Uzun və mənalı ömrün
sönməz işığı
PROFESSOR SƏYYARƏ MOLLAZADƏ ALİM VƏ PEDAQOQ KİMİ DƏ, İNSAN VƏ ŞƏXSİYYƏT KİMİ DƏ UNUDULMAZDIR
Yanvarın
22-si filologiya elmləri doktoru, professor, 40 ilə yaxın
müddətdə Azərbaycan Tibb Universitetinin Azərbaycan dili
kafedrasının müdiri işləmiş Səyyarə Məmməd
qızı Mollazadənin doğum günüdür - onsuz gələn
ilk doğum günü...
Kəmfürsət əcəl aman versəydi,
doğmaları, həmkarları Səyyarə xanımın mənalı
ömrünün 83-cü ilini birgə qeyd edəcəkdilər. Lakin 2015-ci
ilin 19 oktyabrında o, uzun sürən ağır xəstəlikdən
sonra həyata gözlərini əbədi yumdu.
Səyyarə xanım 56 illik əmək fəaliyyətində
insan və müəllim adını ucaltmağa, ətrafındakılara,
canından artıq sevdiyi Azərbaycana, onun dilinə və ədəbiyyatına
şərəflə xidmət etməyi həyatının mənası
saymışdı. O özünü, hər şeydən əvvəl,
müəllim hesab edirdi və dönə-dönə deyirdi
ki, dünyada müəllim adından böyük ad, müəllimlikdən
uca peşə yoxdur. Müəllim xalqın, cəmiyyətin
təkcə təlimçisi, elmin sirlərini öyrədən
bir şəxs deyil, o, nəsillərin tərbiyəçisi,
xalqın gələcəyi olanların düzgün yetişməsinə
cavabdeh vacib bir şəxsiyyətidir. Ona
görə də rəhbərlik etdiyi kafedrada müəllimlərə
qayğı göstərməklə bərabər, onlara ciddi
tələbkarlıqla yanaşırdı.
Son
zamanlar orta məktəblərdə, ali təhsil
müəssisələrində işinə laqeyd yanaşan
müəllimlərlə rastlaşanda o, çox mütəəssir
olurdu, həmişə də narahatlığını ifadə
edirdi. Gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsinə Səyyarə xanım çox
önəm verirdi. Dil dərslərində
bu istiqamətdə aparılan işlərlə kifayətlənmir,
dərsdənkənar tədbirlərdə də bu işə
mümkün qədər yer verməyə
çalışırdı. XX əsrin
70-ci illərində görkəmli elm və ədəbiyyat
adamlarının yubiley tədbirlərinin keçirilməsi
kafedrada ənənəyə çevrilmişdi. Tez-tez yazıçı və şairlərlə
görüşlər təşkil olunur, teatrlara, muzeylərə
kollektiv gedişlər həyata keçirilirdi.
80-ci illərin
ortalarında mənim də yaxından iştirak etdiyim, mənəvi
tərbiyəyə həsr olunmuş “Gənclik bir aynadır
Günəşdən təmiz” adlı klubun məşğələləri
sözün, şeirin, musiqinin vəhdəti ilə tələbələrə
vətənə məhəbbət, daxili saflıq, təmiz əxlaq
duyğuları aşılayırdı. Ayda bir
dəfə keçirilən bu tədbirlərdə Səyyarə
xanım əlahiddə işgüzarlıqla iştirak edir, məşğələlərdə
bütün müəllimlərin və tələbələrin
fəallığına şərait yaradırdı. O,
Azərbaycan dilinin tədrisinin keyfiyyətcə təkmilləşdirilməsi
işini də özünün əsas vəzifəsi kimi dərk
edirdi. Mükəmməl proqramların hazırlanması,
düşünülmüş mövzu-təqvim
planlarının tərtibi və hər il
yenidən işlənməsini rus bölməsində və
hazırlıq şöbəsində Azərbaycan dili tədrisinin
səviyyəsinin yüksəldilməsində əsas amil
sayırdı. Doğrudur, o dövrdə bizdən
asılı olmayan səbəblər üzündən dərslik
(rus bölməsi üçün) çap etmədik, ancaq Azərbaycan
dilinin tədrisi üçün kafedrada möhkəm baza
yaradılmışdı və bu, indi də aydın hiss
olunur.
...Səyyarə
xanım dəyərli elm adamı idi. 1954-cü
ildə o zamankı dövlət universitetinin Filologiya
fakültəsini bitirdikdən sonra ailə qurmuşdu,
1956-cı ildən orta məktəbdə dərs deməyə
başlamışdı. Elmə olan
güclü həvəs iki uşaq anasını 1962-ci ildə
APİ-nin (indi APU) Azərbaycan dilçiliyi kafedrasının
aspiranturasına apardı. AMEA-nın
müxbir üzvü, professor Ə.Dəmirçizadənin rəhbərliyi
ilə gənc tədqiqatçı “Qax rayon şivələri”
adlı namizədlik işini 3 ilə hazırlayıb
müdafiəyə təqdim edir. Səyyarə
xanım deyirdi ki, yay aylarında, iki uşaq yanımda,
doğma rayonumun kəndlərini, yaşayış məntəqələrini
gəzib dialektoloji materiallar toplayırdım.
Düzdür, çox əziyyətli iş idi, ancaq mövzu,
əldə etdiyim faktlar o qədər maraqlı idi ki,
yorğunluq hiss etmirdim. 1966-cı ildə Səyyarə
xanım uğurla müdafiə edərək, filologiya elmləri
namizədi alimlik dərəcəsi adını alır.
Dissertasiya ilə tanış olan görkəmli
dilçilər məsləhət görürlər ki,
mövzunu davam etdirsin, doktorluq dissertasiyası üzərində
işləsin. Çox maraqlıdır ki, dialektoloji tədqiqat
sahəsində yaxşı təcrübə toplamış,
bu elmin sirlərinə bələd olmuş tədqiqatçı
ayrı bir sahəyə maraq göstərir,
aktuallığına görə çox əhəmiyyətli
olan, lakin yenə də həm material toplanması, həm
araşdırma baxımından ağır zəhmət tələb
edən bir sahəyə -
toponimiyaya üz çevirir. “Azərbaycanın
Şimal rayonlarının toponimiyası” adlı doktorluq
işini də Səyyarə xanım 4-5 ilə tamamlayıb,
elmi məsləhətçisi professor Ə.Dəmirçizadəyə
təhvil verir. Professorun müsbət rəyini alan tədqiqatçı gözləmədiyi
halda bəzi elmi mütəxəssislərin əks münasibəti
ilə qarşılaşır. Ona görə də
1973-cü ildə tamamlanmış dissertasiyanı Səyyarə
xanım 1979-cu ildə müdafiə edə bildi.
80-ci illərdən
sonra Səyyarə xanıma onomastikaya, xüsusən
toponimiyaya həsr olunmuş çoxsaylı namizədlik və
doktorluq dissertasiyalarının birinci rəsmi opponenti kimi məsuliyyətli
iş həvalə olunurdu. 90-cı illərdən
başlayaraq o, səhhətindəki problemlə bağlı
çox əziyyət çəkirdi, ancaq buna baxmayaraq Səyyarə
xanım 300-350 səhifəlik dissertasiyaları oxuyur, elmi-nəzəri
səviyyəsi ilə diqqəti cəlb edən 10-12 səhifəlik
rəy yazır və həmişə də tələbkarlıqla
yanaşı, dissertanta xeyirxahlığı da nəzərdən
qaçırmırdı. Ona görə də
üstündən illər keçəndən sonra da indi elmlər
doktoru, professor titullu o alimlər Səyyarə xanımı
xoş duyğularla yad edir, öz minnətdarlıq hisslərini
bildirirlər. Səyyarə xanım
ümumilikdə 150-yə yaxın elmi məqalənin, 8
monoqrafik kitabın müəllifidir. Onun rəhbərliyi
ilə 12 nəfər filologiya elmləri namizədi alimlik dərəcəsi
almaq üçün dissertasiya müdafiə edib. Onun rəhbərlik etdiyi bir neçə dissertasiya
işi isə hələ müdafiə olunmayıb. Professor S.M.Mollazadə o zamankı SSRİ-nin Moskva,
Kiyev, Leninqrad, Ufa, Tbilisi, Daşkənd kimi elm mərkəzlərində
keçirilən konfranslardakı maraqlı məruzələri
ilə elmimizi layiqincə təmsil edirdi. Səyyarə
xanım 80-ci illərdən başlayaraq Azərbaycan
Televiziyasının mənəviyyata həsr olunmuş
verilişlərinə tez-tez çağırılardı.
Mənim yaxşı yadımdadır ki, onun bu
verilişlərdəki çıxışlarını
tamaşaçılar maraqla qarşılayardılar.
Professor
S.M.Mollazadənin iş yoldaşları ilə münasibəti
haqqında daha geniş danışmağa ehtiyac var. Ona
görə ki, az qala hər şeyin “bazar münasibətləri”
prinsipi ilə ölçüldüyü indiki dövrdə
mənəvi dəyərlərə, humanist yanaşmalara
üstünlük verilməsinə çox ehtiyac var. Onu
tanıdığım 40 il ərzində başa
düşmüşdüm ki, Səyyarə xanım gözəllik
aşiqidir. O həm zahiri, həm də daxili gözəlliyi yüksək qiymətləndirirdi.
Mənən təmiz, zəngin olmaq insanın, əsasən
də, müəllimin ilkin xarakterini müəyyənləşdirməlidir.
Səyyarə xanım deyirdi ki, insan daxili zənginliyi,
mənəvi aləmi ilə çox da cəlbedici olmayan
zahirini də insanların gözündə dəyişə
bilər. Bütün bunlardan idi ki, Səyyarə
xanım öz iş yoldaşlarını rəhbəri
olduğu bir ailənin üzvləri hesab edirdi. Biz
(yəni kafedranın əməkdaşları) işə həvəslə
gəlirdik, çünki bilirdik ki, burada bizi səmimi
münasibət, işgüzar ab-hava gözləyir.
Burada nəinki iş, hətta
çözülməsi çətin olan ailə
qayğılarımız da həll oluna bilər (və həll
olunurdu). Əlbəttə, bu mühiti Səyyarə xanım
yaratmışdı - özünün sadəliyi ilə, insanlara olan
hüdudsuz sevgisi ilə.
Burada onun sadəliyi haqqında ayrıca söz
açmağı vacib bilirəm. Filologiya elmləri doktoru, professor
(1989), ATU-nun Elmi Şurasının və Tibbi profilaktika
fakültəsi Elmi Şurasının üzvü, kafedra
müdiri olan Səyyarə xanım müdirdən çox ailə
başçısına, kollektivin ağbirçəyinə,
məsləhətçisinə oxşayırdı. Sıravi işçinin də yeri onun
üçün ucada idi. Bizim xeyirimiz,
şərimiz, sevincli, acılı günlərimiz Səyyarə
xanımsız keçməzdi. Ona görə biz hamımız onu
özümüzə doğma bilirdik. Onun
adı bizim üçün tanınma, hörmət olunma
ünvanı idi. “Mən Səyyarə
xanımın kafedrasındanam” demək kifayət idi ki, sənə
qayğıyla yanaşsınlar, köməklik etsinlər.
Səyyarə xanım 2012-ci ildə xəstəliklə
bağlı işdən getdi. Ancaq biz
onunla daim əlaqə saxlayırdıq. Ad
günlərində onun qonağı olurduq, haqqında tədbir
keçirir, məqalələr yazırdıq. Onun dünyasını dəyişməsi
hamımıza ağır təsir etdi. Dəfn
günü hamımız əziz Səyyarə xanımın
vida mərasiminə toplaşdıq, bu sətirlərin müəllifi
və kafedranın dosenti Hacı Zərifə xanım
çox təsirli vida sözü söylədilər. Mərhumun
üçü günü Səyyarə xanımı gənclik
illərindən tanıyan, 50 ilə yaxın onunla bir
çalışan dosent İsmət xanım əziz
ustadına, mənəvi bacısına olan ülvi hisslərini
ifadə etdi:
“Xeyirxah,
gözəl insan, sədaqətli dost, hamının sevimlisi,
müdriklik mücəssiməsi Səyyarə xanım! Bu
ağır məclisdə danışmaq çox çətindi,
axı Siz adi insan deyildiniz... Siz dünyaya
yaxşılıq etmək üçün gəlmişdiniz.
Çevrənizdə olanlara əl tutmaq Sizin
həyat kredonuz idi. Sanki yaxşılıq etməyi,
arxasıza arxa durmağı vəzifə borcunuz
sayırdınız...”
İsmət
xanımın “Təbib” qəzetində çap etdirdiyi
(16.XII.2015) “Sən getdin, elə bil dünya boşaldı”
adlı yazısında da belə səmimi cümlələr
var:
...Vacib
deyil ki, insana ya sinifdə, ya auditoriyada dərs deyəsən. Səyyarə xanımın oturuşu, duruşu,
baxışı, elə varlığı insana çox
şey öyrədirdi. Belə, bir deyim var: “...Qoqolun
şinelindən çıxmışıq”. Biz də Səyyarə
xanımın məktəbindən keçmişik, ondan bəhrələnmişik...”
Səyyarə
xanımda olan bu qədər daxili zənginliyin səbəbi
onun anadangəlmə gen əlamətidirsə, dünyaya
göz açdığı mühitin, boya-başa
çatdığı ailənin oynadığı rolu da qeyd
etməsək, olmaz. Erkən dünyadan
köçmüş anası mələk kimi bir insan
imiş. Atası Məmməd kişi
ictimai həyatda fəal olduğu kimi, insanlara qucaq açan,
el-oba qayğısı ilə yaşayan bir şəxsiyyət
idi. Səyyarə xanım tez-tez nənəsi Pəri
xanımdan sitatlar gətirərdi. Dünyagörmüş
bu “diplomsuz diplomat” qadının sinəsi ədəbi və
tarixi deyimlərlə dolu imiş. Səyyarə xanım
hətta toponimik tədqiqatlarında belə bu qadının
gözlənilməz “tapıntılar”ından faydalanmışdı.
Orta məktəbdə də Səyyarə xanımın
gözəl müəllimləri olmuşdu. Məncə,
elə böyük pedaqoq Bilqeyis xanımın adını
xatırlamaq çox şeydən xəbər verir. Səyyarə xanımın ağıllı,
düşüncəli, savadlı rəfiqələri var idi,
məsələn, Rəhilə xanım (yazıçı Əlfi
Qasımovun həyat yoldaşı). Onlar
son günlərinə qədər bacı oldular. Əlbəttə, bir də onun özünün həyata
baxışı, ömrün, dünyaya gəlməyin səbəbləri
barədə özünəməxsus mülahizələri.
Ona görə də bu insanın 83 illik ömrü bizə az görünür, yarımçıq təsiri
bağışlayır...
Səyyarə xanımın övladları da
özünə layiqdilər. Onlar
çalışdıqları sahədə fərqli mövqe
qazandıqları kimi, analarına münasibətdə də
canıyananlıqları ilə seçiliblər. Onların uşaqları da nənələrinin
böyük insan olduğunu, cəmiyyətdə fərqli
ad-sana sahib olduğunu dərindən dərk edirlər.
Sözsüz, bütün bunların səbəbkarı Səyyarə
xanımın özüdür - sadə, təvazökar, hər
şeydə gözəllik axtaran, ürəyi insanlara sevgi ilə
dolu Səyyarə xanımın...
Akif
MİRİYEV
Azərbaycan Tibb Universitetinin Azərbaycan
dili kafedrasının müdiri
525-ci qəzet.-
2016.- 13 fevral.- S.19