"Naxçıvan" Universitetində konfrans keçirilib

 

 

"Naxçıvan" Universitetində Pedaqoji təcrübəyə həsr olunan konfrans keçirilib.

 

Universitetdən verilən məlumata görə, ali təhsil ocağının tədris işləri üzrə prorektoru,dosent İbrahim Kazımbəyli giriş sözü ilə çıxış edərək bildirib ki, pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olub, ali təhsil müəssisələrinin tədris planında xüsusi yeri olan bir prosesdir.

 

Pedaqoji təcrübə prosesində əvvəlki  semestrlər ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən gələcək bakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqojipsixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Onların ali məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir və nəticədə gələcək təhsilverənlər pedaqoji sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər.

 

Təhsilalanların yaxşı bir mütəxəssis kimi hazırlığı məhz praktik yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində  icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur.

 

İ.Kazımbəyli həm də orta ümumtəhsil məktəblərində keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə də tələbələrin fəal iştirak etmələrinin zəruriliyini bildirib.

 

Məlumat üçün qeyd edək ki, pedaqoji təcrübədə 98 tələbə, 21 metodist, 4 qrup rəhbəri, 4 pedaqoqpsixoloq iştirak edəcək.

 

Təcrübə 4 həftə Heydər Əliyev adına orta məktəbdə, Ə.Ağayev adına 8 saylı orta məktəbdə və 15 saylı tam orta məktəbdə baş tutacaq.

 

Məktəblərdə tələbələr və metodistlər üçün yerlər ayrılıb və tələbələrin təcrübə keçmələri üçün lazımi şərait yaradılıb.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 17 fevral.- S.2