Şəki Türk
dünyasının mədəniyyət paytaxtı kimi
BUNUNLA BAĞLI KEÇİRİLƏCƏK TƏDBİRLƏR PLANI MÜZAKİRƏ OLUNUB
Mədəniyyət və Turizm Nazirliyində Şəki şəhərinin
2016-cı il üçün Türk dünyasının mədəniyyət
paytaxtı elan olunması ilə bağlı tədbirlər
planının müzakirəsinə
həsr olunmuş görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
iclasda çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Şəki şəhərinin tarixi əhəmiyyətinin turizm
məqsədləri üçün
istifadəsinin vacib olduğunu söyləyib.
Şəkinin Türk dünyasının
mədəniyyət paytaxtı
elan olunmasından bəhs edən nazir qeyd edib
ki, il
ərzində silsilə
tədbirlər keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 yanvar 2016-cı il tarixli "Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında" imzaladığı Sərəncamın əhəmiyyətindən danışan nazir, bu tarixi sənətdə əksini tapan məsələlərin yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.
Ə.Qarayev diqqətə çatdırıb ki, Şəki şəhərinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər təşkilata təqdim edilib.
Tədbirdə iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov deyib ki, hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur və həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilib. Təsadüfi deyil ki, hər il Şəkidə 4 beynəlxalq festival təşkil olunur. Bu tədbirlərin də iştirakçılarının çoxunu xarici turistlər təşkil edir. Son illər Şəkinin turizm potensialı turistlərin cəlb olunması üçün geniş istifadə olunur. Ötən il 120 min turist Şəkiyə səfər edib.
Daha sonra görüşdə tədbirlər planının bütün bəndləri üzrə müzakirələr aparılıb. Tədbirlər planına əsasən, təntənəli açılış mərasimi, folklor və musiqi kollektivlərinin konserti, atüstü milli oyunlar festivalı, xalq tətbiqi sənət ustalarının və rəssamların əsərlərindən ibarət sərgi, şeir müsabiqələri, festivallar və bağlanış mərasimi kimi tədbirlər müzakirə olunub.
Qeyd edək ki, Şəki şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.
525-ci qəzet.-
2016.- 17 fevral.- S.4