“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
Xan
Xoyskinin nitqi
Sürəkli
və gurultulu alqışlar içində Rəisi-Vükəla
Xan Xoyski həzrətləri kürsiyi-xitabətə
çıxaraq hökumətin fəaliyyəti həqqində
aşağıdakı nitqi irad ediyorlar:
“Möhtərəm Azərbaycan Parlamanı əzası!
Bu gün öylə böyük, əziz və mübarək
gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o
gündür ki, milli müqəddəratınızı
öz əlinizə aldınız. Hökumət
bəni vəkil etmişdir, bu bayram münasibətilə sizi
və sizinlə bərabər özümüzü təbrik
edərim. (Alqış). Hökumət sizin hüzurunuzda məsul olduğundan
borcudur öz fəaliyyəti və nə kibi şərait
altında işlədigi həqqində sizə bəyanat
versin. Bən bu gün ümum hökumətin
fəaliyyəti həqqində sizə müfəssəl məlumat
vermiyəcəgəm, hər vəqt istəsəniz hər
nazir öz nəzarətinin fəaliyyəti həqqində məruzə
təqdim edəcəkdir. Bən isəm bu
gün ancaq hökumətimizin nə kibi şərait
altında təşəkkül edib fəaliyyətdə
bulunduğunu və müxtəsər tarixini ərz edəcəgəm.
Azərbaycan hökuməti o vəqt təşəkkül
etdi ki, Gürcüstan Zaqafqasiyadan ayrılaraq elani-istiqlal etdi. O vəqt xarici ən
mühüm bir neçə məsələ var idi: Qafqasiya cəbhəsinin
ilğası və Türkiyə ilə mübahisəli olan məsələlərin
həlli. Hökumətimizin təşəkkülü haman Türkiyə ilə sülh
müzakiratı icrası əsnasında vaqe olmuşdur. Daxili vəziyyətimiz isə qayət fəna idi.
Hökumətimiz öylə bir zamanda təşəkkül
etmişdi ki, bir kənddən digərinə getmək qorxulu
idi, heç kəsin irzi, namusu, canı, malı
əmində degildi. Rus qoşunları Qafqasiyadan çəkildikdən
sonra dəmiryollarında vüqu bulmuş hadisatdan dolayı dəmiryolları
tamamilə yatmış kibi idi; post və teleqraf
müxabiratı bilmərrə kəsilmişdi, dövlətin
ən artıq möhtac olduğu maliyyat naminə heç bir
şey yox idi.
Dövlət makinəsini təşkil edən idarələrin
həpsi dağılmış, xidmətçiləri
qaçmışlardı, idarələrin bəzilərinin
adı vardısa da özü yox idi. Hər yerdə beş-on adam yığışıb bir hökumət
düzəldir və bir qanun veriyordu. Hər kəs
özü-özünə bir hökumət idi. Böylə bir zamanda bütün Azərbaycan tərəfindən
seçilmiş Milli Şura hökuməti təyin edib məmləkətin
müqəddəratını ona tapşırdı. Hökumətimiz təsdiq edilməmişdi. Hökumətin səyilə Türkiyə ilə
müzakirat tez qurtarıb sülhnamə bağlandı. Fəqət bununla bərabər daxili işlər o
qədər pərişan olan bir zamanda hökumət daxildə
qanun və asayiş bərpasından aciz idi. Zira nə əskəri qüvvəmiz və ordu, nə
silahımız, bittəbii daxildən düzəltmək
mümkün degildi. Binaənileyh xarici
qüvvəyə lüzum görülərək türklərə
müraciət edildi. Türkiyə-Azərbaycan
sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə
nə vəqt lazım olsa, hüququmuz müdafiəsi
üçün türklər bizə bir qədər əskər
verməli idilər. Ona görədir ki,
darda qaldıqda bu çarəyə təvəssül edildi.
Türklər iltizamlarına əməl və vəzifəhlərini
hüsni-ifa etdilər. Əlbəttə,
qoşunsuz, gücsüz görülməsi pək
müşkül olan işlər çox çətinlik ilə,
yavaş-yavaş işləniyordu.
Biz xaricdən qüvvə almaq üçün başqa
millət və dövlətə müraciət etmək, bəzi
şəraitdən dolayı mümkün degildi. Müraciət
etsəydik də bir nəticə hasil olmazdı, ona görədir
ki, dindaş və millətdaşımız olan Türkiyəyə
müraciət edildi.
Altı
ay həyatı müddətində hökumətimiz çox iş görmüşdür. Hini-təsisində
hərcü-mərcdən başqa bir şey yox, hətta polis
belə yoxdu. Binaənileyh ibtida hər
şeydən ziyadə zəbtiyyə işlərinə diqqət
verilərək müəssisələr təsis və təcdid
edildi. Hazırda hər yerdə məmurlarımız,
idarələrimiz var. Millətin, cəmaətin malını
və canını müdafiə edəcək təşkilatımız
və məmurlarımız var.
Əlbəttə,
hökumətimizin fəaliyyəti həqqində çox
sözlər danışıla bilər, fəqət hökuməti
tənqid etmək üçün nə vəqt və nə
kibi şərait altında
çalışdığını nəzərə
almalı, bu nöqteyi-nəzərdən də mizanə
vurmalıdır: hankı hökumət və nə vəqt
çalışmışdır.
Azərbaycan
hökuməti-hazirəsinin özünəməxsus uzun
müddətlik bir sabiqəsi, tarixi, əskəri qüvvəsi,
xəzinəsi olmadığı nəzərə alınarsa
görülər ki, böylə şərait altında
iş aparmaq pək müşkül idi. İbtidai-təşəkkülündə
hökumət qarşısında duran mühüm məsələlərdən
birisi də dağılmış, pozulmuş, vaqonu və xidmətçisi
olmayan dəmiryollarında hərəkatın təcdidi idi.
Buna diqqət verildi və
gördüyünüz nəticə əldə edildi. Doğrudur, lazım və mümkün olan bir
çox şeylər hələ yoxdur, fəqət narahat olsa
da hələ ki işlər bir qədər səhmana
düşmüş və idarə olunur. O vəqt
bütün məmləkətdə post-teleqraf
müxabiratı kəsilmiş, bir kağız belə
göndərmək mümkün degildi. Şimdi
qüvvəmiz qədər bunu da düzəltdik, tamam Azərbaycanda
olmasa da çox yerdə artıq kantorlar, müxabirat
aparatı əmələ gəlmişdir. Vacib məsələlərdən
birisi də pul məsələsi idi ki, bunsuz əsla iş
getməzdi. Hökumətimiz bir zamanda təşəkkül
etmişdi ki, Batum nümayəndələrinə göndərmək
üçün on min manat pul tapmıyordu, borc axtarıyordu.
O vəqt Azərbaycanın paytaxtı və qismi-əzəmi
heç öz əlimizdə degildi. Binaənileyh
Azərbaycan pulu buraxmaq fikri gülünc idi.
Ona görə bu məsələdə
başqalarıyla sazişə ehtiyac vardı. Gürcüstan
ilə şərik olaraq bon buraxmağa məcbur olduq,
buraxıldı da. Bədə
Bakının işğalından sonra bir qədər də
Bakı bonu buraxıldı. Eyni zamanda Azərbaycan pulu kəsilmək
üçün özgə məmləkətlərə adam göndərildi. Şimdi pul
kəsiliyor və yaxın zamanda Azərbaycan pulu
çıxar. Əlbəttə, bu işlər
öhdəmizə düşən ağır vəzifənin
bir zərrəsidir. Ən böyük zəlalətimiz
bu idi ki, o vəqt hökumət göydən asılı kibi
idi. Zira hürriyyət, ədalət,
üxüvvət bayrağı daşıyanlar Bakıyı əlimizdən
almış, bizi paytaxtsız qoymuşdular.
Azərbaycanın kökünü təşkil edən,
məmləkətin həqiqi sahibi olan müsəlmanlar qətliam
edilərək Dağıstan, İran və Turana
dağılmışlardı. Şəhərdə bir iş
görəcək adamımız qalmamışdı. Böylə olan surətdə bu məsələdən
başqasına böyük əhəmiyyət veriləməzdi.
Türkiyəyə müraciətimizin də
ümdə səbəbi bu oldu. Zahirən
bunca böyük zəhmət və fədakarlıqlar
xırda görünüyorlar, amma o zəlalət, o fəlakət
yada gətirilirsə nə qədər zəhmət və məşəqqət
çəkdigimiz anlaşılar. Bəlkə
öhdəmizə düşən vəzifəyi tamamilə
hüsni-həll edəmədik, bəlkə bu uğurda
çox qüsurlarımız var, fəqət əhvalımız
əhəmiyyətlə təqdir edilərsə təqsirimiz
çox yüngülləşər.
Şükürlər
olsun ki, artıq məqsədlərimizin bir çoxuna
çatdıq: Bakı əlimizə keçdi; doğrudur,
şəhər alınarkən bəzi müəssif hadisələr
vaqe olmuşdur. Hökumət bunu gizlətmiyor və
gizləməgi layiq bilmiyor. Doğrudur,
çox adama əziyyət keçmişdir, fəqət
mümkün idimi ki, hökumət bu hadisənin
qabağını tamamilə alaydı? Zənnimcə,
insaf gözilə baxanlar etiraf edərlər ki, dünyada
heç hökumət ala bilməzdi. Burada
müsəlmanlar qırılmış, çocuqları
ayaqlar altında tapdalanmış, şəhər üç
ay dava etdikdən sonra alınmış, nəticədə
acıqlı cəmaət - hökumət əlbəttə,
acıqlı degildir - və əskər şəhərə
girərkən hadisənin önünü almaq
mümkünmü idi? Bilxassə ki,
hökumət şəhərə ancaq 3 gün sonra daxil
olmuşdur. Hökumətin vürudunadək
nə olmuşsa da ondan sonra heç bir şey vaqe
olmamışdır. Hökumət şəhərə
varid olar olmaz tədbirlər görüb yüzədək
müsəlmanı asdırdı, qurşuna
düzdürdü və asayişi təcdid etdi. Çox tərəfdən bu xüsusda çox
sözlər danışılır.
Fəqət danışmaq asan ikən həqiqəti təqib
etmək müşküldür. Həqiqəti-hal nəzərə
alınarsa hamı etiraf edər ki, bu işlərin
qabağı alınamazdı.
Böylə ağır vəziyyətlə bərabər,
təlatüm içində qayalar arasında nazik taxta
qayıqda gedən gəmiçi vəziyyətində bulunan
hökumət qayığını öylə aparmalı idi
ki, daşa dəyib dağılmasın. Əhvali-xaricəmiz
öylə idi. Bən hökuməti
tövsif etmiyoram, fəqət fikir etsəniz görərsiniz
ki, hökumət bu uğurda necə
çalışmışdır.
Bir yandan çalışırdıq işimizə
qarışmaq istəyənləri kənar edək, digər
tərəfdən də imkanımız yoxdu. O zaman burada Almaniya nümayəndələri
vardı. Onlar bizə çox ağır tələblər
verərək gah pambıq məsələsində, gah neft
işlərində mahlarını ibrazla bizi çox vəqt
zorluyorlardı. Zəif ikən bunlara
müqabilə etməli idik; edirdik də. Onların
təməh və tələblərinə qarşı Azərbaycan,
azərbaycanlılar üçündür,
şüarını qoyurduq.
Sonra övza dəgişdi, gözlənməyən bir
vaqeə oldu.
Yeni məsələlər çıxdı.
Bir məqama gəldi ki, hökumət nə edəcəgini
bilmiyordu. Ola bilərdi ki, bir addım ilə
hər şey dəgişsin; xəlq yeni yol ilə getmək
istəyəcəkmi, yoxmu, məlum degildi. Burada xəlqin öz rəyini bilmək lazım idi.
Binaənileyh parlaman dəvətinə lüzum
görüldü.
Bədə
nə üçün Azərbaycan Məclisi-Müəssisanı
çağırılmayaraq bugünki parlaman dəvət
edildigini dəlillərlə bəyan etdikdən sonra müttəfiq
dövlətlər, xüsusən İngiltərə və
qomşu millətlər ilə münasibatımıza nəqli-kəlam
edərək diyor ki:
“İngilislər ən qədim hüquq və muxtariyyət
müdafeidirlər. İngiltərədə hamıdan ziyadə
müsəlman var. Bunların müharibədəki himmət və
yardımı göstəriyor ki, ingilislər onların
hüququna təcavüz etmiyor, onları incitmiyorlar. Əlbəttə, bizimlə də onlar arasında
inciklik olamaz. Ona görədir ki, 3 dövlət
sülhi-ümumiyədək Azərbaycanda asayi? və müsalimət müdafiəsi
üçün buraya əskər göndərmək istədikdə
hökumət və Milli Şura razı oldular. Çünki
burası millətin hüquq və istiqlalına, Azərbaycanın
mövcudiyyətinə bir zərər və qüsur
görülmüyordu. Bizim rizamızla
müttəfiqlər gəldilər, şimdi
görüyorsunuz ki, heç bir zərər də
olmamış və hüququmuzu əlimizdən
almamışlardır. Millətin həqqi,
hüququ və həqq idarəsi olan daxili işlərimizə
əsla qarışmıyorlar. Bunlar
öylə millətlərdir ki, bunlardan xəta baş verməz.
Bununla bərabər öhdəmizə düşən vəzifəhlərdən
biri də Qafqasiyada əmələ gəlmiş bəzən
din və qan qardaşımız və bəzən
qomşularımız tərəfindən elan edilmiş yeni
hökumətlər ilə münasibat və əlaqəmiz məsələsi
idi. Hökumət dostluq hüsuli üçün var
qüvvəsilə çalışdı. Gürcüstan ilə aramızda heç bir ixtilaf
olmamışdır.
İki qardaş arasında da mübahisə olur, fəqət ümum mübahisəli məsələlərimiz dostanə bir surətdə həll ediliyor. Şimali Qafqasiya daha yaxın olub həmişə sözümüz, işimiz, yolumuz bir olmuş, biri-birimizə kömək etmişik. Aramızda heç bəhs olmamışdır. Ermənistan ilə də aramızda öylə mühüm bir ixtilaf olmamışdır. Doğrudur, zikr etdigim iki hökumət ilə olduğu kibi Ermənistan ilə dostluq olmamışdır, bunun da səbəbi şahid olduğunuz hadisatdır.
Bu hadisələrin vüquinə təəssüf edəriz. Heç kəs də təəssüf etməyə bilməz. Bu son aylarda ermənilər ilə müsəlmanların arasında vüqu bulmuş olan müharibəyə, incikligə tərəfeynin yekdigərinə zülm və əziyyət vermələrinə kim təəssüf etməz. Haman bu hadisələrdir ki, Ermənistan ilə dostluğumuza mane olmuşdur”.
Bədə zəbtiyyə və ədliyyə təşkilatından, məktəb və məhkəmələrin milliləşdirilməsindən bəhslə Rəisi-Vükəla həzrətləri parlamanın tənqidini xeyirli, lüzumlu gördügünü bəyanla yol göstərilməsini arzu ediyor və bu sözlərlə nitqlərini bitirərək bütün hökumətin istefasını veriyor:
Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da yol göstərən işıqlı yıldızı bu olmuşdur:
Millətin hüququ, istiqlalı və xeyri!
“Azərbaycan”, 9 dekabr 1918, №60
Məsun - toxunulmaz
Məkus - tərsinə dönmüş
Müəzzəz - əziz
Mədid - uzun
Üful - qürub
Təmin - xatircəm
Bəid - uzaq
Səkil - çirkin
Zəbtiyyə - polis idarəsi
Tərəfeyn - iki tərəf
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.-
2016.- 13 fevral.-21