Meksikada İrəvan xanlığı
ilə bağlı kitab çap
edilib
"ANAHUAC" UNİVERSİTETİNDƏ "İRƏVAN XANLIĞI: RUSİYA İŞĞALI VƏ ERMƏNİLƏRİN ŞİMALİ AZƏRBAYCAN TORPAQLARINA KÖÇÜRÜLMƏSİ" ADLI KİTABIN TƏQDİMAT MƏRASİMİ OLUB
Meksikanın mötəbər ali təhsil qurumlarından biri olan "ANAHUAC" Universitetinin
(Universidad Anahuac) Qlobal Araşdırmalar
Fakultəsində Səfirlik
tərəfindən ispan
dilinə tərcümə
edilmiş və Meksikada nəşr olunmuş "İrəvan
xanlığı: Rusiya
işğalı və
ermənilərin Şimali
Azərbaycan torpaqlarına
köçürülməsi" adlı kitabın təqdimat mərasimi keçirilib.
Azərbaycanın Meksikadakı səfirliyindən
verilən məlumata görə, təqdimatda
Anahuac Universiteti Beynəlxalq
Araşdırmalar Fakultəsinin
Dekanı Karlos Kamaço Qaos, universitetin tələbə,
müəllim və müxtəlif dərəcəli
elmi işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Karlos Kamaço Qaos çıxış edərək Səfir İlqar Muxtarovun Meksikada diplomatik fəaliyyətinin artıq
başa çatdığını
xatırladıb və
ona görə də bu tədbirin
bir növ vidalaşma mərasimi olduğunu söyləyib.
K.K.Qaos Səfir
İ.Muxtarovun Meksikada
olduğu müddət
ərzində ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin möhkəmlənməsi
işinə öz töhfəsini verdiyini bildirib, eyni zamanda Anahuac Universiteti ilə yaxından əməkdaşlıq etməsi
münasibətilə təşəkkürünü
ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Eləcə də
tədbirin mahiyyəti
barədə məlumat
verib, Azərbaycan tarixi həqiqətlərinin
tanıdılması baxımından
mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
Daha sonra Səfir İlqar Muxtarov çıxış edərək,
ölkəmizin ərazisi,
əhalisi, Azərbaycanın
müxtəlif dəyərlərin
bir araya gəldiyi tolerant ölkə
olmasından, həmçinin
burada müsəlmanların,
xristianların və başqa dinlərin nümayəndələrinin bir
yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları
barədə məlumat
verib.
Daha sonra İ.Muxtarov, "İrəvan xanlığı:
Rusiya işğalı
və ermənilərin
Şimali Azərbaycan
torpaqlarına köçürülməsi"
adlı tarixi kitabın çap edilməsinin əhəmiyyətini
qeyd edərək, bu kitabın işıq üzü görməsinin Azərbaycan
tarix elmində diqqətəlayiq bir hadisə olduğunu bildirib.
Səfir
nəzərə çatdırıb
ki, kitabda XVIII əsrin ortalarında Nadir
şah imperiyasının
süqutundan sonra meydana gələn, Cənubi Qafqazın tarixində əhəmiyyətli
rol oynayan, XIX əsrin əvvəllərində
yadelli işğalçılara
qarşı qəhrəmancasına
mübarizə aparan Azərbaycan dövlətlərindən
biri - İrəvan xanlığından bəhs
olunur. İ.Muxtarov qeyd edib ki, kitabda XIX əsrin əvvəllərində
baş verən Rusiya işğallarına
qədər İrəvan
xanlığı əhalisinin
mütləq əksəriyyətinin
Azərbaycan türklərindən
ibarət olması təkzibolunmaz mənbələr
əsasında sübuta
yetirilib və erməni müəlliflərin
xanlığın xristian
əhalisi barədə
uydurma fikirləri - əhalinin əksəriyyətinin
guya ermənilərdən
ibarət olması ideyası ifşa olunur.
Həmçinin, diqqətə çatdırıb
ki, XIX əsrin əvvəllərində rus
qoşunları tərəfindən
qanlı müharibələr
nəticəsində ələ
keçirilən İrəvan
xanlığının ərazisinə
ermənilərin köçürülməsi
çoxsaylı arxiv materialları, xüsusilə
köçürülmə prosesini tənzimləyən
rəsmi dövlət
sənədləri - təlimatlar
vasitəsilə əks
olunub.
Daha sonra səfir İ. Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımının nəticələrindən bəhs edib. O bildirib ki, Xocalıda baş vermiş soyqırım hadisəsi ermənilər tərəfindən 200 ildən artıq müddət ərzində azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlərin davamıdır: "Ermənilər "dənizdən dənizə böyük Ermənistan" yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürüblər. Bunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal edilib. 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyulub".
Səfir vurğulayıb ki, bugünədək Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzasız qalıblar: "Beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi və qaçqınların öz evlərinə qayıtmaları haqda 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin heç biri icra olunmayıb".
Eyni zamanda Səfir İ.Muxtarov bildirib ki, artıq bir neçə ölkənin parlamentlərində - Meksika, Kolumbiya, Peru, Panama, Qvatemala, Honduras, Pakistan, Sloveniya, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər İttifaqında Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərarlar qəbul edilib.
Tədbirin yekununda yönəldilən çoxsaylı suallara cavab verilib və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib. Həmçinin, Səfirlik tərəfindən ispan dilində hazırlanmış və Meksikada dərc edilmiş "Xocalıda Soyqırım" jurnalı tərəfimizdən ispan dilinə tərcümə edilərək Meksikada nəşr olunub. "Sumqayıt 1988: Cinayət və Cəza" və "Real tarix və "Böyük Ermənistan" uydurması" kitabları iştirakçılara və universitetin kitabxanasına təqdim edilib.
Ceyhun ABASOV
525-ci qəzet.-
2016.- 17 fevral.- S.3.