İmperiyalar və onların süquta sürüklənməsi

 

Proloq

 

İmperiya hansısa bir fövqəl icad deyildir, öz mənşəyini insanların malik olduğu qüsurlardan götürür, taleyin yuxarı qaldırdığı bəzi adamlar daha çox şeyə sahib olmaq, başqa ölkələrin torpaqlarını qəsb etmək və var-dövlətini ələ keçirmək kimi eybəcər ehtirasla hərəkət etməklə onun yaranmasına səbəb olurlar. Bir sıra hökmdarlar öz hakimiyyətlərini möhkəmləndirməyin yolunu başqa xalqları əsarətə almaqda görürdülər.

 

İmperiyalar başlanğıcdan haqqı tapdalamaq, başqalarının üzərində ağa olmaq istəyinin bəhrəsi olduğundan, onun mayasında həmçinin əsarətə salınmış xalqların qəzəbi də gizlənir və bu nifrət hissi çox hallarda imperiyanı məhvə aparan mübarizə timsalında çıxış edir.

 

Bəzən isə imperiyalar həm də öz fəsadlarından ölümə məhkum olurlar. Nəyin başlanğıcı varsa, onun sonu da olur, barədəki fəlsəfi mülahizə imperiyaların taleyində də öz əksini tapır. Qanla yaranan imperiya çox vaxt böyük qan axıdılması ilə də öz finalını yaşayır. Bu hərbi, siyasi və sosial fenomen də acı aqibətdən yayına bilmir. Tarixdəki imperiyaların xeyli hissəsi uzun ömürlüyü ilə seçilir. Lakin fatumun onlar barədəki hökmü mütləq qüvvəyə minir, mövcudluğu ondan ilhamlananlarda qürur hissi yaratsa da, yekun adətən faciə səhnəsi ilə bitir.

 

İmperiyalar tarixin getdiyi yoldan kənarda baş vermir, onun səhifələrində özünü büruzə verir, baş verən metamorfozların dəhşətli epizodu kimi çıxış edir. Sivilizasiya ona yara vuran və az qala özünü məhvə sürükləyən alətini, vasitəsini tapır.

 

Qədim insanlar kəndləri, şəhərləri, dövləti yaratdıqdan sonra onlara qənim kəsilən müharibələrdən də istifadə etməyə əl atdılar. Təəssüf ki, tarix başlanan zamandan və məkandan müharibələr və imperiyalar da öz başlanğıcını götürür. İndiki cənubi İraq və cənubi-qərbi Asiya dünyanın elə bir zonasıdır ki, orada ilk sivilizasiya yaranmışdı. Qərb sivilizasiyanın də mənşələri məhz Yaxın Şərqə gedib çıxır. Asiyanın cənubi-qərbindəki və Misirdəki olan xalqlar mütəşəkkil cəmiyyətlərə çevrildilər, yazını icad etdilər və bu gün sivilizasiya kimi qəbul edilən ideyaları və institutları yaratdılar. Əvvəllər ovçuluqla və qida toplamaqla məşğul olan insanlar həyatın tələb etdiyi təkamülə qədəm basdılar, kənd təsərrüfatı icmalarına, nəhayət, şəhərlərə və sivilizasiyaya çevrildilər.

 

Təqribən 200 min ilə yaxın bundan əvvəl yaranan Homo sapienc sapienc (“Zəkalı, zəkalı insan varlığı”) Afrikada meydana gəldikdən sonra, onlar sonrakı 70 min il ərzində Afrikadan ətrafa yayılmağa başladılar. Bizim eradan əvvəlki 10 min ilə çatan dövrdə Homo sapienc sapienc nümayəndələri artıq dünyanın hər yerində var idi və onlar salamat qalan yeganə insan məxluqu növü idi. Bugünkü bəşəriyyətin hər bir üzvü həmin insan varlığının subnövünə məxsusdur.

 

B.e.ə.10 mininci ilin ətrafında axırıncı buz dövrü başa çatmaqla Neolit inqilabı baş verdi. Ən böyük dəyişiklik isə ardıcıl aparılan kənd təsərrüfatı vasitəsilə qida istehsalına keçmək idi. Dənli bitkilər və tərəvəz əkilib becərilməklə müntəzəm qida ehtiyatına malik olundu. Heyvanların əhliləşdirilməsi ilə isə əlavə qida mənbəyi və geyim üçün yun meydana gəldi.

 

Taxıl istehsalının müntəzəm əsaslarda artması daha çox daimi əhalinin, əkinçi kəndlərinin və ya şəhərlərin əmələ gəlməsinə səbəb oldu. B.e.ə. 4 mininci illərdən əvvəl metaldan artıq alət və silahlar qayırmaq üçün istifadə olundu. Görünür, bu vaxt silah heç də əmək alətlərindən az əhəmiyyət daşımırdı və müharibələrə hazırlıq ən vacib vəzifələr sırasına keçmişdi.

 

Cənubi-qərbi Asiyada Dəclə və Fərat çayları arasındakı, yunanların Mesopotamiya (“çayların arası”) adlandırdığı vadidə adamlar irriqasiya şəbəkəsi və drenaj xəndəkləri tikməklə kənd təsərrüfatını xeyli genişləndirdilər. Bu regionda şumerlər Mesopotamiya sivilizasiyasını yaratdılar və Cənubi Mesopotamiyada Eridu, Ur, Uruk, Umma və Laqaş kimi şəhərlər meydana gəldi. Onlar böyüyüb ətrafda olan kənd yerlərinə siyasi və iqtisadi nəzarət etməklə, şəhər-dövlətlər yaratdılar. Bunlar Şumer sivilizasiyasının mənşə birlikləri idi.

 

Şumer şəhər-dövlətlərinin sayı artdıqca və suya nəzarət üstündə şəhər-dövlətlərin bir-birilə vuruşması nəticəsində yeni münaqişələr yaranırdı. Müxtəlif şəhərlərin taleyi qalxır və sonrakı əsrlər ərzində enirdi. Daimi müharibələr şəhərləri yandırır və qarət edirdi, adamları isə ümidsizliyə, əlacsızlığa düçar edirdi. Şumerlərin “Ur” poemasında yazılan kimi, dağılan bu şəhərin deşikləri qəlibə salınan maye bürünc kimi qanla dolmuşdu. Günün altında cəsədlər piy kimi əriyirdi. Tüstü şəhərin üstünü kəfən kimi örtmüşdü.

 

Şumer şəhər-dövlətləri düzənlik, açıq yerdə yerləşdiklərindən müdaxilə üçün kövrək idi. Onlardan şimalda akkadlar yaşayırdı. B.e.ə. 2340-cı il ətrafında Akkad lideri Sarqon Şumer şəhər-dövlətlərini viran qoyub, öz sülalə imperiyasını yaratdı. Bu tarixdəki ilk imperiya idi və əlbəttə ki, işğal nəticəsində meydana gəlmişdi. Sarqonun hakimiyyəti hərbi gücə arxalanırdı. Sarqon imperiyası Yaxın Şərqin gələcək liderlərini həmin yolla getməyə həvəsləndirdi. Axı Sarqon rəqibi və ya bərabəri olmayan bir çar kimi xarakterizə olunurdu. Onun varisi, nəvəsi olan Naram-Sin Akkad imperiyasının böyüklüyünü davam etdirmişdi. O da babası kimi çoxlu hərbi yürüşlər etmişdi. Özünü “Dörd Bucağın (Kainatın) çarı” adlandırmış, Allah etmək istəyirdi.

 

Göründüyü kimi, tarix Şumerdən başladığı kimi, müharibələrin, imperiyaların da tarixi məhz oradan başlayır.

 

Müharibələr, onların labüd nəticələrindən biri olan imperiya, heç şübhəsiz, insan təbiətindən irəli gələn qüsurlardan qidalanırdı. Daha çox var-dövlət, onların mənbəyi kimi daha geniş torpaqlara sahib olmaq hərisliyi ilk işğalçıdan tutmuş, onun lap sonuncu oxşar nümayəndəsinə qədər, bütün qəsbkarları hərəkətə gətirmiş, onları , hətta yırtıcı vəhşi heyvanlara da tanış olmayan həcmdə qan axıtmağa həvəsləndirmişdi. Bu dəhşətli ehtiras onların şüurunu idarə etmiş, əvəzində isə xalqlar bədbəxtliklər və dəhşətlər girdabına yuvarlanmışdılar. Müharibə insan əməlidir, imperiya da tarixin beşiyindən baş qaldıran cəmiyyətin biabırçı icadıdır. Hər bir sərkərdə, hər bir hökmdar- imperator öz çiyinlərində ağır günahlar yükünü daşıyır və bunu özgənin üstünə yıxa bilməz.

 

Yalnız qədim Yunanıstandakı Olimp allahları insanları müharibəyə təhrik edirdilər, on il davam edən Troya müharibəsini məhz onlar idarə etmişdilər. Qədim hind eposu olan “Mahabharata”da isə allahlar insanlarla vuruşurdu. Bunlar yalnız miflərdir, real həyatda isə konkret tərəflər və onları təmsil edən insanlar müharibəni başlayıb, onun müsbət və ya mənfi nəticəsinin şahidi olmaqla, özlərini tarixi taxçaya pərçim edirdilər. Hər bir hökmdar və ya sərkərdə müharibəni qələbə istəyi və ümidi ilə başlayır. Lakin həm də bəzən məğlubiyyətlə də üzləşməli olur. Lidiya çarı, var-dövləti ilə şöhrət tapmış Krez orakulun müharibənin nəticəsinin necə olacağını, bir dövlətin sıradan çıxacağını düzgün anlamadığına görə qüdrətli rəqib olan Böyük Kir tərəfindən məğlub olmuşdu. Bəzi müharibəyə başlayanlar da öz bədbəxtliklərini allahın onlardan üz döndərməsi ilə izah etməyə çalışırdılar. Müharibədə isə Allahın onu müşahidə etməkdən başqa, yəqin ki, elə bir iştirakı yoxdur. İnsanlar öz şər əməllərinin, imperiyaları da buna əlavə etmək lazımdır, nəticəsi kimi ondan əzab çəkməli olurlar.

 

Qədim yunan mifologiyasına görə, Krit adasındakı Minotavr Afinadan onun gənclərinin həyatı şəklində bac alırdı. Çar oğlu Teseyin igidliyi hesabına Minotavrın öldürülməsi nəticəsində belə dəhşətli bac verilməsinə son qoyuldu. İmperiyalar da çox sayda xalqlardan hər cür bədbəxtliklərdən ibarət olan bac alır, yalnız onların Minotavr kimi məhvi bu dözülməz bacın ödənilməsinə son qoya bilir.

 

Hitler Almaniyanı öz sələflərindən də iri imperiyaya çevirməyə can atırdı, III Reyxin min il ömür sürəcəyinə ümid edirdi. O, bu sərsəm ideyasını öz xalqına da təlqin edə bilmişdi, lakin onun yaratdığı nəhəng qan məkanının ömrü vur-tut altı il çəkdi və sonra bu tayfunun mərkəzində dayanan Almaniyanın özü darmadağın olmaqla, qaliblərin himayəsinə sığınan, iki müxtəlif tərəflərə baxan yarımmüstəqil dövlətlərə çevrildi. Ölkənin ərazisi əcnəbi hərbi qüvvələrin bazaları üçün açılan ağuş rolunu oynadı. O, 1935-ci ildə almanlara müraciət edərək deyirdi ki, paytaxt Berlini on ildən sonra tanımaq mümkün olmayacaqdır. O, güman edirdi ki, Berlin çox abad və gözəl şəhərə çevriləcəkdir. Onun öncəgörməsi yalnız şəhərin tanınmaz olması perspektivinə görə düzgün çıxdı, 1945-ci ildə Müttəfiqlərin bombardmanlarından və hücumlarından xarabazara çevrilmiş Berlini tanımaq mümkün deyildi. Əlbəttə, tarixin təkəri altına hökmən günahsız adamlar düşür, lakin tarix ona meydan oxumaq istəyənləri də qətiyyən bağışlamır, mütləq cəzalandırır.

 

Hitler özündən əvvəlki sərsəm fikirlərə düşmüş hökmdarların aqibətini nəzərdən keçirsəydi, bu avantüraya girişməz və bəşəriyyətin xeyli hissəsini, öz xalqı da qismən bura daxil olmaqla, belə bəlalara düçar etməzdi. Üçüncü Almaniya imperiyası ximeradan başqa bir şey olmadı.

 

I 

 

Qədim imperiyalar

 

1. Mesopotamiya imperiyaları və digərləri

 

Qədim imperiyaların da bir çoxunun taleyi Hitler Reyxindən o qədər də fərqlənmirdi. Mesopotamiyada Sarqonun yaratdığı imperiya o qədər də çox yaşamadı, 190 ildən sonra tarix səhnəsini tərk etməli oldu.

 

B.e.ə. XVIII əsrdəki Hammurabi imperiyasının yaradıcısı, Köhnə Babilistan çarı olmaqla, öz əleyhdarlarını parçalamaqla, bir-bir onları özünə tabe edirdi. Bu yolla o, Şumerə və Akkada nəzarəti ələ keçirmişdi. Hammurabi də özünü “Babilin günəşi, dünyanın dörd hissəsini özünə tabe edən” adlandırırdı. Qədim imperatorlar özlərinə qəribə titullar uydurmaqda mahir idilər. Onun bir fərqi onda idi ki, müharibə adamı olduğu kimi, həm də sülh adamı idi. O, dövlət işlərinə böyük maraq göstərirdi. Məbədlər, mühafizə divarları və irriqasiya kanalları tikdirirdi, ticarəti inkişaf etdirirdi, iqtisadi canlanmaya nail olmuşdu. O, özünü xalqa dinclik gətirən çoban adlandırırdı, şəhərinin üzərində öz xeyirxah kölgəsinin sərildiyini bildirirdi.

 

Lakin Hammurabi daha çox öz qanun məcəlləsi ilə xatırlanır. Əsrlər ərzində onun Kodeksi adamlar arasındakı əlaqələri nizamlamışdı. Hammurabi Kodeksi həmin cəmiyyəti möhkəm bir ədalətə malik olan sistem kimi nümayiş etdirirdi.

 

Misir cəmiyyəti b.e.ə. 3100-cü ildən 1650-ci ilə qədər olan Köhnə və Orta çarlıqları əhatə etməklə, onların başında allah-çar dayanırdı. Firon I Ahmoz ları məğlub edib, Misirdən qovmaqla, ölkəni yenidən birləşdirdi və yeni imperial dövlət yaratdı. Yeni Çarlıq b.e.ə. 1550-1070-ci illərdə mövcud olmaqla III Amenhotepin hökmranlığı dövründə (b.e.ə. 1412-1375-ci illər) öz inkişafının yüksək nöqtəsinə çatdı. XIII əsrdə “Dəniz adamları” adlananların yeni müdaxiləsi Misirin Xanaandakı hakimiyyətini məhv etdi və misirliləri öz köhnə sərhədlərinə qaytardı. Misir imperiyasının da günləri başa çatdı.

 

Hettlər b.e.ə. 1600-cü illər dövründə ətrafa yayılmağa başlayıb, XIV əsrdə indiki qərbi Türkiyədən şimali Suriyaya qədər ərazidə öz nəzarətini qurdu. Mitanni çarlığının qüdrətini məhv etdi. Hettlər ilk hind-avropa xalqı idi ki, dəmirdən istifadə edirdi, bu, onları daha güclü silah qayırmağa qadir edirdi.

 

B.e.ə. 1200-cü illər ətrafında Dəniz adamlarının qərbdən hücumu və təcavüzkar tayfaların Hett şəhərlərinə yürüşü nəticəsində Hett hakimiyyəti öz sonuna çatdı. Vaxtilə isə Hett imperiyası qərbi Asiyada ən böyük qüdrət sahibi idi. Onun hökmdarları “Böyük çar” kimi tanınırdı.

 

(Ardı var)

Telman Orucov

 

525-ci qəzet.- 2016.- 13 fevral.-20