Azərbaycan ədəbi dilinin
dövrləşdirilməsi və Tofiq
Hacıyev elmi irsi
Azərbaycan ədəbi dili tarixi türk xalqlarının ədəbi
dili kontekstində özünəməxsus yer
tutur.
Tədqiq mövzusu tarixi qrammatika ilə eyni olan ədəbi
dil tarixinin tədqiqat dairəsi genişdir. Tarixi qrammatikadan fərqli
olaraq, dil faktlarını mətndaxili
öyrənən, morfoloji,
sintaktik faktların daxili potensialını aşkar edən ədəbi dil tarixinin dövrləşdirilməsi
məsələsi XIX əsrdən
etibarən bu günümüzə kimi
tədqiq olunub və müasir dövrdə də bu tədqiqat sahəsi öz aktuallığını itirməyib.
Ədəbi dil tarixinin dövrləşdirilməsində
müxtəlif prinsiplərdən
çıxış edən
dilçi alimlərimiz
bir-biri ilə səsləşən müxtəlif
fikirlər irəli sürərək bu məsələyə hər
bir dil tarixçisi-alim
özünəməxsus şəkildə
müxtəlif rakurslardan
yanaşıblar. Belə ki, Ə.Dəmirçizadə
ədəbi dil tarixini 1938-ci ildən
1971-ci ilədək olan
dövrü beş
mərhələ kimi
qruplaşdırıb. Ədəbi
dil tarixini XV-XIX əsrlər, XIX-1905-ci il və ondan sonrakı dövrdən ibarət olduğu qənaətində
olan B. Çobanzadə
isə ədəbi dil tarixini üç
mərhələyə ayıraraq
dövrləşdirib.
Ədəbi dil tarixini müxtəlif
prinsiplər əsasında
dövrləşdirən dilçi
alim professorlarımızdan
biri də türk dünyasında güclü qələmi ilə sayılıb-seçilən,
Azərbaycan dilçilik
elminin fenomen şəxsiyyəti, görkəmli
alimi, dil tarixçisi, türkoloq akademik Tofiq Hacıyevdir. "Ədəbi
dil tarixinin dövrləşdirilməsi xalqın
dili ilə tarixi, mənəviyyatı
ilə maddi mədəniyyəti, təfəkkür
tərzi ilə iqtisadi həyat şəraiti, bədii düşüncəsi ilə
əqli-zehni səviyyəsi
arasındakı əlaqələri
müəyyənləşdirilməsi kimi elmi-nəzəri əhəmiyyətə malikdir"
- deyən akademik T. Hacıyev elmi araşdırmalarının çox
hissəsini ədəbi
dil tarixinin tədqiqinə həsr edib. Ədəbi dilin baş
atributunun "norma"
olduğu qeyd edərək alim ədəbi dili seçmə fonetik, leksik və qrammatik faktların sistemi kimi səciyyələndirir.
Müəllifə görə, ədəbi
dilin dövrləşməsi
təsnifatında mərhələlərin
bölgüsündə "ədəbi dilin üslubi təzahürlərinin
kəmiyyəti, onların
qarşılıqlı münasibətlərinin,
ictimai vəzifələrinin
xarakteri, bu təzahürlərin əsasında
duran struktur və funksional əlamətlərin səciyyəsi,
ədəbi dilin quruluşu, həcm və ictimai funksiyaları ilə dilin qeyri-ədəbi təzahürlərinin münasibəti"
sistem olaraq əsasdır. Alim
"Azərbaycan ədəbi
dili tarixi" kitabında Azərbaycan ədəbi dili tarixinin təsnifatında ona xas olan
bəzi məsələləri
ümumiləşdirərək qeyd edir ki,
"ədəbi dil öz inkişafında həmişə ümumxalq
dilini qabaqlayır, onun avanqardı kimi çıxış edir. Xalq dili ümumən
dildaxili qanunlarla bağlı olduğu halda, ədəbi dil dilxarici faktorlara
daha çox həssasdır. Ədəbi
dilin mütəhərrikliyə
meyli ədəbi norma sistemində
yenidən qurulma çevikliyində öz əksini tapır. Buna görə də
xalq dilinin və ya milli
dilin bir dövrü ədəbi dilin bir neçə
mərhələsini ehtiva
edə bilir".
O, ədəbi dilin dövrləşməsi təsnifatında
yazı faktorunu, xalqın formalaşma və yüksəliş tarixini, dilə və üslublara olan münasibətini, təsir gücünü nəzərə alaraq Azərbaycan-türk ədəbi
dili tarixini iki dövrə ayırır:
1. Yazıyaqədərki dövr
2. Yazılı dövr
E.ə. II əsrdən
eramızın VI əsrinə
qədərki olan dövrü görkəmli
alimimiz yazıyaqədərki
dövr hesab edir. Şumer tarixi, Göy
Türk dövlətinin
yazılı abidələrini
yazı mədəniyyətimizin
yazıyaqədərki dövrünə
aid nümunələr kimi
dəyərləndirir.
Ədəbi dilimizin yazılı mərhələsini üç
dövrə bölən
müəllif onu haqlı olaraq, VII-XII əsrlər, XIII-XVI əsrlər,
XVII-XXI əsrlər kimi
qruplaşdırır. Yazılı dövrün başlanğıc
nöqtəsini "Dədə
Qorqud kitabı"ndan
başlayan T.Hacıyev
sonuncu dövrü isə XX əsrin 30-cu illərindən sonrakı
dövrə aid edərək
yazılı dövr mərhələsini yekunlaşdırır.
"Dədə Qorqud kitabı"nın dili ilə başlanan
bu mərhələsində
T. Hacıyev bu abidəni ədəbi dilimizin yazılı dövrümüzün ilk nümunəsi
sayır. VII və
XII əsrləri əhatə
edən dövrü alim yazılı dövrümüzün birinci
mərhələsi sayaraq
"Dədə Qorqud
kitabı"ndan İ.Həsənoğlu
yaradıcılığına kimi olan yazı
nümunələrini bu
dövrə aid edir.
Divan ədəbiyyatı dilinin
hakim dil kimi fəaliyyəti dövrünü
alim iki pilləyə ayırır:
1) Divan ədəbiyyatı dilinin başlanğıcı
və ədəbi dilin Nəsimi dili ilə yekunlaşdırdığı
XIII-XIV əsrlər; 2) Divan ədəbiyyatı dilinin
intibah, yüksəliş
dövrü və milli ədəbi dilimizin müəyyənləşməsi
dövrü (M.Füzuli
dövrü).
Tofiq Hacıyev
milli ədəbi dilimizin yeni mərhələsini isə
üç dövrdən
ibarət olduğunu qeyd edir. I dövrü XVII- XVIII əsrlər
hesab edən alim ədəbi dil normasının milliləşməsi, xəlqiləşməsi
dövründən başlayıb
realist ədəbiyyatı dilinin
hakim mövqe kimi bərqərar olduğu dövr ilə yekunlaşdırır. Müəllif ikinci dövrü isə üslubların yenidən təşkil olunduğu dövr - XIX-XX əsrlər hesab edir. O, III dövrü
isə üslubların
sabitləşməsi və
müasir ədəbi
dilin formalaşdığı
dövr hesab edərək XX əsrin
30-cu illərindən sonrakı
dövrə aid etmək
qənaətinə gəlir.
Dilçiliyin tədqiqi tarixində ədəbi dilin dövrləşməsi məsələsi
həmişə aktual
mövzu olaraq bir çox alimlər tərəfindən
araşdırılıb. Bu elmi araşdırmaların
nəticəsində bir
çox konsepsiyalar meydana gəlib. Lakin müasir dövrümüzdə
ədəbi dilin dövrləşməsi ilə
bağlı irəli sürülən və təsdiqini tapan doğru konsepsiya türk dilçilik salnaməsinin görkəmli
alimi olan Tofiq Hacıyevə məxsusdur. Akademiki ədəbi
dilin dövrləşdirilməsi
məsələsi həmişə
düşündürür və ardıcıl tədqiqatlar aparmağa sövq edirdi. Bu elmi araşdırma
isə düzgün təsnifat bölgüsü
ilə diqqəti çəkir.
Vüsalə
AĞAYEVA
Azərbaycan Dillər
Universitetinin doktorantı
525-ci qəzet.- 2016.- 16 fevral.- S.7.