Gerçəkliyin simvolikası Seyran Səxavət qələmində

 

70 İLLİYİ ƏRƏFƏSİNDƏ YAZIÇININ YARADICILIĞINA BİR BAXIŞ

 

Şərtilik incəsənət və ədəbiyyat üçün çox mühüm əhəmiyyət kəsb edir.

 

Şərtiliksiz incəsənətdə və eləcə də ədəbiyyatda nə gerçəkliyi bütünlüyü, tamlığı ilə əks etdirmək, nə də onun məna və mahiyyətini genişləndirmək, ümumiləşdirmək mümkündür. Çünki incəsənət və ədəbiyyat həyatın birbaşa özü deyil, bədii obrazlarla inikasıdır. Əgər sənətdə şərtilikdən tamamilə imtina edilsəydi, bu, naturalizmin geniş ölçüdə yaradıcılığa daxil olmasına, həyat hadisələrinin mexaniki inikasına aparıb çıxarardı. Bu mənada şərtilikdən, şərti-metaforik üslubda yaradılmış obrazlardan geniş istifadə əsərin bədii təsir gücünü və sanbalını artıran, məkan və zaman məhdudiyyətini aradan qaldıran amil kimi dəyərləndirilir.

 

Ümumiyyətlə, ta qədimdən şifahi xalq ədəbiyyatında rast gəlinən adamı tezliklə niyyətinə qovuşduran uçan xalçalar, işıqlı dünyanın rəmzi ağ qoç, qaranlıq dünyanın "təmsilçi"si qara qoç, ömrü uzadan bulaq suyu, adamı cavanlaşdıran alma və s. kimi əşya surətləri simvolikanın, şərtiliyin ilkin təzahürləri kimi səciyyələndirilə bilər.

 

Görkəmli yazıçı, ədəbiyyatşünas Yusif Vəzir Çəmənzəminli 1928-ci ildə "Xalq ədəbiyyatında bəşəri təmayüllər" məqaləsində yazırdı: "Xalq ədəbiyyatında  rümuz, işarə və müqayisə böyük yer tutur. Şifahi xalq yaradıcılığından qaynaqlanan bu kimi şərti elementlər yazılı ədəbiyyatda da tez-tez rast gəlinməyə və getdikcə mütəşəkkil işlənməyə başlayır.

 

Müasir ədəbi prosesdə də xalq ədəbiyyatından gələn "rümuz, işarə və müqayisələr"lə ifadə olunan şərtilik elementlərindən, simvolikadan tez-tez istifadə edildiyini müşahidə etməkdəyik.

 

Məlum Sovet imperiyası dövründə bədii fikrin aşkar, müstəqil ifadə imkanlarından məhdudluğu istər-istəməz şərti-metaforik üslubun inkişafına təkan verirdi. Senzuranın kəskinliyi şəraitində ədəbiyyat həqiqəti yazmaq üçün rəmzlərə, metaforalara, simvollara tapınırdı. Sovet diktaturasının uzun müddət yaşaması şərti-metaforik üslubun ədəbiyyatın yazı tərzinə çevrilib sabitləşməsinə səbəb oldu. Lakin mənimsədiyi yazı tərzindən qopammadığı, bu gün belə senzura xofuyla yaşadığı üçün bədii nəsrdə şərti-metaforik üsluba meyl özünü göstərməkdədir. Bu üsluba söykənərək yazılan əsərlərdə analitik-psixoloji təhlilin qabarıqlığı duyulur.

 

Göründüyü kimi, bədii əsərdə fikrin metaforik ifadəsi üçün çox zaman bədii ümumiləşdirmələrdən, rəmzi-alleqorik obrazlardan və simvollardan istifadə olunur.

 

Simvolizmdə insan obrazları həyat faktından daha çox müəyyən ideyaların ədəbi illüstrasiyası kimi verilir. Cəlil Məmmədquluzadə "Ölülər" tragikomediyasında fanatizmə təslim olmuş müsəlmanları "mənəvi ölü" rəmzi kimi səciyyələndirir. Hüseyn Cavid "İblis" faciəsində İblis vasitəsilə var-dövlət, hakimiyyət ehtiraslarına əsir olan insanlığın ümumiləşdirilmiş obrazını yaradır.

 

Dünya ədəbiyyatında olduğu kimi Azərbaycan ədəbiyyatında da şərtilikdən, folklorizm, mif və əfsanə motivlərindən, metaforik obrazlardan, rəmzlərdən istifadə milli özünəməxsusluğu, genişliyi, zənginliyi və çoxçalarlılığı ilə diqqəti çəkməkdədir. Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Abdulla Şaiqin "Şair, şeir pərisi və şəhərli", Hüseyn Cavidin "İblis", "Knyaz", "İblisin intiqamı", Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Çingiz Hüseynovun "Fətəli fəthi", "Ailə gizlinləri", Sabir Əhmədlinin "Yasaq edilmiş oyun", "Kütlə", "Kef", İsa Hüseynovun "Qəbiristan", "Cəhənnəm", "İlan dərəsi", Anarın "Ağ qoç, qara qoç", "Yaxşı padşahın nağılı", Seyran Səxavətin "Qızıl teşt", "Daş evlər", "Nekroloq", "Yəhudi əlifbası", "Cəhənnəm", "İt intervüsü", "Boynu əyri kişi", Vaqif Sultanlının "İnsan dənizi", "Səhra savaşı", "Ölüm yuxusu", "Vətən", "Qütb gecəsi", Mövlud Süleymanlının "Köç", "Dəyirman", "Günah duası", "Şeytan", "Erməni adındakı hərflər", Elçinin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", Yusif Səmədoğlunun "Qətl günü", Kamal Abdullanın "Sehirbazlar dərəsi", "Yarımçıq əlyazma", "Unutmağa kimsə yox", Səfər Alışarlının "Maestro" və s. əsərlərdə bu üslubun ifadə imkanlarından uğurla istifadə edilmişdir.

 

Yazıçı bədii əsərdə şərtiliyə bir neçə mənada müraciət edə bilər:

 

a) bədii ümumiləşdirmə vasitəsi kimi;

 

b) məkan məhdudiyyətindən uzaqlaşmaq vasitəsi kimi;

 

c) obrazın daxili strukturunun müəyyənləşdirici amili kimi;

 

d) hadisələrin retrospektiv təsviri kimi.

 

Həmçinin, şərtilik yazıçıların təhkiyə tərzində də öz əksini tapmış olur.

 

Şərtilik müasir insanın zəngin və zəngin olduğu qədər də mürəkkəb daxili aləmini açmaqda, yazıçının dünyaya baxışını aydınlaşdırmaqda müəllifin müttəfiqi, köməkçisi olan bir bədii vasitədir və buna görə də şərtilik son dərəcə əsaslandırılmış olmalıdır. İnsan zəkası elə bir səviyyəyə yüksəlmiş, elə mürəkkəb keyfiyyətlər əldə etmişdir ki, aşılamaq istədiyin fikri, yaratmaq istədiyin xarakteri, göstərmək istədiyin personajı artıq birbaşa təqdim etməklə bədii nailiyyət qazanmaq çətindir, belə hallarda bəzən yardımçı bədii vasitə - şərtilik tələb olunur.

 

B.Brext məktəbinin davamçılarından P.Veysin "Cənab Mokinpottun öz bədbəxtliklərindən necə xilas olduğu barədə" adlı farsında həbsxana gözətçiləri ilə bərabər, mələklər, hətta "cənab Allah" özü belə bir surət kimi iştirak edir və əsərdə qoyulan problemlər öz aktuallığı ilə diqqəti cəlb edir və böyük ictimai-bəşəri ideyaların aşılanmasına xidmət edir. Bu şərti surətlər sayəsində "kiçik insan" (Makinpott)  problemi  bütün siyasi-sosioloji kəskinliyi ilə meydana çıxır.

 

Burdan da aydın görmək mümkündür ki, müasir dövrdə yaranan əsərlərdə bədii-fəlsəfi fikrin sanballığına, mürəkkəb həyat hadisələrinin dərin psixoloji analizinə, siyasi-ictimai araşdırmaya tələbat o qədər artıb ki, həmin bədii-fəlsəfi fikirləri müstəqim surətdə aşılamaq olmur. Bu mənada, şərtilik əsərdə bədii çatışmazlıqları - standart obrazları, şablon situasiyaları, trafaret fikirləri ört-basdır edir, yeni təsvir vasitələri olmadığı üçün yazıçı şərtiliyə müraciət edərək əsərə müasir don geydirir və məsələ burasındadır ki, şərtilik bitkin bədii formasını tapdıqda, əsaslandırıldıqda, bu özü yeni təsvir vasitəsinə çevrilir. 

 

Bu mənada, şərti-metaforik üslubun ifadə imkanlarından istifadə ilə yazılmış, hər bir kiçik epizodu roman siqlətli, dərin məna yüklü, böyük milli və ümumbəşəri faciələri özündə ehtiva edən "Nekroloq" romanı Seyran Səxavətin, ümumən müasir Azərbaycan romanının sənətkarlıq imkanlarını meydana çıxaran olduqca dəyərli əsərdir.

 

Seyran Səxavətin bu əsərinin və ümumiyyətlə, yaradıcılığının ana mövzusu dünya və insan, həyat və ölüm, işıq və qaranlıq problemidir. İctimai quruluşlar, cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini əvəz edir, amma dünyanın yaranışından üzü bəri bu mübarizə, əbədi konflikt bitmək bilmir.  Dünyada əsrlərdir ki, lokal və qlobal müharibələr, hakimiyyət, pul, sərvət uğrunda amansız çarpışmalar, ölüm-dirim savaşları baş verir. Tanrının yaratdığı insanlar bir-birinə qənim kəsilirlər. Elə bir zaman gəlib çatıb ki, vəhşilər belə insan xislətinə heyrət edirlər. Hüseyn Cavid demişkən: "Yalnız deyil insanlara, vəhşilərə sorsan, Onlar belə insandakı vəhşiliyə heyran"... Bəşəriyyət tərəqqiyə, sivilizasiyaya doğru irəliləyir, insan zəkasının yaratdığı nəsnələr çox şeyi dəyişdirir, ancaq insandakı naqis xasiyyətlərin bir çoxu dəyişilməz qalır, hətta əksinə inkişaf edərək yeni forma və məzmun kəsb edir. "Nekroloq" romanı son bir neçə yüzillik ərzində insanın mənəvi inkişafını və bu inkişaf prosesində insan əməllərinin "kamilləşən" bir çox mənfur cəhətlərini ustalıqla oxucuya çatdırır. İnsan həyatındakı ahəngdarlıq, ritm və harmoniya pozulanda o, nəfsin, tamahın və qəbahətin qulu olur. Və buna görədir ki, dünya hələ də gücün, zorun, mənəm-mənəmliyin, işğalçı müharibələrin cəngində inləyir.  "Nekroloq" romanı bu mənada adamları "adamlığ"a çağırış - haray təsiri bağışlayır. Roman "adamda adamlığ"ın olması zərurəti, adamlığın yoxa çıxmasından törəyə biləcək dəhşətlər, qətl günləri, yazılacaq nekroloqlar barədə çox güclü ibrətamiz xəbərdarlıq verir.

 

"Nekroloq" romanında xeyirlə şərin, insanlıqla nadanlığın, namusluluqla əxlaqsızlığın, həqiqətlə riyakarlığın, ədalətlə haqsızlığın, insanpərvərliklə insana düşmənliyin, tərəqqi ilə mühafizəkarlığın çarpışması öz bədii əksini tapmışdır.

 

Fantastik çalarları, irreal, absurd təsvirləri, milli xüsusiyyətləri ilə diqqəti cəlb edən "Nekroloq" romanı şərti-metaforik üslubun hər baxımdan tələblərinə yüksək səviyyədə tam şəkildə cavab verir. Əsərin adında, ideyasında belə şərtilik özünü göstərir.

 

Bu üslubda yazılan əsərlərin, demək olar ki, hamısı - Corc Oruellin "Heyvanıstan", "1984", M.A.Bulqakovun "Master və Marqareta", Anarın "Ağ qoç, qara qoç", Y.Səmədoğlunun "Qətl günü", eləcə də Seyran Səxavətin "Nekroloq" romanları insanı mənəvi-ruhi cəhətdən öldürən, ləyaqətini, heysiyyətini tapdalayan yaramaz ideologiyaları lənətləyir.

 

Dr. Əhməd Sami El Aydi yazır: "Nekroloq" romanı vahid süjet əsasında yazılmış bir əsər deyildir. Romanda bir-biri ilə uzaq rabitəsi olan fərqli süjetlər verilmiş, dövrün ictimai-siyasi və mənəvi-psixoloji ab-havası bu süjetlərin çərçivəsinə hopdurulmuşdur. Seyran Səxavəti romanda düşündürən əsas məsələ xalqın mənəviyyatına, əxlaqına yoluxmuş çirkin xüsusiyyətlərdir. Romandan hasil olan qənaətə görə, mənəviyyatsızlıq o dərəcədə güclənir ki, onun islah olunması müşkül və mürəkkəb bir prosesə çevrilir. Ona görə də yazıçının təsvirlərində sarkazm elementləri çox qabarıq şəkildə hiss olunmaqdadır. Romanın əsas qəhrəmanı olan, şərti səciyyə daşıyan Xalq obrazı əsərdəki bütün süjetləri, hadisə və əhvalatları, obrazları bir-birinə bağlayan əsas vasitə kimi düşünülmüşdür. Yazıçı əvvəllər mövcud olmuş Xalqın ölüm səhnəsini təsvir etməklə, əslində, bu ölüm fonunda millətə məxsus mənəvi-əxlaqi dəyərlərin məhv olub sıradan çıxmasına qarşı etiraz səsini ucaltmış olur. Əlbəttə, real gerçəklikdə hər hansı bir xalqın son nəfərinə qədər ölməsi faktı absurddur, lakin yazıçı belə bir hadisəni təsvir etməklə bir vətəndaş kimi həyəcan təbili çalmaq yolunu tutmuş, insanları gözləyən gələcək faciələrdən xəbərdar etməyə və çəkindirməyə çalışmışdır".

 

Romanda şərti-metaforik situasiya və obrazlardan istifadə etməklə Seyran Səxavət xalqın taleyüklü problemlərini yüksək bədiiliklə əks etdirmişdir. Corc Oruellin "Heyvanıstan" povestindəki Napoleon, "1984" romanındakı Böyük Qardaş obrazları Seyran Səxavətin "Nekroloq" romanındakı Allahın Bacısı oğlu obrazı ilə yaxından səsləşir.

 

Romandakı Xalq Elçinin "Mahmud və Məryəm" əsərindəki camaat obrazını, Sabir Əhmədlinin "Kütlə" romanındakı kütləni xatırladır. Yusif Səmədoğlunun "Qətl günü" romanındakı Kirlikir obrazı da elə Xalqın ümumiləşmiş obrazıdır. Əsəri oxuduqca Kirlikirin fədakar, zəhmətkeş, lakin qədir-qiyməti bilinməyən Xalq olduğu tamamilə anlaşılır. Bu əsərlərdəki Xalq obrazlarını müqayisə etdikcə müəlliflərin bədii priyomunun orijinallığı xüsusilə diqqəti cəlb edir.

 

Məşhur estetik Y.Borev yazırdı: "Əsərin əsasında duran həyat materialı sənətkarı öz arxasınca aparır və o gözlənilməyən bir nəticəyə gedib çıxır. Əsl sənət əsərinin özəlliyi də məhz bu hadisədən hadisəyə keçidlərin və nəticənin gözlənilməz olmasıdır". Bu mənada, Seyran Səxavətin əsərlərində yazıçının oxucunu hadisələrin axınına salıb aparması və sonun gözlənilməzliyi diqqəti çəkir. Həmçinin, müəllif təsvir etdiyi məkanları Böyük məkanın bir parçası kimi ümumiləşdirə bilir, yəni əsərdə haqqında söhbət açılan xəstəxana geniş anlamda məmləkətin və dünyanın balaca modeli kimi ümumiləşdirilir.

 

Şərtilik baxımından "Nekroloq" romanında Seyran Səxavət bədii təsvirdə zaman və məkan hüdudlarını genişləndirir. Romanda çağdaş Azərbaycan cəmiyyətinin ictimai-siyasi və mənəvi mənzərəsi bütöv və geniş planda əks olunaraq cəmiyyətin bütün zümrələrini əhatə edir: çadırlarda cəhənnəm əzabı yaşayan soydaşlarımızdan tutmuş nəhəng maliyyə fırıldaqları ilə məşğul olan mafioz qruplara qədər.

 

Seyran Səxavət təsvirlərdə tünd boyalardan çəkinməyən yazıçıdır. Qrotesk onun təkcə çox sevdiyi bədii təsvir üsullarından biri deyil, həm də yaradıcılığının ən əsas məziyyətlərindən biridir. Bu mənada "Nekroloq"u qrotesk-roman adlandırmaq olar. Hətta qeyd edək ki, "Nekroloq" adı özü də qroteskdir. Çünki romanda bir adamın, yaxud bir ailənin yox, bütöv xalqın mənəvi ölümündən söhbət gedir.

 

(Ardı var)

 

Xəyalə ZƏRRABQIZI

525-ci qəzet.- 2016.- 16 fevral.- S.6