Əlahəzrət kitabın xidmətində
Böyük
maarifçi-alim Həsən bəy Zərdabi demişdir:
“Yaxşı kitab - qiymətli dəfinədir”.
Əslində,
kitab haqqında bir çox müdriklərin kəlamları
var. Böyük N.Gəncəvi kitabı “tükənməz mənəvi
qida”, A.S.Puşkin “qəlbə həmdəm”, V.Q.Belinski “zəmanənin
həyatı”, M.Qorki “bilik, xoşbəxtlik və səadət
mənbəyi” adlandırmışdır. Bu misalların
sayını kifayət qədər artırmaq olar. Ancaq bir
fakt faktlığında qalır. İKT-nin cəmiyyət həyatına
nüfuz etdiyi, kitaba olan rəğbət və sevginin günü-gündən
azaldığı bir dövrdə “yaxşı kitabın” nəşr
olunması cəmiyyət üçün əsl töhfədir.
Belə töhfələrdən biri də tanınmış
naşir-publisist, Azərbaycan Naşirlər və
Poliqrafçılar İctimai Birliyinin sədri, Əməkdar
mədəniyyət işçisi Bəhruz Axundovun bu
yaxınlarda çapdan çıxmış “Dünənki
sabah” adlı kitabıdır. 2015-ci ildə “Aspoliqraf” nəşriyyatında
nəfis tərtibatda işıq üzü görən kitabda
müəllifin müxtəlif illərdə yazdığı
hekayələr, esse və xatirələr, eləcə də
digər publisistik yazılar, məqalə və müsahibələr,
həmçinin şeirlər toplanıb.
Dolğun
məzmuna, maraqlı süjetə, gözəl dil-üslub
xüsusiyyətlərinə malik bu
əsərlərdə müəllifin həyata, bəşəriyyətə,
kainata fəlsəfi yanaşması, dünyaqavramı, həyat
hadisələri haqqında dərin təhlilləri ilə
tanış olmaq olur.
Kitabın
naşiri Tural Axundov, redaktorları Sevinc Nuruqızı və
Mustafa Çəmənlidir. Kitab haqqında filologiya elmləri
doktoru, professor Cahangir Məmmədlinin və Azərbaycan
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcidin mükəmməl yazısı
önsöz qismində oxucuları indicə oxumağa
başladıqları kitab haqqında məlumatlandırır.
Kitabın müəllifi haqqında isə öyrənirik ki,
o, 1992-ci ilin sonlarında Azərbaycanda yaradılan son, müstəqil
Azərbaycanın isə ilk dövlət nəşriyyatı
olan “Təhsil”in yaradıcısı və direktoru olmuş,
respublikada özəlləşdirmə proqramı həyata
keçirilənədək bu vəzifədə
çalışmışdır.
Bəhruz
Axundov 2007-ci ildən bu günə qədər “Təhsil Nəşriyyat-Poliqrafiya”
MMC-nin təsisçisi və baş direktorudur. Onun rəhbərliyi
ilə yüzlərlə adda nəfis dərslik və dərs
vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar
və akademik nəşrlər işıq üzü
görmüşdür. Başçılıq etdiyi “Təhsil”
nəşriyyatı ardıcıl olaraq 2005-2015-ci illərdə
“İlin nəşriyyatı”, nəşr etdiyi kitabların
bir çoxu “İlin kitabı” və s. fəxri adlara layiq
görülmüşdür.
Bəhruz
Axundovun naşiri və tərtibçisi olduğu onlarla nəşr
nümunələri dəfələrlə nüfuzlu beynəlxalq
kitab sərgilərində ölkəmizi layiqincə təmsil
etmiş, mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir. Naşiri olduğu,
6 dildə nəşr edilən “Qarabağ: real tarix, faktlar, sənədlər”
kitabı 2005-ci ildə beynəlxalq “Kitab sənəti”
müsabiqəsinin qalibi olmuş, 2012-ci ildə Azərbaycan
Respublikasının Dövlət mükafatına layiq
görülmüşdür (müəlliflər Yaqub Mahmudov,
Kərim Şükürov). B.Axundovun nəşr etdiyi daha 3
kitab - “Atlantlar” (müəllif Çingiz Əlioğlu)
2006-cı, “Novruz” (müəlliflər Ədalət Vəliyev,
Vaqif Bəhmənli) və “Hophopnamə” (M.Ə.Sabir) 2012-ci
ildə beynəlxalq “Kitab sənəti” müsabiqəsinin
qalibi olmuşdur. Bəhruz Axundov respublikanın nəşriyyat
və poliqrafiya tarixində “Kitab sənəti” beynəlxalq
müsabiqəsinin baş mükafatı olan “Qran-Pri”yə
layiq görülmüş “Çərçivə” adlı
ilk Azərbaycan kitabının da tərtibçisi və
naşiridir.
2012-ci ildə
Bəhruz Axundovun rəhbərlik etdiyi “Təhsil Nəşriyyat-Poliqrafiya”
müəssisəsi Azərbaycan nəşriyyatları
arasında ilk dəfə olaraq Beynəlxalq Ticarət Liderləri
Klubunun keyfiyyətə görə “Beynəlxalq Qızıl
mükafatı”, xüsusi priz və diplomunu (İspaniya,
Madrid), OMAK - Beynəlxalq Menecment Assosiasiyası Klubunun 50
ölkənin 60-dan çox təşkilatı arasında
“Texnologiya, İnnovasiya və keyfiyyət üzrə Yeni ERA”
beynəlxalq mükafat və xüsusi diplomlarını
(Almaniya, Berlin), keyfiyyət və kommersiya prestijinə görə
Avropanın “Qızıl delfin” mükafatını (Fransa, Paris)
almışdır.
Bəhruz
Axundov pedaqoji fəaliyyətlə də məşğuldur.
O, 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində dosent vəzifəsində
çalışır. Təcrübəli naşir-publisist
öz sevimli peşəsini tələbələrinə də
həvəslə öyrədir. O, “Azərbaycanca-rusca, Rusca-azərbaycanca
atalar sözləri və zərbi-məsəllər
lüğəti” (İlyas Həmidov, Bəhruz Axundov, Leyla Həmidova);
“Nəşriyyat işinin əsasları” (Bəhruz Axundov,
Mahmud Mahmudov); “Nəşriyyat-Poliqrafiya və jurnalistika terminlərinin
izahlı lüğəti” (Bəhruz Axundov, Rəhimağa
İmaməliyev, Mahmud Mahmudov), onlarla məqalə, publisistik
yazıların, şeir və hekayələrin müəllifi,
ali məktəblər üçün hazırlanmış
dörd tədris proqramının tərtibçisi, 100-dən
çox kitabın naşiridir. Bəhruz Axundov 2012-ci ildə
yeni təsis edilmiş Azərbaycan Naşirlər və
Poliqrafçılar Birliyinin sədri seçilmişdir. Bu
sadalananlar Bəhruz Axundovun həyatını və
yaradıcılığını əks etdirən rəqəmlər,
faktlar, məlumatlardır. Deyirlər, rəqəmlərin
üzü soyuq olur. Amma bu soyuq rəqəmlər B.Axundovun
ürəyinin istisi ilə qızınıb,
istedadının işığı ilə nurlanıb. Bəhruz
müəllim ömrünün 61 ilini arxada qoyub, bu 61 ildə,
bəlkə də, 100 ilə sığacaq işlər
görüb, ağlı kəsəndən, əli qələm
tutandan vətəninin, xalqının xidmətində
dayanıb.
Şəxsən
mənim üçün, heç şəksiz ki, elə
çoxları üçün də Bəhruz Axundovun
adı kitab sözü ilə assosiasiya olunur. Fəaliyyətinin
çoxmiqyaslı və geniş spektrli xarakterinə
baxmayaraq, B.Axundov adını yaddaşımıza, eləcə
də ölkəmizin tarixinə kitab bilicisi, kitab
yaradıcısı, kitab keşikçisi, kitab təbliğatçısı,
görkəmli naşir kimi yazıb. Bəhruz müəllimin
kitaba münasibəti, kitabla ünsiyyəti, dostluğu,
kitabla davranması başqalarına bənzəməz. Kitab
onun üçün sadəcə bilik və məlumatların
cəm olunduğu informasiya daşıyıcısı deyil.
Onun kitabla dostluğu daha səmimidir, daha istidir və bu
dostluqda bizlərin, bəlkə də, heç zaman anlaya bilməyəcəyimiz
bir sirr var. Müəllifin “Əlahəzrət kitab” məqaləsini
oxumaq kifayətdir ki, B.Axundovun kitaba özəl münasibətini
duyasan, hiss edəsən və bu münasibətdən heyrətə
gələsən. O, “Əlahəzrət kitab” adlı məqaləsində
yazır: “Etiraf etməliyəm ki, kitab özümü dərk
edəndən bəri duyduğum, gördüyüm və
qarşısında hər an ehtiramla baş əydiyim ən
mötəbər varlıqdır. Ümumiyyətlə, kitab,
məncə, bəşəriyyətin ən böyük kəşfi,
sivilizasiyanın onurğa sütunudur.
... Hər
şey kitabdan başlayır: təhsil, elm, mədəniyyət,
mənəviyyat... inkişaf. Ona görə də sahib
olduğumuz hər şey üçün kitaba minnətdar
olmalıyıq. Kitab o qədər mötəbərdir ki,
müqəddəs “Qurani-Kərim”ə də kitab deyirik.
Hamımız onu əlimizə götürəndə ən
yüksək ehtiramla öpüb gözümüzün
üstünə qoyur, ona and içirik”.
Göründüyü
kimi, Bəhruz müəllim kitabı ən ali mərtəbəyə
yüksəldir. Kitaba “əlahəzrət” təyinini
yaraşdıran müəllif onu bir nəsnə kimi yox,
varlıq kimi qəbul edir, “ən mötəbər varlıq”
adlandırdığı kitabı yüksəklərdən
yüksəklərə ucaldır. Məncə, bu məqalə
nəinki kitabın, ümumiyyətlə, Bəhruz Axundovun
yaradıcılığının məğzi, məramı
sayılmalıdır. Çünki bu məqalə müəllifin
həyat amalını anlamağa, onun kitaba və kitab işinə
münasibətini başa düşməyə imkan verir,
kitablarla çevrələnmiş daxili dünyasına
açar rolunu oynayır. Heç şəksiz, bu qədər
kitab sevgisi kitabın yaradılmasına, yayılmasına, təbliğinə
ömrünü bəxş edən, yalnız kitabı əlahəzrət
məqamında görən bir adamda ola bilər. Kitaba adi bir nəsnə,
şöhrət qazanmaq vasitəsi kimi baxan adam yəqin ki,
uzun müddət bu işlə məşğul ola,
naşirlik işində belə ali bir mərtəbəyə
yüksələ bilməzdi.
Hamının
kitabını çap edən Bəhruz Axundovun öz
kitabını isə yaratdığı və rəhbərlik
etdiyi komanda, həmkarları nəşr edib. Tural Axundovun
naşiri olduğu kitab üz qabığından sonuncu səhifəsinə
qədər diqqətlə işlənilib. Kitabın hər səhifəsində
kitabı nəşr edənlərin öz peşələrinə,
kitaba və müəllifə sevgisi, ehtiramı duyulur,
yüksək peşəkarlıq duyulur, incə zövq
duyulur. Nəfis tərtibatda nəşr olunan kitabın
poliqrafik göstəriciləri yüksək səviyyədədir.
Başqa cür ola da bilməz. Bütün ömrünü
kitaba həsr edən bir insanın kitabının başqa
cür olmasını gözləmək sadəlövhlük
olardı.
“Dünənki
sabah” təkcə nəşr göstəricilərinə
görə yox, həm də bədii səviyyəsinə və
kitabda cəm olunan yazıların keyfiyyətinə görə
də diqqəti cəlb edir. Kitabda dəqiq janr və mövzu
bölgüsü var. “Hekayə və esselər”, “Publisistika”,
“Şeirlər” və “Gərək elə yaşayaq ki...” adlanan
müxtəlif bölmələrdə adlarına müvafiq
yazılar qruplaşdırılıb. Bu bölmələrdə
yer alan müxtəlif janrlı yazılar müəllifin şəksiz
istedadından, intellektindən, mükəmməl
savadından, iti publisist qələmindən, bədii
düşüncəsinin maştabından və elmi
dünyagörüşündən xəbər verir. “Dünənki
sabah” kitabı artıq müdriklik mərtəbəsinə
yetişmiş, ədəbiyyatın içində,
kitabların əhatəsində kamilləşmiş bir qələm
sahibinin bənzərsiz düşüncəsini nümayiş
etdirən peşəkar yazıçının, publisistin,
şairin böyük sevgi və səmimiyyətlə qələmə
aldığı əsərlər toplusudur. Burada yer alan hər
bir yazı, hekayə, esse, şeir, məqalə, müsahibə
müəllifin peşəkarlığından və dərin
düşüncəsindən xəbər verir. Kitabı
oxuduqca Bəhruz müəllimin dəqiq ölçü
hissinə heyran qalırsan. Müxtəlif illərdə fərqli
janrlarda yazılmış, müxtəlif mövzuları
işıqlandıran bu nəsr və nəzm nümunələri
vahid, bitkin bir əsər qismində qavranılır, bir-birini
tamamlayır.
Müəllifin
hekayələr və esselər bölməsində yerləşdirdiyi
“Tanrı bərabəri” memuarı valideynlərinə,
xüsusilə atası Həsən Axundova həsr olunub.
B.Axundov bu essedə atası - Azərbaycanın görkəmli
müəllimi, əsl müəllim, dəyərli ağsaqqal
Həsən Axundovun portretini yaratmaqla yanaşı, həm də
dövrün ovqatını, Qarabağ bölgəsinin
ziyalı mühitini, bütöv bir epoxanın panoramını
yarada bilmişdir. Bu mənada, “Tanrı bərabəri”
memuarı müəllifin güclü ümumiləşdirmə
qabiliyyətindən xəbər verir. Essedə yalnız
görkəmli müəllim Həsən Axundov haqqında məlumat
verilmir, həm də milli adət-ənənələrimiz,
valideyn-övlad münasibətləri haqqında dəyərli
fəlsəfi fikirlər irəli sürülür. Müəllif
valideynləri yer üzündəki Yaradan kimi təqdim edir,
“ata-ananı tanrı bərabərində” tutur və onlara
hörmət və sayğı göstərilməsinin hər
bir övladın mənəvi borcu olduğunu
vurğulayır. “Ata olmaq asandır, ata kimi qalmaq çətin...”
epiqrafı ilə yazılan esseni oxuyarkən B.Axundovun
atalıq mərtəbəsini necə yüksək tutması,
atalıq məsuliyyətinin nə demək olduğunu gözəl
anladığı görünür.
Sərt tənqidi
üslubda yazılmış “Yola ver” hekayəsi B.Axundovun digər
yazılarından fərqlənir. Acı kinayə ilə
yoğrulmuş bu hekayə müəllifin qələminin
satirik gücündən xəbər verməklə
yanaşı, 90-cı illərin əvvəllərində
mövcud olan mənzərəni ümumiləşdirmək
baxımından da əlamətdardır.
Kitabda yer alan növbəti yazı “Məhəkdaşı” hekayə-oçerkdir. El arasında Fred Asif kimi tanınan Milli Qəhrəman Asif Məhərrəmovdan bəhs edən hekayə-oçerkdə müəllif qəhrəmanı yüksək bədii qələmlə təsvir edir. Bu yazı oxucuda vətən uğrunda canından keçən qəhrəman oğullarımıza qarşı dərin məhəbbət oyadır, isbata yetirir ki, “insanın ömrü yaşadığı illərlə yox, məsləyi, əməlləri, gördüyü işlərlə ölçülməlidir”.
B.Axundovun “Publisistika” bölməsində toplanan Cavad Heyətə həsr olunmuş “Vətən sənə oğul deyib”, Bəxtiyar Vahabzadə haqqında yazdığı “Əqidəsinin və cəsarətinin Bəxtiyarı”, eləcə də “Oxu, Aygün”, “Küləkli bir payız gecəsi”, “Əlahəzrət kitab” adlı yazıları müəllifin dünyagörüşünü, vətəndaş mövqeyini, iti publisistik qələmini və fərqli düşüncəsini sərgiləyir. Bu yazıların hər birində B.Axundovun hadisələrə və şəxsiyyətlərə fərdi baxış bucağı, özünəməxsus mövqeyi hiss olunur.
Kitabda
müəllifin 40-a yaxın şeiri toplanıb. Müəllif nəsri hamı üçün,
şeiri isə özü üçün
yazdığını bildirir, özünü şair hesab
etmədiyini vurğulayır. Kitabda toplanan şeirlərlə
bir-bir tanış olduqdan sonra bunu müəllifin təvazökarlığı
kimi qiymətləndirməli oluram. B.Axundovun nəzm əsərləri
içərisində səmimiyyəti, dərin fəlsəfi
mahiyyəti ilə oxucunu təsirləndirən şeirlər
az deyil. İstər “Torpaqsız, obasız qarabağlıyam”,
“Qoruyaq bu diyarı”, “Doktor Cavad Heyətə”, “Ağlama, bənövşə”
kimi vətən, Qarabağ mövzulu şeirləri, istər
“Yazmayan da peşman, yazan da peşman”, “Görəsən, bu
dünya niyə fırlanır”, “Yalan dünya”, “Bu dünyadan
küsüb, hara gedəsən”, “Suda boğulan çeşmə”
kimi fəlsəfi yüklü şeirləri, istərsə də
“Gəl, yağış, gəl”, “Sənsiz”, “Yenə o
bağ olaydı”, “Aşiq deyilsən”, “Məhəbbət”,
“Yaşaya bilməm sənsiz”, “Bir də o günlərə
qayıda bilsək” kimi lirik şeirləri səmimiyyəti və
yüksək poetik xüsusiyyətləri ilə seçilir.
İnanıram
ki, B.Axundovun “Dünənki sabah” kitabında toplanan səmimiyyətlə
yoğrulmuş şeirlər, hekayələr, esselər,
publisistik məqalələr geniş oxucu kütləsi tərəfindən
maraqla qarşılanacaq və onun özü kimi mükəmməl
qələmi də həmişə Əlahəzrət
Kitabın xidmətində olacaq...
Məryəm Əlizadə
525-ci qəzet.-
2016.- 13 fevral.-12