Gerçəkliyin simvolikası Seyran Səxavət
qələmində
70 İLLİYİ ƏRƏFƏSİNDƏ YAZIÇININ YARADICILIĞINA BİR BAXIŞ
(Əvvəli
ötən sayımızda)
İfşaedici və öldürücü satirası,
dramatizmi, ironik və tragik məqamları ilə diqqəti cəlb
edən bu roman dünya ədəbiyyatında diri olan xalqa
yazılmış ilk nekroloqdur.
Yazıçını narahat edən məqamlardan biri də budur ki, həyat səviyyəsinə görə ölkədə bir-birindən kəskin şəkildə fərqlənən iki təbəqə mövcuddur. Ailələrin birində beş yaşlı körpə qızcığaz müharibə veteranı, əlil atasının qucağında aclıqdan və soyuqdan dünyasını dəyişir. Başqa bir ailədə isə onun həmyaşıdı olan qızın doğum günü olduqca yüksək səviyyədə qeyd olunur, ona brilyantlar bağışlanır. Romanda belə təzadlı məqamlar sadalamaqla bitməyəcək qədər çoxdur. Əsərdə övladı ölən Ana aclıqdan və soyuqdan, ehtiyac üzündən övladlarını itirən yüzlərlə Anaların ümumiləşdirilmiş rəmzi obrazıdır. Qızını - bu dünyadakı yeganə sevincini itirmiş, dərddən beli vaxtsız bükülən bu gənc Ananı Seyran Səxavət çox təsirli metafora ilə çadır şəhərciyindəki dünyanın hər sərt üzünü görüb vaxtından tez qocalmış Ağaca bənzədir. "Bu ağacı yazıq Miçurin də tanıya bilməzdi, ağac vaxtından tez qocalmış, dünyanın min bir əziyyətini dadmış liliput adama oxşayırdı".
Digər epizodda isə varlı ailənin övladının doğum gününə toplaşanlar qızı təbrik edir, badələr qaldırır, sağlıqlar deyirlər.
Bir-birindən kəskin dramatizmi ilə fərqlənən bu təzadlı məqamlar romanın bədii təsir gücünü artırır, konflikti daha da dərinləşdirir.
Əsərdə diqqəti cəlb edən rəmzi surətlərdən biri də "ölüsoyan" obrazıdır. Şəhərə gələn dəhşətli sel nəticəsində restoranlar, barlar, əyləncə mərkəzləri darmadağın olmuş və burada əylənən başıboş, cibidolu, meşşan əxlaqlıların meyitləri, pulları, qiymətli əşyaları şəhərin küçələrinə səpələnmişdi. "Ölüsoyan" doymaq və yorulmaq bilmədən, dəli bir ehtirasla bütün ölülərin ciblərini bir-bir boşaldır və pul bağlamalarını götürdükcə gözləri işım-işım işıldayırdı. "Cibləri ona ağırlıq eləsə də, yenə də əl çəkmək istəmir, axtarmaq, tapmaq, toplamaq istəyirdi. Ona elə gəlirdi ki, onun gələcəyi tökülüb bu şəhərin küçələrinə...". Qeyd edək ki, bu obraz Viktor Hüqonun "Səfillər" romanındakı Vaterloo döyüşündən sonra cəsədlərin ciblərini, qızıl dişlərini soyan obrazı xatırladır.
"Qoltuq cibindən yüzlük bağlamanı çıxarıb üz-gözünə sürtdü, sonra pulu iylədi, gözləri yumuldu, elə bil qərib yad ölkədə tutiyə kimi əlinə düşmüş bir çimdik Vətən torpağını qoxulayırdı".
Əsərdə cərəyan edən hadisələr bizə "romandakı həqiqət gerçəklikdəki həqiqətin bütünlüklə özüdür" deməyə əsas verir.
Ayrı-ayrı epizodların təsvirindən də aydın görünür ki, yazıçı şərti - metaforik kolliziyalardan istifadə etsə də, zamanın, dövrün, şərin, eybəcərliyin tənqidi zamanı sərt və amansızdır.
Sosial bərabərsizlik, insanların həyat şəraiti arasındakı kəskin fərqlər, insanın və insanlığın məhvinə yönələn müharibələr, savaşlar lokal səciyyə daşıyan bir məsələ deyil. Məhz Seyran Səxavətin qələminin gücü ondadır ki, böyük cəsarətlə və fəal müəllif mövqeyi ilə qlobal mahiyyət daşıyan bu kimi problemləri "Nekroloq" romanında bədii sözün təhlil obyektinə çevirmişdir.
Müharibənin insanlara gətirdiyi bəlalar bununla
bitmirdi. Kənddə ayağı yer tutan bir başıpapaqlı
qalmışdı - bədən tərbiyə müəllimi,
o da çolaq idi. Bu çolaq müəllim
hər gün dərsdən sonra şagirdləri kəndin
yollarında o baş-bu başa yeridirdi. Yeridirdi ki, kəndin
ot basmış yollarında
cığır açılsın, yeridirdi ki, kəndə gələn
yollar ot-ələf əlindən itməsin,
cığırlar açılsın yollarda. Yeridirdi ki, bu kənd
yer üzünün xəritəsindən silinməsin... Amma kənddə
ondan başqa bir başıpapaqlının olmaması
ağrısı bədən tərbiyəsi müəllimini
də elə yazıçını sarsıtdığı
kimi mənən əzirdi, incidirdi: "Sabah elə bu bədən
tərbiyəsi müəlliminin dünyagörmüş
atası yaxud bir qeyrisi Allahın əmri ilə ölüb
getsəydi, cənazəyə ancaq qadınlar girəcəkdi.
Dünyadan getmiş adamın məzarını
da elə qadınlar qazacaqdı". Yer
üzündə bundan böyük əzab, ağrı, dərd
yoxdu. Millətin faciəsi elə burdan
başlayırdı.
"Nekroloq" romanında Seyran Səxavətin bir kəndin,
bir elin timsalında bədii ümumiləşdirmələrlə
qələmə aldığı bu hadisələr, əslində,
bütün dünyada baş verən, insanlığın,
xeyirin, işığın təməlini kökündən
sarsıdan sosial-siyasi və mənəvi-əxlaqi problemlərdir. Elə
problemin bəşəriliyi də onun mahiyyətindədir.
Müharibənin doğurduğu fəlakətlərdən
biri də mühacirlik, vətənin tərk edilməsi məsələsidir. Son illərdə
bununla bağlı bir çox əsərlərdə bu və
ya digər şəkildə bəhs olunmuşdur. "Nekroloq" romanında yazıçı
mühacirliyin faciəsini tərk olunmuş, kişiləri
qırılmış, övladlarının səsi qürbətdən
gələn kəndin timsalında verməyə
çalışıb.
Romanda yazıçı mühacirlik faciəsindən
sui-istifadə edən, bunu şəxsi gəlir mənbəyinə
çevirən insanların da olduğuna işarə
etmiş, onların fəaliyyətini də
canlandırmışdır. Bu baxımdan əsərdə
ölkənin hüdudlarından kənarda mühacir həyatı
yaşayan, torpağa, yurda həsrət, qərib
soydaşlarına "böyük yaxşılıq edən",
vətən torpağını qarış-qarış satan
və bundan xeyli varlanan Keçəl kişi obrazı diqqəti
cəlb edir. Bu obraz da rəmzi səciyyə daşıyır
və Keçəl kişinin obrazı timsalında müəllif
şəxsi güzəranını milli mənafedən
üstün tutan xudbin insanların səciyyəsini ümumiləşdirir. Belə
bir xarakter yaratmaqla Seyran Səxavət millətin
düşüncəsindəki naqis cəhətləri,
bütün məsələlərə şəxsi mənafe
baxımından yanaşmaq tendensiyasından əl çəkə bilməməyini,
milli tale ilə bağlı düşünmək
imkanlarından məhrumluğunu bədii təhlilin predmetinə
çevirir.
"Nekroloq" romanı dərin milli və ümumbəşəri
məzmunu ilə seçilir. Bu əsərdə
yazıçı bədii ümumiləşdirmələrdən,
şərti-metaforik üslubun ifadə imkanlarından, mif və
folklor motivlərindən, rəmzi obraz və alleqoriyadan
ustalıqla istifadə edərək zamanın, mühitin,
insanlığın və insanın faciəsini daxili əzab
və ürək ağrısı ilə qələmə
almışdır. Romanın hər sətrini
oxuduqca müəllifin milli kədərdən doğan
yanğısı aydın duyulur. Əslində,
yazıçı bu əsəri yazmaqla təkcə bizim cəmiyyətimizi
narahat edən problemləri deyil, bütün bəşəriyyəti
uçuruma sürükləyən, insanlığı təhlükəyə
aparan məsələləri işıqlandırmış və
oyanış üçün həyəcan siqnalı
çalmışdır. Seyran Səxavətin narahat ürəyi, vicdanı
sanki bu əsər vasitəsilə bəşəriyyətə
ciddi bir xəbərdarlıqda, çağırışda
bulunmuşdur.
Əsərdə
milli şüurla bağlı maraqlı bir məqam var ki,
Seyran Səxavət öz düşüncələrini Mirzə
Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin,
Hacı Zeynalabdin Tağıyevin nitqi ilə oxucuya
çatdırır. Nizaminin, Nəsiminin, Natəvanın,
Axundzadənin,
Sabirin, Tağıyevin heykəlləri Füzulinin
heykəli qarşısında mitinqə toplaşıb. Bütün heykəllər bir-bir xalqa müraciət
edərək onları birliyə çağırır.
Şərti-metaforik planda işlənmiş bu səhnədə
heykəllərin nitqində tarixi gerçəkliyin və
bugünün həqiqətləri öz əksini
tapmışdır. Bunun özündə
də yazıçı mövqeyini aydın əks etdirən
xüsusiyyətlər duyulmaqdadır. Bütün
heykəllər xalqa müraciət etdikdən sonra söz
Hacı Zeynalabdin Tağıyevə verilir. Hacı:
"Nöyüt quyuları fontan vuranda otuz-qırx metr göyə
qalxır, vurur, vurur, yorulur. Amma söz fontan
vurandan sonra min illərlə yaşayır",-deyərək
söz dahilərinin önündə baş əydi. İzdiham-məmləkət boyda nəhəng bir
orqanizm lərzəyə gəldi. Hacı
baş əyən kimi izdiham da heykəllərin
qarşısında diz çökdü, baş əydi.
Adama elə gəldi ki, əyiləndə də
millət məhz bu cür əyilməlidi. Bir
Allahın, bir də sözün böyüklüyü
qarşısında... Bu cür əyilən
millətin başı həmişə uca olar, başqa
cür əyilən millətin başı həmişə bəlalar
çəkər.
Hacını
qəhər boğsa da, sözünə ara
vermədi: Bütün bunları ona görə deyirəm ki,
bir az ağıllı olun, maarifə yetişin,
sahibi-şüur olun. Sahibi-şüur olmayan millət sahibi-məmləkət
də ola bilməz..."
Hacının sözlərində dərin bir
müasirlik duyulur. Onun amalı, məqsədi millətin
şüurunu oyatmaq, onu öz məmləkətinin,
torpağının, sözünün sahibi etmək idi.
Əslində, bütün Azərbaycan
maarifçiləri, o cümlədən, bu əsərin
müəllifi də bu işin peşində, bu müqəddəs
amalın uğrunda mücadilə edirdilər.
Fəlsəfi ədəbiyyatlarda da göstərilir ki,
millət kimi formalaşmaq üçün milli-mənəvi
birlik, milli-ideoloji təfəkkür, milli şüurun formalaşması
əsas şərtdir. Millətin bütün obyektiv əlamətləri
milli özünüdərk kimi subyektiv əlamətlə
tamamlandıqda millətin mövcudluğundan, onun fəaliyyətindən
danışmaq olar. Bu mənada milli şüurun hələ
də "kal olduğu", "yetişmədiyi",
formalaşmadığı cəmiyyətdə hər cür
naqisliklərin olması mümkündür və
qarşısıalınmazdır.
"Nekroloq"
romanı tarixiliklə səsləşən müasirliyi, həyati
materialların zənginliyi, müəllifin ustalıqla
ümumiləşdirə bilmək bacarığı və mövqeyinin
aydınlığı, problemlərin yüksək sənət
dili ilə ifadəsi, fikrin məcazlarla, rəmzi-bədii
ümumiləşdirmələrlə verilməsi ilə diqqəti
cəlb edir. Adət-ənənələrin
tapdalandığı, mənəviyyatın
aşındığı, xalqın kütləyə
çevrildiyi bir məqamda yazıçı cəmiyyətdə
baş verən hadisələri bütün
canlılığı ilə emosional şəkildə təsvir
edir. Romanda ictimai şüur və milli
birlik problemi geniş planda öz bədii həllini
tapmış və yazıçı öz işıqlı
düşüncələri ilə millətin
oyanışına və tərəqqisinə mane olan hər
cür qüsurları aradan qaldırmağa, cəmiyyəti
köləlikdən insanlığa və əsarətdən
hürriyyətə doğru yüksəltməyə,
insanları maariflənməyə, özünün və
sözünün sahibi olmağa
çağırmışdır.
Dəyərlərin
itirilməsi, mənəviyyatın korlanması,
insanlığın aşınması kimi problemləri ön
plana çəkən, insani başlanğıcın zədələndiyi,
deformasiyaya uğradığı məqamlarda insanı
özünə, öz tarixi keçmişinə, mənəvi-etik
varlığına qaytarmağa
və ona təkrarolunmaz fenomen olduğunu sübut etməyə
çalışan yazıçı bəzən hadisə və
obrazlara istehza, ironiya ilə baxır və əslində, bu
yolla insanı düşünməyə, daxilindəki
qüsurlardan arınmağa və özünüdərk etməyə
sövq edir.
Katarsis nəzəriyyəsini Aristotel antik faciələrin
təsiri ilə tamaşaçıların ruhən təmizlənməsi
prosesi kimi səciyyələndirmişdir. Daha geniş mənada,
katarsis real həyatda istər ayrı-ayrı insanların, istərsə
də cəmiyyətin milli əzablardan, sarsıntılardan
keçib öz günahlarını - tarixi səhvlərini dərk
edib ruhən saflaşması, təmizlənməsi,
durulması prosesidir. Əslində, hər
bir şəxsin mənəvi yüksəlişində və
ya milli intibahın kökündə bir katarsis vardır.
Böyük elmi kəşflər, böyük
sənət əsərləri, əslində, katarsisin məhsulu
olan böyük ehtirasların təzahürləridir. Hər hansı bir şəxs və ya millət əzablı
yollar keçib səbəb və nəticələri dərindən
dərk etmirsə, günahları və səhvləri səmimi
etiraf etmirsə, o, katarsisə yetişmir və nəticədə
yeni-yeni sarsıntılara məruz qalır.
Ədəbiyyat, vicdanlı yazıçı, şair cəmiyyətə
sadəcə olaraq xəbərdarlıq etməyi bacarır və
oxucunu düzgün olan yol axtarışına
çıxmağa sövq edir. Əgər ziyalıların,
yazıçıların həyəcan siqnalı
eşidilmirsə, yaxud eşidilib etinasızcasına
qulaqardına vurulursa, bu artıq ancaq yazıçının
yox, bütünlüklə cəmiyyətin
günahıdır.
Xəyalə ZƏRRABQIZI
525-ci qəzet.-
2016.- 17 fevral.- S.4