübhəsiz, zəngin musiqi dəyərləri olan
ölkəmizin istedadlı insanlarının dünyada təbliği
işində də müstəsna rol oynayacaq...
Və nəhayət,
hər şeyi kadrlar həll edir...
Azərbaycan Teleradiosundakı hərtərəfli dəyişikliklər, uğurlar göz önündədir. Bacarıqlı rəhbərlik, yüksək idarəçilik və təşkilatçılıq olmasaydı, bugünkü uğurlardan danışmaq olmazdı.
Son 10 ildə AzTV-də təkcə efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilmədi, həm də “insan kapitalı”na böyük “sərmayə” qoyuldu. Peşəkarlarla yanaşı, istedadlı gənclərə də meydan verildi, onların hazırlanması üçün hər cür şərait və imkan yaradıldı. Artıq rəhbərliyin diqqət və qayğısı ilə gələcəkdə də bu sferada uğurla çalışacaq çox sayda gənc kadr: aparıcı, müxbir, reportyor, redaktor, şərhçi, idman şərhçisi, rejissor, operator... yetişib.
Təbii ki, zaman yerində saymır, dəyişir, özü ilə yeniliklər gətirir. Nəsillər də bir-birini əvəz edir. Bu əvəzetmə, həm də yeninin köhnədən öyrənməsi prinsipinə əsaslanır. Azərbaycan Teleradiosunda peşəkarlar öz davamçılarını hazırlayıb sabaha ötürürlər. Burada peşəkar televiziya mütəxəssisləri və menecerlərdən ibarət komanda var. Və bu komandanın fəaliyyəti Azərbaycan Teleradiosunun uğurlarına ünvanlanıb. İndi məqsəd “Hər şey bizdən başladı” həqiqətini “Hər şey bizdən başlayır” devizi ilə davam etdirməkdir...
Azərbaycan
Radiosu 90, Azərbaycan Televiziyası 60 yaşında...
Bu gün
Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60
yaşı var. “Birinci”, “məktəb”, “lider” statusunu isə
yenə qoruyurlar. Bu uğurların kökündə
ənənələr, bu ənənələrə sədaqət,
bu ənənələri yeni ruhla davam etdirmək arzusu
dayanır.
Və bu gün onların günüdür! Həm
də onların xidmət göstərdiyi insanların
günüdür. Dövlətimizi, xalqımızı sevənlərin
günüdür. Onlar isə dövlətimizin,
xalqımızın parlaq güzgüsüdür. Xoş niyyətlilər
baxsın bu güzgüyə, dövlətimizi, məmləkətimizi daha aydın
görmək üçün...
Firuzə
NADİR
525-ci qəzet.-
2016.- 13 fevral.-10-11