Baltik ölkələrində Azərbaycan
mədəni irsini yayma yolları - VI hissə
LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ
(Əvvəli
ötən şənbə sayımızda)
BALTİK
ELLƏRİNDƏN EŞİDİLƏN AZƏRBAYCAN SƏSLƏRİ...
Azərbaycan
və Baltik xalqlarının qədim əlaqələri təbii
ki, birtərəfli proses olmayıbdır. Xalqlarımız
arasında ictimai və mədəni münasibətlərin təməlinin
qoyulub irəli aparılmasında o dövrdə
yaşayıb-yaratmış Azərbaycan elm və mədəniyyət
xadimləri, məşhur ziyalılar böyük rol
oynamışlar. Bu rakursda görkəmli yazıçı,
tarixçı və tərcüməçi Abbasqulu ağa
Bakıxanov, yazıçı və hərbi xadim
İsmayıl bəy Qutqaşınlı, şərqşünas
alim, Peterburq universitetinin professoru Mirzə Cəfər
Topçubaşov, Rusiya şərqşünaslığının
banilərindən biri, məşhur türkşünas akademik
Mirzə Kazım bəy, böyük mütəfəkkir və
şair Mirzə Şəfi Vazeh, Azərbaycan mətbuatının
banisi Həsən bəy Zərdabi, ədəbi klassiklər
Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq və
digər ünlü xadimlərin elmi-mədəni fəaliyyətini
örnək olaraq təqdim etmək, həmçinin dialoqun
qurulması və əlaqələrimizi məzmun
baxımından zənginləşdirmək işinə
onların verdikləri tarixi töhfələri göstərmək
mümkündür. Həmin töhfələrlə
bağlı faktların kreativ Azərbaycan ictimaiyyətində
ən azından edukoloji bilgilər səviyyəsində
yayımlandığını nəzərə alaraq düşünürük
ki, məlum məsələlər barədə təkrar
açıqlamalar verməyə yəqin lüzum yoxdur.
MÜSTƏQİLLİYİN
TANINMASI YOLUNDA BİRGƏ FƏALİYYƏT
Qeyd olunan ədəbi və mədəni əlaqələrlə
bərabər, 1906-cı ildən başlayaraq Azərbaycan və
Baltik xalqları arasında kifayət qədər intensiv səviyyədə
ictimai-siyasi əlaqələr mövcud olmuşdur
(vurğulamaq istərdik ki, bu əlaqələrin
yaradılmasında Baltik xalqlarının 1906-1922-ci illərdə
Bakıda fəaliyyət göstərmiş Milli icmaları
(sonra Milli şuraları) misilsiz rol oynamışdır). O əlaqələrin
mühüm vektorları Azərbaycan və Baltik
xalqlarının azadlıq və müstəqillik uğrunda həmrəylik
və tərəfdaşlıq işarələri ilə
nişanlanmış birgə mübarizə yollarından
keçir. XX əsrin 1-ci yarısında bu
münasibətlərin ən yüksək durumu 1918-1920-ci illərdə
yaşamış Azərbaycan Xalq Cümhuriyyəti
dövrünə düşür. Öz müqəddəratını
təyin etmiş Azərbaycan xalqı həmin illərdə
dövlət müstəqilliyinin beynəlxalq aləmdə
tanınması üçün Rusiya imperiyasından qurtulub
müstəqil dövlətlər qurmağa
çalışan digər xalqlarla - ukraynalılar,
gürcülər, beloruslar, Şimali Qafqaz
dağlıları, həmçinin latışlar, estonlar və
litvalılarla birgə hərəkət etmişdir.
1919-1920-ci illərdə Azərbaycan dövləti
Estoniya, Latviya və Litva respublikaları ilə bərabər
bu istiqamətdə birgə diplomatik fəaliyyət göstərmişdir. Biz bunu deyərkən bu
dövlətlərin Paris Sülh Konfransında iştirak
etmiş təmsilçiləri tərəfindən müstəqilliyin
tanınması ilə bağlı Sülh Konfransının sədri
Jorj Benjamen Klemansoya (1841-1929), müttəfiq ölkələrin
Ali Şurasına və İtaliya Parlamentinə 1919-cu ilin
iyun, oktyabr və dekabr aylarında ünvanladıqları birgə
deklarasiyaları, kollektiv müraciətləri və digər
mühüm işləri nəzərdə tuturuq.
Sözügedən
diplomatik sənədləri Azərbaycan Respublikası
adından Əlimərdan bəy Topçubaşov və R.
Xanbudaqov, Estoniya Respublikası adından Yaan Poska (1866-1920) və
Kaarel Robert Pusta (1883-1964), Latviya Respublikası adından Yanis
Seskis (1877-1943) və Zigfrids Anna Meyeroviç (1887-1925), Litva
Respublikası adından Tomas Norus Naruşyaviçyus
(1871-1927) və Yurgis Naryauskas (1876-1943)
imzalamışdılar.
Bu ölkələr
tərəfindən xarici siyasət sahəsində
görülmüş digər vacib işlərlə
yanaşı, həm də əlaqələndirilmiş fəaliyyət
istiqamətində atılmış belə siyasi addımlar dövlətlərimizi
müstəqilliyin de facto tanınması yolunda ilk
müsbət nəticələrə gətirib
çıxartmışdı: - 20 sentyabr 1919-cu ildə Antanta
Litvanı de-facto olaraq müstəqil dövlət kimi
tanıdı. 1920-ci ilin yanvarın 11-də Paris
Sülh Konfransı tərəfindən Azərbaycanın da
müstəqilliyi de-facto olaraq tanındı. Sovet Rusiyası 5 fevral 1920-ci ildə Tartu şəhərində
Estoniya ilə, 12 iyul 1920-ci ildə Moskvada Litva ilə və 11
avqust 1920-ci ildə Riqada Latviya ilə sülh müqavilələri
imzaladı. Həmin müqavilələrə
əsasən bolşeviklər Rusiyası birmənalı şəkildə
Baltik dövlətlərinin müstəqilliyini
tanımışdı. O vaxtkı hüquq normalarına
əsasən müstəmləkə ərazilərində
yaradılmış ölkələrin müstəqilliyinin
İmperiya metropolisi tərəfindən tanınması eyni
zamanda həmin ölkələrin beynəlxalq hüquq subyektlərinə
çevrilməsi demək idi.
Sülh Konfransında Azərbaycan və Baltik dövlətləri
təmsilçilərinin bir-birinə siyasi dəstək verməsi,
razılaşdırılmış fəaliyyət göstərib
beynəlxalq diplomatiyanın uğurlu nümunələrini
yaratması müstəqil xalqlarımızı bir-birinə
daha da yaxınlaşdıran və böyük əhəmiyyəti
olan faktlar qismində qədim əlaqələrimizin örnəkverici
səhifələrini təşkil edir. XX əsrdə
o səhifələrə imza atmış ilk müstəqil
dövlətlərimizin fədakar qurucuları artıq əfsanəyə
dönmüş bənzərsiz şəxslər kimi tarixin
yaddaşına köçmüşlər. Onları
milli, siyasi və bəşəri ideyalar baxımından
iş birliyinə səsləyən ümumi və ali məqsəd birləşdirirdi. Lakin tezliklə onların siyasi talelərini fərqli
edən dramatizmlə dolu mürəkkəb bir vəziyyət
yarandı. Belə ki, 28 aprel işğalından sonra Ə.M.
Topçubaşov Baltik məsləkdaşlarından fərqli
olaraq Fransadan doğma Vətəninə qayıda bilmədi,
Parisdə siyasi mühacir həyatını yaşamağa məhkum
oldu və qürbətdə əbədiyyətə
qovuşdu...
Parisdə Azərbaycan nümayəndə heyətinin sədri
Ə.M. Topçubaşovla siyasi əməkdaşlıq əlaqələri
saxlamış Baltik dövlətlərinin adıçəkilən
təmsilçiləri haqqında ilk dəfə olaraq qısa
məlumatlar vermək zənnimizcə yerinə düşərdi.
Yuxarıda Estoniya nümayəndəsi olaraq göstərilmiş
Yaan Poska ixtisasca hüquqşünasdır və müstəqil
Estoniya dövlətinin banilərindən biridir. Sovet Rusiyası və
Estoniya arasında 1920-ci il Sülh
müqaviləsini rəsmi Tallin tərəfindən Y. Poska
imzalamışdır. Estoniyanın digər təmsilçisi
Kaarel Robert Pusta jurnalist, siyasətçi və ünlü
diplomat olaraq tanınmışdır. O, 1924-1925-ci illərdə
Estoniyanın xarici işlər naziri olub və 1919-1935-ci illərdə
bu ölkənin
Fransada, Belçikada, İspaniyada, Polşada,
Rumıniyada, Çexoslovakiyada, İsveçdə, Danimarkada
və Norveçdə səfir qismində
çalışıb (Sülh Konfransında həmçinin
digər eston təmsilçiləri - hüquqşünas və
diplomat Ants Piip (1884-1942), yazıçı, jurnalist və
diplomat Eduard Reynhold Virgo (1878-1938) da fəaliyyət göstərmişlər).
Azərbaycan nümayəndə heyəti ilə birgə
fəaliyyət göstərmiş Latviya təmsilçisi
Yanis Seskis tanınmış dövlət xadimi və diplomatdır. Digər təmsilçi
Zigfrids Anna Meyeroviç (atası yəhudi, anası
latışdır) məşhur siyasət adamı olaraq
1918-1925-ci illərdə Latviyanın ilk xarici işlər
naziri, həm də bir müddət Baş nazir olmuşdur.
Litva dövləti adından 1919-cu ildə ortaq müraciətlərə
imza atmış Tomas Norus Naruşyaviçyus Sülh
Konfransında ABŞ litvalıları tərəfindən
seçilmiş nümayəndə olaraq fəaliyyət
göstərmişdir. O, ixtisasca mühəndisdir, 1920-ci ildə Litvanın
Sovet Rusiyası ilə sülh danışıqları
aparmış nümayəndə heyətinin rəhbəri olmuşdur.
Litvanın digər təmsilçisi Yurgis
Naryauskas nüfuzlu katolik keşişi, eyni zamanda folklor mütəxəssisi,
tərcüməçi və mətbuat xadimi kimi
tanınmışdır. O, 1919-1922-ci illərdə Litva
yepiskopluğunun Vatikanda təmsilçisi olmuşdur.
Düşünürük ki, sözügedən tarixi və
ictimai-siyasi əlaqələrin araşdırılıb
ictimaiyyətə daha geniş təqdim olunması başqa bir
çalışmanın mövzusudur. Amma buna
baxmayaraq bu mövzunun daha mühüm bir şaxəsi ilə
bağlı bir neçə məqamı indi
açıqlamaq fikrindəyik.
Məlumdur
ki, 28 aprel çevrilişindən sonra bəzi Cümhuriyyət
baniləri, 1-ci Respublikanın qurulmasında xidmətlər
göstərmiş bir sıra ictimai-siyasi xadimlər, milli
ideologiyamızın tribunları olan məşhur ziyalılar
Azərbaycanda bolşevik rejiminin repressiyalarına və təqiblərə
məruz qalaraq mühacir həyatına məhkum oldular,
Türkiyə, Fransa, İsveçrə, Almaniya, Polşa,
Litva, Rumıniya kimi ölkələrə pənah aparıb
oralarda sığındılar. Azərbaycan
siyasi mühacirləri milli istiqlal mübarizəsini təkcə
siyasi yolla yox, həm də mədəni istiqamətdə aparırdılar.
Bu baxımdan onların çox zəngin ədəbi
və siyasi publisistik irsi vardır. O irsin nəzərəçarpan
hissəsi Azərbaycanın tarix və mədəniyyətini
tanıdıb təbliğ edən çalışmalardan
ibarətdir. Eyni zamanda azərbaycançılıq
və milli dövlətçilik ideyalarını daşıyan
həmin çalışmalardan bəzilərinin yaranma tarixi
Litva-Polşa tatar xadimlərinin ictimai-siyasi və mədəni
fəaliyyəti ilə bağlıdır.
AY-ULDUZ RƏMZİ
ALTINDA İSTİQLAL SAVAŞI
Bu tezislə bağlı öncə qeyd edək ki,
Cümhuriyyətin quruculuq işlərində bir sıra Litva-Polşa
tatar xadimləri də iştirak etmişlər. Onların
çoxusu Böyük Litva Knyazlığı və Reç
Pospolita tatar nəsillərinin xələfləri idilər.
Belə ki, Böyük Litva
Knyazlığının ən ünlü hökmdarı
Böyük knyaz Vitautas (1350-1430) tatar və karay türklərinin
əcdadlarını hələ 1397-ci ildə Krımdan Litva
torpaqlarına köçürmüşdü. Litva-Polşa hökmdarlarının onlara dövlət
münasibətini əks etdirən belə bir faktı
açıqlamaq istərdik ki, Böyük Litva Knyazı və
Polşa kralı IV Kazimier Yagello (1427-1492) tərəfindən
Litva karay türklərinə 1441-ci ildə Magdeburg hüququ
verilmişdi. Dövlətin idarə
olunmasında və orduda xidmət edən Litva tatarları isə
boyarlar zümrəsinə layiq görülürdü. Həm də ki, Krım xanlığından
(1441-1783) xan-bəy olaraq Litvaya köçmüş (və
ya köçürdülmüş) tatarlara birbaşa Litva
Knyazlığının boyar rütbəsi verilirdi.
İndi isə əsas mövzuya qayıdaq. Cümhuriyyətin
dövlət və hökumət institutlarında 20-dən
artıq Litva-Polşa tatarları əsilli qulluqçu
çalışmışdır. Məsul vəzifələr
tutmuş tatar xadimlərindən bəziləri - Ədliyyə
nazirinin müavini Olgerd Nayman Mirzə Kriçinski (1884-1942),
onun qardaşı, AXC Hökumətinin İşlər
İdarəsi Dəftərxanasının direktoru, eyni zamanda
İşlər İdarəsi Xüsusi şöbəsinin rəisi
vəzifəsini icra etmiş və “Azərbaycan Cümhuriyyəti
hökuməti xəbərləri” nəşrinin redaktoru
olmuş Leon Nayman Mirzə Kriçinski (1887-1939), Xarici
İşlər Nazirliyi Dəftərxanasının direktoru
İsmayıl Xuramoviç, bu Dəftərxananın
vitse-direktoru olmuş Konstantin Sulkeviç və digər tatar
qulluqçuları Cümhuriyyətin süqutundan sonra Bakıda
düşdükləri son dərəcə təhlükəli
vəziyyətdən və bolşeviklərin
caynağından böyük çətinliklə xilas olaraq
riskli yollarla tarixi vətənlərinə - Litvaya və
Polşaya qayıtmağa müvəffəq olmuşdular
(onlardan L. Kriçinsknin və K. Sulkeviçin, həmçinin
yəhudi, litva, rus, polyak əsilli digər mühacirlərin vətənə
dönmələrində Litvanın Bakıdakı konsulu, o
zaman burada Vikenti İosifoviç Mitskeviç
tanınmış yazıçı Vintsas Kreve əvəzsiz
rol oynamışdır).
Bəzi Litva-Polşa tatarları 1920-ci ilin iyun-iyul
aylarında Bakıdan qayıtdıqdan sonra doğma
yurdlarında - keçmiş Rusiya imperiyası Vilenski
quberniyasının (1795-1915) mərkəzində - 1-ci Litva
Respublikasının Vilnüs şəhərində qərar
tutmuşdular.
Lakin 1920-ci ilin oktyabrın 9-da Vilnüs regionu
Polşa tərəfindən zəbt olunub anneksiya edildi və
onlar Polşanın yurisdiksiyası altında yaşayıb fəaliyyət
göstərməyə məcbur oldular.
Litva-Polşa tatarları o zaman həyata keçirilməsi
olduqca çətin olan bir məqsədlə
yaşayırdılar. Bu, Rusiya tərəfindən işğal
olunmuş türk-tatar torpaqlarında müstəqil Tatar
dövləti qurmaq niyyəti ilə bağlı idi. Onlar tarixdə bir dəfə bu arzunun həyata
keçməsinin lap yaxınlığında durmuşdular.
Belə ki, 1917-ci il Oktyabr
çevrilişindən bir qədər sonra - noyabr ayında
Krımda I Krım Tatar Milli Qurultayı tərəfindən
paytaxtı Bağçasaray şəhəri olmaqla Krım
Xalq Cümhuriyyəti yaradılmışdı. Bu Cümhuriyyət ictimai-siyasi və dini xadim Noman
Çələbi Cihanın (1885-1918) sədrliyi ilə 1918-ci
ilin yanvarına qədər fəaliyyət göstərə
bilmişdi. Daha sonra, tatar xalqının dəyərli
oğlu, general Matsey Sulkeviçin
(1865-1920) rəhbərliyi altında 1918-ci ilin iyununda Krım
diyarı Hökuməti fəaliyyətə
başlamışdı. Lakin bu Hökumət
Krım Tatar Milli Qurultayını çağırıb
Krım-tatar dövlətinin qurulmasını elan etməyə
macal tapmamışdı və həmin ilin dekabrında xarici
qüvvələrin ekspansiyası nəticəsində
süquta uğramışdı. Məhz
bu süqutdan sonra bir sıra tatar xadimləri Bakıya gələrək
Cümhuriyyətin quruculuq işlərinə
qatılmışdılar.
1920-1930-cu
illərdə Litva-Polşa tatarlarının liderləri tatar
xalqının tarixi, soykökü və etnokulturoloji dəyərlərinin
qorunması, milli mənlik şüuru, vətənpərvərlik
hissləri və dini ənənələrinin möhkəmləndirilməsi,
türk xalqları ilə əlaqələrin gücləndirilməsi,
mədəni millətçilik, türkçülük,
azadlıq və dövlətçilik ideyalarının
yayımlanması istiqamətində fəaliyyət göstərirdilər.
Bu baxımdan onların atdıqları
addımlar o dövr Azərbaycan siyasi mühacirət liderlərinin
fəaliyyəti ilə mahiyyət və ideya
yaxınlığı təşkil edirdi. Təsadüfü deyil ki, hələ Bakıda
bir-birilərini yaxşı tanıyan tatar xadimləri və
Cümhuriyyətin siyasi mühacirləri öz aralarında
mütəmadi əlaqələr saxlayır və birgə tədbirlərdə
iştirak edirdilər.
Azərbaycan
siyasi mühacirlərindən Məmməd Əmin Rəsulzadə,
Xəlil bəy Xasməmmədov, Əlimərdan bəy
Topçubaşov, onun oğlu Ələkbər bəy
Topçubaşov, Cümhuriyyət ordusunun alay komandiri,
polkovnik Vəli bəy Yadigarov, publisist Əli Azərtəkin,
tanınmış yazar-publisist və tərcüməçi
Mirzə Bala Məmmədzadə, eləcə də digər
ictimai-siyasi xadimlər Kriçinski qardaşları ilə və
1928-1961-ci illərdə Vilnüsdə yaşayıb fəaliyyət
göstərmiş karay türklərinin öndəri Seraya
Şapşalla yazışmalar aparmış, ictimai-siyasi və
yaradıcılıq əlaqələri saxlamışlar.
Deyilənlərə
misal olaraq istiqlal savaşının ideoloqu M. Ə. Rəsulzadənin 1932-ci ildə
L. Kriçinskinin redaktorluğu ilə Vilnüsdə polyak
dilində nəşrə başlayan “Rocznik tatarski” (“Tatar
salnaməsi”) adlı illik məcmuənin ilk sayına
ünvanladığı “Əleyküm salam”
başlıqlı təbrik məqaləsini (Vilnüs, 1932-ci
il, I cild), X. Xasməmmədovun Polşa siyasətçisi və
dövlət xadimi, naşir və publisist, Prometey hərəkatının
fəallarından olmuş Tadeuş Holuvkonun (1889-1931) xatirəsinə
həsr etdiyi və “Tatar salnaməsi”nin I cildində dərc
edilmək üçün Vilnüsə L. Kriçinskiyə
göndərdiyi İn Memoriam mahiyyətli yazını, V. Yadigarovun
“Tatar salnaməsi”nin I cildində çap olunmuş “Polşa
ordusunun Mustafa Axmatoviç adına tatar süvari polku.
1919-1921-ci illər” adlı hərbi-tarixi oçerkini, M. Ə.
Rəsulzadənin 1933-cü ildə Varşavadan S.
Şapşala ünvanladığı məktubu, “İstiqlal”
qəzetinin əməkdaşları Həmid Dönməzin və
Əli Azərtəkinin Vilnüsə səfərləri və
buradakı işgüzar görüşləri, ata-oğul
Topçubaşovların Parisdən L. Kriçinskiyə
yazdıqları məktubları Cümhuriyyət
dövrünə aid mühüm faktları özündə əks
etdirən, tariximizin qaranlıq səhifələrinə
işıq salan mötəbər mənbələr tək
göstərmək mümkündür.
Bununla yanaşı, O. Kriçinskinin Azərbaycan və Qafqaz Konfederasiyası mövzusunda işlədiyi bir neçə çalışmanı da - “Fətəli xan Xoyskinin ölümünün 15 illiyi münasibəti ilə” (“Şimali Kafkasiya - Severnıy Kavkaz” jurnalı, 1935-ci il, ¹ 14), “Azərbaycan müstəqilliyinin 15 illiyinə” (“Qortsı Kavkaza - Kafkasiya dağlıları” jurnalı, 1933-cü il, ¹ 37), “Qafqaz Konfederasiyası ideyasının tarixinə dair” (“Şimali Kafkasiya - Severnıy Kavkaz” jurnalı, 1935-ci il, ¹ 9) adlı məqalələri özündə Cümhuriyyət tarixi və naməlum hadisələr barədə bilgilər ehtiva edən dəyərli qaynaqlar kimi geniş şərhlərlə təqdim etmək olardı. Lakin Litva-Polşa tatarlarının göstərilən fəaliyyəti ilə bağlı 1990-cı illərdən başlayaraq Litvada, Azərbaycanda, Polşada və Rusiyada müxtəlif müəlliflər tərəfindən bir sıra araşdırmaların dərc edildiyini nəzərə alaraq bəzi məlum faktları təkrarlamaq istəmirik. Azərbaycan alimlərindən o cür araşdırmalar aparmış müəlliflər olaraq mühacirətşünas tədqiqatçı Nəsiman Yaqublunun monoqrafik işlərini və ədəbiyyatşünas professor Vilayət Quliyevin elmi-publisistik əsərlərini qeyd etmək lazımdır.
Beləliklə, XX əsrin 20-30-cu illərində Azərbaycan siyasi mühacirlərinin Krım, İdil, Ural, Şimali Qafqaz və Türküstan türkləri ilə bərabər Azadlıq uğrunda göstərdikləri misilsiz fəaliyyəti, Litva-Polşa tatar xadimlərinin Milli tatar məfkurəsi naminə gördükləri cahanşümul işləri Ay-ulduz rəmzi altında aparılmış birgə İstiqlal savaşının taleyüklü mərhələsi və türk xalqlarının “dildə, fikirdə, işdə birlik” ideyasını özündə klassik şəkildə təcəssüm edən mübarizə tarixinin parlaq səhifələri kimi səciyyələndirmək olar...
(Vilnüs)
(Ardı gələn şənbə sayımızda)
E.-mail: mahir.hemzeyev@post.skynet.lt
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti
yanında Milli İcmalar Şurasının üzvü
525-ci qəzet.-
2016.- 13 fevral.-16-17