Məhəmməd Əmin Rəsulzadə
Atatürk haqqında
Azərbaycan
Respublikasının Polşada səfiri olmuş görkəmli
ədəbiyyatşünas Vilayət Quliyev Azərbaycan Xalq
Cümhuriyyətinin liderlərindən olan Məhəmməd Əmin
Rəsulzadənin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından
dərhal sonra yazıb Varşavada çıxan “Şimali
Kafkasiya - Severnıy Kavkaz” məcmuəsində (1938, ¹ 55- 56)
çap etdirdiyi məqaləni aşkarlayaraq (və rus dilindən
Azərbaycan dilinə çevirərək) “Türküstan” qəzetində
(19-25 aprel 2015- ci il, 26 aprel- 2 may 2015- ci il) Azərbaycan ictimaiyyətinə təqdim eləmişdir.
Məqalə, həqiqətən, həm müəllifin,
həm də ümumən Azərbaycan mühacirətinin
Atatürkə münasibətini bütün ictimai- siyasi,
ideoloji təfərrüatı ilə əks etdirən mötəbər
tarixi mənbədir.
Vilayət
Quliyev məqaləyə təqdimat sözündə
maraqlı (və tədqiqatçıları
düşündürən) bir mühüm məsələyə
toxunaraq yazır:
“Obıvatel
nöqteyi-nəzərindən M.Ə.Rəsulzadənin
Atatürk haqqında bu qədər isti sözlər deməsi,
onun yeni Türkiyə tarixindəki yerini və rolunu son dərəcə yüksək qiymətləndirməsi,
hətta şəxsiyyəti və dövlətçilik fəaliyyəti
qarşısında müəyyən pərəstiş
hissini gizlətməməsi qəribə görünə bilər.
Çünki Atatürk Məhəmməd Əminə
sıcaq münasibəti ilə seçilməmişdi. Əslində,
“uman yerdən küsərlər” prinsipi ilə hər şeylərini
- uğrunda savaş açdıqları istiqlalı, Vətəni,
ailələrini, mübarizə dostlarının çoxunu
itirmiş azərbaycanlı mühacirlərin yeni Türkiyə
liderindən inciməyə müəyyən əsasları
vardı...
Çünki
1933-cü ildə, Türkiyə Cümhuriyyətinin 10 illik
yubileyi münasibəti ilə Ankaraya gələn Sovet
marşalları S.M.Budyonnı və K.E.Voroşilov Stalinin bu
ölkədən aparılan anti-Sovet təbliğatının
qarşılıqlı əlaqələrə zərbə
vurması haqqında mesajını Atatürkə
çatdırdıqdan sonra Məhəmməd
Əmin Rəsulzadə başda olmaqla azərbaycanlı siyasi
mühacirlərin əksəriyyəti Türkiyədən
çıxarılmış, Avropa ölkələrinə,
ilk növbədə Polşaya sığınmaq məcburiyyəti
qarşısında qalmışdılar. Azərbaycanla birlikdə
özlərinə
tarixi Vətən saydıqları Türkiyəni
itirmək onlar üçün asan olmamışdı.
Lakin Məhəmməd Əmin Atatürkü bəlkə
də daxilən məmnun qalmadığı belə bir
addım atmağa vadar edən səbəblərdən xəbərsiz
deyildi. Digər
tərəfdən, o, şəxsi incikliklərinin, yaxud
kiçik intiqamlarının əsirinə çevrilsəydi,
heç zaman Azərbaycanın siyasi tarixində indi qazanmış olduğu
yüksəkliyə ucala bilməzdi. Məhəmməd Əmin
Sovet əsarəti altına düşmüş türk
xalqlarının nümunə götürəcəyi model, arxalanacağı
güc mərkəzi kimi Atatürkün qurduğu yeni,
çağdaş, dünyəvi Türkiyənin əhəmiyyətini yaxşı anlayırdı. Ona
görə də şəxsi taleyində yaşadığı ağrı- acıları bir
tərəfə buraxaraq yeni
Türkiyənin və onun qurucusunun atəşin tərəfdarı
və tərənnümçüsü kimi
çıxış edirdi”.
Vilayət Quliyevin verdiyi bu izahat, fikrimizcə, olduqca dəqiqdir. Və Azərbaycan Xalq Cümhuriyyətinin
lider-ideoloqunun şəxsiyyəti,
dünyagörüşü barədə kifayət qədər aydın təsəvvür
yaradır.
M.Ə.Rəsulzadənin məqaləsində
Atatürkün, əsasən, üç mühüm (tarixi!)
xidməti göstərilir ki, onlardan
birincisi tamamilə çökmüş (və dünyanı
idarə etmək iddiasında
olan qüvvələr tərəfindən get- gedə daha da çökdürülən)
Osmanlı imperiyasının xarabaları üzərində müstəqil bir dövlətin
yaradılmasıdır...
“...İyirmi
il bundan əvvəl o zamanlar hələ Mustafa Kamal kimi tanınan Kamal
Atatürk Versaldakı dünya
ağalarının iradəsinə qarşı
çıxmağa özündə cəsarət
tapmışdı. Bu elə bir zaman idi ki, türk xalqı bir
zamanlar möhtəşəmliyi
ilə hər kəsi heyrətə gətirən, amma məlum Sevr müqaviləsinin
ağır şərtləri altında şərəfsiz
duruma salınan Osmanlı
imperatorluğunun xarabaları altında can çəkişməkdə
idi.
Bu elə
bir zaman idi ki, türk vətənpərvərlərinin
böyük əksəriyyəti
sadəlövh şəkildə “dünyanın
vicdanını” necə oyatmaq,
diplomatik yollarla keçmiş Osmanlı imperatorluğunun tarixən
sırf türklərə məxsus torpaqlarının heç
olmazsa, bir hissəsinin toxunulmazlığını qorumaq,
İstanbul ziyalılarının fikirlərinə o qədər
də əhəmiyyət vermədən Türkiyə üzərində
Britaniya, yaxud Amerika himayəsi təmin etmək barəsində düşünürdülər. Məhz
belə bir zamanda Kamal Paşa aydın və qəti
şüarla meydana çıxdı:
“Milli iradəyə əsaslanan, hüquqları məhdudlaşdırılmayan,
müstəqilliyi qeyd- şərtsiz qəbul edilən
Türkiyə qurulmalıdır”.
Mustafa
Kamal paşanın - “üsyankar general”ın mübarizə
tarixçəsini göz önünə gətirən M.Ə.Rəsulzadə
yazır:
“Qısa zamanda xalqın milli azadlıq mücadiləsinə
çevrilən məlum Anadolu hərəkatı
başlandı. Hər kəsə bəlli olduğu kimi həmin
müharibə Antantadan “Kamalın üsyankar
quldurlarını sakitləşdirmək üçün”
mandat almış işğalçı yunan ordusuna
qarşı aparılırdı.
“Üsyankar generalın” şüarı isə
“Ölüm, yaxud milli müstəqillik!” idi.
Anadolu kəndlisinin
taleyinə yazılan ağlagəlməz yoxsulluq, səfalət
və dilənçilik şəraitində üç ildən
(əslində Türkiyə 12 ildən çox müharibə
alovu içində qarsalanmışdı; Birinci Dünya
savaşından əvvəl Balkanlarda hərbi əməliyyatlar aparmağa məcbur olmuş, sonra
isə özünün Afrikadakı ərazilərini qorumaq üçün İtaliya ilə
üz- üzə gəlmişdi) çox davam edən mübarizə sonda türklərin
parlaq qələbəsi ilə başa çatdı. Versaldakı dünya
ağalarının hərtərəfli dəstək verdikləri
işğalçı yunan ordusu Qərbi Anadolu çöllərində
darmadağın edildi. Birinci Dünya müharibəsi
zamanı Dardanel
boğazından keçib Rusiyanın köməyinə
can atan ingilis- fransız
desantını öz cəsur strategiyası ilə diz
çökdürərək sularda qərq edən Kamalın
sərkərdə şöhrətinə
“Qazi”, yəni məğlubedilməz
adı da əlavə olundu.
Siyasi baxımdan yenidən dirilmiş Türkiyənin
yunan cəza ordusunun məhv edilməsi nəticəsində
qazandığı hərbi zəfər tezliklə öz beynəlxalq
təsdiqini tapdı. Yeni Türkiyə ilə Antanta dövlətləri
arasında tarixə Lozanna sazişi adı ilə daxil olan
sülh müqaviləsi imzalandı”.
M.Ə.Rəsulzadənin
dərin inamına görə, Atatürkün ikinci mühüm (tarixi!) xidməti
ondan ibarət oldu ki, xalqı səfərbər edərək
müasir, modern bir Türkiyə yaratdı. Özü də qısa
bir dövrdə...
“Təkcə
Türkiyənin yeni sərhədlərini müəyyən
etmək hələ
yetərli deyildi. Növbədə daha çətin,
eyni zamanda daha
ciddi və şərəfli vəzifə dayanırdı:
geridə qalmış ölkəni müasir sivilizasiyanın şərtlərinə
cavab verəcək səviyyəyə qaldırmaq lazım idi.
Yalnız belə olduğu təqdirdə müstəqillik uğrunda mübarizənin çoxsaylı qurbanlarına tarix
qarşısında haqq qazandırmaq imkanı yarana bilərdi.
Yalnız belə bir Türkiyə mübarizələr
bahasına əldə etdiyi müstəqilliyi tam qoruyub saxlaya
bilərdi.
Yeni, milli
Türkiyə köhnəliyin onu əli-qolu bağlı vəziyyətdə
saxladığı orta əsrlər bataqlığından
çıxmaq üçün bütün qüvvələrini
səfərbər etməli idi.
...Kamal
Atatürkün inqilabı sayəsində yalnız Osmanlı
sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə bağlı qurumların da
varlığına son qoyuldu. Bütün həyat tərzi ilə
başdan-başa teokratik bir dövlət olan Türkiyə tam
dünyəvi dövlətə çevrildi. Pozitivist
mövqedə dayanan Türkiyə Cümhuriyyəti insan zəkasının
və fikrinin orta əsrlər sxolastikasından,
daşlaşmış dini ehkamların buxovundan həmişəlik
azad etdi”.
Ölkənin
əsas problemi iqtisadiyyatı dirçəltmək,
aclığı, səfaləti aradan qaldırmaq idi...
“Atatürkün gəlişinə qədər
yolsuz-izsiz vəziyyətdə olan Türkiyə indi
başdan-başa dəmiryolları ilə əhatə
edilmişdi. Bataqlıqlar qurudulmuş, kanallar
qazılmışdır. Ticarət
donanması yaradılmışdır. Sənaye
inkişaf etdirilmişdir. Fabrik və zavodların bütöv bir şəbəkəsi
qurulmuşdur. Əvvəllər demək olar ki,
heç bir sənaye gücünə malik olmayan Türkiyə
indi özü kağız, şəkər və digər zəruri
tələbat mallarının istehsalçısıdır.
Hələ mən ağır sənaye müəssisələri,
manufaktura kombinatları haqqında danışmıram. Bütün xarici konsessiyalar dövlət tərəfindən
satın alınmışdır. Banklar,
kooperativlər, kənd təsərrüfatı kredit cəmiyyətləri
açılmışdır. Əməyin
və kənd təsərrüfatının qorunması
istiqamətində qanunlar hazırlanıb qəbul
edilmişdir”.
M.Ə.Rəsulzadə Türkiyədə həyata keçirilən mədəni inqilaba xüsusi dəyər verərək yazır:
“Mədəniyyət sahəsində əsl möcüzələr baş vermişdir.
Yaxın Şərqin işıqlı zəkalarının əsrlər boyu qəlblərində yaşatdıqları arzu - ərəb əlifbasının islahı Kamalın zamanında həyata keçirilmişdir. İndi Türkiyə latın əlifbasından istifadə edir. Bir vaxtlar demək olar ki, başdan- başa savadsız kəndlilərdən ibarət Türkiyə əhalisinin böyük əksəriyyəti indi oxuyub- yazmağı bacarır. Milli mədəniyyətə və tarixə yeni istiqamət verilmişdir. Gənclərə elm, incəsənət və texnika sahəsində dünyanın mədəni xalqları ilə ayaqlaşmaq yönündə nəcib hisslər aşılanmışdır”.
M.Ə.Rəsulzadə Atatürkün üçüncü mühüm (tarixi!) xidməti olaraq Türkiyənin sürətlə formalaşdırıb uğurla həyata keçirdiyi sülhsevər xarici (beynəlxalq) siyasəti göstərir...
“Müharibədən əvvəlki Osmanlı imperiyası ilə müqayisədə əhalisinin sayca xeyli azalmasına baxmayaraq müasir Türkiyə beynəlxalq siyasətdə müqayisəyə gəlməyəcək dərəcədə ciddi çəkiyə malikdir. İlk növbədə Mustafa Kamal müharibədən sonrakı Avropanın ən diqqətəlayiq dövlət xadimlərindən biri kimi özünün böyük şəxsi nüfuzu ilə yeni Türkiyənin mənəvi gücünü əhəmiyyətli dərəcədə yüksəltmişdir. Digər tərəfdən, ölkə daxilində islahatçılıq siyasətinə geniş yer verən Cümhuriyyət Türkiyəsi Kamal Atatürkün yürütdüyü ardıcıl sülhsevər siyasət nəticəsində həm Balkan bölgəsinin liderinə çevrilmiş, həm də öz sıralarında yaxın Şərqin “Səədabad paktı” adlı əməkdaşlıq anlaşmasını imzalamış dörd müsəlman dövlətini birləşdirən Şərq blokunun memarı kimi çıxış etmişdir.
... Yeni Türkiyəyə göstərilən beynəlxalq etimad və inam özünü onun Qərbi Avropanın mühüm iqtisadi mərkəzləri ilə əməkdaşlığında daha aydın şəkildə büruzə verir. Ağır sənaye sahəsindəki beşillik planına Britaniya kapitalının yaxından cəlb etməklə ilə bir sırada Türkiyə bu yaxın zamanlarda İngiltərə və Almaniyadan da böyük maliyyə kreditləri almışdır”.
Məqalədə M.Ə.Rəsulzadənin “üzərindən sükutla keçmək imkan xaricində” olan bir məsələyə xüsusi diqqət yetirməsi də tamamilə təbiidir. Və bu məsələ kifayət qədər analitik şəkildə şərh edilmişdir...
“Kamal haqqında danışarkən yeni Türkiyənin Sovetlər siyasəti deyilən məsələnin üzərindən sükutla keçmək imkan xaricindədir. Bir çox kənar müşahidəçilərdə belə təəssürat yarana bilər ki, Türkiyə Cümhuriyyəti ilə Sovetlər arasındakı dostluq münasibətləri prinsipial ideoloji əsasa söykənir. Lakin belə mülahizə yürüdənlərin fikirləri Türkiyədə cərəyan edən hadisələrin diqqətli təhlili zamanı heç bir tənqidə dözmür. Kamalizmin əsas mahiyyətini həqiqi milliyyətçilik təşkil edir. Bu nəyin bahasına olursa olsun vətənini dünyanın müasir mədəni millətləri səviyyəsinə yüksəltməyə çalışan Anadolu vətənpərvərlərinin milliyyətçiliyidir”.
M.K.Atatürkün yürütdüyü siyasətin (və onun əsasında dayanan ideologiyanın) mahiyyətini geniş izah edən M.Ə.Rəsulzadə belə qənaətə gəlir ki, o, Avropaya qarşı savaş açmaqla bir sırada ölkəsinin avropalılaşdırılması istiqamətində ciddi uğurlar qazandı. Sovetlər İttifaqı ilə siyasi dostluğa əsaslanmaqla bir sırada ölkəsinin daxilində kommunizmin bütün təzahürlərini boğdu. Panislamizm və panturanizm ideologiyasına zərbələr endirməklə bir sırada milli- azadlıq hərəkatını məqsədyönlü və düzgün şəkildə qurmaq nəticəsində Şərqdə yeni Türkiyəyə böyük rəğbət qazandırdı. Bu mənada türk- müsəlman dünyasında Kamal Türkiyəsinə göstərilən hörmət və ehtiram İstanbul sarayının hətta təsəvvürünə də gələ bilməzdi”.
“Kamaldan sonra Türkiyənin aqibəti necə olacaq?” sualına M.Ə.Rəsulzadə belə cavab verir:
“...17 milyonluq xalq heyrətamiz birlik nümayiş etdirdi. Əbədiyyətə qovuşan Prezidentinin vəsiyyətini sözbəsöz təkrarlayan türk gəncliyinin qeyri- adi coğqunluğuna heyran qalmamaq mümkün deyildi. Türk gəncliyi heç bir çətinlik və məhrumiyyətə baxmayaraq, istənilən şəraitdə öz böyük rəhbər və atasının qoyub getdiyi ən qiymətli irsi - Türkiyə Cümhuriyyətini göz- bəbəyi kimi qoruyacağını vəd edirdi. Bunun ardınca isə Mustafa Kamal zəkası ilə yaradılmış Konstitusiya maşını heç bir maneə ilə üzləşmədən hərəkətə gəlir. Saat mexanizmi kimi dəqiq işləyən Türkiyə Böyük Millət Məclisi 24 saat ərzində toplanır və Atatürkdən sonra Türkiyənin ikinci adamı sayılan İsmət İnönünü yekdilliklə prezident seçir”.
Mətn ruscadan azərbaycancaya, çox yaxşı haldır ki, mümkün qədər Məhəmməd Əminin öz üslubunda - canlı, ehtiraslı, eyni zamanda siyasi- ideoloji tutumu olan bir dillə çevrilmişdir.
Və etiraf etmək lazımdır ki, əgər bu məqalə aşkarlanıb elmi ictimaiyyətin müzakirəsinə verilməsəydi, M.Ə.Rəsulzadənin (və Azərbaycan mühacirətinin) M.K.Atatürkə münasibəti barədəki təsəvvürlər xeyli dərəcədə mübahisəli olacaqdı.
Nizami Cəfərov
525-ci qəzet.-
2016.- 13 fevral.-18