Şeir-işıqdı

 

 

 

İşıq varsa, görünəcək. Görmək istəməyənlər görəcək.

 

Şeirin işığını görmək bəsirətlə bağlıdı; bəsirət gözüylə baxanlar görə bilir şeirin işığını. İşıqlı fikirləri, düşündürücü fikirləri ifadə elədiyinə görə.

 

Şeir şairin oxucusuyla duyğu dilində kəlmələşməsidi. Qınayan olmasa, şeiri duyğulara üzərrik bilərdim.

 

Murad Qoçuoğlunun "Bir az gecikəndə" şeirlər kitabını bu ovqatla oxudum...

 

Səni qarış-qarış dolanıb, Vətən,

Bir gün torpağına qarışmağım var, -

 

("Vətən ürəyimdən başlanır mənim")

 

qənaəti adi deyim, adi poetik fikir deyil; Murad folklorumuza yaxşı bələddi folklordan bəhrələnmək onun da haqqıdı. Bu misralar

 

...Gəzməyə qərib ölkə,

Ölməyə Vətən yaxşı, -

 

bayatısının işığında yazılsa da gözçəkəndi, öz işığı olan misralardı. Belə olmasaydı şeirin sonluğu bunca möhtəşəm olmazdı: Vətən ürəyimdən başlanır. Qətiyyətlə (qürurla!) bildirir ki, "ürəyimdə torpaq gücü hiss edən bədii "mən" (Murad Qoçuoğluya) qətiyyətlə deyir ki, "atasına oğulluq eləməyənlərdən Vətənə oğul olmaz" ("Vətən, bağışla bizi"). Yaşamı bu qənaətə söykənən, "hər gün evinə dərd daşıyan" ("Dəli olmayanın ağlı yoxdu") bədii "mən"ə görə "ağlamağı da, gülməyi əzab olanlar" ("Əzab") öz dərdini unudursa, "qərib durnaların mənzilə çatıb-çatmadığının" ("Danış") marağındadırsa, sözə ömür verən, ömrünü sözdə tapan şair bu ya digər səbəbdən "gündə yüz dəfə dəli olanların" ("Mən gündə yüz dəfə dəli oluram") söz qardaşıdı. Bu duyğusal şair son çarə kimi yenə sözə tapınır...

 

Sosial mahiyyətli olsa da irfanilik işığı sezdiyim "Məni bu ağacın ahı tutacaq" şeiri diqqətçəkəndir. Ağac fauna elementi olmaqdan daha çox rəmz kimi görünür. İnsaf unudulursa, kiminsə halal işinə haram qatılırsa, belələri sözü urvatdan salırsa - ucuz şöhrətə görə sözü pyedestal edirsə, zərrəcə günahı olmasa da Murad Qoçuoğlu özünü (bəlkə bizləri !) günahkar bilir. O gözəlim ağacın ahının sunamisini duyur. Bəşəriliyə çağırışdı bu şeir; şair ağrısının ilahi məqamda olduğunu unutmaq günahdı. "Kökündən aralı düşdüyünə görə öz kökünə başdaşı" olan ağacın qənşərində "əlləri qoynundan asılı qalan" bədii "mən" - şair  Murad Qoçuoğlu bizləri yanında görmək istəyir. İnsaf naminə, bəşərilik naminə...

 

Çuxası sökülü dünyanın iynəsinin olmaması ("Dünyanın") ifadəsi yazıqlamaqdımı (yazığı gəlməkdimi), ironiyadımı, xəbərdarlıqdımı? Dünyaya xitabən  "Kor atı minib köndələn çapmaqdansa, özünə bir gün ağla" - məsləhətinin  analogiyasıdırmı? Hər nədirsə, Murad Qoçuoğlu xatırladır ki, bəşəri duyğulara biət gətirilməsə, dünyanın əyilmiş arşını düzələn deyil...

 

Murad Qoçuoğlunun  "İtkin insanlar" şeiri zaman anlamında dünənlərin ağrı-acılarının poetik təqdimatıdı.

 

Həsrətin ömrü də qısılacaqdır,

Ünvanı tapılan hər məzar boyu, -

 

misraları 71 ildi yaşanılan acıları söz görkəmində yaşatma qüdrətindədir. İtkin oğul ömrünü naməlum kimi yaşayırsa, məlum ağrı-acılar həsrətə, intizara, yol gözləməyə dönürsə, şeirləşən fikir o ağrı-acı yiyəsinə, o intizar yiyəsinə - hələ də yol gözləyənlərə şair təsəllisidi, şübhəsiz. Bu şeir itkinlərin əzizlərinə bir şeir qədərincə təsəlli olacaqsa (olacaq!), şair öz missiyasını bir ürək tutumunca yerinə yetirib, qənaətindəyəm...

 

Gözəlliyin bir xoş sözə əsir olduğunu ("Sənə kim deyib ki...") "yaxası qanmaz əlində olanlara" ("Yaxan qanmaz əlindəsə") can yandıran, "özünün acizliyinə inanmaq istəməyən adamlara" ("Ana fəryadı") "ümidsiz addım atsan, yol səni tez yoracaq" ("Yola çıxdın...") deyən Murad Qoçuoğlunun poetik duyumunu bəyəndim; şeirləri mənə könül xoşluğu verdi.

 

Bu könül xoşluğu mənim neçə ayıma, neçə ilimə cığırdaş olacaq...

 

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2016.- 16 fevral.- S.8